Məhkəmə qərarları › İş №e-2-2(113)-6925/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6925/2024

31.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6925/2024 31.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: nisyə alqı-satqı müqaviləsi, prosessual maraq, dəbbə pulunun azaldılması) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 30096,32 manat əsas borcun, 6000 manat məbləğində dəbbə pulunun və ödənilmiş 199,27 manat dövlət rüsumunun, 325 manat hüquqi yardım xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixdə məhsulların alqı-satqısı üzrə 67 FP saylı müqavilə bağlanmışdır. Müqavilə üzrə iddiaçı cavabdeh tərəfindən sifariş olunmuş məhsulları sonuncuya müəyyənləşdirilmiş qaydada təhvil verməyi, cavabdeh isə təhvil verilmiş məhsulların qəbul edilməsi və onların dəyərinin vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə öz öhdəliklərini yerinə yetirərək sifariş olunan ümumilikdə 35996,32 manat (ƏDV daxil) dəyərində məhsulları cavabdehə lazımi qaydada təhvil vermiş, cavabdeh məhsulları qəbul etsə də, ödəməli olduğu məbləğdən cəmi 5900 manat ödəniş etmiş, qalan 30096,32 manat məbləği bu günədək ödəməmişdir. Yaranmış borcun ödənilməsi üçün cavabdehlə şifahi danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir nəticə verməmiş, borcun ödənilməsi təmin edilməmişdir. Eyni zamanda mübahisənin pretenziya qaydasında nizama salınması üçün cavabdehə rəsmi qaydada xəbərdarlıq məktubları göndərilmiş, lakin cavabdeh xəbərdarlıq məktublarına heç bir münasibət bildirməmişdir. Odur ki iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 2.2. Malların tərəflər arasında razılaşdırılmış qiymətləri 67 FP saylı müqaviləyə xx.xx.2023-cü il tarixli (1 nömrəli), xx.xx.2023-cü il tarixli (2 nömrəli) və xx.xx.2023-cü il tarixli (3 nömrəli) əlavələrlə rəsmiləşdirilmişdir. Müqavilənin 6.1-ci bəndinə əsasən, müqavilə üzrə ödəmələr satıcının təqdim etdiyi sənədlər (qaimə-fakturalar, aktlar, digər sənədlər) əsasında ən qısa müddətdə, lakin müqavilənin 7.1-ci maddəsində qeyd olunmuş müddətdən gec olmamaq şərti ilə aparılır. Müqaviləyə uyğun olaraq cavabdeh tərəfindən sifariş olunmuş mallar xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli malların təhvil-təslim aktları və satış qaimələri əsasında cavabdehə təhvil verilmişdir. Müqavilənin 7.1-ci bəndinə əsasən məhsulların dəyərinin onların təhvil-təslim edilməsindən sonra 15 iş günü ərzində cavabdeh tərəfindən Azərbaycan manatı ilə iddiaçının bank hesabına köçürmə yolu ilə ödənilməli olmasına baxmayaraq, məhsulların cavabdehə təhvil verilməsindən 1 ilə yaxın müddət keçməsinə rəğmən, sonuncu dəyərini ödəməmişdir. 2.3. Müqavilənin 3.3.3-cü bəndinə əsasən cavabdeh tərəfindən müqavilə üzrə ödənişlərin gecikdirilmiş hər günü üçün iddiaçı tərəfindən ona müqavilə üzrə ödəniləcək ümumi məbləğin 0,5 faizi miqdarında cərimə hesablanır. Gecikdirilmiş günlərə görə xx.xx.2024-cü il tarixə hesablanmış cərimə müqaviləyə 1 saylı əlavə üzrə 18007,74 manat, 2 saylı əlavə üzrə 6545,81 manat, 3 saylı əlavə üzrə 14272,80 manat olmaqla cəmi 38826,35 manat təşkil edir. Lakin iddiaçı müqavilə üzrə hesablanmış dəbbə pulunun yalnız 6000 manat hissəsini tələb edir, qalan hissəsini isə cavabdehə güzəşt edir. Qeyd olunanlardan başqa, iddiaçı hazırkı iddianın verilməsi və məhkəmədə işin aparılmasından ötrü hüquqi yardım göstərilməsi haqqında müqaviləyə əsasən vəkilə 325 manat haqq ödəmişdir.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 443, 462-ci və s. maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahat verdi və təmin edilməsini xahiş etdi.

6. Məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri cavabdehin və qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərinə yerləşdirilməklə, cavabdehin hüquqi ünvanına göndərilməklə, qanuni təmsilçisinin mobil telefon nömrələrinə “SMS” bildirişlər çatdırılmaqla məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Alqı-satqı müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı

8. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

9. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

10. İddia ərizəsinə əlavə edilən iddiaçı (satıcı qismində) ilə cavabdeh (alıcı qismində) arasında xx.xx.2023-cü il tarixdə bağlanmış 67 FP nömrəli alqı-satqı müqaviləsinin şərtlərindən görünür ki, tərəflər bu müqavilədə təsdiq edirlər ki, Alıcı məhsulların alınması və xidmətlərin göstərilməsi üçün Satıcının təklif etdiyi şərtlər ilə razılaşmışdır (1.1). Satıcı məhsulların göndərilməsi, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi üzrə müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirib, məhsulları Alıcıya bu müqavilədə müəyyənləşdirilmiş qaydada təhvil verməlidir (1.3). Alıcı müqavilə üzrə göndərilmiş məhsulların, yerinə yetirilmiş işlərin və göstərilmiş xidmətlərin təxirə salınmadan (aşkar olunan qüsurların Satıcı tərəfindən aradan qaldırılmasını nəzərə almaqla) qəbul edilməsini və ödəmələrin vaxtında aparılmasını öhdəsinə götürür (1.4). Alıcı müqavilənin icrası ilə bağlı bütün məlumatların dəqiqliyinə və Satıcıya vaxtında çatdırılmasına təminat verir (1.5). Bu müqavilə üzrə məhsul və xidmətlərin adları, miqdarı və qiyməti “qaimə-faktura”da göstərilir və hər iki tərəfdən təsdiqlənir (2.1). Müqavilə ilə müəyyən olunan şərtlər çərçivəsində Satıcı “qaimə-faktura”da göstərilən məhsul və xidmətlər ilə Alıcını təchiz etməyi öz öhdəsinə götürür. Alıcı isə ona təhvil verilmiş məhsul və xidmətlərin dəyərini ödəməklə qəbul edir (2.2). Məhsullar müqavilə şərtlərinə uyğun olaraq, Alıcının səlahiyyətli nümayəndəsinin yazılı və ya şifahi sifarişi əsasında, Alıcının Bakı şəhərində yerləşən filialları üzrə 3 (üç) iş günü, rayon filialları üzrə isə 7 (yeddi) iş günü ərzində Alıcının səlahiyyətli nümayəndəsinə təhvil verilir (5.1). Məhsul və xidmətlərin təslim edilməsi günü kimi təhvil-təslim aktı və ya qaimə-faktura, işlərin və digər xidmətlərin göstərilməsi halında isə xidmət aktının tarixi qəbul edilir (5.2). Məhsul və xidmətlər, onlar üçün tərtib olunan təhvil-təslim aktı və ya qaimə-faktura, işlərin və digər xidmətlərin göstərilməsi halında isə xidmət aktında qeyd olunan say və ya təsvir üzrə təhvil verilir və qəbul edilir. Məhsullar Alıcıya çatdırıldıqda, Satıcı və Alıcının nümayəndələri məhsulların təhvilini sübut edən müvafiq təhvil-təslim aktını imzalayır. Bu sənəd Alıcıya təhvil verilən məhsulların çatdırılma tarixini, miqdarını, dəyərini, tələb olunan keyfiyyətdə və ya işlək vəziyyətdə olmasını və digər təfərrüatları əks etdirir. Məhsulların Alıcıya çatdırılınası xərcləri Satıcı tərəfindən ödənilir (5.3). Müqavilə üzrə ödəmələr Satıcının təqdim etdiyi sənədlər (qaimə-fakturalar, aktlar, digər sənədlər) əsasında ən qısa müddətdə, lakin bu müqavilənin 7.1-ci maddəsində qeyd olunmuş müddətdən gec olmamaq şərti ilə aparılır (6.1). Alıcı, Satıcıya məhsulların göndərilməsi, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi üzrə müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirməsi üçün avans ödəyə bilər (6.2). Müqavilə Satıcı və ya Alıcı tərəfindən ləğv olunursa, tərəflər ödəmələrin (o cümlədən avans və digər ödəmələrin) məbləğini müəyyənləşdirən və müqavilənin icrasını təsdiq edən sənədlər tərtib edirlər. Tərtib olunmuş sənədlər əsasında müəyyən edilmiş fərq 15 təqvim günü ərzində ödənilir (6.3). Məhsul və xidmətlərin dəyəri üzrə hesablaşma, onların təhvil-təslim edilməsindən sonra 15 (on beş) iş günü ərzində Alıcı tərəfindən Azərbaycan manatı ilə Satıcının bank hesabına köçürülmə yolu ilə həyata keçirilir (7.1).

11. Həmin müqaviləyə xx.xx.2023-cü il tarixli 01 nömrəli qiymətlərin razılaşdırılması haqqında protokol ilə ƏDV daxil olmaqla 18362,1 manat, xx.xx.2023-cü il tarixli 02 nömrəli qiymətlərin razılaşdırılması haqqında protokol ilə ƏDV daxil olmaqla 4658,94 manat, xx.xx.2023-cü il tarixli 02 nömrəli qiymətlərin razılaşdırılması haqqında protokol ilə ƏDV daxil olmaqla 12975,28 manat dəyərində mal-materialın miqdarı, ölçüsü və qiyməti razılaşdırılmışdır.

12. Məhkəməyə təqdim edilən hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş təhviltəslim aktlarından görünür ki, 17 oktyabr 2023-cü il tarixdə ƏDV daxil olmaqla 18362,1 manat, 23 oktyabr 2023-cü il tarixdə ƏDV daxil olmaqla 12975,28 manat və 4658,94 manat olmaqla ümumilikdə 35996,32 manat dəyərində mal iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.

13. İş materiallarında olan ödəniş tapşırığı və icra qeydindən görünür ki, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə 5000 manat məbləğində pul iddiaçının bank hesabına köçürülmüşdür.

14. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “ƏDV-nin depozit hesabı” altsistemindən çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə 900 manat məbləğində pul cavabdeh tərəfindən iddiaçının subhesabına köçürülmüşdür.

15. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixli 67 FP nömrəli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı məhsulları müqavilədə müəyyənləşdirilmiş qaydada cavabdehə təhvil verməyi, cavabdeh isə göndərilmiş məhsulları təxirəsalınmadan qəbul etməyi və ödəmələrin vaxtında aparılmasını öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən ƏDV daxil olmaqla 35996,32 manat dəyərində mal təhvil-təslim aktları əsasında cavabdehə verilmiş, cavabdeh tərəfindən ƏDV daxil 5900 manat məbləğində ödəniş edilmişdir.

16. İddiaçı xx.xx.2023-cü il tarixli 67 FP nömrəli alqı-satqı müqaviləsi üzrə malların qalıq dəyəri olan 30096,32 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş edir.

17. Cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən məhkəmə iclaslarında iştirak etmir.

18. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

19. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).

20. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.

21. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına, özünün və qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabineti vasitəsilə iddiaçı tərəfindən təqdim edilmiş bütün sübutlarla real vaxt rejimində tanış olmaq imkanına malik olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.

22. Məhkəmə əvvəla alqı-satqı müqaviləsi ilə bağlı mülki qanunvericilik normalarının təhlilini zəruri hesab edir.

23. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

24. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.

25. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir.

26. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

27. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə nisyə alqı-satqı müqaviləsi olub (müqavilənin 7.1-ci bəndinə əsasən, malların təhvil-təslim edilməsindən sonra 15 iş günü ərzində ödənilməsinin şərtləşdirildiyi nəzərə alındığında), iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.

28. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

29. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnu realizə edir.

30. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

31. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

32. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

33. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

34. Beləliklə, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

35. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi əsas borca münasibətdə təmin olunmalı, xx.xx.2023-cü il tarixli 67 FP nömrəli alqı-satqı müqaviləsi üzrə 30096,32 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

b) Alqı-satqı müqaviləsi üzrə dəbbə pulunun tutulması tələbi ilə bağlı

36. İddia ərizəsində iddiaçı həmçinin 6000 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulmasını xahiş edir.

37. xx.xx.2023-cü il tarixli 67 FP nömrəli müqavilənin 3.3.3-cü bəndinə əsasən, Alıcı tərəfindən bu Müqavilə üzrə etdiyi ödənişlərin gecikdirilmiş hər günü üçün Satıcı tərəfindən ona bu müqavilə üzrə ödəniləcək ümumi məbləğinin 0,5% (sıfır tam onda beş faiz) miqdarında cərimə tətbiq edilə bilər.

38. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

39. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

40. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).

41. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl mübahisənin pretenziya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır. Həmçinin xx.xx.2023-cü il tarixli 67 FP nömrəli alqısatqı müqaviləsi üzrə sonuncu mallar xx.xx.2023-cü il tarixdə verildiyi, sonuncu ödəniş isə xx.xx.2023-cü il tarixdə edildiyi halda, iddiaçı da uzun müddət sonra – xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etməklə dəbbə pulunun artmasına rəvac vermişdir.

42. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulmalı cərimə məbləğinin 1500 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.

43. Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi cərimənin tutulması hissəsində qismən təmin edilməli, 1500 manat məbləğində cərimə Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

c) Məhkəmə xərcləri ilə bağlı

44. İddiaçı eyni zamanda ödənilmiş 199,27 manat dövlət rüsumunun, 325 manat hüquqi yardım xərcinin də tutulmasını tələb edir.

45. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, **********43 nömrəli mədaxil qəbzi ilə 200 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

46. Məhkəməyə təqdim edilən xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, 325 manat məbləğində pul “De Fendo” vəkil bürosuna ödənilmişdir (xx.xx.2024-cü il tarixli EM- 2334VK-5710/24 nömrəli müqavilə; xx.xx.2024-cü il tarixli EO-2334VK-4212/24 nömrəli order).

47. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

48. Həmin Məcəllənin 115.0 və 115.0.6-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə, o cümlədən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir.

49. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

50. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

51. Məhkəmə kommersiya mübahisəsinin xarakterinin mürəkkəbliyini və sübutların dairəsini, iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliyin tələbinə əsasən icra edilməli olan hərəkətlərin dairəsini (pretenziya tələbinə əməl olunması, iddia ərizəsi və əlavə olunan sənədlərin xüsusi qaydada çatdırılması və s.), məhkəmə iclaslarının sayını və müddətini nəzərə alaraq hesab edir ki, vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi olaraq 325 manat məbləğində pul ağlabatandır və cavabdehdən tutulmalıdır.

52. Beləliklə, iddia tələbinin qismən təmin edildiyini və yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 174 manat, hüquqi yardım xərcinin əvəzi olaraq 325 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

V. Nəticə:

53. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 09 oktyabr 2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 30096,32 manat əsas borc, 1500 manat cərimə məbləği olmaqla ümumilikdə 31596,32 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 174 manat, hüquqi yardım xərcinin əvəzi olaraq 325 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar