Məhkəmə qərarları › İş №e-2-2(113)-694/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-694/2022

11.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-694/2022 11.03.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı xxxxnin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı xxxx Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18.04.2018-ci il tarixli, 235-LD/18 nömrəli müqavilə üzrə 27527 (iyirmi yeddi min beş yüz iyirmi yeddi) manat gecikdirilmiş əsas borc və 8183,30 manat (səkkiz min yüz səksən üç manat otuz qəpik) cərimə borcu, hüquqi yardımla bağlı ödənilmiş 350 (üç yüz əlli) manat olmaqla, cəmi 36060,30 manat (otuz altı min altmış manat otuz qəpik) pul vəsaitinin cavabehdən tutularaq xxxxnə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış 18.04.2018-ci il tarixli, 235-LD/18 nömrəli müqaviləyə əsasən borclu (lizinq alan) satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə damazlıq heyvanları lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi 24.08.2021-ci il tarixə müqavilə üzrə 27527 (iyirmi yeddi min beş yüz iyirmi yeddi) manat gecikdirilmiş əsas borc və 8183,30 manat (səkkiz min yüz səksən üç manat otuz qəpik) cərimə borcu yaranmışdır. Cavabdehə müvafiq pretenziya məktubunun göndərilməsinə, öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, ödənişlər edilməmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki: - Lizinq verən qismində "xxxx" ASC ilə Lizinq alan qismində Cavabdeh arasında "xxxx" ASC-yə məxsus damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi barədə 18.04.2018-ci il tarixli, 235-LD/18 nömrəli lizinq müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən Lizinq verən göstərilən (Simmental 57 baş) və açıqlaması Spesifikasiyada (Əlavə N 1) verilən damazlıq heyvanların güzəştli satış dəyərini lizinq ödəniş qrafikinə uyğun tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 3 (üç) ilə lizinqə verir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən Lizinq alan damazlıq heyvanların güzəştli satış dəyərindən 82821 manat ilkin ödəniş məbləğini əvvəlcədən Lizinq verənə ödəyir, damazlıq heyvanların güzəştli satış dəyərindən qalan 82821 manat məbləği isə ödəniş qrafikinə (Əlavə N 2) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Damazlıq heyvanlar Lizinq alan tərəfindən qəbul edildikdən sonra ödənilmiş məbləğ heç bir halda ona geri qaytarılmır. - 24.08.2021-ci il tarixli maliyyə arayışından görünür ki, lizinq alan Cavabdeh 18.04.2018-ci il tarixli, 235-LD/18 nömrəli müqavilə üzrə gecikdirilmiş əsas borca görə 27527 manat, hesablanmış cəriməyə görə 8183,30 manat olmaqla, ümumilikdə 35710,30 manat məbləğində borcu vardır. Eləcə də, izinq alan Cavabdeh qrafik üzrə ödənişləri 102821 manat təşkil edir. - Azərbaycan Respublikası Prezidentinin 17.08.2020-ci il tarixli 1137 nömrəli Fərmanında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlandırılsın. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq va öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit ve İnkişaf Agentliyinə keçir. - 866593/00724 nömrəli, 08.12.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən Bakı şəhəri Mərkəz Vəkil Bürosunun AZ41AİİB******************** nömrəli hesabına 350 manat məbləğində ödəniş edilmişdir. - xxxx tərəfindən Cavabdeh ünvanlanmış pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehə müraciət edərək əsas borcun və cərimənin ödənilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında lizinq müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Cavabdeh tərəflər arasında razılaşdırılmış ödəniş qrafiklərinə uyğun ödənişlər etmək öhdəliyini üzərinə götürsə də, müqavilələr üzrə öhdəliklərini vaxtında icra etməmiş, ona görə də iddiaçının cavabdehə qarşı əsas borc və cərimə borclarının ödənilməsi ilə bağlı tələb hüququ yaranmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq va öhdəlikləri xxxxnə keçmişdir. İddia tələbinin bir hissəsini 18.04.2018-ci il tarixli, 235-LD/18 nömrəli müqavilə üzrə 27527 manat gecikdirilmiş borcun cavabdehdən tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1. maddəsi bəzi istisnalarla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanlımalı olduğunu müəyyən edir. Həmin Məcəllənin 747.1-ci maddəsində göstərilən lizinq müqaviləsi təşkil edir. Həmin müqavilə üzrə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Mülkin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli lizinq hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, Cavabdeh lizinq müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi iş materialları ilə də öz təsdiqini tapdığından, iddia tələbi 27527 manat əsas borcun ödənilməsi hissəsində tam təmin edilməlidir. İddia tələbinin digər hissəsini cavabdehdən iddiaçının xeyrinə hesablanmış 8183,30 manat cərimə borcunun tutulması təşkil edir. Tərəflər arasında bağlanmış müqavilələrin 4.2-ci maddəsinə görə lizinq alan ödəniş qrafıkinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə öhdəliklərini vaxtında icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, müqavilə üzrə tutulması tələb olunan dəbbə pulu azaldılaraq ümumilikdə 1300 manat məbləğində müəyyən edilməlidir. İddiaçı vəkilə ödənilmiş 350 (üç yüz əlli) manat məbləğin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, göstərilmiş hüquqi yardıma görə cavabdehdən 350 (üç yüz əlli) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 27527 (iyirmi yeddi min beş yüz iyirmi yeddi) manat əsas borc, 1300 (min üç yüz) manat cərimə, 350 (üç yüz əlli) manat hüquqi yardım xərci olmaqla, cəmi 29177 (iyirmi doqquz min yüz yetmiş yeddi) manat məbləğində pul xxxxnin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar