Məhkəmə qərarları › İş №e-2-2(113)-694/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-694/2020

07.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-694/2020 07.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, X2 Bağman qızının katibliyi ilə, İddiaçı «MKT İSTEHSALAT KOMMERSİYA» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı «MKT İSTEHSALAT KOMMERSİYA» Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı cavabdehdən əsas borca görə 136970,97 manat, hesablanmış cərimə borcuna görə 962905,91 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 1099906,88 manat vəsaitin tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən əsas borca görə 136970,97 manat, hesablanmış cərimə borcuna görə 962905,91 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 1099906,88 manat vəsaitin tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli D 102/17 saylı pambıq jmıxının alqı-satqısına dair müqaviləyə əsasən, cavabdehə ümumilikdə ƏDV daxil olmaqla 218471,25 manat məbləğində müqavilədə nəzərdə tutulmuş keyfiyyətdə 856,75 ton pambıq jmıxı göndərilmişdir. Lakin, cavabdehə göndərilmiş malın müqabilində iddiaçıya cəmi ƏDV daxil olmaqla 87599,74 manat məbləğində vəsait ödənilmişdir. Son nəticədə cavabdehin iddiaçıya xx.xx.2017-ci il tarixli D 102/17 saylı müqavilə öhdəliklərinin yerinə yetirilməməsi ilə bağlı ƏDV daxil olmaqla 130871,51 manat məbləğində borcu yaranmışdır. Həmçinin, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli D 107/17 saylı müqaviləyə əsasən, cavabdehə ƏDV daxil olmaqla 34403,60 manat məbləğində 134,9 ton pambıq jmıxı göndərilmişdir. Cavabdehə göndərilmiş malın müqabilində iddiaçıya cəmi ƏDV daxil olmaqla 28304,14 manat məbləğində vəsait köçürülmüşdür. Nəticədə cavabdehin iddiaçıya xx.xx.2017-ci il tarixli D 107/17 saylı müqavilə üzrə ƏDV daxil olmaqla 6099,46 manat məbləğində borcu yaranmışdır. Beləliklə, cavabdehin iddiaçıya hər iki müqavilələr üzrə ümumilikdə 136970,97 manat məbləğində borcu yaranmışdır. Eyni zamanda, mövcud müqavilənin 7-ci bəndinə əsasən, tərəflər müqavilə üzrə üzərinə götürülmüş öhdəlikləri vaxtında yerinə yetirmədikdə, yerinə yetirilməmiş öhdəliyin hər günü üçün 1 % həcmində cərimə ödəməlidirlər. Cavabdehin müqavilə şərtlərinin yerinə yetirilməməsi ilə bağlı iddiaçıya 136970,97 manat məbləğində borcu yaranmışdır ki, dəbbə pulunun hesablanmış məbləği (136970,97 x 1% x 703 gün) 962905,91 manat təşkil edir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək, izahatında bildirdi ki, tərəflər arasında müqavilə bağlanmış, pambığ jmıxı verilməli idi. İddia tələbini təsdiq edən sənədlər işə əlavə olunmamışdır. Qaimə-fakturalarda malın kimə verilməsi qeyri-müəyyəndir. Eyni zamanda yükləri daşıyan yük avtomobilləri ilə bağlı anlaşmazlıqlar vardır. Sonda cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: xx.xx.2017-ci il tarixli D 102/17 saylı müqavilədən görünür ki, iddiaçı cavabdehə pambıq jmıxı satmağı, cavabdeh isə malın dəyərini ödəməyi öhdələrinə götürmüşlər. xx.xx.2017-ci il tarixli D 107/17 saylı müqavilədən görünür ki, iddiaçı cavabdehə linterlənmiş texniki çiyidi satmağı, cavabdeh isə malın dəyərini ödəməyi öhdələrinə götürmüşlər. Noyabr 2017-fevral 2018-ci il tarixləri əhatə edən 42 ədəd qaimə fakturadan görünür ki, iddiaçı tərəfindən ümumilikdə ƏDV daxil olmaqla 252874,85 manat məbləğində cavabdehə mal təhvil verilmiş və cavabdeh tərəfindən mallar təhvil alınmışdır. 42 ədəd Elektron qaimədən görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə ƏDV daxil olmaqla 252874,85 manat məbləğində mal satılmışdır. Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin xx xxxxxxxx 2020-c il tarixli **********539500 saylı məktubundan və ona əlavə olunmuş məlumatdan görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə ƏDV daxil olmaqla 252874,85 manat dəyərində malın satılmasına dair 42 ədəd elektron qaimə faktura təqdim edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin, cavabdehin nümayəndəsi və vəkilinin izahatlarını dinləyərək, iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2017-ci il tarixli D 102/17 saylı və xx.xx.2017-ci il tarixli D 107/17 saylı müqavilələr bağlanmış və müqavilələrə əsasən iddiaçı cavabdehə pambıq jmıxı və linterlənmiş texniki çiyidi satmağı, cavabdeh isə malların dəyərini ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən noyabr 2017-fevral 2018-ci il tarixləri əhatə edən dövrdə cavabdehə ümumilikdə ƏDV daxil olmaqla 252874,85 manat dəyərində mal təhvil verilmiş və cavabdeh tərəfindən mallar təhvil alınmışdır. Cavabdeh tərəfindən hər iki müqavilə üzrə cəmi 115903,88 manat pul ödənilmiş, hazırda 136970,97 manat borcu qalmışdır. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqavilələrindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, alınan malları cavabdehə vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi, əsas borca aid hissədə iş materiallarında olan qaimə fakturalar, elektron qaimələr və Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş məlumatla təsdiq olunduğundan iddia həmin hissədə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin dəbbə pulunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilələrdən irəli gəlir. Belə ki, müqavilələrin tərəflər müqavilə üzrə üzərinə götürülmüş öhdəlikləri vaxtında yerinə yetirmədikdə, yerinə yetirilməmiş öhdəliyin hər günü üçün 1 % həcmində cərimə ödəməyi öhdələrinə götürmüşlər ki, hazırki halda cavabdeh tərəfindən müqavilələr üzrə öhdəliklər vaxtında yerinə yetirilməmişdir. Lakin məhkəmə hesab edir ki, tələb olunan 962905,91 manat dəbbə pulu məbləği yaranmış 136970,97 manat borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan, onun məbləğini azaldaraq 6000 manat həddində müəyyən edilməklə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehdən əsas borca görə 136970,97 manat, cərimə borcuna görə 6000 manat tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İddianın təmin edilmiş hissəsi (142970,97 manat) iddia tələbinin (1099876,88 manat) 13 faizini təşkil etdiyini nəzərə alaraq iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 3,90 manat məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 26,1 manat məbləği isə iddiaçıya aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən əsas borca görə 136970,97 manat, cərimə borcuna görə 6000 manat tutularaq "MKT İSTEHSALAT KOMMERSİYA" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Ödənilmiş 30 manat dövlət rüsumunun 3,90 manat məbləği Cavabdehndən tutularaq "MKT İSTEHSALAT KOMMERSİYA" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin, qalan 26,1 manat məbləği "MKT İSTEHSALAT KOMMERSİYA" Məhdud Məsuliyyətli Cəmiyyətinə aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar