Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-690/2021 16.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Xasayeva İradə Ədalət qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh şirkətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh-ə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh şirkətindən 62.540 ABŞ dolları məbləğində borc, hüquqi yardıma çəkilmiş xərclərin əvəzi olaraq 1000 manat və dövlət rüsumunun əvəzi olaraq 31 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixli NNA-SOT 01/18 nömrəli 65 ton A keyfiyyətli 5sm kəsilmiş quru biyan kök çubuqlarının alğı-satqısına dair müqavilə bağlanmışdır. xx.xx.2018-ci il tarixli NNA- SOT 01/18 nömrəli müqavilənin 10-cu bəndinə əsasən Cavabdeh İddiaçı MMC işlərin icrasından sonra onun dəyərini ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Lakin cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli aktla müəyyənləşdirilmiş 62.540 (ƏDV daxil) ABŞ dolları məbləğində pul vəsaiti ödənilməmişdir. Hesab edir ki, cavabdeh tərəfindən müqavilə üzrə ödənilməli olan 62.540 ABŞ dollarının ödənilməməsi nəticəsində hüquqi yardıma görə 1000 manat xidmət haqqı və məhkəməyə müraciət etmək üçün 31 manat dövlət rüsumu ödəyərək xərc çəkmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, cavabdeh “SİMTAR ORGANİK TARİM HAYV.MAD. VE İNS.SAN.TİC.LTD.STL şirkətindən 62.540 ABŞ dolları məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının nümayəndəsinin razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı MMC (satıcı) ilə Cavabdeh şirkəti (alıcı) arasında xx xxxxxx 2018-ci il tarixdə NNA-SOT 01/18 saylı 65 ton A kəsilmiş quru biyan kök çubuqlarının alqı-satqısına dair müqavilə bağlanmışdır. Müqavilənin 10-cu bəndinə əsasən Cavabdeh şirkəti İddiaçı MMC tərəfindən malların təqdim edilməsindən və keyfiyyət təsdiq edildikdən sonra 180 gün ərzində həmin malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı MMC tərəfindən SİMTAR ORGANİK TARİM HAYV.MAD. VE İNS.SAN.TİC.LTD.STL” şirkətinə 20.000 ABŞ dolları olan bağlama quru biyan kök çubuqlarının göndərilməsi ilə bağlı xx.xx.2018-ci il tarixli, A-00069 saylı invoys; 21.040,00 ABŞ dolları dəyərində olan 526 bağlama quru biyan kök çubuqlarının göndərilməsi ilə bağlı xx.xx.2018-ci il tarixli, A-00070 saylı invoys və 21.500 ABŞ dolları dəyərində olan 748 bağlama quru biyan kök çubuqlarının göndərilməsi ilə bağlı xx.xx.2019-cu il tarixli, A- 00071 invoys təqdim edilmişdir. Gömrük bəyannamələrinə əsasən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən 500 bağlama quru biyan kök çubuqları xx.xx.2018-ci il tarixdə, 526 bağlama quru biyan kök çubuqları xx.xx.2018-ci il tarixdə, 748 bağlama quru biyan kök çubuqları xx.xx.2019-cu il tarixdə Türkiyə Respublikasına göndərilmişdir. İddiaçı MMC pretenziya qaydasında məktubla Cavabdehşirkətinə müraciət edərək, təhvil verilmiş mallara görə 62.540 ABŞ dolları məbləğində borcunun ödənilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağını bildirmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC (satıcı) ilə Cavabdeh şirkəti (alıcı) arasında xx.xx.2018-ci il tarixli malların alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqavilədə göstərilmiş malları cavabdehə təhvil verərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda Cavabdeh şirkətinin göstərilən müqavilə üzrə İddiaçı MMC-yə olan borcu 62.540 ABŞ dolları təşkil edir. Məhkəmə qeyd edir ki, hazırkı iddianın qanuni əsasını Mülki Məcəllənin 567-ci maddəsi təşkil edir. Həmin maddəyə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda məhkəmə cavabdehin alqı-satqı müqaviləsi əsasən iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh şirkətindən 62.540 ABŞ dolları məbləğində borc tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli malların alqı-satqı müqaviləsi üzrə 62.540 ABŞ dolları məbləğində borc və dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti Cavabdeh şirkətindən tutularaq İddiaçı Mmc-yə ödənilməlidir. Nəticə hissəsi Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh şirkətindən 62.540 ABŞ (altmış iki min beş yüz qırx) dolları məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-690/2021
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-690/2021
16.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver