Məhkəmə qərarları › İş №e-2-2(113)-6927/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6927/2025

05.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6927/2025 05.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: yük daşınması müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızı, İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiasına kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı QSC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli, İK/AUC-xx.xx.2025 nömrəli yükdaşıma xidmətlərinin göstərilməsi müqaviləsinə əsasən yaranmış 6737 (altı min yeddi yüz otuz yeddi) manat, 80 (səksən) qəpik əsas borcun, 673 (altı yüz yetmiş üç) manat, 70 (yetmiş) qəpik cərimə məbləğinin, 95 (doxsan beş) manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti yükdaşıma, taksi və broker xidmətlərini həyata keçirir. Göstərilən fəaliyyətimizlə əlaqədar cavabdeh “X2" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə xx.xx.2025-ci il tarixli, İK/AUCxx.xx.2025 nömrəli yükdaşıma xidmətlərinin göstərilməsi müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən İcraçı Sifarişçinin sifarişi əsasında Sifarişçiyə məxsus malları və müxtəlif növ yükü daşımaqla yükdaşıma xidmətləri göstərməyi, Sifarişçi isə İcraçıya bu müqavilənin 4-cü bəndində nəzərdə tutulmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 4.1-cü bəndinə əsasən xidmət haqqı ay ərzində görülmüş işlərin həcmindən asılı olaraq müəyyən edilir, təqdim edilmiş aktlarda və elektron qaimələrdə öz əksini tapır. Razışlaşdırılmış xidmət haqqına ƏDV xərcləri əlavə olunur. Müvafiq müqavilə çərçivəsində cavabdehə ümumi dəyəri 10950 (on min doqquz yüz əlli) manat, 40 (qırx) qəpik (ƏDV daxil olmaqla) dəyərində xidmət göstərilmişdir. Yükdaşıma müqaviləsinin 4.2-ci maddəsinə əsasən müqavilə üzrə ödənişlər hər ay üçün bu müqavilənin 4.1-ci bəndində müəyyən edilmiş sənədlər əsasında elektron qaimə göndərildiyi vaxtdan etibarən 5 gün ərzində həyata keçirilməli idi. Bildiririk ki, iddiaçı olaraq üzərimizə götürdüyümüz öhdəlikləri tam şəkildə yerinə yetirməyimizə baxmayaraq, cavabdeh tərəfindən müqavilə üzrə ödənişlər bugünədək tam şəkildə həyata keçirilməmişdir. Belə ki, cavabdeh bu məbləğin yalnız 4212 manat (dörd min iki yüz on iki) manat, 60 (altmış) qəpik hissəsini ödəmiş, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli elektron qaimələr üzrə ödənişləri həyata keçirməmişdir. Beləliklə, cavabdeh “X2" MMC-nin bu müqavilə üzrə əsas borcu6737 (altı min yeddi yüz otuz yeddi) manat, 80 (səksən) qəpik (18% ƏDV daxil) təşkil edir. Yekun olaraq qeyd edirik ki, xx.xx.2025-ci il tarixli, İK/AUC-xx.xx.2025 nömrəli yükdaşıma xidmətlərinin göstərilməsi müqaviləsi üzrə “X2" MMC-nin "X1" QSC-yə6737 (altı min yeddi yüz otuz yeddi) manat, 80 (səksən) qəpik borcu mövcuddur. Bundan əlavə 06 yanvar 2025-ci il tarixli müqavilənin 4.3-cü maddəsinə əsasən bu müqavilənin 4.2-ci bəndinə əsasən yaranmış öhdəliyin ödənişi Sifarişçi tərəfindən 5 günü keçərsə, ödəniləcək məbləğə gündəlik 0.5 % dəbbə pulu hesablanır. Bu əsas üzrə cavabdehin müəssisəmizə əlavə olaraq 673 (altı yüz yetmiş üç) manat, 70 (yetmiş) qəpik cərimə borcu da yaranmışdır. · İDDİAÇİNİN SEÇİMİNƏ GÖRƏ AİDİYYƏT: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.11-ci maddəsinə əsasən icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. Tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli, İK/AUCxx.xx.2025 nömrəli yükdaşıma xidmətlərinin göstərilməsi müqaviləsinin 7.2-ci bəndində “danışıqlarla həll edilə bilməyən məsələlərin müqavilənin icra yeri üzrə iqtisadi məhkəmələr vasitəsilə həll olunacağı” nəzərdə tutulmuşdur. Müqavilənin həmin bəndinə əsasən icra yeri kimi İddiaçı QSC-nin yerləşdiyi ünvan – Bakı şəhəri, Binəqədi rayonu, Mədən küçəsi, ev 4 müəyyən edilmişdir. II. Məhkəmə baxışının hədləri:

3. Mülki Prosessual Məcəllənin: - Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

4. İddiaçı (icraçı) ilə cavabdeh (sifarişçi) arasında bağlanmış 06 yanvar 2025-ci il tarixli, İK/AUC-xx.xx.2025 nömrəli “Yükdaşıma xidmətlərinin göstərilməsi haqqında” müqavilənin 1.1-ci bəndinə əsasən icraçı sifarişçinin sifarişi əsasında sifarişçiyə məxsus malları və müxtəlif növ yükü daşımaqla yükdaşıma xidmətləri göstərməyi, sifarişçi isə icraçıya bu müqavilənin 4-cü bəndində nəzərdə tutulmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyi öhdəsinə götürür.

5. Müqavilənin 4.1-ci bəndinə əsasən xidmət haqqı ay ərzində görülmüş işlərin həcmindən asılı olaraq müəyyən edilir, təqdim edilmiş aktlarda və elektron qaimələrdə öz əksini tapır. Razışlaşdırılmış xidmət haqqına ƏDV xərcləri əlavə olunur.

6. Müqavilənin 4.2-ci bəndinə əsasən ödənişlər hər ay üçün bu müqavilənin 4.1-ci bəndində müəyyən edilmiş sənədlər əsasında elektron qaimə göndərildiyi vaxtdan etibarən 5 gün ərzində həyata keçirilməlidir.

7. İddiaçı tərəfindən cavabdehə xx.xx.2025-ci il tarixli MT2503 10653773 nömrəli 5628,6 manat məbləğində, xx.xx.2025-ci il tarixli MT2504 10941001 nömrəli 637,2 manat məbləğində, xx.xx.2025-ci il tarixli MT2506 11256306 nömrəli 472 manat məbləğində elektron qaimələr təqdim olunmuşdur.

8. İddiaçı tərəfindən cavabdehə xx.xx.2025-ci il tarixli 5628,6 manat məbləğində, xx.xx.2025-ci il tarixli 637,2 manat məbləğində, xx.xx.2025-ci il tarixli 472 manat məbləğində hesab-fakturalar təqdim olunmuşdur.

9. Göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında xx.xx.2025-ci il tarixli akta görə 5628,6 manat, xx.xx.2025-ci il tarixli akta görə 637,2 manat, xx.xx.2025-ci il tarixli akta görə 472 manat məbləğində xidmət icraçı tərəfindən yerinə yetirilmişdir. Aktlar tərəflərin möhürləri və nümayəndələrin imzaları ilə təsdiq edilmişdir.

10. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir.

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.

12. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, cavabdehin yaranmış borcun ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 06 yanvar 2025-ci il tarixli, İK/AUC-xx.xx.2025 nömrəli “Yükdaşıma xidmətlərinin göstərilməsi haqqında” müqavilədən irəli gəlir. Cavabdehin həmin müqavilə üzrə üzərinə düşən öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir.

13. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

14. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

16. 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;

17. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

18. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

19. 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir.

20. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

21. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

22. 850.1-ci maddəsinə görə yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.

23. 852.1-ci maddəsinə görə ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir.

24. 852.4-cü maddəsinə əsasən ekspeditorun öz xidmətləri üçün muzd almaq və yük göndərən üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsi hüququ vardır.

25. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin “Yükdaşıma xidmətlərinin göstərilməsi haqqında” müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 6737,8 manat məbləğində borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia əsas borcun tutulması hissəsində əsaslı olduğundan təmin edilməli, cavabdehdən 6737,8 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir.

26. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış müqaviləyə əsasən hesablanmış 673,7 manat cərimənin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

27. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

28. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

29. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

30. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 300 manat məbləğində müəyyən edilməlidir.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

32. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğundan iş üzrə ödənilmiş 90,38 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 4,62 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.

IV. Nəticə:

33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 6737,80 manat əsas borc, 300 manat dəbbə pulu, 90,38 manat dövlət rüsumu, ümumilikdə 7128,18 (yeddi min bir yüz iyirmi səkkiz manat on səkkiz qəpik) manat məbləğində pul tutularaq İddiaçı QSC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 4,62 (dörd manat altmış iki qəpik) manat dövlət rüsumu İddiaçı QSC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar