Məhkəmə qərarları › İş №e-2-2(113)-6791/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6791/2024

17.09.2024 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6791/2024 17.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə tələbi (açar sözlər: ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, vergi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Xüsusi icraat üzrə tələbin mahiyyəti

1. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə olan ümumilikdə 5813,91 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 6,74 manat, İşsizlikdən sığorta fonduna olan 9,88 manat, İcbari Tibbi Sığorta Fonduna olan 1,07 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2024-cü il tarixə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 6,74 manat, İcbari Tibbi Sığorta Fonduna 1,07 manat, İşsizlikdən sığorta fonduna 9,88 manat, dövlət büdcəsinə 5813,91 manat məbləğində (o cümlədən, vergilər üzrə 3564,17 manat, faizlər üzrə 2249,74 manat) olmaqla, ümumilikdə 5831,6 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinəvə müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65- ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli **********291000, xx.xx.2023-cü il tarixli **********987700, xx.xx.2022-ci il tarixli **********304200, xx.xx.2024-cü il tarixli **********736100 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir Reyestr məlumatlarına əsasən Maraqlı şəxs ünvan 1 ünvanında qeydiyyatdadır.

II. Ərizəçi və maraqlı şəxsin mövqeyi:

3. Əvvəlki məhkəmə iclasında maraqlı şəxs ərizəyə etiraz edib ərizənin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, rəhbəri olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə olan borcu ərizədə göstərildiyi kimi 5813,91 manat deyil, 2126,36 manat təşkil edir. O, həmin məlumatı elektron vergi kabinetindən əldə etmiş, göstərilən borc da tərəfindən dərhal ödəniləcəkdir. MMC-nin dövlət büdcəsinə ödənilməli olan başqa vergi borcu yoxdur. Belə ki, xx.xx.2024cü il tarixdə ödəniş etmək istədikdə, açılan sistemdə onun cəmi 2126,36 manat vergi borcunun olması göstərilmişdir. Həmin borcu da tam şəkildə ödəyəcək. Bu səbəbdən ərizənin təmin edilməməsini xahiş edir.

4. Ərizəçinin nümayəndəsi məhkəməyə ərizə təqdim edərək iş yükünün çoxluğunu nəzərə alaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

5. Maraqlı şəxsə sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

6. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 355-7.2-ci maddəsinə əsasən ərizəçi və maraqlı şəxsin iştirakları olmadan sonuncu məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. III. Tətbiq edilən hüquq

7. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: – 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə həmin Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. – 23.1.15-3-cü maddəsinə əsasən vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüquqları vardır. – 24.0.2-1-ci maddəsinə əsasən vergi oranları vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur.

8. Azərbaycan Respublikası MPM-in: – 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. – 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir – 355-7.4-cü maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması tələbi ilə bağlı

9. Məhkəmə ərizəni və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməməlidir.

10. Hüquqi şəxs haqqında məlumatdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) icra orqanının rəhbəri Maraqlı şəxsdur.

11. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi borcun ödənilməsinə dair bildirişlə “FFF HF" Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət edərək borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir.

12. Maraqlı şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ödəniş qəbzinə əsasən "xxxx" MMC tərəfindən həmin tarixdə 2135 manat vergi borcu ödənilmişdir.

13. Belə ki, ərizədə xx.xx.2024-cü il tarixə "xxxx" MMC-nin dövlət büdcəsinə ödənilməli olan borcunun 5813,91 manat olması göstərilmişdir.

14. Halbuki, ərizəçinin özünün məhkəməyə təqdim etdiyi "xxxx" MMC-nin xx.xx.2024cü il tarixə olan şəxsi hesab vərəqəsindən görünür ki, maraqlı şəxsin ərizə verilən tarixə dövlət büdcəsinə 2126,36 manat məbləğində borcu olmuş, həmin borc məhkəmə icraatı zamanı artıq tam şəkildə ödənilmiş, bundan əlavə, onun həmin tarixə qalıq borcu qalmamış, hətta 43,64 manat artıq ödəməsi yaranmışdır.

15. Bundan əlavə, internet vergi sistemindən əldə edilmiş məlumata əsasən "xxxx" MMC-nin dövlət büdcəsinə ödənilməli olan borcunun məbləği xx.xx.2024-cü il tarixə 2126,36 manat, maraqlı şəxs tərəfindən ödəniş edildikdən sonra xx.xx.2024-cü il tarixə isə 0 manat təşkil edir.

16. İşin araşdırılan hallarından "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixə dövlət büdcəsinə ödənilməli olan başqa borcunun olmadığı müəyyən edilmişdir.

17. Bundan əlavə, ərizədə "xxxx" MMC-nin Dövlət Sosial Müdafiə Fonduna olan 6,74 manat, İşsizlikdən sığorta fonduna olan 9,88 manat, İcbari Tibbi Sığorta Fonduna olan 1,07 manat məbləğində borcun olması göstərilmişdir.

18. Məhkəməyə təqdim edilmiş "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixə olan şəxsi hesab vərəqəsindən görünür ki, həmin tarixə MMC-nin Dövlət Sosial Müdafiə Fonduna olan 6,74 manat borcu vardır, vergi ödəyicisi tərəfindən İşsizlikdən sığorta fonduna olan 9,88 manat, İcbari Tibbi Sığorta Fonduna olan 1,07 manat məbləğində borclar isə tam şəkildə xx.xx.2024-cü il tarixdə ödənilmişdir.

19. Göstərilənlərə əsasən məhkəmə hesab edir, "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixə dövlət büdcəsinə, İşsizlikdən sığorta fonduna, İcbari Tibbi Sığorta Fonduna hər hansı borcu olmadığı üçün onun icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə təmin edilməməlidir.

20. Məhkəmə "xxxx" MMC-nin Dövlət Sosial Müdafiə Fonduna olan borcunun (6,74 manat) cüzi olmasını nəzərə alaraq həmin borcun ödənilməsinin təmin edilməsi məqsədilə onun icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəni əsaslı hesab etmir.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

V. Nəticə:

23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 355-7, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsi təmin edilməsin. Qətnamə qəbul edildikdən dərhal sonra qanuni qüvvəyə minir. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar