Məhkəmə qərarları › İş №e-2-2(113)-6862/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6862/2024

07.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6862/2024 07.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “Azərbaycan–X2” MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi ilə, İddiaçı “Azərbaycan–X2” MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı “Azərbaycan–X2” MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29062 (iyirmi doqquz min altmış iki) AZN borc məbləği, iddia qaldırmaq üçün ödənilmiş 177.72 (bir yüz yetmiş yeddi manat yetmiş iki qəp) AZN dövlət rüsumunun, ümumilikdə 29239.72 (iyirmi doqquz min iki yüz otuz doqquz manat yetmiş iki qəp) AZN pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 14 iyun 2024-cü il tarixli 161/24 saylı Müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, İddiaçı MMC, (bundan sonra “Agentlik” adlandırılacaq) Cavabdeh MMC-nin (bundan sonra “Sifarişçi” adlandırılacaq) sifarişinə əsasən, avia biletlər, mehmanxanada yerləşdirmə, qabaqcadan yer sifariş edilməsi, gəmi kruiz turları, sanatoriya xidmətləri, viza dəstəyi, avtomaşın kirayəsi, sığorta işlərinin yerinə yetirilməsi və s. xidmətlərin (bundan sonra “xidmət” adlandırılacaq) yüksək səviyyədə göstərilməsini öhdəsinə götümüşdür. 21 iyun 2024-cü il tarixdə aralarında 14 iyun 2024-cü il tarixli 161/24 saylı Müqaviləyə əlavə №1 Qiymətlərin yekun razılaşdırma protokolu imzalanmışdır. Protokola əsasən, İcraçı və Sifarişçi 13 iyul 2024-cü il tarixində Bakı şəhərində açıq məkanda keçiriləcək “Quality Fest Bakı” adlı konsert tədbiri çərçivəsində ilkin razılaşdırılmış və çəkilmiş xərclər nəzərə alınaraq 14 iyun 2024-cü il tarixli 161/24 saylı Müqavilənin 2.2-ci maddəsinə uyğun olaraq aşağıdakı şərtlərlə bu yekun Protokolu imzalamışlar: 1. Can Ozan adlı ifaçı və heyəti üçün aviabilet xərcləri 10040 (on min qırx) AZN; 2. Emre Aydın adlı ifaçı və heyəti üçün aviabilet xərcləri 20600 (iyirmi min altı yüz) AZN; 3. İlyas Yalçıntaş adlı ifaçı və heyəti üçün aviabilet xərcləri 11470 (on bir min dörd yüz yetmiş) AZN; Aydilge adlı ifaçı və heyəti üçün aviabilet xərcləri 8915 (səkkiz min doqquz yüz on beş) AZN; toplam olaraq cəmi 51025 (əlli bir min iyirmi büş) AZN müəyyənləşmişdir. Daha sonra isə “İcraçı” ilə “Sifarişçi” arasında aparılmış yazışmalara əsasən (alınmış biletlərin geri qaytarılaraq yeni tarixə alınması ilə əlaqədar) aviabiletlərin satışının ümumi məbləği 54562 (əlli dörd min beş yüz altmış iki) AZN olunmuşdur. Sifarişçi tərəfindən aviabiletlərin satışı üçün 10000 (on min) və 15500 (on beş min beş yüz) AZN olmaqla, ümumilikdə “İcraçı” ya 25500 (iyirmi beş min beş yüz) AZN pul ödənilmiş, 29062 (iyirmi doqquz min altmış iki) AZN isə bu günədək ödənilməmişdir. Borcun ödənilməsi barədə “Sifarişçi”yə xx.xx.2024-cü il tarixli rəsmi məktub göndərilsə də, heç bir nəticəsi olmamışdır. Müqavilənin 2.2-ci maddəsinə əsasən, Müqavilə üzrə Xidmətin dəyəri işlər yerinə yetirildikdən sonra Agentliyin göndərdiyi hesab-fakturaya əsasən üç gün ərzində köçürmə və ya nağd şəkildə aparılır. Ancaq cavabdeh tərəfindən həmin vəsaitin ödənilməsi təmin edilməmişdir. Borc məbləğinin ödənilməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə cavabdehə xəbərdarlıq məktubu (pretenziya) göndərilmiş, lakin cavabdeh öz öhdəliyini icra etnənişdir. Bütün bunlardan sonra işin məhkəmə mübahisəsindən başqa heç bir yol qalmamışdır. Cavabdehin öz öhdəliyini icra etməməsi iddiaçıya borc məblığindən də əlavə də maddizərər vurmuşdur. Belə ki, işin hüquqi yolla mübahisələndirilməsi üçün Bakı Kommersiya Məhkəməsinə177.72 (Bir yüz yetmiş yeddi manat yetmiş iki qəp) AZN dövlət rüsumu ödənilmişdir. Beləliklə də aviabiletlərin alınması üçün göstərilmiş xidmətə görə 29062 (iyirmi doqquz min altmış iki) AZN, dövlət rüsumu üçün ödənilmiş 177.72 (bir yüz yetmiş yeddimanat yetmiş iki qəp)AZN məbləğində iddiaçıya maddizərər dəymişdir.

II. Tərəflərin mövqeləri:

3. İddiaçıya sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə bamayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

4. Əvvəlki məhkəmə iclasında iddiaçının qanuni təmsilçisi Nümayəndə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verib iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehə təqdim olunmuş 3 qaimədən 2-si üzrə ödəniş edilmiş, sonuncu qaimə üzrə ödəniş edilməmişdir.

5. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə bamayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

6. Sonuncu məhkəmə iclasının tərəflərin nümayəndələrinin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. İddiaçı (agentlik) ilə cavabdeh (sifarişçi) arasında bağlanmış xx.xx.2024-cü il tarixli 161/24 nömrəli müqaviləyə görə, agentlik sifarişçinin yazılı sifarişinə əsasən aviabiletlər, mehmanxanada yerləşdirmə, qabaqcadan yer sifariş edilməsi, gəmi kruiz turları, sanatoriya xidmətləri, viza dəstəyi, avtomaşın kirayəsi, sığorta işlərinin yerinə yetirilməsi və sairə xidmətlərin yüksək səviyyədə göstərilməsini, sifarişçi isə xidməti qəbul edib dəyərini bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və müddətdə ödəməyi öhdəsinə götürür.

9. Müqavilənin 2.1-ci bəndinə görə müqavilə üzrə xidmətin dəyəri agentlik tərəfindən qabaqcadan təqdim edilmiş hesab-fakturaya əsasən müəyyən olunur.

10. Müqavilənin 2.2-ci bəndinə görə müqavilə üzrə xidmətin dəyəri işlər yerinə yetirildikdən sonra agentliyin göndərdiyi hesab-fakturaya əsasən üç gün ərzində köçürmə və ya nağd şəkildə aparılır.

11. 113İPEX241871611 saylı köçürməyə əsasən xx.xx.2024-cü il tarixində cavabdeh tərəfindən iddiaçıya 15500 manat məbləğində ödəniş edilmişdir.

12. 113İPEX241760772 saylı köçürməyə əsasən xx.xx.2024-cü il tarixində cavabdeh tərəfindən iddiaçıya 10000 manat məbləğində ödəniş edilmişdir.

13. xx.xx.2024-cü il tarixli 161/24 nömrəli müqaviləyə 1 nömrəli Əlavə, xx.xx.2024-cü il tarixli qiymətlərin razılaşdırılması protokoluna görə 13 iyul 2024-cü il tarixində Bakı şəhərində açıq məkanda keçiriləcək “Quality Fest Bakı” adlı konsert tədbiri üçün ümumi olaraq 51025 manat məbləğində aviabilet alınması razılaşdırılmışdır.

14. İddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli KT2407 11118863 nörməli 29062 manat məbləğində, xx.xx.2024-cü il tarixli KT2407 10148224 nömrəli 15500 manat məbləğində, xx.xx.2024-cü il tarixli KT2406 11112745 nömrəli 10000 manat məbləğində elektron qaimələr təqdim olunmuşdur.

15. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olundu ki, cavabdehin iddiaçıya borcun ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 161/24 nömrəli müqavilədən irəli gəlir. Cavabdehin həmin müqavilə üzrə üzərinə düşən öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir.

16. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

17. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

18. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;

19. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

20. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

21. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

22. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

23. Həmin Məcəllənin 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.

24. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin xidmət müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 29062 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, cavabdehdən 29062 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

25. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 29062 manat tutularaq iddiaçıya ödənilməlidir.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

27. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən 177,72 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.

V. Nəticə:

28. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 29062 manat əsas borc, 177,72 manat dövlət rüsumu, ümumilikdə 29239,72 (iyirmi doqquz min iki yüz otuz doqquz manat yetmiş iki qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar