Məhkəmə qərarları › İş №e-2-2(113)-6887/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-6887/2024

05.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-6887/2024 05.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Həşimova Günay Rövşən qızının sədrliyi, Rüstəmova Mülayim Akif qızının katibliyi ilə, İddiaçı Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçıun cavabdeh Aqrar Sığorta Fonduna qarşı «pul» tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Aqrar Sığorta Fonduna (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Aqrar Sığorta Fondu adından "xxxx" ASC-dən 111211,50 manat məbləğində pul və ödəmiş olduğum 402 manat dövlət rüsumun barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının istifadəsində olan 25.10 hektar torpaq sahəsinin xx.xx.2023-cü il tarixli BS-**********-MS nömrəli X6 və Bitkiçilik Məhsullarının Sığortası üzrə Sığorta şəhadətnaməsinə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək hər bir predmet üzrə müqavilənin 1 saylı əlavəsində ümumi sığorta məbləği 56851,50 manat olması qeyd olunmuşdur. Bundan başqa, mənim istifadəmdə olan 20 hektar torpaq sahəsinin xx.xx.2023-cü il tarixli BS-**********-MS nömrəli X6 və Bitkiçilik Məhsullarının Sığortası üzrə Sığorta şəhadətnaməsinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hər bir predmet üzrə müqavilənin 1 saylı əlavəsində ümumi sığorta məbləği 54360 manat olması qeyd olunmuşdur. Halbuki, qeyd olunan müqavilələr üzrə öhdəliklər Aqrar Sığorta Fondu adından "xxxx" ASC tərəfindən yerinə yetirilməmişdir. Həmin fakt yerli orqan əməkdaşlarının tərtib etdikləri akt və rəy öz təsdiqini tapmışdır. Belə ki, Aqrar Sığorta Fondu adından "xxxx" ASC-ə dəymiş ziyanla bağlı müraciət etikdə mənə bildirmişlər ki, Bu məqsədlə hadisənin təfərrüatlarının araşdırlması üçün tərəfimizdən Azərbaycan Melorasiya və X12 Səhmdar Cəmiyyətinə 4 mart 2024- cü il tarixli 12-9-1/2-479/2024 saylı sorğu göndərilmişdir. Sorğuya cavab olaraq daxil olan 6 may 2024- cü il tarixli 3-4/2-916/2024 saylı məktuba əsasən İddiaçı əraziyə xidmət edən Birliklə müqaviləsinin olmaması, həmin sahənin Kür çayında su səviyyəsinin azalması nəzərə alınaraq, əkin sahəsinə suvarma suyunun verilməməsi barədə müraciəti əsassız hesab edilmişdir. Mən də, Sabirabad rayon X3 Birliyinə müraciət etdikdə mənə təqdim olunmuş arayışdan görünür ki, İddiaçı ondan ötəri ki, o, X1 üzvüdür və onun müqaviləyə ehtiyacı yoxdur. Sudan istifadə etmək hüququ vardır. Ona görə bütün bu müddəalara əsasən mənə dəymiş ziyan Sizin təşkilat tərəfindən tam olaraq ödənilməlidir. Əlavə olaraq qeyd edirəm ki, mənimlə bərabər X2 Sığorta Fondu adından "xxxx" ASC ilə sığorta müqaviləsi bağlamışdır. Ona da mənim kimi ziyan dəymişdir və sığrota şəhadətnaməsinə əsasən dəymiş ziyan Aqrar Sığorta Fondu adından "xxxx" ASC tərəfindən tam olaraq ödənilmişdir. Onun da X5 ilə heç bir müqaviləsi olmamışdır. Belə olan təqdirdə niyə ona dəymiş ziyanla bağlı ödəniş olunur mənə yox. Bundan başqa Aqrar Sığorta Fondu adından "xxxx" ASC-ə pretenziya ilə müraciət etməyimə baxmayaraq mənim bu tələbimə riayət etməmişdir. Mən də məcbur olub məhkəməyə müraciət etmək qərarına gəldim. İddiaçı məhkəmə iclasında iştirak edərək iddia ərizəsini müdafiə etdi və təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 hazırkı mübahisənin inzibati mübahisə olduğunu bildirdi və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməlidir. Məhkəmə hazırki iddia tələbləri ilə bağlı aşağıdakılar qeyd edir. Məhkəmə əvvəlcə qeyd edir ki, məhkəməyə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən hüquq mübahisəsinin məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir. Mülki prosessual qanunvericiliyə görə, iddia ərizəsi yalnız Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmçinin məhkəmələr mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələləri ərizənin icraata qəbul edilməsi zamanı yoxlamalıdırlar. Eyni zamanda ərizənin (mübahisənin, iddianın) mümkünlük şərtləri mülki məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Kommersiya məhkəmələrinin aidiyyəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (bundan sonra Mülki Prosessual Məcəllə) ilə müəyyən edilmişdir. Belə ki, həmin Məcəllənin 26-cı maddəsində göstərilmişdir ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Digər tərəfdən, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 1-4-cü bəndlərinə əsasən, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2ci maddəsi, habelə həmin Məcəllənin XV-XİX fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır. Mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. “Aqrar sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 və 8.2-ci maddələrinə əsasən, aqrar sığorta orqanı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən yaradılır. Aqrar sığorta orqanı nizamnaməsi ilə müəyyən edilən qaydada aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlılığını təmin etmək məqsədi ilə fəaliyyət göstərir, habelə idarəedici qurumun fəaliyyətinə nəzarəti həyata keçirir, idarəedici qurum ləğv edildikdə yenisinin formalaşdırılmasını təmin edir. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, sığorta qaydalarına uyğun olaraq, sığorta ödənişinin verilməsi üçün tələb olunan bütün sənədlər təqdim edildikdən sonra aqrar sığorta orqanı 7 iş günü ərzində sığorta ödənişinin tam və ya qismən verilməsi və ya ödənişin verilməsindən imtina barədə qərar qəbul edir və bu barədə aqrar sığortalıya “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş qaydada rəsmi məlumat verir. Həmin Qanunun 17.4-cü maddəsinə əsasən, sığortalı ödənişin tam və ya qismən verilməsindən imtina barədə qərardan inzibati qaydada və məhkəmə qaydasında şikayət verə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 oktyabr tarixli 431 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar sığorta Qaydaları”nın 1.25-ci hissəsinə əsasən, sığorta müqaviləsinin icrasından irəli gələn mübahisələrə tərəflərin qarşılıqlı razılığı ilə həll olunması üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq fəaliyyət göstərən və Fond daxilində yaradılan Apelyasiya Şurası tərəfindən baxılır. Sığorta müqaviləsinin icrasından irəli gələn mübahisələrin həllində tərəflər arasında qarşılıqlı razılığın əldə olunması mümkün olmadıqda, mübahisələr məhkəmə qaydasında həll edilir. Qeyd edilməlidir ki, aqrar sığorta haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydaya görə aqrar sığorta orqanı kimi cavabdehin sığorta ödənişinin verilməsi və ya bundan imtina olunması barədə qərarından inzibati orqana və ya məhkəməyə müraciət hüququ müəyyənləşdirilmişdir. Bu isə onu deməyə əsas verir ki, şikayət və ya iddia inzibati icraat və inzibati məhkəmə icraatı çərçivəsində həll edilməlidir. Təsadüfi deyildir ki, cavabdeh də iddiaçıya ünvanladığı 09 fevral 2024-cü il tarixli məktubda sığorta ödənişlərinin verilməsindən imtina barədə qərardan “Aqrar sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 17.4-cü və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddələrinə əsasən, qərar qüvvəyə mindiyi gündən 30 gün müddətində inzibati qaydada Fondun Apelyasiya Şurasına və ya məhkəməyə şikayət vermək hüququnu izah etmişdir. Digər tərəfdən, iş materiallarından göründüyü kimi, sığorta ödənişinin verilməsindən imtina olunması barədə cavabdehin qərarı ilə bağlıdır. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin maddədə sadalan əlamətlərinə görə inzibati akt: - İnzibat orqan tərəfindən qəbul edilməli; - Ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi güdməli; - Hüquqi və ya fiziki şəxslərə ünvanlanmalı; - Həmin şəxslər üçün müəyyən hüquqi nəticələr yaratmalı; - Qərar, sərəncam və ya digər formada ifadə olunmalı; - Mahiyyəti etibarilə hakimiyyət xarakterli tədbir olmalıdır. Məhkəmə hesab edir ki, cavabdehin mübahisələndirilən qərarı “İnzibati icraat haqqında” Qanunun tələbləri baxımından sadalanan əlamətlərin hamısına malik olduğundan, cavabdehin faktiki hərəkəti deyil, publik hüquq sferasında qəbul etdiyi və iddiaçı üçün hüquqi nəticə doğuran inzibati aktıdır. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın V hissəsinə əsasən, qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər inzibati orqan hesab edilir. Bu mənada Aqrar Sığorta Fondu inzibati orqan hesab olunmalıdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci maddəsinə əsasən, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə qeyd edir ki, hazırkı mübahisə məhz inzibati hüquq münasibətlərində qəbul edilmiş inzibati aktın qanunsuz hesab edilməsi ilə bağlı olduğundan inzibati mübahisədir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Mülki Prosessual Məcəllənin 261.0 və 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı iddiaya mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 262.3-cü maddəsinə əsasən bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı hazırkı tələblə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edə bilər. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.4-cü maddəsinə əsasən həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə müəyyən edir ki, ********** nömrəli qəbzə əsasən 401,40 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verildiyindən 401,40 manat məbləğində dövlət rüsumu da qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 170, 261-262, 263- 264, 266268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçıun cavabdeh Aqrar Sığorta Fonduna qarşı «pul» tələbinə dair iş üzrə icraata xitam verilsin. İddiaçıya izah edilsin ki, eyni tələblə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edə bilər. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 401,40 manat pul İddiaçı qaytarılsın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. X11

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar