Məhkəmə qərarları › İş №e-2-2(113)-6915/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6915/2024

28.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6915/2024 28.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “xxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, borcun etirafı müqaviləsi, borcun tutulması) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi ilə, İddiaçı “xxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxıldı. İşin halları:

1. İddiaçı “xxx” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 770 (yeddi yüz yetmiş manat) manat borc və 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 800 (səkkiz yüz) manat pul vəsaitinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, ACCDB/07-09-23/ƏA saylı “mövcud borcun etirafı haqqında” müqaviləsi bağlanmışdır. Bu müqavilənin 1.1-ci bəndinə əsasən borclu tələbkara cəmi 780 (yeddi yüz səksən) manat borcunun olduğunu etiraf edir. Müqavilənin 1.2-ci maddəsinə əsasən borclu borc məbləğini xx.xx.2023-cü il tarixinə qədər 780 (yeddi yüz səksən) manat hissə-hissə xx.xx.2023-cü il tarixindən başlayaraq, hər ay 260 (iki yüz altmış) manat olmaqla, tələbkara ödəməyi öhdəsinə götürür. Lakin öhdəlik borclu tərəfindən tam yerinə yetirilməmişdir. Yekun olaraq borclunun 770 (yeddi yüz yetmiş) manat borcu qalmışdır. Bundan başqa, tələb edilən məbləğ cavabdehin özünün müstəqil formada həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən irəli gəlir. Mübahisənin məhkəmədən kənar qaydada həll еtmək məqsədi ilə cavabdehə dəfələrlə şifahi, xx.xx.2024-cü il tarixində isə pretenziya qaydasında “borcun qaytarılması tələbi” ilə bağlı rəsmi хəbərdarlıq еdilmişdir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 445.4, 882.1-ci maddələrinə istinad olunmuşdur.

4. 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar:

5. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, tələbkar qismində İddiaçı ASC ilə borclu qismində Cavabdeh arasında xx.xx.2023-ci il tarixli, AC-CDB/07-09-23/ƏA nömrəli mövcud borcun etirafı haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən borclu tələbkara 770 manat borcunun olduğunu etiraf edir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən borclu 07 dekabr 2023-cü il tarixinə qədər 780 (yeddi yüz səkkiz) manat məbləği hissə-hissə 07 oktyabr 2023-cü il tarixindən başlayaraq 3 ay müddətində hər ay 260 (iki yüz altmış) manat məbləğində olmaqla, tələbkara ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.3cü bəndinə əsasən borclu öhdəlik kimi öz üzərinə götürür ki, bu müqavilə təsdiqləndiyi gündən başlayaraq 07 dekabr 2023-cü il tarixinə qədər 780 (yeddi yüz səkkiz) manat borcunu Cəmiyyətin xəzinəsinə mədaxil edəcəkdir.

6. Cavabdeh tərəfindən İddiaçı ASC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədə qeyd edilmişdir ki, mən, Cavabdeh müəyyən müddət problemlərimin olması səbəbindən Cəmiyyətə olan borcumu tam şəkildə ödəyə bilməmişəm. Hal-hazırda mənim Cəmiyyətə 780 (yeddi yüz səkkiz) manat borcum yaranmışdır. Nağd şəkildə pulum olmadığından borcu ödəyə bilmirəm, bu səbəbdən də Cəmiyyətdən xahiş edirəm ki, mənim borcumun 07 oktyabr 2023-cü il tarixindən etibarən hissə-hissə ödənilməsi ilə bağlı möhlət verilsin. Qeyd olunan məbləğdə İddiaçı ASC-nin xəzinəsinə borcum olduğunu qəbul edirəm. Borc məbləğini ödəmək üçün imkanım olmadığından 2023-cü ilin dekabr ayının 7-nə qədər 780 (yeddi yüz səkkiz) manat məbləği ödəmək üçün mənə vaxt verməyinizi Sizdən xahiş edirəm. Bu məbləği borc kimi xx.xx.2023-cü il tarixinədək İddiaçı ASC-nin xəzinəsinə geri qaytarılmasına tam məsuliyyətlə cavabdehəm. Göstərdiyim müddətdə borcu qaytarmadığım təqdirdə mənim barəmdə hüquq mühafizə və məhkəmə orqanlarına müraciət oluna bilər. Xahiş edirəm ki, nəzərə alasınız.

7. Borc məbləğinin müəyyən edilməsi haqqında xx.xx.2023-cü il tarixli aktda qeyd edilmişdir ki, biz aşağıda imza edənlər, İddiaçı ASC-nin Kommersiya Departamentinin rəhbəri Xaliq Rzayev, Monitorinq-Təftiş Departamentinin Şöbə müdiri Elçin Qədirov, Baş mühasib Aslan Quliyev, Baş xəzinədar Sənan Aslanov, X1 Şöbə müdiri Aqşin Əliyev hazırki aktı tərtib edirik ondan ötəri ki, həqiqətən xx.xx.2023-cü il tarixinə Cavabdeh 780 (yeddi yüz səkkiz) manat borcu mövcuddur: Müəyyən olunmuşdur ki, o, əvvəllər “A+CO" ASC ilə əməkdaşlıq etmiş və borcunu ödəməmişdir. Borcun müəyyən edilməsində Cavabdeh şəxsən iştirak etmişdir, təqdim olunan sənədlər və faktlarla tanış olmuşdur. Akt üç nüsxədə tərtib olunmuşdur. Aktın doğruluğunu öz imzalarımızla təsdiq edirik. Akt Cavabdeh tərəfindən də imzalanmışdır.

8. “xxx” ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilə üzrə Cavabdeh xx.xx.2023-xx.xx.2024-cü il tarixləri aralığında 770 manat ödənilməmiş borcu qalmaqdadır.

9. “xxx” ASC tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2024-cü il tarixli, 759 nömrəli pretenziya məktubundan görünür ki, borc məbləğinin 2 iş günü müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz.

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi

12. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında mövcud borcun etirafı haqqında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-ci il tarixli, AC-CDB/07-09-23/ƏA saylı müqaviləyə əsasən borclu tələbkara 780 manat borcun yarandığını tam etiraf etmiş, həmin borc məbləğini 07 dekabr 2023-cü il tarixinə qədər 780 (yeddi yüz səkkiz) manat məbləği hissə-hissə 07 oktyabr 2023-cü il tarixindən başlayaraq 3 ay müddətində hər ay 260 (iki yüz altmış) manat məbləğində olmaqla, tələbkara ödəməyi öhdəsinə götürdüyünü bildirmişdir. Həmin məbləğin bir qismi ödənilmiş və 770 manat isə ödənilməmiş qalmışdır. Həmin hal iş materialları öz təsdiqini tapır.

13. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını nəzərə alaraq hesab edir ki, cavabdehdən 770 (yeddi yüz yetmiş) manat məbləğində əsas borc iddiaçının xeyrinə tutulmalıdır.

14. Eləcə də, iddiaçı 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.

15. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.

16. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 770 (yeddi yüz yetmiş) manat borc, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat olmaqla, ümumilikdə 800 (səkkiz yüz) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar