Məhkəmə qərarları › İş №e-2-2(113)-6931/2025

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-6931/2025

12.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6931/2025 12.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilə üzrə borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi üzrə pul tələbi) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi ilə, Süleymanova Ləman Çingiz qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilə üzrə borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh alqı-satqı müqaviləsi üzrə 1272.83 (min iki yüz yetmiş ikimanat səksən üç qəpik) manat əsas borcun və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 32.73 (otuz iki manat yetmiş üç qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbuledilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə (bundan sonra “İddiaçı”) Cavabdeh arasında (bundan sonra “Cavabdeh”) bağlanmış 29 iyul 2022-ci il tarixlialqısatqı müqaviləsinin 1-ci bəndinə əsasən, Satıcı sifariş olunmuş malları təsdiqlədikdən sonra Alıcının sifarişinə uyğun olaraq razılaşdırılmış miqdarda, çeşiddə, keyfiyyətdə və assortimentdə malları Alıcıya təhvil verməyi, Alıcı sifarişə uyğun çatdırılmış malları təhvil almağı və müqavilədə göstərilən qaydada malların dəyərini Satıcıya ödəməyi öhdəsinə götürür. Təqdim edilmiş təhvil-qəbulaktlarına və elektron qaimə-faktura sənədlərinə əsasən, cavabdeh tərəfindən sifariş olunan mallar iddiaçı tərəfindən ona tam şəkildə tədarük edilmişdir. Lakin cavabdeh müqavilə üzrə öz öhdəliklərini lazımi qaydada icra etməmişdir. Belə ki, Cavabdeh İddiaçı MMC-dən aldığı malların dəyərini tam şəkildə ödəməmiş və nəticədə Cəmiyyətə 1272.83 (min iki yüz yetmiş iki manat səksən üç qəpik) manat məbləğində qalıq borcu qalmışdır. Təqdim edilmiş maliyyə arayışından da görünür ki İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 29 iyul 2022-ci il tarixli alqısatqımüqaviləsinə əsasən, Cavabdeh İddiaçı MMC-yə 1272.83 AZN əsas borcu mövcuddur. Borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq qalıq borcun ödənilməsi təmin edilməmişdir.

II. Tərəflərin mövqeləri:

3. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini, işə qiyabi icraat qaydasında baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir.

4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.

6. Məhkəmə iddiaçının nümayəndəsinin yazılı razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 29 iyul 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən:

9. Müqavilənin 1.1-ci bəndinə əsasən müqavilədə Alıcı və Satıcı bundan sonra birlikdə “Tərəflər”, hər biri ayrılıqda isə “Tərəf” adlandırıla bilərlər. Müqavilənin Əlavələri o cümlədən Sifarişlər, Qaimə-fakturalar (təhvil qəbul Akt-ları) Müqavilənin ayrılmaz tərkib hissəsidirlər. Müqavilədə “gün” dedikdə, digər məna xüsusilə qeyd edilməmişdirsə, təqvim günü nəzərdə tutulur.

10. Müqavilənin 2.1-ci bəndinə əsasən bu Müqaviləni imzalamaqla Tərəflər aşağıdakılar barədə razılığa gəlirlər: Alıcı Satıcının təqdim etdiyi müxtəlif çeşiddə və adda qida və qeyri qida Məhsullarını (bundan sonra “Mallar”) qiymətlər cədvəlinə uyğun olaraq vaxtaşırı Satıcıdan sifariş edəcək, satıcı Sifariş edilmiş Malları təsdiqlədikdən sonra Alıcının sifarişinə uyğun olaraq razılaşdırılmış miqdarda, çeşiddə, keyfiyyətdə, miqdarda və assortimenttə Alıcıya təhvil verəcək, və alıcı sifarişə uyğun çatdırılmış malları təhvil alacaq və malların dəyərini Satıcıya Müqavilədə (Müqavilənin müvafiq Əlavələri də daxil olmalqa) göstərilən qaydada ödəyəcəkdir, malların faktura məbləği satıcıya tam ödənilənə qədər malların mülkiyyət hüququ Satıcıya məxsus olaraq qalır.

11. Müqavilənin 3.1-ci bəndinə əsasən alıcı Malları aşağıdakı formada sifariş verə bilər: Satıcının nümayəndəsi vasitəsilə; (ii) Yazılı formada; (iii) Faks vasitəsilə; (iv) Telefon vasitəsilə; (v) Elektron poçt vasitəsilə; (vi) Online Sifariş formasında. Alıcıya Malların çatdırılması sifarişini verildiyi tarixdən sonra Tərəflər arasında razılaşmaya uyğun vaxtda həyata keçirilməlidir. Tərəflər bununla tam razılaşırlar ki, Alıcı tərəfindən faksla, telefonla, Online Sifariş və/və ya elektron poçtla göndərilən sifarişlər Tərəflərin müvafiq partiya (hissə) Malların göndərilməsinin əhəmiyyətli şərtlərinin təsdiqi sayılır. Sifarişlər icra edildiyi formadan və üsuldan asılı olmayaraq təsdiq edildiyi gündən qüvvəyə minir və bu Müqavilənin ayrılmaz tərkib hissəsi sayılır.

12. Müqavilənin 4.3-cü bəndinə əsasən geri Qaytarma həyata keçirilən mallarda yararlılıq müddətinin bitməsində Alıcının təqsiri ucbatından baş veribdirsə Satıcı həmin növ malların geri qaytarmasını həyata keçirmək öhdəliyi yoxdur.

13. 04 avqust 2022-ci il tarixli malların təhvil qəbul aktına əsasən 695,73 manat məbləğində, 03 sentyabr 2022-ci il tarixli malların təhvil qəbul aktına əsasən 440,10 manat məbləğində, 20 sentyabr 2022-ci il tarixli malların təhvil qəbul aktına əsasən 264 manat məbləğində, 27 sentyabr 2022-ci il tarixli malların təhvil qəbul aktına əsasən 353,99 manat məbləğində, 04 oktyabr 2022-ci il tarixli malların təhvil qəbul aktına əsasən 283,99 manat məbləğində mallar iddiaçı tərədindən cavabdehə təhvil verilmişdir.

14. Malların təqdim edilməsinə dair iddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixli EBCB655297 saylı 695,73 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCB 655291 saylı 197,11 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCC 031216 saylı 152,50 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCC 228922 saylı 152,50 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCD 324476 saylı 440,10 manat məbləğində e-qaimələr göndərilmişdir.

15. Maliyyə arayışına əsasən İddiaçı MMC ilə Cavabdeh (Vöen: ********** ) arasında bağlanmış 29 iyul 2022-ci il tarixli 17253 nömrəli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixinə Cavabdeh uçot məlumatlarına əsasən İddiaçı MMC-ə qalıq borcu 1272.83 AZN borc təşkil edir.

16. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

17. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

18. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

19. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.

20. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

21. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

22. Tərəflər arasında bağlanmış 29 iyul 2022-ci il tarixli alqı-satqı müqaviləsinin 2.1-ci bəndinə əsasən bu Müqaviləni imzalamaqla Tərəflər aşağıdakılar barədə razılığa gəlirlər: Alıcı Satıcının təqdim etdiyi müxtəlif çeşiddə və adda qida və qeyri qida Məhsullarını qiymətlər cədvəlinə uyğun olaraq vaxtaşırı Satıcıdan sifariş edəcək, satıcı Sifariş edilmiş Malları təsdiqlədikdən sonra Alıcının sifarişinə uyğun olaraq razılaşdırılmış miqdarda, çeşiddə, keyfiyyətdə, miqdarda və assortimenttə Alıcıya təhvil verəcək, və alıcı sifarişə uyğun çatdırılmış malları təhvil alacaq və malların dəyərini Satıcıya Müqavilədə (Müqavilənin müvafiq Əlavələri də daxil olmalqa) göstərilən qaydada ödəyəcəkdir, malların faktura məbləği satıcıya tam ödənilənə qədər malların mülkiyyət hüququ Satıcıya məxsus olaraq qalır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilsə də, cavabdehin alınmış mallara görə ödənilməmiş borcu qalmışdır.

23. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, malların təhvil qəbul aktına və e-qaimələr ilə təsdiq olunduğu üçün 1272,83 manat borca dair iddia tələbi təmin edilməlidir.

24. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 1272,83 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 1272,83 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

25. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 32,73 manat məbləğində dövlət rüsumu xərci iddiaçı tərəfindən ödənişlər edilmişdir.

26. Azərbaycan Respublikası MPM-in:

27. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

28. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir.

29. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən dövlət rüsumunun əvəzi qismində 32,73 manat pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

V. Nəticə:

31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh 1272,83 manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 32,73 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində - qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər..

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar