Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-686/2024 18.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-dən 14.514 manat pulun, 1862.50 manat cərimə məbləğinin, 200 manat medisiya xərcinin tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh ASC arasında 08/22 DOİT saylı, xx.xx.2022-ci il tarixli proqram təminatı və 09/22 DOİT saylı, xx.xx.2022-ci il tarixli texniki dəstək müqavilələri bağlanmışdır. "xxxx" MMC ilə Cavabdeh ASC arasında 08/22 DOİT saylı, xx.xx.2022-ci il tarixli proqram təminatı bağlanmış və Cavabdeh ASC-nin "xxxx" MMC qarşısında 37.250 (otuz nyeddi min ikiyüz əlli) manat proqram təminatına görə ödəniş öhdəliyi və qeyd olunan ödənişə görə 6.705 (altı min yeddi yüz beş manat) əlavə dəyər vergisi öhdəliyi yaranmışdır. Cavabdeh ASC 08/22 DOİT saylı, xx.xx.2022-ci il tarixli proqram təminatı müqaviləsi üzrə 37.250 (otuz nyeddi min ikiyüz əlli) manatın 27.350 (iyirmi yeddi min üç yüz əlli) manatını ödəmiş=9900 (doqquz min doqquz yüz) manat borcu qalmış, 08/22 DOİT saylı, xx.xx.2022-ci il tarixli proqram təminatı müqaviləsi üzrə 6.705 (altı min yeddi yüz beş manat) əlavə dəyər vergisindən 4923 (dörd min doqquz yüz iyirmi üç) manatını ödəmiş 1782 (min yeddi yüz səksən iki) manat əlavə dəyər vergisinə ğörə borcu qalmışdır. Cavabdeh ASC-nin 08/22 DOİT saylı, xx.xx.2022-ci il tarixli proqram təminatı müqaviləsi üzrə ƏDV ilə birlikdə 9900+1762 ədv = 11682 manat borcu yaranmışdır. Qeyd edilən hallar xx.xx.2022-ci il tarixli təhvil-təslim aktı ilə təsdiqlənmişdir. "xxxx" MMC ilə Cavabdeh ASC arasında bağlanmış 09/22 DOİT saylı, xx.xx.2022-ci il tarixli texniki dəstək müqaviləsi üzrə 2023-cü ilin aprel, may, iyun aylarında cavabdehə texniki xidmət göstərilmiş, hər ay üçün xidmət haqqı 800 manat olmaqla, xidmətin dəyəri 3 ay üçün 2400 manat və hər ay üçün 144 manat əlavə dəyər vergisi olmaqla 3 ay üçün 432 manat təşkil etmişdir. Beləliklə Cavabdeh ASC-nin qeyd olunan müqavilə üzrə "xxxx" MMC qarşısında 2400+432 ədv=ümumi 2832 manat borc öhdəliyi yaranmışdır. Bildirilir ki, 2023-cü ilin aprel ayı üçün xidmətlərin göstərilməsi xx.xx.2023-cü il tarixli təhvil təslim aktı ilə təsdiqini tapır. 2023-cü ilin may və iyun ayları üçün xidmətlərin göstərilməsinin təhvil təslimi ilə əlaqədar, elektron kargüzarlıq vasitəsi ilə Cavabdeh ASC-yə təhvil təslim aktlarının təsdiqlənməsi barədə elektron sənədlər göndərilmiş, lakin Cavabdeh ASC hərəkətsizlik edərək yayınmışdır. Cavabdeh ASC-nin 08/22 DOİT saylı, xx.xx.2022-ci il tarixli proqram təminatı müqaviləsi üzrə 170 gün gecikməsi vardır, cərimə məbləği 3366 manat təşkil edir, lakin müqavilənin şərtlərinə görə cərimə müqavilənin ümumi məbləğinin 5%-dən artıq hesablana bilməz, qeyd olunan hallara görə . Cavabdeh ASC-nin "xxxx" MMC-yə 1862.50 manat cərimə borcu yaranmışdır. Bununla da Cavabdeh ASC-nin "xxxx" MMC-yə hər iki müqavilə üzrə 12.300 manat xidmət haqqı, 2214 manat ƏDV və 1862.50 manat cərimə borcu olmaqla, ümumi 16.376.50 manat borcu vardır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclaslarında iştirak edən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə iddianın məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 məhkəməyə izahatında iddianı qismən, 4.140 manat hissəsində qəbul etdiyini bildirmiş və iddianın qalan hissədə rədd olunmasını məhkəmədən xahiş etmişdir.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır - 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. - 783.2-ci maddəsinin tələblərinə görə vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. - Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
6. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
7. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında 08/22 DOİT saylı xx.xx.2022-ci il tarixli və 09/22 DOİT saylı, xx.xx.2022-ci il tarixli müqavilələr və qiymət razılaşdırma protokolları imzalanmışdır.
8. 08/22 DOİT saylı xx.xx.2022-ci il tarixli müqavilənin 1.1-ci bəndinə əsasən icraçı sifarişçinin tapşırığına əsasən bu müqavilənin ayrılmaz hissəsi olan qiymətlərin razılaşdırılması protokolunda (1 saylı əlavə) göstərilən elektron sənəd dövriyyəsi (ESD) sistemini sifarişçiyə təqdim etməyi, sifarişçini ESD sistemindən daimi istifadə hüququ verən lisenziyalarla təchiz etməyi və həmin sistemin tətbiqi ilə bağlı xidmətləri keyfiyyətli, mövcud standartlara və texniki tələblərə uyğun şəkildə və bu müqavilə ilə müəyyənləşdirilən şərtlərlə və qaydada sifarişçiyə göstərməyi, sifarişçi isə bu bəndlə müəyyən edilmiş şərtlərə uyğun təqdim edilən lisenziya və ya göstərilən xidmətləri qəbul etməyi və bu müqavilə ilə müəyyən olunan müddətdə onların dəyərini ödəməyi öz öhdəsinə götürür.
9. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən lisenziya və xidmətin təqdim edilməsi qanunvericiliklə müəyyənləşdirilən qaydada (o cümlədən elektron formada) tərtib edilməklə hər iki tərəfdən imzalanan təhvil-təslim sənədi (təhvil-təslim aktı, qaimə, qaiməfaktura və s.) ilə rəsmiləşdirilir.
10. 09/22 DOİT saylı, xx.xx.2022-ci il tarixli müqavilənin 1.1-ci bəndinə əsasən icraçı sifarişçinin tapşırığına əsasən bu müqavilənin 1 nömrəli Əlavəsində göstərilən elektron sənəd dövriyyəsi (ESD) sistemi üzrə texniki dəstək xidmətlərini 08/22 saylı elektron sənəd dövriyyəsi sisteminin qurulması barədə müqavilənin son təhvil-təslim aktının imzalandığı tarixdən etibarən bu müqavilədə nəzərdə tutulan şərtlərə uyğun qaydada keyfiyyətlə, vaxtında sifarişçiyə göstərməyi öz öhdəsinə götürür.
11. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən bu müqaviləyə 1 nömrəli əlavənin 1ci bəndində nəzərdə tutulan xidmətlərə abunə haqqının illik qiyməti 11.328 (ƏDV daxil olmaqla) manat təşkil edir və hər ay 944 (ƏDV daxil) manat məbləğində tərəflərin təhviltəslim aktını imzalaması və icraçı tərəfindən hesab-fakturanın təqdim edilməsi tarixindən sonra 5 iş günü ərzində icraçının bu müqavilədə qeyd olunan bank hesabına köçürmə yolu ilə həyata keçirilir.
12. Müqavilələr və razılaşma protokolları hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
13. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin məzmununa və tərəflər arasında formalaşmış olan işgüzar münasibətlərə nəzər yetirildiyində aydın olur ki, tərəflər arasında bağlanmış müqaviləyə Xidmət müqaviləsi kimi qiymət verilməlidir. Lakin mülki qanunvericilikdə məhz xidmət müqaviləsi münasibətlərini tənzimləyən konkret hər hansı müddəa mövcud deyildir.
14. Ona görə də məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Belə ki, həmin maddənin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmçinin Mülki Məcəllənin 11.1-ci maddəsində təsbit olunmuşdur ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
15. Qeyd olunanlara əsaslanaraq və işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə qeyd edir ki, hazırki mübahisə Mülki Məcəllənin tapşırıq müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.
16. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırkı mübahisənin faktiki əsasını tərəflər arasında bağlanmış 08/22 DOİT saylı xx.xx.2022-ci il tarixli və 09/22 DOİT saylı xx.xx.2022-ci il tarixli müqavilələr təşkil edir. Ona görə də, qeyd edilmiş müqavilələr üzrə xidmətlərin gösrilib-göstərilməməsi və göstərilmiş olan xidmətlərə görə məbləğin ödənilibödənilməməsi müəyyən edilməlidir.
17. İş materiallarına əlavə olunmuş, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Əliyev V.T adlı şəxsin imzası və hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş 08/22 DOİT saylı, xx.xx.2022-ci il tarixli müqavilə üzrə görülmüş xidmətlərin yekun təhviltəslim aktından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ümumi məbləği 43.955 manat dəyərində xidmətlər Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə təhvil verilmişdir.
18. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi də, qeyd edilən halı mübahisələndirməmiş və qeyd edilmiş müqavilə üzrə 43.955 manat dəyərində xidmətlərin göstərildiyini qəbul etmişdir.
19. Məhkəmə tərəflər arasında bağlanmış 09/22 DOİT saylı xx.xx.2022-ci il tarixli müqavilə ilə bağlı aşağıdakıları qeyd edir.
20. İş materiallarına əlavə edilmiş, Azenco” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Əliyev V.T adlı şəxsin imzası və hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş 09/22 DOİT saylı, xx.xx.2022-ci il tarixli müqavilə üzrə görülmüş xidmətlərin təhvil-təslim aktından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən aprel ayı üzrə 944 manat dəyərində xidmət Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə təhvil verilmişdir.
21. Həmçinin bu halı, məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi də, mübahisələndirməmiş və qeyd edilmiş müqavilə üzrə 944 manat dəyərində xidmətlərin göstərildiyini qəbul etmişdir.
22. Qeyd edilmiş xüsusatları ümumiləşdirərək məhkəmə qeyd edir ki, cavabdeh tərəf 08/22 DOİT saylı, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 43.955 manat, 09/22 DOİT saylı xx.xx.2022-ci il tarixli müqavilə üzrə 944 manat dəyərində, yəni cəmi 44.899 (43955+944) xidmətlərin göstərildiyini qəbul etmişdir.
23. Bundan başqa iddiaçı tərəf cavabdehə may və iyun aylarında da, hər ay üzrə 944 manat yəni, cəmi 1.888 manat dəyərində xidmətlərin göstərildiyini bildirir.
24. İddiaçı tərəf qeyd edilmiş 2 ay üzrə xidmətlərin göstərilməsi barədə təhvil-təslim aktı olmadığını qeyd edir və qeyd edilmiş xidmətlərin göstərildiyini təsdiq edən sübut kimi, iddiaçı tərəfindən cavabdehə göndərilmiş elektron qaimələrə istinad edir.
25. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə 2023-cü ilin aprel ayı üzrə göstərilmiş xidmətlərə görə EBDE 735438 saylı xx.xx.2023-cü il tarixli dəyəri 944 manat, 2023-cü ilin may ayı üzrə göstərilmiş xidmətlərə görə EBDH 021232 saylı xx.xx.2023-cü il tarixli dəyəri 944 manat, 2023-cü ilin iyun ayı üzrə göstərilmiş xidmətlərə görə EBDJ 146176 saylı xx.xx.2023-cü il tarixli, dəyəri 944 manat olan elektron qaimələr göndərilmişdir.
26. Cavabdeh tərəf isə 2023-cü ilin may və iyun aylarında iddiaçı tərəfindən xidmətlərin göstərilmədiyini bildirir.
27. Məhkəmə hesab edir ki, həqiqətən də, 2023-cü ilin aprel və may aylarında da, iddiaçı tərəfindən cavabdehə müvafiq xidmətlər göstərilmişdir.
28. Belə ki, tərəflər arasında bağlanmış 09/22 DOİT saylı, xx.xx.2022-ci il tarixli müqavilənin 3.4-cü bəndinin də, məzmunundan görünür ki, tərəflər özləri ödənişlərin edilməsini hesab-fakturanın təqdim edilməsi tarixindən sonra 5 gün müdətinə edilməsi barədə razılığa gəlmişlər.
29. Həmçinin o da, qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış 09/22 DOİT saylı, xx.xx.2022-ci il tarixli müqavilə 1 illik bağlanmış olsa da, iddiaçı tərəfindən cəmi 3 ay üzrə göstərilmiş olan xidmətlərə elektron qaimələr göndərilmişdir. Yəni, əgər iddiaçı tərəf göstərilməmiş xidmətlərə görə cavabdehə elektron qaimə göndərmiş olsa idi, nəyə görə sonrakı qalan 9 ay üzrə deyil, məhz cəmi 3 ay üzrə göstərilmiş xidmətlərə görə elektron qaimə göndərmişdir?. Qeyd edilmiş hal özü-özlüyündə onu təsdiq edir ki, iddiaçı tərəf ancaq göstərilmiş xidmətlər üzrə elektron qaimələr göndərmişdir.
30. Bundan başqa da, cavabdeh tərəfindən göndərilmiş heç bir elektron qaiməyə etiraz bildirilməmişdir.
31. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hər iki müqavilə üzrə cəmi 46.787 (43.955+944+944+944) dəyərində xidmətlər göstərilmişdir.
32. İddiaçı tərəf qeyd edilmiş müqavilələr üzrə cəmi 32.273 manat ödəniş edildiyini və 14.514 manat borcun qaldığını bildirir.
33. Cavabdeh tərəf isə iddiaçı tərəfin iddia ərizəsinin ilkin redaksiyasında 40.759 manat ödəniş edildiyini qeyd etməsinə istinad etməklə cəmi ödənilməmiş 4.140 manat borcunun qaldığını bildirir.
34. İddiaçı tərəf ilkin redaksiyada, işçi tərəfindən texniki səhv edildiyini və sonradan iddianın dəyişdirilməsi barədə ərizədə müvafiq düzəliş edildiyini bildirərək, 32.273 manat ödəniş edildiyini qeyd edir.
35. İş materiallarına iddiaçı tərəfindən əlavə olunmuş hesabdan çıxarışlardan görünür ki, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə 5.587,50 manat, xx.xx.2023-cü il tarixdə 8.000 manat, xx.xx.2023-cü il tarixdə 8.762,5 manat, xx.xx.2023-cü il tarixdə 5.000 manat, ƏDV məbləği üzrə xx.xx.2022-ci il tarixdə 1005,75 manat, xx.xx.2023-cü il tarixdə 1440 manat, xx.xx.2023-cü il tarixdə 1577,25 manat, xx.xx.2023-cü il tarixdə 900 manat olmaqla, cəmi 32.273 manat ödəniş edilmişdir.
36. Göründüyü kimi, qeyd edilmiş məbləğlərin sadə riyazi hesablama ilə cəmi 32.273 manat təşkil edir.
37. Məhkəmə cavabdeh tərəfin iddiaçının texniki səhv olaraq iddia ərizəsinin ilkin redaksiyasında 40.759 manat ödəniş edilməsini qeyd etməsinə istinad edərək, qeyd edilən məbləğdə pulun ödənilməsi barədə dəlilini də, əsassız hesab edir.
38. Belə ki, iddiaçı tərəf edilmiş ödənişlər barədə bütün sənədləri təqdim etmiş, cavabdeh tərəfə isə ödəniş sənədlərinin təqdim edilməsi təklif edilsə də, ödəniş barədə hər hansı bir sənədi təqdim etməmişdir.
39. Belə olan halda, məhkəmə hesab edir ki, iddia hər iki müqavilə üzrə cəmi 14.514 (46.787-32.273) manat məbləğində pulun tələb edilməsi hissəsində əsaslıdır və təmin edilməlidir.
40. Məhkəmə həmçinin hesab edir ki, dəbbə pulunun tələb edilməsi hissəsində iddia qismən əsaslıdır.
41. İlk növbədə qeyd edilməlidir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilənin 4.5-cü bəndindən irəli gəlir. Belə ki, həmin bəndə əsasən sifarişçi bu müqavilədə nəzərdə tutulmuş müddətlərdə xidmət haqqını ödəmədikdə, bu öhdəliyinin icrasının gecikdirildiyi hər gün üçün, bu müqavilənin əlavələrində qeyd olunan müvafiq mərhələdə təqdim edilən xidmət haqqının 0,2 % (lakin müqavilənin ümumi qiymətinin 5 %-indən çox olmamaqla) həcmində icraçıya cərimə ödəməlidir.
42. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
43. Hazırki işin hallarından görünür ki, cavabdehin əsas borcuna münasibətdə 700 manat məbləğində dəbbə pulu ağlabatan və ədalətlidir.
44. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli, MŞB/13/2023-01364 nömrəli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı tərəfindən mediasiya xidmət haqqı olaraq 200 manat məbləğində pul Bakı 13 saylı Mediasiya Təşkilatına ödənmişdir.
45. Ona görə də, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
46. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
47. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. 08/22 DOİT saylı, xx.xx.2022-ci il tarixli və 09/22 DOİT saylı, xx.xx.2022-ci il tarixli müqavilələrə əsasən əsas borc üzrə 14.514 (on dörd min beş yüz on dörd) manat, cərimə borcu üzrə 700 (yeddi yüz) manat olmaqla, cəmi 15.214 (on beş min iki yüz on dörd) manat məbləğində pul Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Mediasiya xərcinin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov