Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-693/2020 14.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi Qanuni nümayəndə və vəkili Vəkil iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkətinə qarşı sığorta məbləğinin ödənilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 100000 manat məbləğində sığorta ödənişinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, “xxxx” MMC xx xxx 2019-cu il tarixdə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti ilə sığorta müqaviləsi bağlamışdır. “xxxx” MMC yuyucu vasitələr satmaqla məşğul olmuş və “Sədərək” X1 korpusu 30, 2 nömrəli anbar sığorta müqaviləsinə əsasən yanğın, partlayışdan sığorta edilmişdir. Həmin müqaviləyə əsasən sığorta haqqı 400 manat müəyyən edilmişdir. Sığorta hadisəsi, yəni, “Sədərək” Ticarət Mərkəzində yanğın olduğundan xx xxx 2019-cu il tarixli, 005370 saylı sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişinin verilməsi barədə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət edilmişdir. Cavab məktubunda bildirilmişdir ki, “005370 saylı sığorta müqaviləsi şirkətin Nizami filalı tərəfindən xx.xx.2019-cu il tarixdə təqdim edilsə də, sığortalı tərəf öz hüquqi sənədlərini təqdim etməmiş və qanunla müəyyən edilmiş qaydada sığorta haqqı Dövlət Sığorta Şirkətinin bank hesabına köçürülməmişdir. 005370 saylısığorta şəhadətnaməsi Şirkətin Nizami filialı tərəfindən xx.xx.2019-cu il tarixdə mövcud olmayan “xxxx” MMC ilə bağlandığından və müqavilə üzrə sığorta haqqı ödənilmədiyindən sığorta şəhadətnaməsi etibarsız hesab edilərək ləğv edilmişdir”. Belə ki, “xxxx” MMC-nin adı xx xxx 2019-cu il tarixində dəyişdirilərək İddiaçı MMC olmuşdur. xx xxx 2019-cu il tarixli sığorta müqaviləsinin bağlanmasından sonra müqavilə üzrə müəyyənləşdirildiyi kimi xx xxxx 2019-cu il tarixində cavabdehin bank hesabına 400 manat məbləğində sığorta haqqı köçürülmüşdür. Hazırda İddiaçı MMC-yə məxsus olan anbarda yanğın, partlayış olduğundan cavabdeh tərəfindən 100000 manat məbləğində sığorta ödənişi edilməlidir. İddiaçının nümayəndəsi Qanuni nümayəndə iddianı müdafiə etdiyini, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdiyini bildirdi və əlavə olaraq izahatında göstərdi ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti imtina məktubunda “xxxx” MMC-nin ləğv olunduğunu qeyd etsə də, həmin hüquqi şəxs ləğv olunmamış, yalnız adı dəyişdirilmişdir. Bundan başqa sığorta haqqı da tam şəkildə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə ödənilmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Mülki iş materiallarında olan: - AS seriyalı, 005370 №-li, xx xxx 2019-cu il tarixli əmlakın yanğın və digər əlavə risklərdən sığorta şəhadətnaməsinin surətindən görünür ki, 400 manat məbləğində sığorta haqqı ödənilməklə “xxxx” MMC-yə məxsus rayonu, Lökbatan qəsəbəsi Sədərək ticarət mərkəzinin 30-cu korpusunda yerləşən 2-ci mağazada hazır məhsul, mallar, xammal – materiallar və s. xx xxx 2019-cu il tarixdən xx xxx 2020-ci il tarixədək – 100000 manat məbləğində sığortalanmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə – əmtəəşünaslıq ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli, 20757 rəyində qeyd olunmuşdur ki, xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzinin Şirniyyat adlanan sahəsinin 30cu korpusunda baş vermiş yanğın nəticəsində əmtəə üzrə pərakəndə satışda mövcud olan analoji mallar üzrə təqdim edilmiş məlumatlara əsasən Lökbatan qəsəbəsi Sədərək ticarət mərkəzinin 30-cu korpusunda yerləşən 2-ci mağazadakı malların nəzəri hesablama yolu ilə orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 158126 manat müəyyən edilir. - Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Əməliyyat – İstintaq İdarəsinin xx xxxxxx 2020-ci il tarixli qərarının surətindən görünür ki, xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzinin Şirniyyat adlanan sahəsinin 30-cü korpusunda baş vermiş yanğında cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. - xx xxxxxx 2019-cu il tarixli hesabdan çıxarışdan görünür ki, 400 manat məbləğində sığorta ödənişi Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkətinə ödənilmişdir. - Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xx xxxx 2019-cu il tarixli məktubunda qeyd olunmuşdur ki, 005370 saylı sığorta müqaviləsi şirkətin Nizami filalı tərəfindən xx.xx.2019-cu il tarixdə təqdim edilsə də, sığortalı tərəf öz hüquqi sənədlərini təqdim etməmiş və qanunla müəyyən edilmiş qaydada sığorta haqqı Dövlət Sığorta Şirkətinin bank hesabına köçürülməmişdir. 005370 saylısığorta şəhadətnaməsi Şirkətin Nizami filialı tərəfindən xx.xx.2019-cu il tarixdə mövcud olmayan “xxxx” MMC ilə bağlandığından və müqavilə üzrə sığorta haqqı ödənilmədiyindən sığorta şəhadətnaməsi etibarsız hesab edilərək ləğv edilmişdir. - xx xxxx 2019-cu il tarixdə verilmiş Kommersiya qurumunun Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, “xxxx” MMC xx xxx 2019-cu il tarixdə İddiaçı MMC adı ilə qeydə alınmışdır. - İddiaçı MMC-nin nizamnaməsinin surətindən görünür ki, həmin nizamnamə xx xxxx 2019-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır və cəmiyyətin əvvəlki adı “xxxx” MMC olmuşdur. - xx xxxx 2019-cu il tarixli təhvil – təslim aktının məzmunundan görünür ki, “xxxx” MMC-nin adının dəyişməsi cəmiyyətin təsisçilərinin ad dəyişmə ilə bağlı xx xxxx 2019-cu il tarixli qərarına əsasən aparılmışdır. Məhkəmə iş materiallarını tədqiq etməklə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. - 888.2-ci maddəsinə əsasən əmlakın sığortası zamanı əmlakın zədələnməsi, itirilməsi (məhv olması) və çatışmazlığı, eyni zamanda əmlak hüquqlarının itirilməsi ilə bağlı risklər sığortalanır. - 889.1 və 889.2-ci maddəsinə əsasən sığorta marağı sığorta hadisəsinin baş verəcəyi təqdirdə şəxsin maliyyə itkisinə məruz qalması ehtimalı ilə şərtlənən və onun sığorta obyektini sığorta etdirmək hüququnun əsaslandığı mənafedir. Sığorta marağının mövcudluğu qanunla və ya mülki-hüquqi müqavilə ilə tanınır. Şəxslə sığorta predmeti arasında bu cür tanınan əlaqə yoxdursa, sığorta marağının mövcud olmadığı hesab edilir. - 899.1-ci maddəsinə əsasən sığorta müqaviləsi yazılı olaraq aşağıdakı hər hansı bir formada bağlanır: tərəflərin müvafiq sığorta qaydaları əsasında sığorta müqaviləsi adlanan sənədi tərtib edərək qarşılıqlı imzalaması yolu ilə, müvafiq sığorta qaydaları ilə sığortalının razı olmasını təsdiq etməsi şərti ilə sığortaçı tərəfindən ona sığorta şəhadətnaməsinin verilməsi yolu ilə. - 901.1-ci maddəsinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulan hallar istisna olmaqla, sığortaçı sığortalıya sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəd - sığorta şəhadətnaməsi verməlidir. - 904.1 və 904.2-ci maddəsinə əsasən sığorta məbləği sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin son həddidir. Sığorta məbləği icbari sığorta üzrə icbari sığorta qanunları ilə, könüllü sığorta üzrə sığorta müqaviləsi ilə müəyyənləşdirilir. İşin faktiki halları ilə müəyyən olunur ki, “xxxx” MMC-yə məxsus rayonu, Lökbatan qəsəbəsi Sədərək ticarət mərkəzinin 30-cu korpusunda yerləşən 2-ci mağazada hazır məhsul, mallar, xammal – materiallar və s. xx xxx 2019-cu il tarixdən xx xxx 2020-ci il tarixədək – 100000 manat məbləğində sığortalanmış, müqavilənin qüvvədə olduğu müddət ərzində sığorta hadisəsi baş vermişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkəti sığorta ödənişinin verilməsindən imtinanı aşağıdakı xüsusatlarla əsaslandırmışdır: - sığortalı tərəfin öz hüquqi sənədlərini təqdim etməməsi və qanunla müəyyən edilmiş vaxtda sığorta haqqını köçürməməsi; - xx xxx 2019-cu il tarixdən “xxxx” MMC ləğv edilərək “xxxx” MMC kimi qeydiyyata alındığından müqavilənin mövcud olmayan “xxxx” MMC ilə bağlanması. - sığorta haqqı ödənilmədiyindən və müqavilənin mövcud olmayan hüquqi şəxslə bağlandığından sığorta şəhadətnaməsinin etibarsız hesab edilərək ləğv edilməsi. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 903.1 – 903.6-cı maddəsində qeyd olunmuşdur ki, sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir. Sığorta haqqının miqdarı və ya onun hesablanması və ödənilməsi qaydası könüllü sığortada sığorta müqaviləsi ilə, icbari sığortada isə icbari sığorta qanunları ilə müəyyən edilir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa hal nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsində sığorta haqqının hissə-hissə ödənilməsi razılaşdırıla bilər. Müqavilədə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsindən sonra qüvvəyə minir. Sığorta haqqı və ya onun hissəsi vaxtında ödənilmədikdə sığortaçı onun ödənilməsi üçün bu Məcəllənin 903.6-cı maddəsinin tələbini nəzərə alaraq yazılı surətdə 15 günədək müddət müəyyən edə bilər. Hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1 aydan gec olmayaraq ödənilməlidir. AS seriyalı, 005370 №-li, xx xxx 2019-cu il tarixli əmlakın yanğın və digər əlavə risklərdən sığorta şəhadətnaməsində 400 manat məbləğində sığorta haqqının köçürmə yolu ilə ödənilməsi nəzərdə tutulmuşdur. xx xxxxxx 2019-cu il tarixli hesabdan çıxarışla da təsdiq olunur ki, 400 manat məbləğində sığorta ödənişi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 903.6-cı maddəsinin tələblərinə uyğun olaraq 1 aydan gec olmayaraq, sığorta şəhadətnaməsi verildikdən 13 gün sonra - xx xxxx 2019-cu il tarixdə köçürmə yolu ilə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkətinə ödənilmiş və həmin Məcəllənin 903.4-cü maddəsinə müvafiq olaraq müqavilə qüvvəyə minmişdir. Buna görə də məhkəmə hesab edir ki, sığorta haqqının ödənilməməsi ilə bağlı cavabdehin rəsmi məktubunda qeyd etdiyi xüsusat əsassızdır. Ödənişin verilməsindən imtinanın digər əsası kimi “xxxx” MMC-nin ləğv edilərək “xxxx” MMC kimi qeydiyyata alındığından müqavilənin mövcud olmayan “xxxx” MMC ilə bağlanması göstərilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 59.1-ci maddəsinə əsasən hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. - 56-cı maddəsinə əsasən hüquqi şəxslər birləşdikdə onlardan hər birinin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. Hüquqi şəxs digər hüquqi şəxsə qoşulduqda qoşulan hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq əvvəlki hüquqi şəxsə keçir. Hüquqi şəxs bölündükdə onun hüquq və vəzifələri bölünmə balansına uyğun olaraq yeni yaranmış hüquqi şəxslərə keçir. Hüquqi şəxsin tərkibindən bir və ya bir neçə hüquqi şəxs ayrıldıqda yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri bölünmə balansına uyğun olaraq onların hər birinə keçir. Bir növdən olan hüquqi şəxs digər növdən olan hüquqi şəxsə çevrildikdə (təşkilati-hüquqi formanın dəyişməsi) yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. Qeyd olunan normaların müqayisəli təhlilindən görünür ki, hüquqi şəxs yalnız ləğv edildikdə onun hüquq və vəzifələri başqa şəxsə keçmir, digər hallarda isə yeni yaranmış hüquqi şəxsə keçir. İddiaçı tərəfindən təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, “xxxx” MMC ləğv olunmamışdır, yalnız hüquqi şəxsin adı dəyişdirilərək İddiaçı MMC adı ilə qeydə alınmışdır. Hüquqi şəxsin adının dəyişdirilməsi isə həmin hüquqi şəxs qarşısında öhdəliyin icrasında imtina üçün əsas ola bilməz. Sığorta ödənişinin verilməsindən imtinanın 3-cü əsası olaraq sığorta haqqı ödənilmədiyindən və müqavilənin mövcud olmayan hüquqi şəxslə bağlandığından sığorta şəhadətnaməsinin etibarsız hesab edilərək ləğv edilməsi qeyd olunmuşdur. Mülki Məcəllənin 899.1-ci maddəsi müvafiq sığorta qaydaları ilə sığortalının razı olmasını təsdiq etməsi şərti ilə sığortaçı tərəfindən ona sığorta şəhadətnaməsinin verilməsini sığorta müqaviləsinin bağlanması kimi qiymətləndirir. İlk növbədə onu qeyd etmək lazımdır ki, mülki hüquqda əqdin etibarsızlığı və ləğvi fərqli anlayışlardır və əqdin etibarsız olduğu halda ləğvi üçün əsaslar mövcud ola bilməz. Çünki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkəti imtina məktubunda etibarsızlığın hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337-ci maddəsinə istinad etmişdir. Həmin maddənin tələbinə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Lakin qeyd olunan normadan başqa sığorta müqaviləsinin bağlandığı andan etibarsız sayılması üçün şərtlər xüsusi norma kimi Mülki Məcəllənin 908-ci maddəsində də öz əksini tapmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 908.1-ci maddəsinə əsasən əqdlərin etibarsızlığının həmin Məcəllə ilə nəzərdə tutulmuş ümumi əsasları ilə yanaşı, sığorta müqaviləsi aşağıdakı hallarda bağlandığı andan etibarsız sayılır: sığorta obyekti məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən müsadirə edilməli əmlakla bağlı olduqda, sığorta müqaviləsi sığortaçının və ya sığortalının adından müqavilə bağlamağa ixtiyarı olmayan şəxslərlə bağlandıqda, sığorta müqaviləsi bağlandığı anda sığorta predmeti mövcud olmadıqda, sığorta obyekti sığortalının qeyri-qanuni mənafeləri ilə, həmçinin sığortalanması qadağan olunmuş mənafeləri ilə bağlı olduqda, əmlak bir və ya bir neçə sığorta müqaviləsi ilə həqiqi dəyərindən artıq məbləğə sığortalandıqda sığorta məbləğinin sığorta dəyərindən artıq olan hissəsində, sığorta qaydalarında nəzərdə tutulmayan və sığortalının vəziyyətini pisləşdirən əlavə şərtlər sığorta müqaviləsinə daxil edildikdə həmin şərtlərə münasibətdə, sığorta fəaliyyəti ilə məşğul olmaq hüququ olmayan və ya müvafiq sığorta növünü aparmağa icazəsi olmayan şəxs sığortaçı qismində müvafiq sığorta müqaviləsini bağladıqda (bu halda ödənilmiş sığorta haqları tam həcmdə sığortalıya qaytarılır), sığorta marağı mövcud olmadıqda. Lakin işin hallarından göründüyü kimi sığorta müqaviləsi bağlanarkən Mülki Məcəllədə müəyyənləşdirilmiş heç bir şərt pozulmamışdır və həmin Məcəllənin 908.1-ci maddəsində nəzərdə tutulan hallar da mövcud deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Yəni, müqavilənin ləğv edilməsi üçün hər iki tərəfin iradə ifadəsi zəruri olduğu halda, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkəti qeyd olunan normanın tələbinə zidd olaraq birtərəfli qaydada sığorta müqaviləsinin etibarsız hesab edilərək ləğv olunduğunu əsas gətirmişdir. Bundan başqa xüsusi norma olaraq sığorta müqaviləsinə xitam verilməsinin əsasları Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 919.1-ci maddəsində öz əksini tapmışdır. Həmin maddənin tələbinə əsasən sığorta müqaviləsinə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir: sığorta predmeti artıq mövcud olmadıqda, aşağıdakı hallar istisna olmaqla, sığortalı fiziki şəxs öldükdə və ya sığortalı hüquqi şəxs ləğv olunduqda, sığorta müqaviləsi üzrə sığortalı olmayan sığorta olunan vəfat etdikdə sığortalının onun başqası ilə əvəz olunması təklifinə sığortaçı etiraz etdikdə, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda, yaxud sığorta müqaviləsində digər hal nəzərdə tutulmamışdırsa, sığortalanmış əmlak özgəninkiləşdirilərkən sığortaçı sığortalının hüquq və vəzifələrinin əmlakın yeni mülkiyyətçisinə, sahibinə və ya istifadəçisinə keçməsinə etiraz etdikdə; əmlak özgəninkiləşdirilərkən sığortaçı sığortalının hüquq və vəzifələrinin əmlakın yeni mülkiyyətçisinə, sahibinə və ya istifadəçisinə keçməsinə etiraz etmədikdə əlavə sığorta haqqı ödənilmədən sığorta müqaviləsi üzrə sığortalı dəyişdirilir, sığorta hadisəsinin baş verməsi ehtimalı olmadıqda və sığorta riskinin mövcudluğu, səbəbi sığorta hadisəsi olmayan hallara görə başa çatdıqda, sığortaçı sığortalı qarşısında öz öhdəliklərini tam olaraq yerinə yetirdikdə, sığortalı sığorta haqqını icbari sığorta qanunlarında və ya sığorta müqaviləsində müəyyən edilən qaydada ödəmədikdə, sığorta marağı artıq mövcud olmadıqda, sığortalı və ya sığortaçı sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsi tələbi ilə çıxış etdikdə. Lakin işin hallarından görünür ki, bu maddədə qeyd olunan əsaslardan heç biri mövcud deyildir. Bundan başqa Mülki Məcəllənin 920.1 və 920.2-ci maddəsində qeyd olunur ki, həmin Məcəllənin 919-cu maddəsində göstərilən hallarda sığorta müqaviləsinə xitam verilməsi üçün əsas olan şərait yarandıqda bu Məcəllənin 920.2-ci maddəsi nəzərə alınmaqla müqaviləyə xitam verilməsində maraqlı olan tərəf dərhal digər tərəfi bu barədə xəbərdar etməlidir. Sığorta müqaviləsinə bu Məcəllənin 919.1.9-cu maddəsinə uyğun olaraq sığortalının və ya sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verilərkən bu barədə bir tərəf digərinə ən azı 30 gün əvvəl (sığorta müqaviləsi beş ildən çox müddətə bağlanmış olduqda 60 gün, 3 aydan az müddətə bağlanmış olduqda isə 5 iş günü əvvəl) tələbini əsaslandırdığı yazılı bildiriş göndərməlidir. Lakin Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkəti tərəfindən qeyd olunan prosedurlar da aparılmamış, yəni, qanunvericiliyin normaları pozulmuşdur. Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalı, 100000 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkətindən tutularaq İddiaçınə ödənilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. 100000 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkətindən tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkətindən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-693/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-693/2020
14.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver