Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-692/2024 29.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Holcim (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Qurbanova Nuranə Namiq qızının katibliyi, İddiaçı Holcim (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Holcim (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı Holcim (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4.132,4 manat əsas borcun, 1.045,2 manat cərimə məbləğinin, mediasiya xərci və dövlət rüsumu üçün ödənilmiş 72 manat pulun tutularaq Holcim (Azərbaycan) ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə Holcim (Azərbaycan) ASC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, O000730631 saylı alqı-satqı müqaviləsinə əsasən iddiaçı cavabdehə müqavilədə qeyd edilmiş malları satmağı, cavabdeh isə satılan malı təhvil almağı və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilədə qeyd edilmiş mallar cavabdehə çatdırılmışdır, cavabdeh həmin malları yük-nəqliyyat qaimələrini imzalayaraq təhvil almışdır. Cavabdehə göndərilmiş malların satılması barədə elektron qaimələr təsdiq edilmişdir. Müqaviləyə edilmiş əlavələrə əsasən alıcı malın dəyərini malı əldə etdiyi tarixdən 30 gün müddətində satıcıya ödəməlidir. Müqavilənin 8.2-ci bəndində qeyd olunur ki, alıcı aldığı taxta altlığı qaytarmalıdır, əks təqdirdə qiymət əlavəsində qeyd olunan pul vəsaitini ödəməlidir. Müqaviləyə edilmiş əlavələrə əsasən taxta altlığın bir ədədinin dəyəri ƏDV ilə 28,32 manat müəyyən edilmişdir. Cavabdeh ona təhvil verilmiş sement məhsullarının dəyərinin 3.764,2 manat məbləğində olan hissəsini ödəməmiş, hər birinin dəyəri 28,32 manat olan 13 ədəd taxta altlığı şirkətə geri qaytarmamışdır. Cavabdehin şirkətdən təhvil aldığı, amma dəyərini ödəmədiyi malların cəmi məbləği 4.132,4 (dörd min yüz otuzikimanat qırx qəpik) manat təşkil etmişdir. Cavabdehə dəfələrlə edilən şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq cavabdeh təhvil aldığı malların dəyərini ödəməmişdir. Müqavilənin 8.2-ci bəndində ödənişi gecikdirildiyi hər günə görə əsas borcdan 0.1% qədər cərimənin ödənilməsi qeyd olunur. Həmin bəndə əsasən hazırkı tarixədək cavabdehə hesablanan cərimənin məbləği 1.045,2 manat təşkil edir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı Holcim (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun tutulması tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
9. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
10. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
11. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, Holcim (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli, O000730631 saylı alqısatqı müqaviləsi və müqaviləyə 01, 02, 03, 04, 05, 06, 07, 08 Əlavələr imzalanmışdır. Müqaviləyə əsasən satıcı alıcıya müqavilədə qeyd edilmiş malları satmağı, alıcı isə satılan malı təhvil almağı və dəyərini ödəməyi öhdəsinə götürmüşdür.
12. Həmin müqavilənin 3.3.3-cü bəndinə əsasən alıcı qəbul etdiyi malın dəyərini qaimə-fakturanı və ya elektron qaimə-fakturanı qəbul etdiyi tarixdən 30 gün ərzində ödəməlidir.
13. Müqavilə və əlavələr hər iki tərəfin imzası və hüquqi şəxsin möhürü ilə təsdiq olunmuşdur.
14. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.
15. Qeyd edilməlidir ki, alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan Holcim (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin üzərinə düşür.
16. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfdən tələb edilən 4.132,4 manat pulun, 3.764,20 manat hissəsi sement məhsullarının dəyəri, 368,16 manat hissəsi isə taxta altlıqlarının dəyərini təşkil edir.
17. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə EBAH seriyalı, 869284 nömrəli, xx.xx.2020-ci il tarixli, dəyəri 3.599,75 manat olan, EBAK seriyalı, 054737 nömrəli, xx.xx.2020-ci il tarixli, dəyəri 3.815,72 manat olan, EBAN seriyalı, 114101 nömrəli, xx.xx.2020-ci il tarixli, dəyəri 3.488,45 manat olan, EBAQ seriyalı, 239290 nömrəli, xx.xx.2020-ci il tarixli, dəyəri 3.560,39 manat olan, EBAT seriyalı, 806585 nömrəli, xx.xx.2020-ci il tarixli, dəyəri 3.608,35 manat olan, EBAW seriyalı, 228275 nömrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 4.152,07 manat olan, EBAY seriyalı, 548663 nömrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 4.104,08 manat olan, EBBB seriyalı, 246461 nömrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 2.328,04 manat olan, EBBC seriyalı, 817044 nömrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 2.400,03 manat olan, EBBE seriyalı, 291374 nömrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 2.487,95 manat olan, EBBF seriyalı, 293152 nömrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 2.511,95 manat olan, EBBG seriyalı, 864319 nömrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 1.463,97 manat olan, EBBH seriyalı, 916585 nömrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 1.279,97 manat olan, EBBJ seriyalı, 411870 nömrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 2.487,95 manat olan, EBBK seriyalı, 343936 nömrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 1.791,96 manat olan, EBBL seriyalı, 969936 nömrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 2.463,95 manat olan, EBBO seriyalı, 622504 nömrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 2.367,89 manat olan, EBBX seriyalı, 642914 nömrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 2.551,82 manat olan, EBBU seriyalı, 634708 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 2.391,89 manat olan, EBCC seriyalı, 066055 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 2.790,03 manat olan, EBCD seriyalı, 116403 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 56,64 manat olan, EBCİ seriyalı, 445661 nömrəli, xx.xx.2022ci il tarixli, dəyəri 179,36 manat olan elektron qaimələr göndərilmişdir.
18. Məhkəmə qeyd edir ki, qeyd edilmiş elektron qaimələr məhz sement məhsullarının verilməsi ilə bağlı göndərilmişdir.
19. Göründüyü kimi, yuxarıda sadalanmış elektron qaimələrdəki məbləğlərin sadə riyazi hesablama ilə cəmi 55.825,57 manat təşkil edir.
20. Məhkəmə qeyd edir ki, elektron qaimələrdə qeyd edilmiş dəyərdə mallar cavabdehə təhvil verilmişdir.
21. Belə ki, tərəflər özləri müqavilənin 3.3.3-cü bəndində mal mübadiləsi və ödənişlərin elektron qaimə üzərindən həyata keçirilməsi ilə bağlı razılığa gəlmişlər, həmçinin də, qeyd edilmiş elektron qaimələrə cavabdeh tərəfindən hər hansı bir etiraz daxil olmamışdır.
22. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdehə 55.523,50 manat məbləğində sement məhsulu təhvil verilmiş, cavabdeh təhvil aldığı sement məhsullarının 51.759,30 manat məbləğində dəyərini ödəmiş, sement məhsulların verilməsinə görə 3.764,20 manat məbləğində borc ödənilməmişdir.
23. Cavabdeh tərəf məhkəmə iclasına gəlməməklə yanaşı, iddiaya etirazını da, bildirməmişdir.
24. Belə olan halda, məhkəmə hesab edir ki, sement məhsulların verilməsinə görə 3.764,20 manat məbləğində pul cavabdehdən tutularaq iddiçıya verilməlidir.
25. Məhkəmə taxta altlıqlarının dəyəri olaraq 368,16 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
26. İşdən görünür ki, iddiaçı tərəfindən cavabdehə taxta altlıqların verilməsi ilə bağlı, EBBE seriyalı, 157666 nömrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 1.217,76 manat olan, EBCH seriyalı, 100907 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 28,32 manat olan, EBBO seriyalı, 958620 nömrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 28,32 manat olan elektron qaimələr göndərilmişdir.
27. Qeyd edilmiş elektron qaimələrin məzmununa nəzər yetirildikdə aydın olur ki, 1 ədəd taxta altlığın dəyəri ƏDV daxil 28,32 manat təşkil edir və iddiaçı tərəfindən qeyd edilmiş elektron qaimələrdə 45 ədəd taxta altlığın verilməsi nəzərdə tutulmuşdur.
28. İddiaçı tərəf 13 ədəd taxta altlığın qaytarılmadığını qeyd edərək 368,16 manat pulun tutulmasını xahiş edir.
29. Cavabdeh tərəf iddianın qeyd edilən hissəsi ilə bağlı da, hər hansı bir etiraz təqdim etməmişdir.
30. Belə olan halda, məhkəmə hesab edir ki, taxta altlıqlarının dəyəri olaraq 368,16 (13x28,32) manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
31. Məhkəmə 1.045,2 manat məbləğində dəbbə pulunun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
32. İlk növbədə qeyd edilməlidir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilələrin 8.2-ci bəndindən irəli gəlir. Belə ki, həmin bəndə əsasən ödəniş bu müqavilədə və ya onun əlavəsində göstərilən müddətdən gecikdirildiyi hər bir günə görə əsas borcdan 0,1 % qədər cərimə tələb etmək satıcının hüququdur.
33. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
34. Hazırki işin hallarından görünür ki, cavabdehin əsas borcuna münasibətdə 200 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir.
35. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı tərəfindən 60 manat məbləğində pul Bakı 12 saylı mediasiya təşkilatına ödənmişdir.
36. Ona görə də, mediasiya xərcinin əvəzi olaraq 60 manat məbləğində pul Cavabdeh tutularaq Holcim (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.
37. Bundan başqa, məhkəmə qeyd edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 12 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
38. Belə ki, iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi barədə məlumat” qrafikindən görünür ki, iddiaçı tərəfindən 12 manat məbləğində pul dövlət büdcəsinə ödənilmişdir.
39. Belə olan halda məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
40. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2020-ci il tarixli, O000730631 saylı müqaviləyə əsasən sement məhsulların verilməsinə görə yaranmış 3.764 (üç min yeddi yüz altmış dörd) manat, 20 (iyirmi) qəpik, taxta altlıqlarının dəyəri olaraq 368 (üç yüz altmış səkkiz) manat, 16 (on altı) qəpik, cərimə borcu üzrə 200 (iki yüz) manat olmaqla, cəmi 4.332 (dörd min üç yüz otuz iki) manat, 36 (otuz altı) qəpik məbləğində pul Cavabdeh tutularaq Holcim (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Mediasiya xərcinin əvəzi olaraq 60 (altmış) manat məbləğində pul Cavabdeh tutularaq Holcim (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 12 (on iki) manat məbləğində pul Cavabdeh tutularaq Holcim (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov