Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6897/2024 29.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: sığorta müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil, Üçüncü şəxslər Nuriyev Elvin Qəhrəman oğlu və Elmira Şhabanovanın iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" ASC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən sığortalanmış avtomobilə dəymiş zərərə görə ödənilməmiş 33728.4 manat pul vəsaiti, ödənişin verilməsinin gecikdirildiyi hər gün üçün xx.xx.2024-cü il tarixindən iddia ərizəsinin məhkəməyə verildiyi xx.xx.2024-cü il tarixinədək sığorta ödənişi məbləğinin 0.1%-i həcmində hesablanmış 1.450,32 manat dəbbə pulu, iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 195,54 manat dövlət rüsumu və dövlət rüsumunun ödənilməsinə görə ödənilmiş 1,00 komissiya olmaqla ümumilikdə 35.375,26 (otuz beş min üç yüz yetmiş beş manat, 26 qəpik) manat pul vəsaitinin İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Nuriyev Elvin Qəhrəman oğlu arasında avtomobilin alğı-satqısına dair B-084-SA22 nömrəli, xx.xx.2022ci il tarixli müqavilə bağlanmış, müqaviləyə əsasən satıcı (hazırkı iş üzrə iddiaçı) “Skoda Kamiq 1.6 MPİ” markalı (VİN: TMBGC6NW8N3075539) avtomobili dəyəri tam ödənilənədək alıcının sahibliyi və istifadəsinə verməyi, alıcı isə müqavilənin qiymətini həmin müqavilə ilə razılaşdırılmış qaydada satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.2.4-cü bəndinə əsasən satıcı avtomobilin könüllü qaydada sığortalanmasını təmin etmək məqsədilə cavabdeh "xxxx" ASC ilə “Fiziki şəxslərə təqdim edilən avtonəqliyyat vasitələrinin könüllü sığortası”na dair müqavilə bağlamış, müqavilə əsasında ********** nömrəli sığorta şəhadətnaməsi sığortalıya təqdim edilməklə avtomobil 42.470 manat sığorta məbləği həddində sığortalanmış, şəhadətnaməyə əsasən Nuriyev Elvin Qəhrəman oğlu sığorta olunan, iddiaçı isə faydalanan şəxs qismində müəyyən edilmişdir. Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində, xx.xx.2024-cü il tarixində Bakı şəhəri, Səbail rayonu ərazisində sığortalanmış avtomobilə etibarnamə əsasında, həmçinin sahibi Elvin Nuriyev yanında olmaqla Elvira Şabanova tərəfindən idarə olunarkən sonuncunun törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində maddi zərər dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı tərtib olunmuş İnzibati xəta haqqında xx.xx.2024-cü il tarixli protokola əsasən Elvira Şabanova baş vermiş yolnəqliyyat hadisəsinin baş verməsində təqsirli hesab edilmişdir. Avtomobilə rəsmi servistəmir müəssisəsində ətraflı baxış keçirilmiş, baxışın nəticəsinə dair tərtib olunmuş təmir aktına əsasən “Skoda Kamiq 1.6 MPİ” markalı (VİN: TMBGC6NW8N3075539), **-PS-*** d.q.n.-lı avtomobilə dəymiş zərərin ümumi məbləği 33.728,4 manat həcmində müəyyən edilmişdir. Baş vermiş sığorta hadisəsi nəticəsində qeyd olunan zərər məbləğinin sığorta ödənişi qismində ödənilməsi ilə əlaqədar cavabdehə tərəfimizdən rəsmi qaydada müraciət edilmiş, lakin sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Cavabdeh imtinanın əsası kimi hadisə vaxtı avtomobili idarə edən şəxsin şəhadətnaməyə əsasən sürücü qismində qeyd olunmamasını göstərmişdir. Hesab edirik ki, cavabdehin imtinası sığorta qanunvericiliyinin müddəalarına ziddir. Müqavilə üzrə öhdəliklərin icra edilməsinə dair iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixində cavabdehə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə pretenziya məktubu göndərilərək sığorta ödənişinin 5 iş günü ərzində iddiaçının bank hesabına köçürülməsi tələb olunmuş, lakin müraciətə baxılmamışdır.
3. Cavabdeh iddia ərizəsinə yazılı etiraz ilə məhkəməyə müraciət edərək, iddia tələbinin rədd edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
4. Etiraz onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli, ********** saylı sığorta şəhadətnaməsinə əlavə edilmiş və tərəflər arasında razılaşdırılmış “Avtomobillərin tam sığortası üzrə sığorta Qaydaları" nın (bundan sonra “Qaydalar”) 5.3-cü bəndinə əsasən sığorta müqaviləsində yalnız sığorta olunan qismində göstərilən şəxslərin (sürücülərin) avtomobili idarə etdiyi hallara sığorta təminatının verilməsi şərti müəyyən edilərsə, bu Qaydaların 5.4-cü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla başqa şəxslərin avtomobili idarə etməsi ilə bağlı risklər sığortalanmış hesab edilmir. ********** saylı sığorta şəhadətnaməsini xx.xx.2022-ci il tarixli 1 saylı Əlavəsindən göründüyü kimi sığorta predmeti olan avtomobilin sığorta olunanların (sürücülərin) siyasında olmayan şəxslərə təqdim edilməsinin nəticəsində sonuncu tərəfindən idarə edilən zaman baş vermiş hadisə sığorta təminatına daxil olmaması “Skaz Autohouse" MMC-yə bəlli olmuş və bu hal ilə bağlı müvafiq razılaşma tərtib edilmişdir. İddiaçı özü həmin şərtlərlə müqavilə bağlamış və müqavilənin şərtləri müqavilə bağlanarkən iddiaçıya məlum olmuşdur. Eyni zamanda, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixində bağlanılmış **********2 saylı sığorta şəhadətnaməsinin (müqaviləsinin) Bölmə 1-in 10-cu bəndindən göründüyü kimi, müqavilə şərtlərinə əsasən sığorta predmeti olan avtomobil sığortalının sərəncamına əsasən idarəetmə səlahiyyəti olan istənilən şəxs tərəfindən idarə edildiyi zaman baş vermiş hadisə sığortaçı tərəfindən sığorta hadisəsi hesab edilir. Yəni iddiaçıya cavabdeh tərəfindən seçim verilir ki, avtomobil ya sürücülərin siyahısı sığortaçı ilə razılaşdırılması şərti ilə sığortalansın, ya da ki, sığortalının sərəncamına əsasən avtomobili idarə etmə səlahiyyəti olan istənilən şəxs sığortaçı tərəfindən sürücü kimi tanınsın. Bu məsələ sığorta riskinə əsaslı təsir edən hal olduğu üçün sığortaçı tərəfindən hər iki qayda sığortalıya təklif edilir və hansı qaydada sığortalanması yekunda sığortalı tərəfindən seçilir. Göründüyü kimi hazırkı iddia üzrə təqdim edilmiş sığorta şəhadətnaməsində (**********2 saylı şəhadətnamədən fərqli olaraq) sığortalı sürücülərin siyahısını konkret şəxslə məhdudlaşdırmışdır. Bundan başqa, ********** saylı sığorta şəhadətnaməsindən göründüyü kimi həmin müqavilə (və sığortalı iddiaçı olan bütün digər müqavilələr) üzrə agent qismində çıxış edən "xxxx" MMC- nin nümayəndəsi cavabdehin əməkdaşı Hacızadə Fariz vasitəsi ilə sığorta təkliflərinin təqdim edilməsini xahiş etmişdir. 26-27 aprel 2022-ci il tarixlərində aparılmış elektron yazışmalardan göründüyü kimi cavabdeh tərəfindən iddiaçının xahişi ilə sığorta predmeti sığortalının sərəncamına (“Any Driver”) əsasən idarə edən şəxs tərəfindən törədildiyi hadisələr üzrə sığorta təminatının verilməsi üzrə müvafiq sığorta tarifləri hazırlanmışdır. xx.xx.2022-ci il tarixli nəqliyyat vasitələrinin kompleks sığortasına dairXs PR/22-0002 saylı təklifdən göründüyü kimi “Any Driver” şərti ilə 12 aylı sığorta tarifi 2.41%, 24 aylıq-3.86%, 36 aylıq-4.88%, 48 aylıq-4.98% və 60 aylıq - 5.97% təklif olunmuşdur. Hazırkı etiraz məktubuna əlavə edilmiş **********2 saylı xx.xx.2022-ci il tarixli sığorta şəhadətnaməsindən və həmin şəhadətnamənin WeOl Cədvəlindən göründüyü kimi “Skoda Rapid” markalı, 77PU920 dövlət qeydiyyat nişanlı avtomobilə 2498.84 (iki min dörd yüz doxsan səkkiz manat, səksən dörd qəpik) manat məbləğində sığorta haqqı qarşılığında “Any Driver” şərti ilə 60 (altmış) aylıq sığorta müddətinə sığorta təminatı verilmişdir. Həmin cədvəldən göründüyü kimi “Skoda Rapid” markalı, 77PU920 dövlət qeydiyyat nişanlı avtomobilin bazar dəyəri və sığorta məbləği tərəflər arasında 34900 (otuz dörd min doqquz yüz) manat məbləğində razılaşdırılmışdır. Beləliklə, həmin sığorta şəhadətnaməsi üzrə “Any Driver” şərti ilə sığorta təminatının tarifi 7.16% təşkil etmişdir ((sığorta haqqı/Sığorta məbləği* 100=sığorta tarifi) 24xx.xx/34900* 100=7.16%)). İddia ərzisinə əlavə edilmiş ********** saylı, xx.xx.2022-ci il tarixli sığorta şəhadətnaməsindən və həmin şəhadətnamənin JfeOl Cədvəlindən göründüyü kimi “Skoda Kamiq” markalı, 77PS945 dövlət qeydiyyat nişanlı avtomobilə 2535.46 ( iki min beş yüz otuz beş manat, qırx altı qəpik) manat məbləğində sığorta haqqı qarşılığında 60 (altmış) aylıq sığorta müddətinə sığorta təminatı verilmişdir. Həmin cədvəldən göründüyü kimi “Skoda Kamiq” markalı, 77PS945 dövlət qeydiyyat nişanlı avtomobilin bazar dəyəri və sığorta məbləği tərəflər arasında 42470 (qırx iki min dörd yüz yetmiş) manat məbləğində razılaşdırılmışdır. Beləliklə həmin sığorta şəhadətnaməsi üzrə sığorta təminatının tarifi 5.97% təşkil etmişdir ((sığorta haqqı/Sığorta məbləği* 100=sığorta tarifi) 25xx.xx/42470* 100=5.97%)). İddiaçının cavabdehə göndərdiyi xx.xx.2024-cü il tarixli məktubda iddiaçı Elvira Şabanovanın sürücü qismində sığorta şəhadətnaməsinə avtomobili idarə etmək hüququ olan şəxslərin siyahısına daxil edilməsini, onun tərəfindən avtomobilin idarə edilməsi ilə bağlı risklərin sığortalanmasını xahiş edir və bu da yuxarıda qeyd edilən şərtlərin iddiaçıya əvvəlcədən məlum olduğunu bir daha təsdiq edir. Bununla yanaşı iddiaçı bir tərəfdən Elvira Şabanovanın törətdiyi yol-nəqliyyat hadisəsinə görə sığorta ödənişinin verilməsini tələb edir, digər tərəfdən həmin şəxsin sürücü qismində avtomobili idarə etmək hüququ olan şəxslərin siyahısına daxil edilməsini, onun tərəfindən avtomobilin idarə edilməsinə görə risklərin sığortalanmasını və sığorta təminatı verilməsini xahiş edir. Həmçinin iddiaçı iddia ərizəsində yol-nəqliyyat hadisəsi törədilən vaxt Elmira Şabanovanın avtomobili avtomobilin qanuni sahibi Elvin Nuriyev yanında olmaqla idarə etdiyini göstərsə də, Elvin Nuriyev videoçəkiliş zamanı (çəkilişə dair disk məhkəmə iclasında təqdim ediləcəkdir) cavabdehin əməkdaşına verdiyi izahatda Elmira Şabanovanın avtomobili tək idarə etdiyini, özünün həmin vaxt avtomobildə olmadığını bildirmişdir. Qeyd edilən hallar baş vermiş yol-nəqliyyat hadisəsinin həm qanunvericiliyin istinad edilən normalarının, həm də xx.xx.2022-ci il tarixli müqavilənin tələbləri baxımından sığorta hadisəsi hesab edilmədiyini deməyə əsas verir. Sığorta etdirən şəxs müvafiq sığorta növü üzrə sığorta müqaviləsini bağlamazdan əvvəl sığorta qaydalarına əsasən təklif olunan sığorta şərtləri (sığorta haqqı, sığorta məbləği, azadolma məbləği, təminata daxil edilən risklər və s.) ilə tanış olur. Sığorta qaydaları Azərbaycan Respublikası Mülki Məcəlləsinin və “Sığorta fəaliyyəti haqqında” AR Qanununun tələbləri nəzərə alınmaqla, həmin sığorta növü üzrə qayda və şərtləri müəyyən edir və AR Mərkəzi Bankı tərəfindən müvafiq qaydada təsdiq edilir. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təsdiqlənmiş və İddiaçı MMC-yə təqdim edilmiş “Avtomobillərin tam kasko sığorta qaydalarını rəhbər tutaraq "xxxx" ASC ilə xx.xx.2022-ci il tarixli ********** saylı sığorta şəhadətnaməsi imzalanmışdır. Qeyd edilən Qaydaların 16-cı bəndinə əsasən təmir və ya xidmət olunma məqsədilə texniki xidmət müəssisəsinin və ya yuyulmaq üçün avtoyuyucunun sərəncamında olduğu hallar istisna olmaqla, avtomobilin bu Qaydalara və sığorta müqaviləsinə görə sürücü hesab edilməyən şəxs tərəfindən idarə olunduqda sığorta təminatı verilmir.
5. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-6897/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə Elvira Shabanova və Nuriyev Elvin Qəhrəman oğlu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində məhkəmə icraatına cəlb olunmuşlar.
II. Tərəflərin mövqeləri:
6. Məhkəmə iclasında iddiaçının nümayəndəsi P.Babayev iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
7. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə etiraz edib yazılı etirazın məzmununa uyğun izahat verib iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, sığorta müqaviləsində nəqliyyat vasitəsini idarə edəcək şəxsin kim olması razılaşdırılmış, lakin hadisə digər şəxs tərəfindən törədildiyi üçün sığorta hadisəsi baş verməməsi əsası ilə sığorta ödənişi verilməsindən imtina edilmişdir.
8. Məhkəmə iclasında üçüncü şəxs E.Nuriyev iddia ərizəsinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, nəqliyyat vasitəsini arvadı E.Shabanova idarə edərkən nəqliyyat vasitəsi maneəyə çırpılmış, həmin hadisə zamanı o özü də həmin maşında olmuşdur. Hazırda cavabdehin sığorta ödənişini verməkdən imtina etməsi əsassızdır.
9. Məhkəmə iclasında üçüncü şəxs E.Shabanova iddia ərizəsinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, hadisə zamanı maşını o idarə etmiş, əri E.Nuriyev onun yanında olmuş, gecə vaxtı qarşıdan gələn avtomobillə toqquşmamaq üçün maşını maneəyə çırpmışdır. Onun maşını idarə etməsi üçün müvafiq etibarnaməsi, habelə 6 aylıq təcrübəsi olmuşdur.
III. Məhkəmə baxışının hədləri:
10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
11. İddiaçı MMC (satıcı) ilə Nuriyev Elvin Qəhrəman oğlu (alıcı) arasında bağlanmış xx.xx.2022-ci il tarixli B-084-SA-22 nömrəli avtomobil alqı-satqısı üzrə müqaviləyə əsasən satıcı (hazırkı iş üzrə iddiaçı) “Skoda Kamiq 1.6 MPİ” markalı (VİN: TMBGC6NW8N3075539) avtomobili dəyəri tam ödənilənədək alıcının sahibliyi və istifadəsinə verməyi, alıcı isə təhvil verilmiş avtomobili qəbul etməyi və müqavilənin qiymətini həmin müqavilə ilə razılaşdırılmış qaydada satıcıya ödəməyi öhdəsinə götürmüşdür.
12. Müqavilənin 3.2.4-cü bəndinə əsasən, alıcı avtomobili təhvil aldıqdan sonra satıcı avtomobili alıcının vəsaiti hesabına kasko sığorta etdirəcəkdir.
13. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına görə, 1 ədəd “Skoda Kamiq 1.6 MPİ” markalı avtomobil qüsursuz və texniki saz vəziyyətdə Nuriyev Elvin Qəhrəman oğluna təhvil verilmişdir.
14. İddiaçı tərəfindən tərtib edilmiş təmir aktına əsasən “Skoda Kamiq 1.6 MPİ” markalı maşına dəymiş zərər 33728,40 manat təşkil edir.
15. ********** nömrəli sığorta şəhadətnaməsinə əsasən, sığortalı İddiaçı MMC, sığortaçı cavabdeh olmaqla “Skoda Kamiq” markalı, 77PS945 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixə qədər sığorta edilmiş, sığorta şəhadətnaməsində avtomobili idarəetmə səlahiyyəti olan şəxsin isə Nuriyev Elvin Qəhrəman oğlu olması razılaşdırılmışdır.
16. ********** nömrəli sığorta şəhadətnaməsinin əlavəsində tərəflər sığorta məbləği, azadolma məbləği, sığorta haqqının məbləği barədə razılaşmışlar.
17. xx.xx.2024-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, Elvira Shabanova “Skoda Kamiq 1.6 MPİ” markalı 77PS945 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.
18. İddiaçı tərəfindən Elvira Shabanovaya xx.xx.2024-cü il tarixdə verilmiş etibarnaməyə əsasən “Skoda Kamiq” markalı, 77PS945 dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2024-cü il tarixə qədər idarə edilməsinə səlahiyyət verilmişdir.
19. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, BS-K-24/1317 nömrəli məktubu ilə sığorta ödənişinin həyata keçirilməsindən Mülki Məcəllənin 935.1.8-ci maddəsinə istinad edilməklə imtina edilmişdir.
20. İddiaçı MMC tərəfindən xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-yə ünvanlanmış məktub ilə Elvira Shabanova və Nuriyev Elvin Qəhrəman oğlunun sığorta olunan 77PS945 dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarəetmə hüququ verilən şəxs kimi sığorta şəhadətnaməsinə əlavə edilməsi xahiş olunmuşdur.
21. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir.
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
23. 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.
24. 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.
25. 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir.
26. 922.3-cü maddəsinə əsasən sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır.
27. 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.
28. 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir.
29. İşin araşdırılan hallarından məlum olmuşdur ki, ********** nömrəli sığorta şəhadətnaməsinə əsasən “Skoda Kamiq 1.6 MPİ” markalı 77PS945 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi iddiaçı tərəfindən sığorta olunmuş, həmin sığorta müqaviləsində sığortalanmış əmlakı idarə etmək səlahiyyətinə malik olan şəxsin E.Nuriyev olması tərəflər arasında razılaşdırılmış, müqaviləyə sonradan hər hansı əlavə və dəyişiklik edilməmişdir.
30. Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində xx.xx.2024-cü il tarixdə yol nəqliyyat hadisəsi baş vermiş, həmin hadisənin törədilməsinə görə nəqliyyat vasitəsini idarə edən şəxs E.Shabanova inzibati qaydada məsuliyyətə cəlb edilmişdir. Materiallarda olan iddiaçı tərəfindən E.Shabanovaya verilmiş etibarnaməyə əsasən həmin şəxs hadisə törədən zaman nəqliyyat vasitəsini idarə etmək səlahiyyətinə malik olmuşdur.
31. Bununla yanaşı, materiallarda olan sığorta müqaviləsində sığortalanmış əmlakı idarə etmək səlahiyyətinə malik olan şəxsin E.Nuriyev olması tərəflər arasında razılaşdırılmış, müqavilədə sığorta olunan qismində göstərilən şəxsin (sürücü) avtomobili idarə etdiyi hallarda sığorta təminatı verilməsi razılaşdırılmışdır.
32. Materiallardan, tərəflərin nümayəndələrin izahatlarından yol nəqliyyat hadisəsi zamanı avtomobili müqavilədə adı çəkilən E.Nuriyevin deyil, E.Shabanovanın idarə etməsi öz təsdiqini tapır.
33. "xxxx" ASC-nin 2013-cü il tarixli “Avtomobillərin tam sığortası üzrə Sığorta Qaydaları” Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 16.5-ci maddəsinə, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və “Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası üzrə Sığorta Qaydaları” nın şamil edilmədiyi avtomobillərin sığortası qaydalarını müəyyən edir.
34. Həmin Qaydaların 1.3-cü bəndinə əsasən bu Qaydalar, habelə sığortalı tərəfindən doldurulmuş sığortalanma haqqında ərizə forması (Əlavə) sığorta müqaviləsinin ayrılmaz hissəsi hesab olunur.
35. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən sığorta müqaviləsində yalnız sığorta olunan qismində göstərilən şəxslərin (sürücülərin) avtomobili idarə etdiyi hallara sığorta təminatının verilməsi şərti müəyyən edilərsə, bu Qaydaların 5.4-cü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla başqa şəxslərin avtomobili idarə etməsi ilə bağlı risklər sığortalanmış hesab edilmir.
36. Həmin Qaydaların 16.1.1.2-ci bəndinə görə, təmir və ya xidmət olunma məqsədilə texniki xidmət müəssisəsinin və ya yuyulmaq üçün avtoyuyucunun sərəncamında olduğu hallar istisna olmaqla, avtomobilin bu Qaydalara və sığorta müqaviləsinə görə sürücü hesab edilməyən şəxs tərəfindən idarə olunmasına sığorta təminatı verilmir.
37. Həmin Qaydaların 22.1.1-ci bəndinə əsasən zərər bu Qaydaların 16.1.1-ci bəndində nəzərdə tutulan hallarla bağlı olduqda sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir.
38. Göründüyü kimi, tərəflər arasında bağlanmış sığorta müqaviləsində adı qeyd edilməmiş şəxslər tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi zamanı baş vermiş hadisələr sığorta hadisəsi hesab edilmədiyindən hazırkı halda iddiaçının sığorta ödənişi tələb etmək hüququ yaranmamışdır.
39. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi sığorta ödənişinin tələb edilməsi hissəsində təmin edilməməlidir.
40. Məhkəmə iddia tələbini ikinci, sığorta ödənişinin verilməsinin gecikdirilməsinə görə dəbbə pulunun tutulması hissəsində də əsassız hesab edir, iddia tələbi sığorta ödənişinin tələb edilməsi hissəsində təmin edilmədiyi üçün hazırkı tələb üzrə əlavə əsaslandırma aparılmasına zərurət görmür.
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
42. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iş üzrə ödənilmiş 195,54 manat manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
33. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 195,54 manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova