Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6867/2024 25.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı-nin cavabdeh X3 qarşı “borc” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, dəbbə pulu və dövlət rüsumu ) Məhkəmənin hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, Cavabdehin iştirakı olmadan, İddiaçı-nin cavabdeh X3 qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 İddiaçı-nin xeyrinə 2156 ABŞ dolları əsas borc və 210 ABŞ dolları cərimə -cəmi: 2366 dollar (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyənləşdirdiyi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manat ilə) və 62 manat dövlət rüsumunun tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh X5 ilə D/AZ-№ 12 saylı,03 mart 2018-ci il tarixli müqaviləyə əsasən ona 4356 ABŞ dolları məbləğində ******* saylı spesifikasiyada göstərilən mallar göndərilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən cavabdeh malları almağına baxmayaraq 2156 ABŞ dolları borcunu bu günədək ödəməmişdir. Tərəflər arasında üzləşdirmə aktı imzalanmışdır. Həmin üzləşdirmə aktında cavabdehin onun iddiaçıya 2156 ABŞ dolları borclu olduğu bir daha öz təsdiqini tapır. Tərəflər arasında imzalanan üzləşdirmə aktına əsasən ******* saylı spesifikasiyadakı göstərilən 4356 ABŞ dolları məbləğində mallar lazımi qaydada qablaşdırılmış, sənədləşdirilmiş və istehsal defekti olmayan (qüsursuz) keyfiyyət göstəriciləri standartlara uyğun şəkildə cavabdehə təhvil verilərək onun tərəfindən qəbul edilmişdir. X3 pretenziya məktubu, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər vergi portalı vasitəsilə göndərilmişdir. Cavabdehə 3 gün ərzində borcunu ödəmək xahiş olunmuşdur. Əks halda məhkəməyə müraciət olunacağı göstərilmişdir. Lakin cavabdeh bu günədək borcunu ödəmir. Cavabdeh X5 müqavilə üzrə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən, bununla da müqavilə şərtlərini pozduğundan müqavilənin şərtlərinə uyğun olaraq ondan iddiaçıya olan borcu ödənilməlidir. Müqaviləni 4.1-ci bəndinə əsasən alınmış mallara görə vaxtında ödənişlər etmədikdə hər gecikdirilmiş gün üçün 0.2 % cərimə ödənilməsi nəzərdə tutulmuşdur. Ondan borc öhdəliyi yerinə yetirilmədiyindən əlavə olaraq 457 dollar tutulmalıdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişdir.
5. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı ilə X5 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, D/AZ-12 saylı kontrakta əsasən:
8. Müqavilənin 1.1-ci hazırkı kontraktın harada bağlanmasından asılı olmayaraq alıcı bu müqaviləyə uyğun olaraq Bakı şəhərində sərgidə nümayiş olunan mallardan öz istəyi və zövqüylə seçərək sifariş edir, satıcı isə həmin malların hazırlanaraq göndərilməsini təmin edir və bu kontrakt ilə razılaşdırılmış qaydada malların dəyərini satıcıya tam olaraq ödəməyi öhdəsinə götürür.
9. Müqavilənin 1.2-ci bəndinə əsasən satılan malların siyhısı, nomenklatura nömrəsi, malın kodu, onların miqdarı və qiyməti spesifikasiyada qeyd olunur. Spesifikasiyada malların adları türk dilində və dəyəri ABŞ dolları valyutasında göstərilir.
10. Müqavilənin 2.1-ci bəndinə əsasən alıcı kontrakt bağlanarkən sifariş etdiyi malların dəyərini aşağıdakı qaydada ödənilməsini həyata keçirir. İlkin ödəniş-avans olaraq spesifikaiyada göstərilən malların ümumi məbləğinin 30% həcmində aıcı tərəfindən satıcıya bu kontrakt bağlandığı an ödənilir. İkinci ödəniş alıcıya birinci partiya malların göndərildiyi tarixdən 7 təqvim gün ərzində malların ümumi məbləğinin 20% həcmində, üçüncü ödəniş alıcıya ikinci partiya malların göndərildiyi tarixdən 7 təqvim gün ərzində malların ümumi məbləğinin 20% həcmində satıcıya ödəməlidir. Göstərilən qaydada ödənişlər alıcı tərəfindən gecikdirilərsə növbəti partiya malların göndərilməsi dayandırılır. Alıcı ümumilikdə 60 gün ərzində saıcıdan aldığı mallara görə bütün borclarını ödəməlidir.
11. Müqavilənin 5.1-ci bəndinə əsasən əgər alıcı razılaşdırılmış 60 gün müddətində maliyyə ödənişlərini tam həyata keçirməzsə, ötürülmüş hər gün üçün borc məbləğinin 0.2% həcmində cərimə ödəyir.
12. 21.09.2021-ci il tarixli üzləşdirmə aktına əsasən X4 iddiaçıya 2156 ABŞ dolları məbləğində borcu olması müəyyən edilmiş və hər iki tərəfin imzası ilə akt təsdiqlənmişdir.
13. 04.09.2024-cü il tarixli D/Az-12 saylı arayışa əsasən müqaviləyə əsasən 4356 ABŞ dollrı dəyərində mallardan cəmi bügunək 2200 ABŞ çdolları şirkətə ödənilmiş və ödənilməmiş borc 2156 ABŞ dolları təşkil etmişdir. Müqavilənin 4.1-ci bəndinə əsasən alınmış mallara görə vaxtında ödənişlər etmədikdə hər gecikdirilmiş gün üçün 0.2% cərimə nəzərdə tutulmuşdur. Ona 210 ABŞ dolları cərimə hesablanmışdır.
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
15. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
16. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.
17. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
18. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
19. Tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli, D/AZ-12 saylı müqavilənin 1.1ci bəndinə əsasən hazırkı kontraktın harada bağlanmasından asılı olmayaraq alıcı bu müqaviləyə uyğun olaraq Bakı şəhərində sərgidə nümayiş olunan mallardan öz istəyi və zövqüylə seçərək sifariş edir, satıcı isə həmin malların hazırlanaraq göndərilməsini təmin edir və bu kontrakt ilə razılaşdırılmış qaydada malların dəyərini satıcıya tam olaraq ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəf öz öhdəliklərini lazımı qaydada icra etsə də, cavabdeh tərəfindən ödənişlər tamamlanmamışdır.
20. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, üzləşmə aktı ilə təsdiq olunduğu üçün 2156 ABŞ dolları borca dair hissədə iddia tələbi təmin edilməlidir.
21. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya müqavilə üzrə 2156 ABŞ dolları əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən qeyd olunan pul məbləği tutularaq iddiaçıya ödənilməlidir.
22. Bundan əlavə, iş materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən 210 ABŞ dolları cərimə borcunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
23. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
24. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən ödənişlərin gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə və razılaşmada öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.
25. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
26. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 108 ABŞ dolları məbləğində müəyyən edilməlidir.
27. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 62 manat dövlət rüsumu ödənilmişdir.
28. Azərbaycan Respublikası MPM-in:
29. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
30. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir.
31. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
32. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyi üçün dövlət rüsumu xərcinin əvəzi olaraq ödənilmiş 62 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
V. Nəticə:
33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh X2 2156 ABŞ dolları əsas borc, 108 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 2264 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) və dövlət rüsumunun əvəzi olaraq 62 manat tutularaq İddiaçınə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova