Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6930/2025 27.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Məhdud Məsuliyətli Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3400 (üç min dörd yüz) manat məbləğində əsas borc, borcun vaxtında geri qaytarılmamasına görə illik 5%-lə hesablanmış 340 (üç yüz qırx) manat faiz məbləği və ödənilmiş dövlət rüsumuna görə 58 (əlli səkkiz) manat olmaqla, ümumilikdə 3798 (üç min yeddi yüz doxsan səkkiz) manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (“İddiaçı”) ilə Cavabdeh MMC (“Cavabdeh”) arasında xx.xx.2022-ci il tarixli CATE22/285/SL nömrəli alqı-satqı müqaviləsi (“Müqavilə”) imzalanmışdır. Müqaviləyə əsasən iddiaçı malları razılaşdırılmış müddətdə cavabdehin mülkiyyətinə verməyi, cavabdeh müqavilənin şərtlərinə əsasən malı qəbul etməyi və ödəniş etməyi öhdəsinə götürmüşdür. 21 avqust 2023-cü il tarixli təhviltəslim aktına əsasən iddiaçı 200 kostyum və 200 ədəd gödəkçəni müqavilə şərtlərinə uyğun olaraq cavabdehə təhvil vermiş, öz növbəsində cavabdeh həmin malları qəbul etmişdir. Həmin malların ümumi dəyəri ƏDV daxil 10502.00 manat təşkil edir. Cavabdeh təhvil aldığı malların dəyərinin bir hissəsini bugünədək ödəməmişdir. İddiaçı mövcud borcun ödənilməsi ilə bağlı xx.xx.2025-ci il tarixdə cavabdehə pretenziya göndərərək, borcun ödənilməsini tələb etmişdir. Pretenziyanı aldıqdan sonra cavabdeh borcun ƏDV hissəsini tam şəkildə ödəmişdir.
3. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərinə uyğun olaraq iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3400 (üç min dörd yüz) manat məbləğində əsas borc, borcun vaxtında geri qaytarılmamasına görə illik 5% ilə hesablanmış 340 (üç yüz qırx) manat məbləğində faiz, hüquqi yardım üçün ödənilmiş 800 (səkkiz yüz) manat məbləğində xidmət haqqı və ödənilmiş 58 (əlli səkkiz) manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 4598 (dörd min beş yüz doxsan səkkiz) manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 427.2, 442, 443, 445.1, 445.7-ci maddələrinə istinad olunmuşdur.
5. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.
6. Cavabdeh MMC-yə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
7. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, 5 faizlə hesablama 2 il müddət üzrə aparılıb. 800 manat hüquqi yardım məbləği 2 dəfəyə ödənilibdir.
8. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli, CATE22/285/SL nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən satıcı alıcını hazırkı müqavilədə qeyd olunmuş şərtlərə uyğun şəkildə, işçi geyimləri, fərdi mühafizə vasitələri və digər mallar ilə təchiz etməsini, alıcı isə həmin malları hazırkı müqavilədə qeyd olunmuş şərtlərə uyğun şəkildə qəbul etməsini və onların qiymətini satıcıya ödəməsini öhdəsinə götürürlər; 1.2-ci bəndinə əsasən malların təhvil verilməsi zamanı heç bir qüsur və ya çatışmazlıqlar aşkar edilməsə, mallar alıcı tərəfindən qəbul olunur və malların qəbulu hər iki tərəfdən imzalanan təhviltəslim aktı və qaimə-faktura ilə rəsmiləşdirilir; 1.5-ci bəndinə əsasən ödənişlər satıcı tərəfindən alıcıya göndərilən hesab-faktura əsasında digər müddət protokolda göstərilmədikdə malların alıcıya çatdırılması günündən sonra 5 bank günü ərzində alıcının bank hesabına köçürülür; 1.6-cı bəndinə əsasən tərəflər müqavilə ilə üzərinə götürdükləri öhdəliklərin yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə müqaviləyə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
9. xx.xx.2023-cü il tarixli, EBDM seriyalı, 482392 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 10502 manat (ƏDV daxil) təşkil edir.
10. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 56 nömrəli hesabfakturaya əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ümumi dəyəri 10502 manat olan 200 ədəd boz-qırmızı kostyum və boz gödəkcə verilmişdir.
11. Tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli malların təhvil-təslim aktına əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ümumilikdə 400 ədəd mal(lar) təhvil verilmişdir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
12. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin bank hesabına 1000 manat ödəniş edilmişdir. Ödənişin təyinatı və əsası kimi EBDM seriyalı, 482392 nömrəli elektron qaimə qeyd edilmişdir.
13. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin bank hesabına 1900 manat ödəniş edilmişdir. Ödənişin təyinatı və əsası kimi EBDM seriyalı, 482392 nömrəli elektron qaimə qeyd edilmişdir.
14. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin bank hesabına 1500 manat ödəniş edilmişdir. Ödənişin təyinatı və əsası kimi EBDM seriyalı, 482392 nömrəli elektron qaimə qeyd edilmişdir.
15. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2025-/ci il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin bank hesabına 1100 manat ödəniş edilmişdir. Ödənişin təyinatı və əsası kimi EBDM seriyalı, 482392 nömrəli elektron qaimə qeyd edilmişdir.
16. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş İddiaçı MMC-nin bank hesabından çıxarışdan müəyyən olunur ki, xx.xx.2025-ci il tarixdə Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin bank hesabına 2300 manat ödəniş edilmişdir.
17. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli köçürmənin aparılması haqqında bildirişə əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə 180 manat ƏDV ödənişi edilmişdir. Ödənişin təyinatı və əsası kimi EBDM seriyalı, 482392 nömrəli elektron qaimə qeyd edilmişdir.
18. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli köçürmənin aparılması haqqında bildirişə əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə 342 manat ƏDV ödənişi edilmişdir. Ödənişin təyinatı və əsası kimi EBDM seriyalı, 482392 nömrəli elektron qaimə qeyd edilmişdir.
19. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli köçürmənin aparılması haqqında bildirişə əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə 270 manat ƏDV ödənişi edilmişdir. Ödənişin təyinatı və əsası kimi EBDM seriyalı, 482392 nömrəli elektron qaimə qeyd edilmişdir.
20. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli köçürmənin aparılması haqqında bildirişə əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə 198 manat ƏDV ödənişi edilmişdir. Ödənişin təyinatı və əsası kimi EBDM seriyalı, 482392 nömrəli elektron qaimə qeyd edilmişdir.
21. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli köçürmənin aparılması haqqında bildirişə əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə 612 manat ƏDV ödənişi edilmişdir. Ödənişin təyinatı və əsası kimi EBDM seriyalı, 482392 nömrəli elektron qaimə qeyd edilmişdir.
22. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin 7 iş günü ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi
25. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Belə ki, iddiaçı alqı-satqı müqaviləsinə əsasən malları alıcının mülkiyyətinə versə də, cavabdeh qəbul etdiyi malların əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya tam ödəməmişdir.
26. İddia tələbinin bir hissəsini cavabdehdən 3400 (üç min dörd yüz) manat məbləğində əsas borcun tutulması təşkil edir.
27. Məhkəmə qanunvericilik normalarını, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, cavabdehin qəbul etdiyi malın əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını, belə olan halda isə iddiaçının həmin məbləğin ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia göstərilən hissədə qismən təmin edilməli və Cavabdeh Məhdud Məsuliyətli Cəmiyyətindən 1100 manat əsas borc tutularaq iddiaçıya ödənilməlidir.
28. Belə ki, müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ümumi dəyəri 10502 manat olan mallar təhvil verilmiş, bununla bağlı tərtib edilmiş təhvil-təslim aktı cavabdeh tərəfindən imza və möhürlə təsdiq edilmiş, həmin məbləğdə cavabdehə elektron qaimə göndərilmişdir. Bundan əlavə, iddiaçı tərəfindən təqdim edilmiş ödəniş tapşırıqları və köçürmənin aparılması barədə bildirişlərdən müəyyən edilir ki, təqdim edilmiş elektron qaimə üzrə cavabdeh tərəfdən ümumilikdə 9402 manat ödəniş edilmişdir. Belə olan halda müqavilə üzrə cavabdeh tərəfindən ödənilməli olan məbləğ 10502- 9402=1100 manat təşkil edəcəkdir.
29. İddia tələbinin digər hissəsini cavabdehdən borcun vaxtında geri qaytarılmamasına görə illik 5% ilə hesablanmış 340 manat məbləğində faiz borcunun tutulması təşkil edir.
30. İddia tələbinin göstərilən hissəsinə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh pul məbləğinin ödənilməsini gecikdirdiyindən iddiaçı gecikdirilməyə görə illik beş faizlə hesablanmış məbləğin ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır, ona görə həmin hissədə iddia təmin olunmalı və cavabdehdən gecikdirilmiş vaxt üçün (2 il) illik 5%lə hesablanmış 340 (üç yüz qırx) manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, iddiaçı həmin məbləği 3400 manata münasibətdə hesablamışdır və haqlı sayılmalıdır. Belə ki, məhkəməyə müraciət etdikdə borcun məbləği məhz 3400 manat olmuş, məhkəmə icraatının gedişində ödənişlər edilərək, 1100 manat borc qalmışdır. Eləcə də elektron qaimə cavabdehə 2023-cü ilin avqust ayında göndərilmişdir.
31. Eləcə də, iddiaçı hüquqi yardım üçün ödənilmiş 800 (səkkiz yüz) manat məbləğində xidmət haqqı və ödənilmiş 58 (əlli səkkiz) manat məbləğində dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.
32. Məhkəmə hesab edir ki, ağlabatan məbləğ olaraq 500 (beş yüz) manat hüquqi yardım xərci və ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq ödənilmiş dövlət rüsumuna görə 22,10 manat (iyirmi iki manat on qəpik) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 1100 (min yüz) manat borc, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 340 (üç yüz qırx) manat, 500 (beş yüz) manat hüquqi yardım xərci və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 22,10 manat (iyirmi iki manat on qəpik) olmaqla, ümumilikdə 1962,10 manat (min doqquz yüz altmış iki manat on qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova