Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-681/2021 15.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil Babalı oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı (İddiaçı MMC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 1845 manat və Cavabdeh2 20830,7 (borc məbləğinin ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "İddiaçı" MMC ilə Cavabdeh1 arasında 07 Fevral 2018-ci il tarixində 064/18 saylı malların satışı haqqında müqavilə imzalanmışdır. Müqaviləyə əsasən Cavabdeh1 diler olaraq İddiaçı MMC-dən satmaq üçün mobil telefonlar almışdır. Cavabdeh1 müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və onun İddiaçı MMCyə 1345 manat məbləğində malın pulu və 500 manat məbləğində bu işlə əlaqədar vəkilə ödənilmiş vəkil haqqı ilə birlikdə 1845 manat borcu yaranmışdır. Bu fakt elektron qaimələrlə təsdiq olunur. Sədərəkdə yerləşən və cavabdeh Elçinin qardaşı Cavabdeh2 ilə bağlanmış müqavilə əsasında ona 20830,7 manat məbləğində mal verilmiş və bu malların alınmasını o imzası ilə təsdiq etmişdir. Lakin bu günə qədər həmin borcu ödəməmişdir. Cavabdeh1 etirazı onunla əsaslandırılmışdır ki, iddia tələbinin əsası kimi 03.02.2018ci il tarixli, 0302 saylı “Tapşırıq müqaviləsi” və 07.02.2018-ci il tarixli, 064/18 saylı “Malların satışı haqqında müqavilə” göstərilmişdir. Yuxarıda qeyd olunan müqavilələr üzrə yaranmış münasibətlərlə bağlı İddiaçı MMC tərəfindən 7124 manat məbləğində borcun ödənilməsi tələbi ilə bağlı iddia qaldırılmış və həmin iddiaya Bakı Kommersiya Məhkəməsi tərəfindən baxılaraq 13.04.2020-ci il tarixli, e-2-2(113)- 1030/2020 saylı qətnamə qəbul edilmişdir. Bakı Kommersiya Məhkəməsinin qeyd olunan qətnaməsindən verilmiş apelyasiya şikayəti Bakı Apelyasiya Məhkəməsinin 07.10.2020-ci il tarixli 2-2(103)- 435/2020 saylı qətnaməsi ilə qismən təmin olunmuş və Bakı Kommersiya Məhkəməsinin 13.04.2020-ci il tarixli, e-2-2 (113)-1030/2020 saylı qətnaməsi qismən ləğv edilmiş, iddia Cavabdeh1 İddiaçı MMC-nin xeyrinə 5720 manat pulun tutulması hissəsində rədd edilmiş, qətnamə 1404 manat pulun və 30 manat dövlət rüsumunun tutulması hissəsində dəyişdirilmədən saxlanılmışdır. Əvvəlki məhkəmə işi ilə bağlı iddiaçı tərəf əvvəlcə qeyd olunan müqavilələr üzrə malları ona verdiyini bildirmiş, lakin bu halı sənədlərlə təsdiq edə bilməmişlər. Bundan sonra isə iddiaçı tərəfin nümayəndəsi bildirmişdir ki, guya həmin malları onun qardaşına vermişlər. 07.02.2018-ci il tarixli, 064/18 saylı “Malların satışı haqqında müqavilə” onunla bağlanılmış və həmin müqaviləni o imzalamışdır. Lakin 03.02.2018-ci il tarixli, 0302 savlı “Tapşırıq müqaviləsi”ndə onun adı qeyd olunsa da, həmin müqavilə onun tərəfindən imzalanmamışdır və həmin müqavilədə adının qarşısında olan imzanın kimə məxsus olmasından xəbəri yoxdur. Bu halı iddiaçının nümayəndəsi əvvəlki məhkəmə işi ilə bağlı Bakı Apelyasiya Məhkəməsində etiraf etmişdir. Bundan əlavə əgər həqiqətən də yuxarıda qeyd olunan müqavilələr üzrə indiki iddia tələbində göstərilən kimi 22675 manat borc yaranmışdırsa, onda əvvəlki iddia tələbi niyə 7124 manat olmuşdur? Bu hal da hazırkı iddianın da tamamilə qanunsuz və əsassız olduğunu bir daha sübut edir. İddiaçının əvvəlki məhkəmə işində məhkəməyə təqdim etdiyi (hazırkı işdə də həmin qəbzləri məhkəməyə təqdim edib) malların verilməsi ilə bağlı qaimələrdə olan imzaların heç biri ona məxsus deyil. Ümumiyyətlə onun həmin qaimələrdən əvvəlki məhkəmə işinə qədər heç bir məlumatı olmayıb və həmin qaimələrdəki imzaların kimə məxsus olmasından xəbərsizdir. Hətta məhkəməyə təqdim olunan qaimələrin bəzilərində məhsulların təhvil alınması ilə bağlı ümumiyyətlə imzalar yoxdur. Bununla bağlı iddiaçının nümayəndəsi məhkəmədə bildirmişdir ki, guya həmin imzalar qardaşı Cavabdeh2 məxsusdur (bu hal məhkəmənin qətnaməsində də göstərilmişdir). 07.02.2018-ci il tarixli, 064/18 saylı “Malların satışı haqqında müqavilə” onunla bağlanıldığı üçün həmin müqavilə üzrə malların iddiaçı tərəfindən başqa şəxslərə verilməsi (əgər həqiqətən də verilmişdirsə) tamamilə qanunsuzdur və müqavilə şərtlərinin kobud şəkildə pozuntusudur. Belə ki, müqavilənin 1.2-ci bəndində qeyd olunmuşdur ki, malların çatdırılması tərəflərin səlahiyyətli nümayəndələrinin imzaları ilə təsdiq olunmuş qaimələrdə öz əksini tapmalıdır. Müqavilənin qeyd olunan şərtinə əsasən həmin malları onun adından qəbul edən şəxs səlahiyyətli olmalıdır. İddiaçı tərəfindən malları onun adından qəbul edən şəxsin səlahiyyətini təsdiq edən hər hansı bir sənəd məhkəməyə təqdim olunmamışdır. Bundan əlavə qaimələrdəki imzaların qarşısında ad və soyad göstərilmədiyi üçün ümumiyyətlə həmin imzaların kimə məxsus olması da məlum deyil. Hazırkı iddia tələbi ilə bağlı eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, Cavabdeh1 tutulması tələb edilən 1345 manat borc məbləği Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının icraatında olmuş 2-2(103)-435/2020 nömrəli iş üzrə tələb Cavabdeh1 tutulması tələb edilən borc məbləğinə daxil deyildir. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmdan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadə verərək bildirdi ki, 2017-2018ci illərdə İddiaçı MMC-də ekspeditor vəzifəsində çalışmışdır. Cavabdeh2 mal vermişdir. Qardaşı Cavabdeh1 da tanıyır. Cavabdeh2 malları “Sədərək” Ticarət Mərkəzində vermişdir. Təhvil-təslim aktı olmayıb. Malları qaimə ilə vermişdir. Müqavilə Elçinlə bağlandığından qaimələr Elçinlə bağlı olmuş, lakin həmin qaimələr Emin tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadə verərək bildirdi ki, 2014-cü ildən İddiaçı MMC-də direktor müavini vəzifəsində işləyir. Cavabdeh2 mal verirdi. Borcu çox olduğu üçün ona İddiaçı MMC tərəfindən mal verilmədi. Qardaşı Cavabdeh1 Binədə yerləşən mağazasına mal verərkən bildirdi ki, digər mağazasına mal verilməsindən imtina edildiyi üçün İddiaçı MMC-dən mal götürmür. Eminin təxminən 5000 manat borcu qalmışdı. Daha sonra həmin mağazanın da ona aid olduğunu bildirdi. Müqavilə Elçinlə bağlanmışdır. Emin özünü satıcı kimi qələmə verirdi. Daha sonra ayrıca mağaza kimi Eminlə də müqavilə bağlanılıb. İddia tələbində Elçindən tələb edilən 1345 manat borc əvvəllər tələb edilmiş 7124 manat borca daxil deyildir. İş materiallarına əlavə olunmuş: - Distribütor qismində İddiaçı MMC ilə diler qismində Cavabdeh1 arasında bağlanmış 07.02.2018-ci il tarixli, 064/18 nömrəli malların satışı haqqında müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh1 razılaşdırılmış satış şərtlərinə əsasən özünə məxsus malları təklif etməyi, Cavabdeh1 isə öz növbəsində həmin müqaviləyə və onun tərkib hissəsi olan digər əlavələrə əsasən malların satışını həyata keçirməyi öhdəsinə götürmüşdür. - Satış qaimələrindən görünür ki, həmin qaimələrdə müştəri qismində “AMD X3” qeyd edilmiş və qaimələrdə “təhvil alan” bölməsində adı, soyadı, atasının adı qeyd edilməyən şəxs tərəfindən imzalanmışdır. - İddiaçı MMC-nin 2020-ci ilin 1 yanvar tarixinədək yaranan debitor borcları və alınmış avanslar üzrə kreditor borcları barədə məlumatdan görünür ki, Cavabdeh1 cəmi 6036,75 manat, ƏDV məbləği 1086,615 manat borcu yaranmışdır. - Bakı Kommersiya Məhkəməsinin 13 aprel 2020-ci il tarixli, e-2-2 (113)-1030/2020 saylı qətnaməsi ilə İddiaçı MMC -nin Cavabdeh1 qarşı alqı-satqı müqaviləsi üzrə yaranmış 7124 manat məbləğində borc və 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi tələbinə dair iddiası təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti vermiş və Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 07.10.2020-ci il tarixli, 2-2(103)-435/2020 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, Bakı Kommersiya Məhkəməsinin 13 aprel 2020-ci il tarixli, e-2-2 (113)-1030/2020 saylı qətnaməsi qismən ləğv edilmiş, iddia Cavabdeh1 iddiaçı İddiaçı MMC-nin xeyrinə 5720 manat pulun tutulması hissəsində rədd edilmiş, qətnamə 1404 manat pulun və 30 manat dövlət rüsumunun tutulması hissəsində dəyişdirilmədən saxlanılmışdır. - İddiaçı MMC tərəfindən Cavabdeh1 30.11.2020-ci il tarixdə pretenziya məktubu ünvanlanaraq yaranmış borcun ödənilməsi tələb edilmişdir. - İddiaçı MMC tərəfindən Cavabdeh2 30.11.2020-ci il tarixdə pretenziya məktubu ünvanlanaraq yaranmış borcun ödənilməsi tələb edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, iş üzrə sübutlara məcmu halda qiymət verərək belə qənaətə gəlir ki, iddia rədd olunmalıdır. Belə ki, iddia tələbinin bir hissəsini Cavabdeh1 İddiaçı MMC-yə borclu olduğu 1345 manat məbləğində pulun tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh1 alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən iddiaçıya borcu yaranmış və Bakı Kommersiya Məhkəməsinin 13 aprel 2020-ci il tarixli, e-2-2 (113)-1030/2020 saylı qətnaməsi ilə İddiaçı MMC -nin Cavabdeh1 qarşı alqı-satqı müqaviləsi üzrə yaranmış 7124 manat məbləğində borc və 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi tələbinə dair iddiası təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti vermiş və Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 07.10.2020ci il tarixli, 2-2(103)-435/2020 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, Bakı Kommersiya Məhkəməsinin 13 aprel 2020-ci il tarixli, e-2-2 (113)-1030/2020 saylı qətnaməsi qismən ləğv edilmiş, iddia Cavabdeh1 iddiaçı İddiaçı MMC-nin xeyrinə 5720 manat pulun tutulması hissəsində rədd edilmiş, qətnamə 1404 manat pulun və 30 manat dövlət rüsumunun tutulması hissəsində dəyişdirilmədən saxlanılmış, qətnamə qanuni qüvvəyə minmişdir. Həmin qətnamədə qeyd edilmişdir ki, işə apelyasiya qaydasında baxılarkən təqdim edilmiş elektron qaimələr, hesab fakturalar, tərəflərin izahatlarına əsasən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə 07.02.2018-ci il tarixli elektron qaimə üzrə 448 manat, 02.03.2019-cu il tarixli, 109305 saylı elektron qaimə üzrə 290 manat, 04.04.2019-cu il tarixli, 592821 saylı elektron qaimə üzrə 125 manat, 032644 saylı 06.05.2019-cu il tarixli elektron qaimə üzrə 482 manat, cəmi 1345 manat dəyərində mal satılmış və cavabdeh tərəfindən həmin malların dəyəri ödənilmişdir. Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, hazırkı iş üzrə cavbabdeh Cavabdeh1 tutulması tələb edilən borc məbləği sonuncu tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Mülki prosessual qanunvericiliyə görə isə məhkəmə tərəfindən faktların, halların müəyyən edilməsi, yoxlanılması və qiymətləndirilməsi yalnız məhkəmə aktının əsaslandırıcı hissəsində öz əksini tapmalıdır. Qətnamənin əsaslandırıcı hissəsi baxılan işin mahiyyəti üzrə nəticə çıxarılması üçün əsas yaradaraq mühüm əhəmiyyət daşıyır. Həmin Qərarda göstərilir ki, iddianın predmetindən asılı olmayaraq, məhkəmənin işdəki sübutlar əsasında gəldiyi nəticəni əks etdirən istənilən məsələ ilə bağlı qanuni qüvvəyə minmiş qətnamə əsasında müəyyən olunmuş fakt preyudisial əhəmiyyət daşıyır. Eyni zamanda qeyd olunmalıdır ki, məhkəmə iclasında iddiaçının nümayəndəsi və şahid qismində dindirilən X1 hazırkı iddia üzrə tələb edilən 1345 manat borcun Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının icraatında olmuş 2-2(103)-435/2020 nömrəli iş üzrə Cavabdeh1 tutulması tələb edilən borc məbləğinə daxil olmadığını bildirmişlər. Məhkəmə hazırkı iş üzrə cavbabdeh Cavabdeh1 tutulması tələb edilən 1345 manat borc məbləğinin sonuncu tərəfindən ödənildiyinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edildiyini nəzərə alraq, belə qənaətə gəlir Cavabdeh1 münasibətdə iddia rədd edilməlidir. Məhkəmə iddia tələbinin Cavabdeh2 20830,7 manat borcun tutulmasına münasibətdə qeyd edir ki, iddiaçı ilə Cavabdeh2 arasında hər hansı bir müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərinin mövcud olması öz təsdiqini tapmır. 07.02.2018-ci il tarixli, 064/18 nömrəli malların satışı haqqında müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh1 razılaşdırılmış satış şərtlərinə əsasən özünə məxsus malları təklif etməyi, Cavabdeh1 isə öz növbəsində həmin müqaviləyə və onun tərkib hissəsi olan digər əlavələrə əsasən malların satışını həyata keçirməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəf iş materiallarına əlavə edilmiş satış qaimələrinin Cavabdeh2 tərəfindən imzalanaraq təhvil alındığını bildirsə də, həmin qaimələrdə “təhvil alan” bölməsində qaimənin kim tərəfindən imzalanması göstərilməmiş, şahid ifadəsində bildirmişdir ki, müqavilə vergi ödəyicisi kimi Elçinlə bağlandığından qaimələr Elçinlə bağlı olmuş, lakin həmin qaimələr Emin tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunmalıdır ki, iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə iddia tələbinə qiymət verərək belə qənatə gəlir ki, iddiaçı məhkəməyə müraciət edərəkən öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmiş, buna dair əsaslı, şübhədən kənar sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslı hesab edilə bilməz və rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd təmin edildiyindən, ödənilmiş dövlət rüsumu və 500 manat məbləğində vəkilə ödənilmiş xidmət haqqı iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-681/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-681/2021
15.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver