Məhkəmə qərarları › İş №e-2-2(113)-685/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-685/2020

31.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-685/2020 31.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi ilə, Zeynalova Leyla Afiq qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh “X4 X5. LTD. ŞTİ”-yə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə işə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC-nin cavabdeh “X4 X5. LTD. ŞTİ”-yə qarşı cavabdehdən əsas borca görə 11367,32 ABŞ dolları, hesablanmış cərimə borcuna görə 568,36 ABŞ dolları olmaqla, ümumilikdə 11935,68 ABŞ dolları məbləğində vəsaitin tutularaq iddiaçıya ödənilməsi tələbi barədə iddiaərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 044/18 saylı pambıq jmıxının alqı-satqısına dair kontrakta əsasən, cavabdehə ümumilikdə 88 384,81 ABŞ dolları məbləğində müqavilədə nəzərdə tutulmuş keyfiyyətdə 1077,86 ton pambıq jmıxı göndərilmişdir. Lakin, cavabdehə göndərilmiş malın müqabilində onun tərəfindən cəmi 77 017,49 ABŞ dolları məbləğində vəsait ödənilmişdir. Son nəticədə cavabdehin iddiaçıya müqavilə öhdəliklərinin yerinə yetirilməməsi ilə bağlı ümumilikdə 11 367,32 ABŞ dolları məbləğində borcu yaranmışdır. Eyni zamanda, mövcud kontraktın 9-cu bəndinə əsasən, tərəflər müqavilə üzrə üzərinə götürülmüş öhdəlikləri vaxtında yerinə yetirmədikdə, yerinə yetirilməmiş öhdəliklərin miqdarının 5 % həcmində cərimə ödəməlidirlər. Nəzərə alsaq ki, cavabdehin müqavilə şərtlərinin yerinə yetirilməməsi ilə bağlı iddiaçıya 11 367,32 ABŞ dolları məbləğində borcu yaranmışdır, onda görərik ki, dəbbə pulunun hesablanmış məbləği (11 367,32 ABŞ*5 %) 568,36 ABŞ dolları təşkil edir. Həmçinin, mövcud kontraktın 8-ci bəndinə uyğun olaraq, tərəflər arasında yaranmış mübahisələrə və fikir ayrılıqlarına Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən, aidiyyatı üzrə Azərbaycan Respublikasının İnzibati-İqtisadi Məhkəməsində baxılması nəzərdə tutulmuşdur. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddiasını müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və əvvəlki məhkəmə iclasında məhkəməyə məktub ünvanlayaraq Covid 19 virusi ilə əlaqədar iclasda iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə iclası növbəti tarixə təxirə salınmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etmədiyindən məhkəmə işə baxılmasını cavabdehin iştirakı olmadan mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəni və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasəntəmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixdə, 044/18 saylı “xxxx” MMC (satıcı) ilə “X4 X5 LTD ŞTİ” (alıcı) arasında bağlanmış Kontrakta əsasən satıcı alıcıya 1300 ton miqdarında pambıq jmıxı göndərməyi, alıcı isə malın dəyərini ödəməyi öhdəsinə götürür. Hazırki kontrakt üzrə göndərilən malın 1 tonunun qiyməti 82 ABŞ dolları məbləğində müəyyən edilir, Kontraktın ümumi məbləği 106600 ABŞ dolları təşkil edir. Müqavilə ilə üzərinə götürülmüş öhdəlikləri vaxtında yerinə yetirməməkdə təqsirkar tərəf digər tərəfə kontraktın yerinə yetirilməmiş öhdəliklərin miqdarının 5% həcmində cərimə ödəməlidir. İş materiallarında olan hesab-qaimədən müəyyən olunur ki, cavabdehə göndərilmiş mallar üzrə ödənilməli məbləğ 88384,81 ABŞ dolları təşkil edir. İş materiallarında olan cavabdeh “X4 X5. LTD. ŞTİ”-nin “xxxx” MMC-yə ünvanladığı xx.xx.2019-cu il tarixli məktuba əsasən bildirmişlər ki, 11368,32 ABŞ dolları borcu olduğuna görə, 21585,17 məbləği yükləmə üçün qaimə-fakturanın miqdarı İNG BANK Mersin filialından ödənilmiş, lakin ödənişin vasitəçi bank tərəfindən bloklanmış və ödəniş edilmiş filialın korporativ əməliyyat icazəsi ləğv edildiyindən müşahidə edilməsinin mümkün olmasa da, eyni ödəniş arayışı ilə qanunvericiliyə zidd olsa da, əmin olmaq üçün Vakıfbank-dan göndərilməsini istəməyindən sonra hesab açılaraq Vakıfbankdan 10385,17 ABŞ dolları ödəniş edilmişdir. Balansın 21585,17 ABŞ dolları məbləğinin hesablarına köçürülməsindən sonra ödənişin həyata keçirilməsi üçün gömrük, mübadilə qanunvericilikləri tətbiq olunmaqla ödənişin həyata keçirilməsindən sonra ödəniş edilməsi üçün bütün cəhdləri etsələr də, təəssüf ki, müsbət nəticə əldə edə bilməmişlər. Həll edilməsi məqsədi ilə və şirkətlərinin ən əsas prinsiplərinə müvafiq olaraq, ödənişi həyata keçirmək arzusu ilə 21585,17 ABŞ dolları məbləğində ödədikləri ödənişin hesablarına gectez geri qaytarılacağı barədə razılıq verildiyi halda balans 11367,32 ABŞ dollarını nağd və ya üçüncü şəxsin adı ilə ödəniş edəcəkləri barədə razılaşırlar. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı göstərilən müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh müqavilə üzrə hesablanmış məbləği müqavilədə müəyyən edilmiş müddətdə və qaydada iddiaçıya ödəməmişdir, bununla müqavilə üzrə öhdəlikləri pozmuşdur. Nəticədə cavabdehin iddiaçıya pul borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 443-cü maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı əsas borca görə 11367,32 ABŞ dolları məbləği cavabdehdən tələb etməkdə haqlıdır. Odur ki, iddia bu hissədə təmin edilməlidir. Bundan başqa, iddiaçı iddia ərizəsində həmçinin gecikdirilmiş günlər üçün 568,36 ABŞ dolları məbləğində dəbbə (cərimə) pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh üzərinə götürülən öhdəliklərini vaxtında icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında qanunvericiliklə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli və “X4 X5. LTD. ŞTİ”-dən 11367,32 ABŞ dolları əsas borc, 568,36 ABŞ dolları cərimə borcu, ümumilikdə 11935,68 ABŞ dolları (ödəniş gününə olan məzənnə nəzərə alınmaqla) məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. “X4 X5. LTD. ŞTİ”-dən 11367,32 ABŞ dolları əsas borc, 568,36 ABŞ dolları cərimə borcu, ümumilikdə 11935,68 ABŞ dolları (ödəniş gününə olan məzənnə nəzərə alınmaqla) məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar