Məhkəmə qərarları › İş №e-2-2(113)-6917/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6917/2025

30.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6917/2025 30.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh2 (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 66.117,16 manat əsas borc, ödənişlərin gecikdirilməsi üçün yaranan cərimə məbləği 13.285,95 manat, məhkəmə xərcləri üçün ödənilmiş 330,00 manat, cəmi 79.733,11 manat borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 11 iyul 2023cü il tarixli OM-01 saylı Alqı-satqı müqaviləsi əsasında xx.xx.2024-cü il tarixli Təhvil-Təslim AKTİ ilə 23.098,59 azn, xx.xx.2024-cü il tarixli Təhvil-Təslim AKTİ ilə 40.282,55 azn və xx.xx.2024-cü il tarixli Təhvil-Təslim AKTİ ilə 26.147,22 azn cəmi 89.528,36 azn (ƏDV daxil) dəyərində mallar Cavabdeh2 satılmışdır. İndiyə qədər həmin satışlar üzrə cəmi 23.411,20 azn (ƏDV daxil) ödəniş edilmişdir. Müqavilənin 5.1.-ci maddəsinə əsasən malların dəyəri, mallar təhvil verildikdən sonra 30 gün müddətində 100% ödənilməlidir. Lakin dəfələrlə şifahi və yazılı xəbərdarlığa baxmayaraq 66.117,16 azn (ƏDV daxil) məbləğ bu günədək ödənilməmişdir. Eyni zamanda Müqavilənin 8.4-cü maddəsinə əsasən “Malın məbləğinin vaxtında ödənilməməsi halında Alıcı Satıcıya gecikdirilən hər təqvim günü üçün borc məbləğinin 0.1%-i miqdarında (lakin Malını dəyərinin 20 %-dən artıq olmamaq şərtilə) cərimə ödəməlidir.” olduğunu nəzərə alaraq Cavabdeh2 vaxtında ödəmə etmədiyi üçün İddiaçı MMC-yə 13.285,95 azn əlavə cərimə ödəməlidir.

3. Cavabdeh məhkəməyə yazılı ərizə verib göstərmişdir ki, cavabdeh fərdi sahibkar kimi iddiaçıdan aldığı tikinti materiallarını "xxxx" MMC-yə satmışdır. Təəssüf ki həmin malların dəyəri "xxxx" MMC tərəfindən ödənilmədiyi üçün iddiaçıya olan borcunu qaytara bilmir. Bu səbəbədən "xxxx" MMC-yə satdığı malların pulunu ala bilmədiyi üçün həmin şəxsə qarşı məhkəmə qaydasında iddia qaldırmaq qərarına gəlmişdir. xx.xx.2025-ci il tarixində "xxxx" MMC-yə pretensiya göndərilmişdir. Hazırda həmin işə Bakı Kommersiya Məhkəməsində baxılır.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı (satıcı) ilə cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, OM- 01 saylı alqı-satqı müqaviləsinə görə “Satıcı” “Alıcı”ya onun sifarişi əsasında bu Müqavilənin ayrılmaz tərkib hissəsi sayılan “X1”nda göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun vəziyyətdə olan malları satır, “Alıcı” isə həmin Malı qəbul edir və bunun müqabilində bu Müqavilə ilə razılaşdırılmış məbləğdə Malın dəyərini “Satıcf’ya ödəməyi öz öhdəsinə götürür.

8. Müqavilənin 1.2-ci bəndinə əsasən malın adı, miqdarı, ölçü vahidi, qiyməti və digər zəruri xüsusiyyətləri bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan “X1”nda öz əksini tapmışdır.

9. Müqavilənin 2.1-ci bəndinə əsasən malın qiyməti, təhvil verilmə müddəti və ödəniş müddəti bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan “X1” ilə müəyyən edilir. Əgər “X1" tərtib edilməzsə və ya nəzərdə tutulmazsa malın qiyməti Alıcıya təqdim edilən elektron qaimədə göstərilən qiymətlər nəzərə alınacaq və ödəniş bu qiymətlər üzrə həyata keçiriləcəkdir.

10. Müqavilənin 3.4.1-ci bəndinə əsasən Malı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (malın qiymətini) bu müqavilənin ayrılmaz tərkib hissəsi olan "X1"nda göstərilən müddətdə və qaydada ödəmək alıcının vəzifəsidir.

11. Müqavilənin 4.1-ci bəndinə əsasən Malların təhvil verilməsi əmtəə-nəqliyyat qaiməsi, təhvil-təslim aktı və elektron qaimə üzrə həyata keçirilir.

12. Müqavilənin 8.4-cü bəndinə əsasən Malın məbləğinin vaxtında Ödənilməməsi halında Alıcı Satıcıya gecikdirilən hər təqvim günü üçün borc məbləğinin 0.1%-i miqdarında (lakin Malını dəyərinin 20 %-dən artıq olmamaq şərtilə) cərimə ödəməlidir.

13. İddiaçı (satıcı) ilə cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, OM-01 saylı alqı-satqı müqaviləsi üzrə xx.xx.2024-cü il tarixli qiymət razılaşdırma protokoluna əsasən müqavilə üzrə satılacaq malların dəyəri ümumilikdə ədv daxil 23098,59 manat dəyərində razılaşdırılmışdır.

14. İddiaçı tərəfindən cavabdehə 17 yanvar 2024-cü il tarixli, N 24-0117 nömrəli ədv daxil malların ümumi dəyəri 23098,59 manat olan hesab-faktura göndərilmişdir.

15. Tərəflər arasında imzalanmış 17 yanvar 2024-cü il tarixli təhvil-təslim aktına əsasən iddiaçı tərəfindən cavabdehə cəmi dəyəri ədv daxil 23098,59 manat olan mallar təhvil verilmişdir.

16. İddiaçı (satıcı) ilə cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2024-cü il tarixli qiymət razılaşdırma protokoluna əsasən müqavilə üzrə malların dəyərinin ümumilikdə ədv daxil 40282,55 manat dəyərində olması razılaşdırılmışdır.

17. Tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən iddiaçı tərəfindən cavabdehə cəmi dəyəri ədv daxil 40282,55 manat olan mallar təhvil verilmişdir.

18. İddiaçı tərəfindən cavabdehə 31 yanvar 2024-cü il tarixli, N 1022 nömrəli ədv daxil malların ümumi dəyəri 26147,22 manat olan hesab-faktura göndərilmişdir.

19. İddiaçı (satıcı) ilə cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2024-cü il tarixli qiymət razılaşdırma protokoluna əsasən müqavilə üzrə satılacaq malların dəyərinin ümumilikdə ədv daxil 26147,22 manat dəyərində olması razılaşdırılmışdır.

20. Tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən iddiaçı tərəfindən cavabdehə cəmi dəyəri ədv daxil 26147,22 manat olan mallar təhvil verilmişdir.

21. İddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli, EBDJ 718693 nömrəli 6798,90 manat məbləğində, xx.xx.2024-cü il tarixli EBDX 142693 nömrəli 23098,59 manat məbləğində, xx.xx.2024-cü il tarixli, EBDX 670016 nömrəli 34137,88 manat məbləğində, xx.xx.2024-cü il tarixli, EBDX 930423 nömrəli 26147,22 manat məbləğində elektron qaimə-fakturalar təqdim edilmişdir.

22. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına əsasən EBDJ 718693 nömrəli elektron qaimə üzrə 1037,12 manat, xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına əsasən EBDX 670016 nömrəli elektron qaimə üzrə 3571,2 manat məbləğində cavabdeh tərəfindən iddiaçıya ödənişlər olunmuşdur.

23. Tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli üzləşmə aktına əsasən cavabdehin xx.xx.2024-cü il tarixinə iddiaçıya 66117,16 manat borcu vardır.

24. Məhkəmə nümayəndənin izahatını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır.

25. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli, OM-01 saylı alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

27. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

28. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.

29. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

30. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

31. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

32. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

33. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

34. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

35. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

36. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, ümumilikdə 89528,36 manat dəyərində olan malları cavabdehə təhvil vermiş, lakin cavabdeh tərəfindən öhdəliklər lazımınca icra edilməmiş, təhvil verilmiş malların müqabilində 23411,20 manat ödəniş edilmiş, qalıq 66117,16 manat borc ödənilməmişdir.

37. Məhkəmə hesab edir ki, iddia əsas borcun tələb edilməsi hissəsində əsaslı olduğundan təmin edilməli, cavabdehdən 66117,16 manat əsas borc tutularaq iddiaçıya ödənilməlidir.

38. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində 13285,95 manat cərimə məbləğinin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

39. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

40. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

41. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 3300 manat müəyyən edilməlidir.

42. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 66117,16 manat əsas borc, 3300 manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

43. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

44. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 298,25 manat (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 31,75 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

45. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh2 66117,16 manat əsas borc, 3300 manat dəbbə pulu, 298,25 manat dövlət rüsumu, ümumilikdə 69715,41 (altmış doqquz min yeddi yüz on beş manat qırx bir qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 31,75 (otuz bir manat yetmiş beş qəpik) manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar