Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6913/2024 27.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “Holcim (Azərbaycan)” ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, dəbbə pulu) Məhkəmənin hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, Cavabdeh iştirakı olmadan, İddiaçı “Holcim (Azərbaycan)” ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı “Holcim (Azərbaycan)” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh aldığı sement məhsullarına görə 8734 manat, geri qaytarmadığı taxta altlıqlara görə 1019,52 manat borcun, borcun gecikdirilməsinə görə 11.478,8 manat cərimə məbləğinin və dövlət rüsumu qismində ödənilmiş 154 manat pulun tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə Holcim (Azərbaycan) ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, O000367676 saylı alqı-satqı müqaviləsinə əsasən iddiaçı cavabdehə müqavilədə qeyd edilmiş malları satmağı, cavabdeh isə satılan malı təhvil almağı və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilədə qeyd edilmiş mallar cavabdehə çatdırılmışdır,cavabdeh həmin malları yük-nəqliyyat qaimələrini imzalayaraq təhvil almışdır. Cavabdehə göndərilmiş malların satılması barədə elektron qaimələr təsdiq edilmişdir. Müqaviləyə əsasən Alıcı malın dəyərini malı əldə etdiyi tarixdən 30 gün müddətində satıcıya ödəməlidir. Müqavilənin 9.2-ci bəndində qeyd olunur ki, alıcı aldığı taxta altlığı qaytarmalıdır, əks təqdirdə qiymət əlavəsində qeyd olunan pul vəsaitini ödəməlidir. Müqaviləyə edilmiş əlavələrə əsasən taxta altlığın bir ədədinin dəyəri ƏDV ilə 28.32 manat müəyyən edilmişdir. Cavabdeh ona təhvil verilmiş sement məhsullarının dəyərinin 8734 manat məbləğində olan hissəsini ödəməmişdir. Hər birinin dəyəri 28.32 manat ümumi dəyəri 1019.52 manat olan 36 ədəd taxta altlıq geri qaytarılmamışdır. Cavabdehə dəfələrlə edilən şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq cavabdeh təhvil aldığı malların dəyərini ödəməmişdir. Müqavilənin 9.2-ci bəndində ödənişi gecikdirildiyi hər günə görə əsas borcdan 0.1% qədər cərimənin ödənilməsi qeyd olunur. Həmin bəndə əsasən hazırkı tarixədək cavabdehə hesablanan cərimənin məbləği 11478.8 manat təşkiledir. Cavabdehə xx.xx.2024-cü il tarixdə pretenziya məktubu göndərib borc məbləğinin xx.xx.2024-cü il tarixədək ödənilməsini, əks təqdirdə məhkəməyə müraciət etmək üçün tədbirlər görüləcəyini bildirmişik. Bundan başqa pretenziya məktubu vergi portalı vasitəsilə də cavabdehə göndərilmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmə hazırlıq iclasında iştirak edən cavabdeh bildirmişdir ki, tələb olunan sementə görə 8734 manata etirazı yoxdur. Geri qaytarılmayan taxta altlıqlar üçün olan tələbə və 11478.80 manat cərimə məbləğinə etirazı var. Çünki altlıqları qaytarıb, cəriməni isə ödəməyə imkanı yoxdur. Sementə görə borcunu hissə-hissə ödəyəcək.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. “Holcim (Azərbaycan)” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, O000367676 saylı alqı-satqı müqaviləsinə əsasən:
7. Müqavilənin 1.1-ci bəndinə əsasən hazırkı müqavilə əsasında satıcı 3-cü maddədə göstərilən və gələcəkdə mal adlandırılacaq sement növünü alıcıya satır, alıcı isə malı alır və dəyərini ödəyir.
8. Müqavilənin 3.1-ci bəndinə əsasən mal və qiymətlər müqaviləyə edilən əlavələrdə göstərilir.
9. Müqavilənin 4.1-ci bəndinə əsasən ödəniş alıcı tərəfindən alınacaq hər malın dəyərini vergilər daxil olmaqla əvvəlcədən satıcının bank hesabına ödəmə yolu ilə həyata keçirilir.
10. Müqavilənin 4.3-ci bəndinə əsasən alıcı qəbul etdiyi malın dəyərini qaimə-fakturanı və ya elektron qaimə-fakturanı qəbul etdiyi tarixdən 30 gün ərzində ödəməlidir. Elektron qaimə fakturanın alıcıya göndərilməsi alıcının malı qəbul etdiyi faktını təsdiq edir.
11. Müqavilənin 8.2-ci bəndinə əsasən satıcının müqavilədə göstərilmiş ödəniş şərtlərinə əməl olunmadığı halda borc üzrə hər bir gecikdirilmiş günə 0,1 % qədər cərimənin hesablanmasını və ödənilməsini tələb etmək hüququ vardır.
12. xx.xx.2021-ci il tarixli, 1 saylı alqı-satqı müqaviləsinə Əlavəyə əsasən malların və altlıqların dəyəri müəyyən edilmişdir və Əlavənin 2.1-ci bəndinə əsasən müqavilədə qeyd olunan 3.3-cü bəndi və ona aid olan bütün bəndlərə uyğun olaraq alıcı aldığı malın dəyərini malı əldə etdiyi tarixdən 30 təqvim günündən gec olmayaraq satıcıya ödəməlidir.
13. xx.xx.2021-ci il tarixli, A********** saylı yük-nəqliyyat qaiməsinə əsasən Cavabdeh 22,40 ton (18 ədəd altlıq), xx.xx.2021-ci il tarixli, A********** saylı yük-nəqliyyat qaiməsinə əsasən 28.80 ton (18 ədəd altlıq), xx.xx.2021-ci il tarixli, A004022027 saylı yük-nəqliyyat qaiməsinə əsasən 14.40 ton (18 ədəd altlıq), xx.xx.2021-ci il tarixli, A004022030 saylı yüknəqliyyat qaiməsinə əsasən 28.80 ton (18 ədəd altlıq), xx.xx.2021-ci il tarixli, A********** saylı yük-nəqliyyat qaiməsinə əsasən 14.40 ton (18 ədəd altlıq), xx.xx.2021-ci il tarixli, A********** saylı yük-nəqliyyat qaiməsinə əsasən 14,40 ton (18 ədəd altlıq) həddində mallar və müvafiq altlıqlar təhvil verilmişdir.
14. xx.xx.2021-ci il tarixli, EBAW seriyalı 491715 saylı elektron qiaməyə əsasən "xxxx" (Azərbaycan) ASC tərəfindən Cavabdeh 4176,12 manat dəyərində sement, xx.xx.2021-ci il tarixli, EBAW seriyalı, 491847 saylı elektron qiaməyə əsasən 4607.89 manat dəyərində sement, xx.xx.2021-ci il tarixli EBBL seriyalı 105359 saylı elektron qaiməyə əsasən 1019,52 manat dəyərində altlıqların verildiyi qeyd olunmuşdur.
15. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
16. Belə ki, iş materialları və tərəflərin izahatı ilə müəyyən olunur ki, tərəflər arasında mübahisə alqı-satqı münasibətlərindən irəli gəlmişdir.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
18. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
19. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.
20. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.
21. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
22. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
23. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
24. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ********** saylı alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən hazırkı müqavilə əsasında satıcı 3-cü maddədə göstərilən və gələcəkdə mal adlandırılacaq sement növünü alıcıya satır, alıcı isə malı alır və dəyərini ödəyir.
25. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla (müqavilə, e-qaimələr, yük-nəqliyyat qaimələri) və həmçinin cavabdehin 8734 manata dair etirafı ilə təsdiqini tapdığı üçün iddia tələbinin 8734 manat borca dair, həmçinin cavabdehə verilmiş 1019,52 manat altlıqlara görə 1019,52 manat pul tələbi hissədə təmin olunması üçün əsaslar mövcuddur. Məhkəmə onu da qeyd edir ki, cavabdeh bildirsə də ki, 1019,52 manat dəyərində altlıqları iddiaçıya geri qaytarıb, ona dair hər-hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.
26. Bundan əlavə, iş materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 8.2-ci bəndinə əsasən hesablanmış 11.478,8 manat cərimənin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
27. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
28. Məhkəmə hesab edir ki, cavabdeh ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə və razılaşmada öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.
29. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
30. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə (8734 manat) nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 437 manat məbləğində müəyyən edilməlidir.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
32. Materiallardan da göründüyü kimi iddiaçı tərəfindən 154 manat dövlət rüsumu ödənilmişdir.
33. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi üçün təmin olunan iddia məbləğinə mütənasib olaraq iş üzrə ödənilmiş 121 manat dövlət rüsumu xərci cavabdehə aid edilməlidir.
V. Nəticə:
34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə sement məsuluna görə 8734 manat borc məbləği, 437 manat dəbbə pulu, geri qaytarılmayan taxta altlıqlara görə 1019,52 manat və dövlət rüsumunun əvəzi olaraq 121 manat tutularaq iddiaçı “Holcim (Azərbaycan) ASC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova