Məhkəmə qərarları › İş №e-2-2(113)-679/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-679/2020

17.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-679/2020 17.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Xasayeva İradə Ədalət qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X3, cavabdehin nümayəndəsi X6 iştirakları ilə, iddiaçı “xxxxxxxxx” X2 Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxx” X5 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 29 saylı, xx xxxx 2017-ci il tarixli müqavilə üzrə öhdəliyin icrası olaraq 136.000 manat məbləğində əsas borcun, 95.744 manat məbləğində dəbbə pulunun, ümumilikdə 231.744 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxxxxxxx” MMC ilə Cavabdeh MMC arasında bitki mühafizə vasitələrinin satışı ilə bağlı 29 saylı, xx xxxx 2017-cı il tarixli müqavilə bağlanmışdır. Bağlanmış müqavilənin şərtlərinə əsasən “xxxxxxxxx” MMC tərəfindən Cavabdeh MMC-yə bitki mühafizə vasitələri verilmişdir. Verilmiş mallar əsasında tərəflər arasında imzalanmış əlavə razılaşmaya əsasən 50% qabaqcadan ödəmə həyata keçirilməli, malların dəyərinin qalan 50%-i mallar təhvil alındıqdan 120 gün müddətinə ödənilməli idi. Lakin cavabdeh tərəfindən ödəniş tam həyata keçirilməmişdir. Qeyd edir ki, “xxxxxxxxx” MMC malları xarici ölkələrdən ABŞ dolları ilə aldığı üçün qiymətlər Azərbaycan Respublikası Mərkəzi Bankının ABŞ dollarının rəsmi məzənnəsinə uyğun olaraq hesablanır. Ödəmə zamanı məzənnədə dəyişiklik olarsa, qiymətlər ödəniş günü ABŞ dollarının məzənnəsinə uyğun olaraq həyata keçirilir. Bununla bağlı Cavabdeh MMC 38 saylı, xx xxxxxx 2018-ci il tarixli müqavilənin 3.2.1. və 4.3. bəndində göstərilən öhdəliyin pozulması və “xxxxxxxxx” MMC-yə 136000 manat (80000 ABŞ dolları) həcmində borcun ödənilməsi ilə bağlı 955 saylı xx xxxxxx 2019-cu il tarixdə xəbərdarlıq edilmişdir. Lakın bu günə kimi cavabdeh bu xəbərdarlığa əhəmiyyət verməmışdir. Müqaviləyə 5 saylı əlavə razılaşmanın 4.2-ci bəndinə əsasən ödəmə vaxtında aparılmadıqda gecikdirilən hər gün üçün ödənilməyən məbləğin 0,1% cərimə (dəbbə) ödəməlidir. xx xxxxxx 2017-ci il tarixdən xx xxxxxxxx 2019-cu il tarixədək olan müddət üçün dəbbə borcu 95.744 manat təşkil edir (136000 manat x 0,1%=136 manat; xx.xx.2017-xx.xx.2019=704 gün, 704 gün x 136 manat=95744 manat). Beləliklə, Cavabdeh MMC-nin xx xxxxxx 2017-ci il tarixdən xx xxxxxxxx 2019-cu il tarixinədək olan müddət üçün əsas borcu 136.000 manat, dəbbə pulu borcu 95.744 manat, ümumilikdə borc 231.744 manat təşkil edir. İddiaçının nümayəndəsi X7 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X8 məhkəmə iclasında verdiyi izahatında tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçının təqdim etdiyi mallar keyfiyyətsiz olduğundan 136.000 manat məbləğində əsas borcu qəbul etmədiyini, eyni zamanda cərimənin hesablanmasının yalnız müqaviləyə 5 saylı əlavə razılaşmada nəzərdə tutulduğunu, mübahisəli borc məbləğinin isə həmin əlavədə göstərilmiş mallarla bağlı yaranmadığını əsas göstərərək, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir: Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: “xxxxxxxxx” MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında xx xxxx 2017-ci il tarixli 29 saylı bitki mühafizə vasitələrinin satışına dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı alıcıya müqaviləyə əlavə razılaşmada göstərilən bitki mühafizə vasitələrini satmağı, alıcı isə həmin malı qəbul etməyi və razılaşdırılmış müddətlərdə malların haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. “xxxxxxxxx” MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında bağlanmış xx xxxx 2017-ci il tarixli 29 saylı müqaviləyə, xx.xx.2017-ci il tarixli 1 saylı, 2 saylı, 3 saylı, 4 saylı və 5 saylı xx.xx.2017-ci il tarixli 5 saylı əlavə razılaşmalara əsasən müqavilə əsasında təqdim ediləcək malların adları və miqdarı, qiyməti müəyyən edilmişdir. 5 saylı Əlavə Razılaşmanın 4.2-ci bəndində ödəmə vaxtında aparılmadığında gecikdirilən hər gün üçün ödənilməyən məbləğin 0,1 % məbləğində cərimə hesablanması nəzərdə tutulmuşdur. Əlavə razılaşmalar tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. xx xxxx 2017-ci il tarixli, 014829 saylı qaimə-fakturaya əsasən “xxxxxxxxx” MMC tərəfindən Cavabdeh MMC–yə 675.316,80 manat məbləğində mallar təhvil verilmişdir. xx xxxx 2017-ci il tarixli, 030041 saylı qaimə-fakturaya əsasən “xxxxxxxxx” MMC tərəfindən Cavabdeh MMC –yə 229.974,24 manat məbləğində mallar təhvil verilmişdir. xx xxxx 2017-ci il tarixli, 030044 saylı qaimə-fakturaya əsasən “xxxxxxxxx” MMC tərəfindən Cavabdeh MMC –yə 321.464,00 manat məbləğində mallar təhvil verilmişdir. xx xxxx 2017-ci il tarixli, 030045 saylı qaimə-fakturaya əsasən “xxxxxxxxx” MMC tərəfindən Cavabdeh MMC –yə 153.840,00 manat məbləğində mallar təhvil verilmişdir. xx xxxxxx 2017-ci il tarixli, 030046 saylı qaimə-fakturaya əsasən “xxxxxxxxx” MMC tərəfindən Cavabdeh MMC –yə 153.060,00 manat məbləğində mallar təhvil verilmişdir. xx xxxxxx 2017-ci il tarixli, 030047 saylı qaimə-fakturaya əsasən “xxxxxxxxx” MMC tərəfindən Cavabdeh MMC –yə 32.856,00 manat məbləğində mallar təhvil verilmişdir. xx xxxxxxx 2017-ci il tarixli, 030117 saylı qaimə-fakturaya əsasən “xxxxxxxxx” MMC tərəfindən Cavabdeh MMC –yə 1.142,40 manat məbləğində mallar təhvil verilmişdir. “xxxxxxxxx” MMC tərəfindən xx.xx.2017-ci il tarixdə Cavabdeh MMC-yə 646.524,17 manat dəyərindəverilmiş mallara dair EAAA seriyalı, 312900 nömrəli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir. “xxxxxxxxx” MMC tərəfindən xx.xx.2017-ci il tarixdə Cavabdeh MMC-yə 326.816,16 manat dəyərindəverilmiş mallara dair EAAA seriyalı, 500638 nömrəli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir. “xxxxxxxxx” MMC tərəfindən xx.xx.2017-ci il tarixdə Cavabdeh MMC-yə 386.883,02 manat dəyərindəverilmiş mallara dair EAAA seriyalı, 640349 nömrəli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir. “xxxxxxxxx” MMC tərəfindən xx.xx.2017-ci il tarixdə Cavabdeh MMC-yə 148.155,70 manat dəyərindəverilmiş mallara dair EAAA seriyalı, 862826 nömrəli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir. “xxxxxxxxx” MMC tərəfindən xx.xx.2017-ci il tarixdə Cavabdeh MMC-yə 154.899,31 manat dəyərindəverilmiş mallara dair EAAA seriyalı, 922613 nömrəli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir. “xxxxxxxxx” MMC tərəfindən xx.xx.2017-ci il tarixdə Cavabdeh MMC-yə 152.111,23 manat dəyərindəverilmiş mallara dair EAAB seriyalı, 184182 nömrəli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir. “xxxxxxxxx” MMC tərəfindən xx.xx.2017-ci il tarixdə Cavabdeh MMC-yə 2.446.563,19 manat dəyərindəverilmiş mallara dair EAAB seriyalı, 306875 nömrəli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir. “xxxxxxxxx” MMC və Cavabdeh MMC tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli aktla müəyyən edilir ki, həmin tarixə Cavabdeh MMC-nin “xxxxxxxxx” MMC-yə borcu 80.000 ABŞ dolları təşkil edir. xx.xx.2019-cu il tarixdə “xxxxxxxxx” MMC Cavabdeh MMC-yə pretenziya məktubu ünvanlayaraq 136.000 manat pulun 5 gün ərzində MMC-nin hesabına köçürülməsini xahiş etmiş və əks təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı “xxxxxxxxx” MMC ilə Cavabdeh MMC arasında xx.xx.2017-ci il tarixli, 29 saylı alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əlavədə göstərilmiş malları cavabdehə təhvil verərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda Cavabdeh MMC-nin göstərilən müqavilə üzrə “xxxxxxxxx” MMC-yə olan borcu 80.000 ABŞ dolları – qətnamənin çıxdığı gün Mərkəzi Bankın rəsmi məzənnəsinə əsasən 136.000 manat təşkil edir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (Mülki Məcəllənin 385.1, 442, 443.1 və 448.1-ci maddələri). Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (Mülki Məcəllənin 567, 600.1-ci maddələri). Belə olan halda məhkəmə mübahisəli alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik münasibətində kreditor olan iddiaçının borclu olan cavabdehdən öhdəliyinin icra edilməsini tələb etmək hüququnun olmasını nəzərə alaraq hesab edir ki, əsas borc məbləğinin ödənilməsi hissəsində iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh MMC-dən 136.000 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı “xxxxxxxxx” MMC-yə ödənilməlidir. Cavabdehin iddia ərizəsinə etirazına əsas kimi istinad etdiyi iddiaçının təqdim etdiyi malların keyfiyyətsiz olması barədə dəlilinə münasibətdə məhkəmə hesab edir ki, həmin dəlillər əsassız olmaqla iddianın rədd edilməli olması barədə nəticəyə gəlməyə imkan vermir. Belə ki, alğı-satqı müqaviləsinə əsasən təqdim edilmiş mallar lazımi keyfiyyətdə olmadığı təqdirdə alıcının müdafiə vasitələrini müəyyən edən Mülki Məcəllənin 587-ci maddəsinə əsasən əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: alış qiymətinin mütənasib azaldılması; əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. Göründüyü kimi qanunverici satıcı tərəfindən keyfiyyətli olmayan əşya təqdim edildiyi təqdirdə alıcının alış qiymətinin mütənasib azaldılmasını, əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılmasını, əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb etmək, əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda isə alğı-satqı müqaviləsinin icrasından imtina etmək və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etmək və ya lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etmək kimi hüquqlarının olmasını müəyyən etmişdir. Hazırkı işin materiallarından isə görünür ki, cavabdeh malların təhvil verilməsindən keçən üç ilə yaxın müddət ərzində göstərilən müdafiə vasitələrinin hər hansı birindən istifadə etməsi, ümumiyyətlə iddiaçıya malların keyfiyyətsizliyi ilə bağlı bildiriş və ya hər hansı digər formada irad bildirilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 136.000 manat məbləğində borcun ödənilməsinin gecikdirilməsinə görə 95.744 manat məbləğində cərimənin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin maddənin məzmunundan da göründüyü kimi öhdəliyin icrasının gecikdirilməsinə görə dəbbə pulunun hesablanması tərəflər arasında bağlanmış müqavilə ilə (qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla) müəyyən edilməlidir. İş materiallarından isə görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 29 saylı alqı-satqı müqaviləsində, eləcə də həmin müqaviləyə təqdim ediləcək malları müəyyən edən 1 saylı, 2 saylı, 3 saylı, 4 saylı saylı əlavə razılaşmalarda öhdəliklərin icrasının gecikdirilməsinə görə alıcı tərəfindən cərimə ödənilməsi ilə bağlı müddəa yer almamışdır. Yalnız 5 saylı Əlavə Razılaşmada ödəmə vaxtında aparılmadıqda gecikdirilən hər gün üçün ödənilməyən məbləğin 0,1 % məbləğində cərimə hesablanması nəzərdə tutulmuşdur ki, həmin müddəa yalnız 5 saylı əlavə razılaşmada adları və miqdarı göstərilmiş mallara görə ödəmələrdə gecikmələr olduqda tətbiq edilə bilər. İddiaçı “xxxxxxxxx” MMC mübahisəli borcun yaranmasının əsasında 5 saylı əlavə razılaşmada göstərilmiş malların təqdim edilməsi durduğunu iddia etsə də, həmin halı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri verdikləri izahatlarda mübahisəli obyekti olan borc məbləğinin 5 saylı əlavə razılaşmada göstərilmiş mallara görə yaranmadığını, buna səbəbdə dəbbə pulunun hesablanmasının əsassız olduğunu göstərmişlər. Belə olan halda məhkəmə “xxxxxxxxx” MMC-nin mübahisəli borcun məhz müqaviləyə 5 saylı əlavə razılaşma əsasında yarandığını sübuta yetirə bilmədiyini, müqavilədə və digər əlavə razılaşmalarda isə cərimənin ödənilməsinin nəzərdə tutulmadığını nəzərə alaraq hesab edir ki, cərimənin tutulması tələbinə dair hissədə iddia əsassız olduğundan rədd edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 10 manat hissəsi iddiaçıya aid edilməli, dövlət rüsumunun qalan hissəsinin əvəzi olaraq 20 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən 136.000 (yüz otuz altı min) manat məbləğində əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı “xxxxxxxxx” MMC-yə ödənilməli, qalan hissədə iddia rədd edilməlidir. İddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumunun 10 manat hissəsi iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 136.000 (yüz otuz altı min) manat məbləğində əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 (iyirmi) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı “xxxxxxxxx” MMC-nin bank hesabına ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İddia verilərkən ödənilmiş dövlət rüsumunun 10 (on) manat hissəsi iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar