Məhkəmə qərarları › İş №e-2-2(113)-689/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-689/2022

29.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-689/2022 29.03.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil Rafiq oğlunun, cavabdehin nümayəndəsi Nümayəndə2, üçüncü şəxs Maraqlı şəxs iştirakı ilə, İddiaçı MMC-nin (Maraqlı şəxs üçüncü şəxs olmaqla) Cavabdeh QSC-yə qarşı müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi, ipoteka yüklülüyünün azad edilməsi və pul tələbinə dair kommersiya mübahisəsinə Bakı şəhərində Bakı Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC (Maraqlı şəxs üçüncü şəxs olmaqla) Cavabdeh QSC-yə qarşı müqaviləyə xitam verilməsi, müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh QSC tərəfindən icra olunmamış müqavilənin icrasının təmin edilərək İddiaçı MMC tərəfindən artıq ödənilmiş 44 403 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, müqaviləyə xitam verilməsi, lizinq obyektinin təhvil verilməsi və lizinq obyekti üzərində iddiaçının mülkiyyət hüquqlarının tanınması, Sumqayıt şəhəri, Bakı-Sumqayıt yolunun kənarında ümumi sahəsi 803,3 kv.m, torpaq sahəsi 0,16 ha olan əmlak kompleksi kimi müəssisənin, Bakı şəhəri, Əzizbəyov rayonu, Buzovna qəsəbəsi, 355 nömrəli bağ evi ünvanında yerləşən ümumi sahəsi 12 ha olan torpaq sahəsi və həmin ərazidə yerləşən yaşayış sahəsi 98,24 kv/m, yardımçı sahəsi 27,71 kv/m olan 3 otaqlı bağ evinin, ünvan 2 ünvanında yerləşən, yaşayış sahəsi 27.4 kv/m, yardımçı sahəsi 72.1 kv/m olan 2 otaqlı fərdi yaşayış evinin üzərindən ipoteka yüklülüyünün götürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 29.10.2012-ci il tarixində “X6” Qapalı Səhmdar Cəmiyyəti və sahibkar fiziki şəxs X2 arasında 510/40/2012 saylı X5 müqaviləsi imzalanmışdır. Müqavilənin predmetini “X6” QSC və satıcı İddiaçı MMC arasında imzalanan 189 saylı alqı-satqı müqaviləsində göstərilmiş 1 ədəd HİTACHİ ZX470LC-5G markalı ekskavator təşkil edir. 29.10.2012-ci il tarixində “X6” QSC, sahibkar fiziki şəxs X2 və İddiaçı MMC arasında 510/01 saylı zaminlik müqaviləsi imzalanmışdır. X5 müqaviləsinin 23.11.2012-ci il tarixli № 2 əlavəsinə əsasən avadanlığın alqı-satqı müqaviləsi üzrə dəyəri 315 000 manat, kreditin məbləği isə 168 750 manat təşkil edir. 30.11.2012-ci il tarixində lizinq obyekti sahibkar fiziki şəxs X1 təhvil vermişdir. X5 müqaviləsinin ödəniş cədvəlinə əsasən X2 tərəfindən “X6” QSC-ə 240 302 manat məbləğində ödəniş olunmuşdur. 24.04.2015-ci il tarixində İddiaçı MMC ilə sahibkar fiziki şəxs X2 arasında “öhdəliklərin verilməsi” haqqında müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən İddiaçı MMC X5 müqaviləsi üzrə lizinqalan qismində çıxış edir və lizinqalana aid olan bütün hüquq və öhdəlikləri daşıyır. 30.06.2015-ci il tarixli X5 müqaviləsinin əlavəsinə əsasən lizinq ödənişlərinə görə mövcud olan borcun məbləğini 213 153 manat təşkil edir. İddiaçı MMC tərəfindən 99 960 manat məbləğində pul vəsaiti “X6” QSC-yə ödənilmişdir. Bundan əlavə olaraq “X6” QSC-yə 44 403 manat məbləğində pul vəsaiti artıq ödənilmişdir. Onu da qeyd etmək lazımdır ki, “X6” Qapalı Səhmdar Cəmiyyəti 19.02.2018-ci il tarixində rebrendinq edərək Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə çevrilmişdir. “X6” QSC ilə Maraqlı şəxs arasında lizinq və borcun etirafı müqavilələrinin təminatı kimi müxtəlif tarixlərdə ipoteka müqaviləsi imzalanmışdır. 18.06.2015 və 03.07.2015-ci il tarixli ipoteka müqavilələrinin əlavəsində ipoteka qoyulmuş əmlak qismində Sumqayıt şəhəri, Bakı-Sumqayıt yolunun kənarında ümumi sahəsi 803,3 kv.m, torpaq sahəsi 0,16 ha olan əmlak kompleksi kimi müəssisə qeyd olunmuşdur. 04.07.2015-ci il tarixli ipoteka müqaviləsinin predmeti kimi Bakı şəhəri, Əzizbəyov rayonu, Buzovna qəsəbəsi, 355 nömrəli bağ evi ünvanında yerləşən ümumi sahəsi 12 ha olan torpaq sahəsi və həmin ərazidə yerləşən yaşayış sahəsi 98,24 kv/m, yardımçı sahəsi 27,71 kv/m olan 3 otaqlı bağ evi; ünvan 2 ünvanında yerləşən, yaşayış sahəsi 27.4 kv/m, yardımçı sahəsi 72.1 kv/m olan 2 otaqlı fərdi yaşayış evi çıxış edir. Cavabdeh QSC tərəfindən 44 403 manatın ödənilməməsi nəticəsində hüquqlarını bərpa etmək üçün 300 manat hüquqi yardıma görə və 31 manat məhkəməyə müraciət etmək üçün dövlət rüsumu ödəyərək xərc çəkilmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, 24.04.2015-ci il tarixində öhdəliyin ötürülməsi müqaviləsinə əlavə olaraq bağlanmış 30.06.2015-ci il tarixli müqaviləyə əlavənin etibarsız hesab edilməsini, 29.10.2012-ci il tarixli 510/40/2012 saylı lizinq müqaviləsi və 24.04.2015-ci il tarixində öhdəliyin ötürülməsinə dair müqavilə üzrə öhdəliklərinin yerinə yetirildiyini nəzərə alaraq həmin müqavilələrə xitam verilməsini, cavabdeh İddiaçı MMC tərəfindən Cavabdeh QSC-ə artıq ödənilmiş 141 301 (yüz qırx bir min üç yüz bir) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməsini, 2018, 2019 və 2020-ci illər üzrə müəssisənin pul vəsaitindən cavabdeh faydalandığı üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin tələblərinə müvafiq olaraq illik 5% uçot dərəcəsi həcmində pul vəsaiti 21 195 (iyirmi bir min yüz doğsan beş) manat cavabdehdən tutularaq iddiaçıya ödənilməsini, lizinq müqaviləsinin predmeti olan Hitachi ZX 470 LC markalı ekskavator üzərində iddiaçının mülkiyyət hüquqlarının tanınmasını və həmin əmlak cavabdeh və üçüncü şəxslərdən alınaraq iddiaçıya təhvil verilməsini, Sumqayıt şəhəri, Bakı-Sumqayıt yolunun kənarında ümumi sahəsi 803,3 kv.m, torpaq sahəsi 0,16 ha olan əmlak kompleksi kimi müəssisənin, Bakı şəhəri, Əzizbəyov rayonu, Buzovna qəsəbəsi, 355 nömrəli bağ evi ünvanında yerləşən ümumi sahəsi 12 ha olan torpaq sahəsi və həmin ərazidə yerləşən yaşayış sahəsi 98,24 kv/m, yardımçı sahəsi 27,71 kv/m olan 3 otaqlı bağ evinin, ünvan 2 ünvanında yerləşən, yaşayış sahəsi 27.4 kv/m, yardımçı sahəsi 72.1 kv/m olan 2 otaqlı fərdi yaşayış evinin üzərindən ipoteka yüklülüyünün götürülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, X2 ilə “X6” Qapalı Səhmdar Cəmiyyəti arasında Hitachi ZX 330 LC markalı ekskavatorun alınmasına dair 36 ay müddətinə 29.10.2012-ci il tarixində 510/40/2012 saylı lizinq müqaviləsi bağlanır. Lizinq müqaviləsinə əsasən Hitachi ZX 330 LC markalı ekskavatorun dəyəri 225 000 manat müəyyənləşdirilir və həmin əmlakın ilkin dəyərini yəni 56 250 manatını lizinqalan Rzayev Səfər ekskavatorun satıcısına ödəyir yerdə qalan məbləği isə yəni 168 750 manatını lizinqverən “X6” QSC-yə ödəyir. Müqavilə bağlanan zaman eyni zamanda 29.10.2012-ci il tarixində İddiaçı MMC Rzayev Səfərə zamin durur. 23.11.2012-ci il tarixində 29.10.2012-ci il tarixli 510/40/2012 saylı lizinq müqaviləsinə 2 № əlavə bağlanılır və lizinqin predmeti dəyişdirilərək Hitachi ZX 470 LC markalı ekskavatorla əvəz olunur və müqavilənin dəyəri 315 000 manata qaldırılmasına baxmayaraq ekskavatorun ilkin dəyərini yəni 146 250 manatını lizinqalan Rzayev Səfər ekskavatorun satıcısına ödəyir, yerdə qalan məbləği isə ilkin müqavilədə razılaşdırılmış şəkildə qalır, yəni 168 750 manatını lizinqverən “X6” QSC-ə ödəməyi öhdəsinə götürür. Razılaşma cədvəlinə əsasən lizinq öhdəliyinin ana məbləği 168 750 manat, lizinq şirkətinin gəliri isə 63 771 manat təşkil edir. Rzayev Səfər tərəfindən 2013-2014-cü illər ərzində ümumilikdə lizinq şirkətinə 166 052 manat pul vəsaiti ödənilmişdir. X4 İddiaçı MMC arasında lizinq öhdəliyinin İddiaçı MMC-yə keçirilməsi razılığına gəlinir və 24.04.2015-ci il tarixində öhdəliyin ötürülməsinə dair üçtərəfli müqavilə bağlanılır və Rzayev Səfərin yerdə qalmış öhdəlikləri İddiaçı MMC-yə keçir. Lakin 30.06.2015-ci il tarixində 24.04.2015-ci il tarixində öhdəliyin ötürülməsi müqaviləsi ilə nəzərdə tutulmayan əhəmiyyətsiz əlavə bağlanılır və həmin əlavənin şərtlərinə əsasən İddiaçı MMC-nin üzərinə illik 12% dərəcəsi olmaqla faiz tətbiq olunur. Məhkəmə tərəfindən iş araşdırılarkən həmin əqdin etibarsız olması nəzərə alınmalı və orada nəzərdə tutulmuş müddəalar hesablanmamalıdır. 2015-2017-ci illər ərzində İddiaçı MMC tərəfindən lizinqverənə 207 770 manat pul vəsaiti ödənilir. Ümumilikdə İddiaçı MMC ilə Rzayev Səfər tərəfindən 29.10.2012-ci il tarixli 510/40/2012 saylı lizinq müqaviləsi üzrə lizinqverənə 373 822 manat pul vəsaiti ödəmişlər. Beləliklə yekun hesablama aparıldıqda məlum olur ki, lizinq obyektinin dəyəri 315 000 manat təşkil edir, ilkin ödəniş Rzayev Səfər tərəfində 146 250 manat satıcıya ödənilib, ödənilməli lizinq məbləği 168 750 manat təşkil edir, lizinverənin gəliri 63 771 manat təşkil edir, lizinqalanın öhdəliyi 232 521 manat təşkil edir. Lizinqalan tərəfindən ödənilmiş məbləğ 373 822 manat təşkil edir və yekun olaraq lizinqalan tərəfindən artıq ödənilmiş məbləğ 141 301 manat təşkil edir. Hesablamalardan bəlli olur ki, artıq 2016-cı və 2017-ci illərdə lizinqverən tərəfindən ödənilmiş bütün vəsaitlər artıq ödənilmiş hesab olunur. Bu səbəbdən İddiaçı MMC tərəfindən artıq ödənilmiş 141 301 manat pul vəsaitinə 2018, 2019 və 2020-ci illər üzrə müəssisənin pul vəsaitindən lizinqverən faydalandığı üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin tələblərinə müvafiq olaraq illik 5% uçot dərəcəsi həcmində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Tərəflər arasında bağlanmış 30.06.2015-ci il tarixində 24.04.2015-ci il tarixində öhdəliyin ötürülməsi müqaviləsinə əlavə olaraq bağlanmış 30.06.2015-ci il tarixli müqaviləyə əlavə öhdəliyin ötürülməsinə dair əsas müqavilənin tələblərinə uyğun gəlmədiyi üçün etibarsız hesab edilməlidir. Əlavə olaraq 24.04.2015-ci il tarixində öhdəliyin ötürülməsi müqaviləsi üçtərəfli müqavilə olduğu halda həmin müqaviləyə əlavə olan 30.06.2015-ci il tarixli müqaviləyə əlavə də üçtərəfli şəkildə bağlanmalı idi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Maraqlı şəxs məhkəməyə izahatında qeyd etmişdir ki, 2013-cu ildən lizinq şirkəti ilə əməkdaşlıq edir. Texnika hal-hazırda da təzədir və aylıq qazanc gətirir. Lizinq müqaviləsində göstərildiyi kimi lizinq alan əgər öhdəliyini yerinə yetirmirsə lizinq mübahisəsi məhkəmə qaydasında həll olunur və tərəflər arasında bağlanan müqavilə əməkdaşlıq müqaviləsi olub və digər tərəflə mübahisə olduğu halda digər müqaviləyə əsasən lizinq obyekti geri qaytarılmalıdır. Məhkəməyə təqdim edilən sənəddə imzası olsa da bəzi səbəblərə görə məcbur qaldığından həmin sənədi imzalamışdır. Lakin o təhvil-təslim sənədi hesab olunmur. Çünki hansısa lizinq obyekti veriləndə mütləq akt tərtib olunmalıdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə izahatında qeyd etmişdir ki, 2015-ci il tarixdə tərəflər arasında öhdəliklərin ötürülməsi ilə bağlı müqavilə imzalanmış və qarşı tərəf Cavabdeh QSC qarşısında yaranmış və yaranacaq öhdəliklərini öz üzərinə götürməyi qəbul etmişdir. Qeyd olunanlara əsasən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: “lizinq verən” “X6” QSC, “lizinq alan” X2 olmaqla imzalanmış 29.10.2012-ci il tarixli, 510/40/2012 saylı X5 müqaviləsinə əsasən lizinqverən, lizinqalan tərəfindən seçilmiş və bu müqavilənin ayrılmaz hissəsi hesab olunan aşağıda göstərilmiş alqı-satqı müqaviləsində qeyd olunmuş, ətraflı təsviri verilmiş lizinq obyektlərini lizinq alanın xahişi əsasında, lizinq vasitəsilə, lizinq haqqı müqabilində Azərbaycan Respublikasının qanunvericiliyi, habelə bu lizinq müqaviləsinin müddəalarına uyğun olaraq sahibkarlıq məqsədilə istifadə edilməsi üçün lizinqə verir. “X8” QSC və satıcı İddiaçı MMC arasında imzalanacaq alqı-satqı müqaviləsində göstəriləcək 1 ədəd Hitachi ZX 330 LC markalı ekskavator. Lizinq alan yuxanda göstərilmiş alqı-satqı müqaviləsinin bütün müddəalarını qəbul edir və həmin müqavilədə müəyyən edilmiş Lizinq obyektinin növü, Satıcısı, qiymət, xüsusiyyətləri, o cümlədən, keyfiyyəti, kəmiyyəti, tərkib hissələri, təsviri, ödəmə və təslim müddətləri ilə tamamilə qeyd-şərtsiz razıdır. “X6” QSC “lizinq verən”, “Lizinq alan” adalanacaq X2, “zamin” İddiaçı MMC olmaqla imzalanmış 29 oktyabr 2012-ci il tarixli, 510/01 saylı zaminlik müqaviləsinə əsasən “Zamin” bu müqaviləyə əsasən “Lizinq verənlə” “Lizinq alan” arasında bağlanmış 29.10.2012-ci il tarixli 510/40/2012 saylı X5 müqaviləsi və ona edilmiş bütün əlavələr üzrə (birlikdə bundan sonra Lizinq müqaviləsi) “Lizinq alan”ın öhdəliklərinin tam icrasına görə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada, həcmdə və şərtlərlə “Lizinq verən” qarşısında məsuliyyət daşıyır. “Lizinq alan” tərəfindən lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilmədiyi və ya lazımınca yerinə yetirilmədiyi təqdirdə “Zamin” və “Lizinq alan” “Lizinq verən” qarşısında birgə məsuliyyət daşıyırlar. “X6” QSC “borcverən”, İddiaçı MMC “borcalan” olmaqla imzalanmış 12 iyun 2015-ci il tarixli, 01/15 saylı borcun etirafı müqaviləsinə əsasən borcalan etiraf edir ki, onun borcverənə 319107 (üç yüz on doqquz min yüz yeddi) ABŞ dolları borcu vardır. 1.2-ci bəndə əsaəsn borcalan və borcverən təsdiq edirlər ki, borc “X6” Qapalı Səhmdar Cəmiyyəti ilə MİTSUBİSHİ CORPORATİON arasında bağlanmış 05.03.2010-cu il tarixli müqavilənin icrası zamanı yaranmış və İddiaçı həmin borcun ödənilməsini öz üzərinə götürmüşdür. 1.3-cü bəndə əsasən borcalan 319107 (üç yüz on doqquz min yüz yeddi) ABŞ dolları məbləğində olan borcu illik 10% (on faiz) hesablanmqla 36 (otuz altı) ay müddətində hazırkı müqaviləyə müvafiq olaraq borcverənə qaytarmağı öhdəsinə götürür. İddiaçı MMC “Tərəf-1”, X2 “Tərəf-2” olmaqla imzalanmış 24 aprel 2015-ci il tarixli öhdəliklərin verilməsi haqqında müqaviləyə əsasən “Tərəf-2, “X6” QSC (bundan sonra Lizinqverən) ilə bağladığı 29.10.2012-ci il tarixli 510/40/2012 saylı X5 müqaviləsi üzrə öhdəliklərini, Tərəf-1-ə verir, Tərəf-1 isə bu öhdəlikləri tam həcmdə qəbul edir. 1.2-ci bəndə əsasən “Tərəf-1” 29.10.2012-ci il tarixli 510/40/2012 saylı X5 müqaviləsinin müddəaları ilə tanışdır. 1.3-cü bəndə əsasən bu müqavilə imzalandığı andan Tərəf-1 29.10.2012-ci il tarixli 510/40/2012 saylı X5 müqaviləsi üzrə lizinqalan qismində çıxış edəcək və lizinqalana aid olan bütün hüquq və öhdəlikləri daşıyacaqdır. 24 aprel 2015-ci il tarixli təhvil-təslim aktında qeyd olunmuşdur ki, “X6” QSC-nin baş direktoru X3, İddiaçı MMC-nin direktoru Əmir Qəhrəmanov və X2 29 oktyabr 2012-ci il tarixli 510/40/2012 saylı lizinq və 24 Aprel 2015-ci il tarixli “Öhdəliklərin verilməsi haqqında müqavilələrin şərtlərinə əsasən bu aktı tərtib etdik ondan ötrü ki, bu müqavilələrin predmetı olan 1 ədəd “HİTACHİ ZX470LC” markalı ekskavatoru (dövlət qeydiyyat nişanı: AZİ0X806) X1 təslim edib və İddiaçı MMC təhvil alıb. “Lizinq verən” “X6” QSC, “zamin” Maraqlı şəxs olmaqla imzalanmış 24 aprel 2015-ci il tarixli 510-01 saylı zaminlik müqaviləsinə əsasən “zamin”, 29.10.2012-ci il tarixli 510/40/2012 saylı X5 müqaviləsi və ona edilmiş bütün əlavələr üzrə (birlikdə bundan sonra Lizinq müqaviləsi) İddiaçı MMC-nin (bundan sonra “Lizinq alan” adlanacaq) öhdəliklərinin tam icrasına görə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada, həcmdə və şərtlərlə “lizinq verən” qarşısında məsuliyyət daşıyır. “Lizinq alan” tərəfindən lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilmədiyi və ya lazımınca yerinə yetirilmədiyi təqdirdə “Zamin” və “Lizinq alan” “Lizinq verən” qarşısında birgə məsuliyyət daşıyırlar. Lizinq alan lizinq müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyi təqdirdə lizinqverən bu öhdəliklərin yerinə yetirilməsini ayrı-ayrılıqda həm lizinqalandan, həm zamindən, və ya lizinqalandan və zamindən birlikdə, tələb edə (o cümlədən məhkəməyə müraciət etməklə) bilər. “ipoteka saxlayan” “X6” QSC, “ipoteka qoyan” Maraqlı şəxs, “borcalan” İddiaçı MMC olmaqla imzalanmış 04 iyul 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını 12.06.2015-ci il tarixli 01/15 saylı borcun etirafı müqaviləsi, həmin borcun etirafı müqaviləsinə 12.06.2015-ci il tarixli əlavə və bütün digər əlavələr (bundan sonra “əsas öhdəlik” və ya “lizinq müqaviləsi” əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə İpoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. 2.1-ci bəndə əsasən Bakı şəhəri, Əzizbəyov rayonu, Buzovna qəsəbəsi, 355 nömrəli bağ evi ünvanında yerləşən ümumi sahəsi 12 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə, Bakı şəhəri, Əzizbəyov rayonu, Buzovna qəsəbəsi, 355 nömrəli bağ evi ünvanında yerləşən, yaşayış sahəsi 98.24 kv/m, yardımçı sahəsi 27.71 kv/m olan 3 otaqlı bağ evinin tam mülkiyyət üzrə ipoteka ilə yüklü edilmişdir. “ipoteka saxlayan” “X6” QSC, “ipoteka qoyan” Maraqlı şəxs, “borcalan” İddiaçı MMC olmaqla imzalanmış 04 iyul 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən, yaşayış sahəsi 27.4 kv/m, yardımçı sahəsi 72.1 kv/m olan 2 otaqlı fərdi yaşayış evi paylı mülkiyyəti üzrə ipoteka ilə yüklü edilmişdir. Lizinqverən “X6” Qapalı Səhmdar Cəmiyyəti ilə Lizinqalan F/s X2 arasında bağlanmış 510/40/2012 saylı 29 okyabr 2012-ci il tarixli X5 İddiaçı MMC-yə öhdəliklərin keçməsi ilə əlaqədar tərtib edilmiş 24.04.2015-ci il tarixli ödəniş cədvəlinə əsasən əmlakın dəyəri üzrə cəmi 235.469 manat, 32.605 manat lizinq şirkətinin gəliri, 268.074 manat cəmi ödəniləcək məbləğ qeyd olunmuşdur. Ödəniş cədvəli “X6” Qapalı Səhmdar Cəmiyyəti və İddiaçı MMC-nin direktorları tərəfindən imzalanmış və möhürlənmişdir. 30.06.2015-ci il tarixli Lizinqverən “X8” Qapalı Səhmdar Cəmiyyəti ilə lizinq alan F/s X2 arasında bağlanmış 510/40/2012 saylı 29 okyabr 2012-ci il tarixli X5 İddiaçı MMC-yə öhdəliklərin keçməsi ilə əlaqədar ödəniş cədvəlinin restrukturizasiyası ilə əlaqədar tərtib edilmiş cədvələ əsasən cəmi 254.873 manat ödəniləcək məbləğ qeyd olunmuş, ödəniş cədvəli “X6” Qapalı Səhmdar Cəmiyyəti və İddiaçı MMC tərəfindən imzalanmışdır. İş üzrə məhkəmə mühasibatlıq ekspertizası keçirilmiş, 27 dekabr 2021-ci il tarixli, 9/8999 saylı ekspert rəyində qeyd olunmuşdur ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi 30.06.2015-ci il tarixli lizinq müqaviləsində borc məbləğinin 213.153,00 manat göstərilməsinə baxmayaraq təqdim olunmuş iş materiallarından olan ödəniş qəbzlərinə əsasən lizinq müqaviləsi üzrə lizinq alan tərəfindən “X6” QSC-yə 29.10.2012-ci il tarixdən 30.06.2015-ci il tarixədək ümumilikdə 166.052,00 manat məbləğində ödəniş aparılmış və 30.06.2015-ci il tarixə olan ümumi borcu 28.783,00 manat məbləğində müəyyən edilir. Bundan başqa 30.06.2015-ci il tarixdən sonra “X6" QSC X2 arasında 29.10.2012-ci il tarixli, 510/40/2012 saylı “X5” müqaviləsi və əlavə sazişlər üzrə ödənişləri nəzərə alınaraq lizinq alan tərəfindən 30.06.2015-ci il tarixdən sonra ümumilikdə 177.099,00 manat məbləğində ödəniş aparılmışdır. Beləliklə, bütün yuxarıda göstərilənləri nəzərə alaraq “X6” QSC (“lizinq şirkəti”), X2 arasında 29.10.2012-ci il tarixli, 510/40/2012 saylı “X5” müqaviləsi və əlavə sazişlərin də şərtləri nəzərə alınmaqla lizinq alanın Cavabdeh QSC-yə olan borcu tam şəkildə bağlanılmaqla 148.316,00 manat məbləğində artıq ödənişin olması müəyyən olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneəçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. AR MPM-nin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir.528-ci maddəyə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Məhkəmə tərəfindən müəyyən edildi ki, “X6” Qapalı Səhmdar Cəmiyyəti və X2 arasında lizinq müqaviləsi imzalanmış, daha sonra X2 ilə İddiaçı MMC arasında öhdəliklərin verilməsi haqqında müqavilə imzalanmış və X2 “X6” QSC ilə imzaladığı müqavilə üzrə öhdəliklərini İddiaçı MMC-yə ötürmüş, İddiaçı MMC isə qeyd olunan müavilə üzrə öhdəlikləri qəbul etmişdir. Daha sonra “X6” QSC və İddiaçı MMC müqavilə üzrə ödənişlər barədə razılığa gəlmişlər. İddiaçı “X6” QSC və İddiaçı MMC arasında olan razılaşmaları etibarsız hesab olunaraq ləğv edilməsini bildirsə də məhkəmə araşdırması zamanı əqdin etibarsız hesab olunması əsasları müəyyən edilməmişdir. Əlavə olaraq məhkəmə qeyd edir ki, iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının nəticəsində “X6” Qapalı Səhmdar Cəmiyyəti və X2 arasında imzalanmış lizinq müqaviləsi üzrə artıq ödənişlərin aparılması qeyd olunsa da tərəflər arasında imzalanmış 30.06.2015-ci il tarixli müqavilə və ona əlavələrdə borc məbləği İddiaçı MMC tərəfindən qəbul edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki iş üzrə iddia rədd edildiyindən 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar