Məhkəmə qərarları › İş №e-2-2(113)-6893/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6893/2024

12.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6893/2024 12.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: müqavilə üzrə öhdəliklərin icra edilməməsi, pul tələbi) Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 24382,10 manat, dövlət rüsumunun əvəzi olaraq 180 manat və maddi ziyana görə 5120 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə “X2” MMC (hazırkı Cavabdeh MMC) arasında bağlanan xx.xx.2023-cü il tarixli, İCGAY xx-xx-2023 nömrəli müqaviləyə əsasən icraçı, yəni İddiaçı MMC, sifarişçi “X2” MMC-nin həyata keçirdiyi layihə ərazisindəki torpaq işlərini xüsusi texnikaları vasitəsi ilə ərazidən daşıyır. Sifarişçi “X2” MMC isə həmin xidmətlərə görə icraçıya xidmət haqqı ödəyir. Cavabdeh müqavilənin müddətinin bitməsinə baxmayaraq, hələ də öhdəliklərini yerinə yetirmir və İddiaçı MMC–yə olan ümumilikdə 24382,10 manatı ödəməkdən yayınır. Cavabdehə e-qaimə göndərilməsinə baxmayaraq, İddiaçı MMC–yə olan 24382,10 manat borcunu ödəmir. Müqavilə üzrə icraçı olaraq bütün öhdəlik yerinə yetirilib. Əlavə olaraq, cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirmədiyi üçün iddiaçıya ümumi məbləğin 0,1 % günlük dəbbə pulu (24382.10*0.1%*210gün (7 ay gecikmə)=5120 azn) ödəməlidir. Çünki cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi üçün iddiaçı maddi zərərlə üzləşib.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 446.1, 449.1-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz daxil olmamışdır.

5. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı (sifarişçi) ilə “X2” MMC (hazırkı adı Cavabdeh) (icraçı) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, İCGAY xx-xx-2023 nömrəli xidmətlərin göstərilməsi haqqında müqavilənin 1.1-ci bəndinə əsasən sifarişçi xüsusi texnika vasitəsi ilə layihə ərazisində torpaq işləri xidmətlərinin göstərilməsini sifariş verib icraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada qeyd edilən xidmətləri göstərməyi öhdəsinə götürür. Göstərilən xidmətlərin haqqı manat olaraq bu müqavilənin ayrılmaz hissəsi olan 1 saylı əlavədə göstərilib. Hər ayın axırında göstərilən xidmətlər akt, həmçinin tabel forması ilə müəyyənləşdirilir. Bu müqavilə üzrə xidmət haqqının miqdarı müqavilənin tərkib hissəsi olan xidmətlərin göstərilməsinə dair hesabfaktuarada qeyd edilir (1.2). Xidmətin göstərilməsi ilkin sifariş üzrə həyata keçirilir. Göstəriləcək xidmətin sifarişi “Sifarişçi” tərəfindən verilir (2.1). “İcraçı” “Sifarişçi”nin sifariş verdiyi xüsusi texnikalar vasitəsilə torpaq işlərinin xidmətlərini həyata keçirir (işi icra edir) (2.2). “İcraçf’nın yerinə yetirdiyi işlər işlərin icra olunma aktı imzalanmaqla “Sifarişçi” tərəfindən təhvil almır (2.3) . Aylıq iş cədvəli 26 gün olaraq hesablanır. Akt imzalandıqdan sonra sifarişçi növbəti ayın 30 günü müddətində icraçının bank hesabına görülən işlərin məbləğini köçürməyi öhdəsinə götürür (4.4). Göstərilmiş xidmətin dəyərini ödəmək sifarişçinin vəzifəsi kimi müəyyən edilmişdir (3.1.3).

8. Hər iki tərəfin imzaları və möhürləri ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, İCGAY xx-xx-2023 nömrəli müqaviləyə xx.xx.2023-cü il tarixli 01 saylı Əlavəyə əsasən 01 ədəd Özüboşaldan Tək oxlu adlı texnikanın ƏDV daxil xidmət haqqı məbləği 16,52 (14 manat əsas, 2,52 ƏDV), 01 ədəd Özüboşaldan Cüt oxlu texnikanın ƏDV daxil xidmət haqqı məbləği 18,88 (16 manat əsas, 2,88 ƏDV) manat razılaşdırılmışdır.

9. Hər iki tərəfin imzaları və möhürləri ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, İCGAY xx-xx-2023 nömrəli müqaviləyə əsasən görülmüş işlər üzrə xx.xx.2024-cü il tarixli təhviltəslim aktına əsasən müqavilə üzrə dekabr ayında İddiaçı tərəfindən “X2” MMC-yə ƏDV daxil 2024,88 (1.716 manat əsas, 308,88 manat ƏDV) manat məbləğində icarə xidməti təhvil verilmişdir.

10. Hər iki tərəfin imzaları və möhürləri ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, İCGAY xx-xx-2023 nömrəli müqaviləyə əsasən görülmüş işlər üzrə xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən müqavilə üzrə yanvar ayında İddiaçı tərəfindən “X2” MMC-yə ƏDV daxil 18256,96 (15472 manat əsas, 2784,96 manat ƏDV) manat məbləğində icarə xidməti təhvil verilmişdir.

11. Hər iki tərəfin imzaları və möhürləri ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, İCGAY xx-xx-2023 nömrəli müqaviləyə əsasən görülmüş işlər üzrə xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən müqavilə üzrə fevral ayında İddiaçı tərəfindən “X2” MMC-yə ƏDV daxil 4100,26 (3474,8 manat əsas, 625,46 manat ƏDV) manat məbləğində icarə xidməti təhvil verilmişdir.

12. xx.xx.2023-cü il tarixli, İCGAY xx-xx-2023 nömrəli müqaviləyə əsasən görülmüş işlər üzrə xx.xx.2024-cü il tarixli üzləşmə aktından görünür ki, tərəflər aktı imza və möhürü ilə təsdiq etməklə 3 ədəd təhvil-təslim aktları üzrə yükdaşıma xidmətinin dəyərinin 24382,10 manat olduğunu qəbul etmiş, sifarişçi xx.xx.2024-cü il tarixədək göstərilən xidmət haqqının ödənilməsi üzrə üzərinə öhdəlik götürmüşdür.

13. xx.xx.2024-cü il tarixli üzləşmə aktından görünür ki, tərəflər iddiaçının xeyrinə xx.xx.2024-cü il tarixə ödəniləcək yekun məbləğin 24382,10 manat olduğunu təsdiqləmişlər.

14. xx.xx.2024-cü il tarixli, **********54 nömrəli ödəniş qəbzinə əsasən 140 manat, xx.xx.2024-cü il tarixli, **********09 nömrəli ödəniş qəbzinə əsasən 40 manat olmaqla, cəmi 180 manat məbləğində pul dövlət rüsumu iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

15. İddiaçı tərəfindən cavabbdehə pretenziya məktubu göndərilərək, müqavilə üzrə yaranmış borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi

18. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında xx.xx.2023-cü il tarixli, İCGAY xx-xx-2023 nömrəli xidmətlərin göstərilməsi haqqında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Müqaviləyə əsasən sifarişçi olan cavabdeh xüsusi texnika vasitəsi ilə layihə ərazisində torpaq işləri xidmətlərinin göstərilməsini sifariş verib icraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada qeyd edilən xidmətləri göstərməyi öhdəsinə götürmüşdür. iddiaçı tərəfindən xidmətlər göstərilsə də, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, iddiaçıya razılaşdırılmış xidmət haqqını ödəməmişdir. Həmin hal işdə olan sübutlarla öz təsdiqini tapır.

19. İddia tələbinin bir hissəsini tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, İCGAY xx-xx-2023 nömrəli müqavilə üzrə yaranmış 24382,10 manat borcun cavabdehdən tutulması təşkil edir.

20. İşdə olan təhvil-təslim aktlarından göründüyü kimi, iddiaçı tərəfindən cavabdehə müqavilə ilə razılaşdırılmış xidmətlər göstərilmiş, cavabdeh xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli üzləşmə aktları ilə ona 24382,10 manat dəyərində xidmətlər göstərilməsini qəbul etmiş, həmin məbləği xx.xx.2024-cü il tarixədək ödəməyi öhdəsinə götürmüşdür.

21. Məhkəmə müqavilə şərtlərini, qanunvericilik normalarını, cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının məbləğin ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia göstərilən hissədə təmin edilməli və Cavabdehndən ƏDV daxil 24382,10 manat borc tutularaq iddiaçıya ödənilməlidir.

22. İddianın digər hissəsini maddi ziyana görə 5120 manat məbləğində pulun tutulması təşkil edir.

23. İddia ərizəsində qeyd olunur ki, cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirmədiyi üçün iddiaçıya ümumi məbləğin 0,1 % olmaqla (hər gün üçün) dəbbə pulu (24382,10*0,1%*210gün (7 ay gecikmə)=5120 azn) ödəməlidir. Çünki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi üçün maddi zərərlə üzləşmişdir.

24. Əvvəla qeyd olunmalıdır ki, iddia həmin hissədə təmin edilə bilməz.

25. Belə ki, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Qeyd edilmiş normaların məzmunundan göründüyü kimi dəbbə pulu ya qanundan irəli gəlməli, ya da müqavilə nəzərdə tutulmuş olduğu halda tələb edilə bilər. Hazırkı halda dəbbə pulunun ödənilməsi üçün əsasların olması müəyyən olunmur. Belə ki, tərəflər arasında bağlanmış müqavilədə dəbbə pulunun ödənilməsi nəzərdə tutulmur.

26. Bundan başqa, eyni zamanda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələbi baxımından 5120 manat məbləğində pulun digər əsaslarla da cavabdehdən tutulmalı olmasına dair sübutlar təqdim olunmamışdır.

27. İddiaçı 180 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir.

28. Məhkəmə AR MPM-nin 119.1-ci maddəsinə əsasən hesab edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq dövlət rüsumunun əvəzi olaraq 147,50 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 24382,10 manat (iyirmi dörd min üç yüz səksən iki manat on qəpik) borc, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 147,50 manat (yüz qırx yeddi manat əlli qəpik) olmaqla, cəmi 24529,6 manat (iyirmi dörd min beş yüz iyirmi doqquz manat altmış qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar