Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6815/2024 17.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh2 (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28350 manat əsas borcun, Mülki Məcəllənin 449-cu maddəsinə əsasən hesablanmış 2835 manat faiz borcunun, 184 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı (satıcı) ilə cavabdeh (alıcı) arasında xx.xx.2022-ci il tarixində 003305 saylı mal alqı-satqısı müqaviləsi bağlanmışdır. Bağlanmış müqavilə şərtlərinə əsasən, iddiaçı cavabdehə mal satmışdır.Satılmış mallar xx.xx.2022- ci il tarixli təhvil-təslim aktına əsasən cavabdehə təhvil verilmişdir. Bağlanmış müqavilənin ümumi dəyəri 100.000 manat təşkiletmişdir. Müqavilə şərtlərinə əsasən cavabdeh ödənişin bir qismini ödəmişdir. Hal-hazırkı dövrə isə cavabdehin ödəməli olduğu borc 28.350 manat təşkil edir. Cavabdehə qalan borcun ödənməsi ilə bağlı dəfələrə şifahi və yazılı xəbərdarlıq edilməyinə baxmayaraq cavabdeh borcu ödəməkdən yayınmışdır. Cavabdeh sonuncu ödənişi xx.xx.2023-cü il tarixində etmişdir. Bu o deməkdir ki, artıq 455 gündən çoxdur ki, yəni 15 təqvim ayı cavabdeh ödənişi gecikdirir. Cavabdehin ümumilikdə iddiaçıya olan əsas borcu 28.350 manat və gecikmə tarixlərinə görə hər gün üçün yaranan məbləğlərin cəmi borc məbləğinin 10% olan 2835 manat təşkil edir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında Cavabdeh2 bildirdi ki, İddiaçı MMC ilə aralarında xx.xx.2022-ci il tarixində alqı-satqısı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən lazer aparatı gətirildikdən 2 ay sonra aparatda nasazlıq yaranmış, bu səbəbdən servisi çağırmışdır. Servis lazer aparatını düzəltdiyini bildirmiş, lakin yarım saat keçdikdən sonra yenidən aparat işləməmişdir. Hazırda onkoloji xəstədir, xəstəxanada stasionar şəraitdə müalicə alır. Xəstəxanada olduğu müddətdə aparatın işləyib-işləmədiyini bilmədən ödənişləri etmişdir. Daha sonra ödənişlərin ödənilməsi ilə bağlı aralarında qarşılıqlı razılaşma olmuş və iddiaçı tərəfindən cavabdehə ödənişlərin həyata keçirilməsi ilə bağlı qrafik müəyyən olunmuşdur. Cavabdeh xəstəliyi ilə bağlı İsrailə getmiş, gəldikdən sonra da ödənişlər ödəmişdir və indiyə qədər 70000 (yetmiş min) manatdan çox ödəniş etmişdir. Lakin bu ödənişləri ödəyərkən belə aparat normal işləmirdi. Hətta aparat müştəridə yanıq izləri buraxırdı, bununla bağlı dəfələrlə müraciət etsə də, iddiaçı aparatın qüsurunu aşkar edib, düzəldə bilməmişdir. Müştərilər yanıq izlərinə görə cavabdehdən müvafiq polis idarəsinə şikayət etmişdir. Bütün bunlara baxmayaraq iddia tələbini əsas borc hissəsində qəbul edir. Qalıq borcu maddi imzakı olan kimi ödəyəcəkdir. İddia ərizəsinin əsas borc hissəsində təmin edilməsinə etiraz etmir. Ödənişləri hissə-hissə ödəyəcəkdir.
4. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir.
5. Məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 003305 saylı alqısatqı müqaviləsinə görə alıcı satıcıya növü, çeşidi, tərkibi, rəngi və digər xarakterik xüsusiyyətləri texniki pasportunda göstərilmiş ümumi məbləği 100000 manat olan malları satmağı öhdəsinə götürmüşdür.
8. Müqavilənin 2.1-ci bəndinə görə, malın qiyməti və ödəmə şərtləri müqavilənin 1 saylı Əlavəsi olan qiymət razılaşma protokolunda öz əksini tapacaqdır.
9. xx.xx.2022-ci il tarixli 003305 saylı alqı-satqı müqaviləsinə 1 saylı Əlavə-Qiymət razılaşma protokoluna görə, alıcı 2000 manat məbləği xx.xx.2022-ci il tarixində ödəniş edir, 4719 manat məbləği xx.xx.2022-ci il tarixində nağdsız qaydada, 43281 manat məbləği xx.xx.2022-ci il tarixində ödəniş edəcəkdir və qalan 50000 manat məbləği 20 ay müddətinə hər ay 2500 manat olmaqla ödəməyi öhdəsinə götürür.
10. İddiaçı və cavabdeh tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına görə, 100000 manat dəyərində mallar cavabdehə təhvil verilmişdir.
11. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 003305 saylı alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
12. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
13. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin əcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
14. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
15. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
16. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
17. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
18. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, ümumilikdə 100000 manat dəyərində malları alıcıya təhvil vermiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmiş, qəbul edilmiş mallar üzrə iddiaçıya ümumilikdə 71650 manat məbləğində ödəniş edilmiş, bununla da cavabdehin iddiaçıya 28350 manat məbləğində borcu qalmışdır. Göstərilən borcun mövcudluğunu cavabdeh məhkəmə iclasında da təsdiq etmişdir.
19. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsas borcun tutulması hissəsində təmin edilməli, cavabdehdən 28350 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
20. İddiaçı iddia tələbində cavabdehdən gecikdirilmiş müddət üçün 2835 manat faiz borcunun ödənilməsi tələbini irəli sürsə də, məhkəməyə tələb etdiyi borcun məbləğinin hesablanması düsturu və bunun üçün əsas götürülmüş müddət (günə-gün hesabı ilə) barədə heç bir sübut təqdim etməmişdir. Məhkəmənin yalnız iddia ərizəsində göstərilənlərə əsasən yuxarıda göstərilən qaydada qiymətləndirmə aparması və cavabdehdən 2835 manat faiz borcu tutması mümkün deyil. Ona görə də məhkəmə hesab edir ki, hazırda tələb olunan bu məbləğin əsaslı olub-olmaması barədə birmənalı nəticəyə gəlmək mümkün olmadığından və tələbin əsasına dair sübutlar təqdim edilmədiyindən bu hissədə iddia tələbi təmin olunmamalıdır.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
22. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehə, 84 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
23. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh2 28350 manat əsas borc, 100 manat dövlət rüsumu, ümumilikdə 28450 (iyirmi səkkiz min dörd yüz əlli) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş qalan 84 (səksən dörd) manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova