Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6940/2024 09.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “Globalink Logistics DVVC MMC”-nin Azərbaycan Respublikasındakı Filialının cavabdeh "xxxx" QSC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: yükdaşıma müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı “Globalink Logistics DVVC MMC”-nin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı “Globalink Logistics DVVC MMC”-nin Azərbaycan Respublikasındakı Filialının cavabdeh "xxxx" QSC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı “Globalink Logistics DVVC MMC”-nin Azərbaycan Respublikasındakı Filialı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X1" Qapalı Səhmdar Cəmiyyətindən iddiaçı "xxxx" MMC-nin Azərbaycan Rüspublikasındakı filialının xeyrinə 7.477,50 manat əsas borcun, illik beş faizlə hesablanmış 355,40 manat faiz borcun, 3.261,45 manat hesablanmış dəbbənin, cəmi 11.094,35 manat pulun, həmçinin hüquqi xidmətin göstərilməsinə görə ödənilmiş 2.500 manat və 130,80 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində "xxxx" MMC "X1" QSC arasında müqavilə bağlanmış, müqavilənin 1.1-ci bəndinə əsasən, “Ekspeditor yük avtomobili, dəmir yolu, dəniz, hava nəqliyyatı və/və ya hər hansı digər növ nəqliyyat vasitələri ilə müştərinin yükünün Müştərinin vəsaiti hesabına daşınması üçün ekspedisiya xidmətlərini təşkil edir, müştəri isə ekspedisiya xidmətlərinin dəyərini ödəyir”. Müqaviləyə və cavabdeh tərəfindən elektron poçt vasitəsilə verilən Sifarişə uyğun olaraq, iddiaçı Yükün Moskva (Rusiya) – Bakı (Azərbaycan) marşrutu üzrə daşınması xidmətlərini 20 noyabr 2024-cü il tarixində vaxtında yerinə yetirmiş, lakin cavabdeh tərəfindən 9477,50 manat məbləğinə göstərilən xidmətlərə görə razılaşdırılmış xidmət haqqı çatdırılmadan sonra bir ay ərzində müqavilə şərtlərinə uyğun olaraq ödənilməmiş, bununla da müqavilənin şərtlərinə əməl edilməmiş, dəfələrlə şifahi və yazılı bildirişlərə baxmayaraq bu günə qədər ödənişin aparılması təmin edilməmişdir. Cavabdeh tərəfindən 2024-cü ilin may ayı ərzində cəmi 2000 AZN ödənilmiş və rəsmi məktubda ödənişlərin qalan hissəsini may ayının sonuna kimi bağlanması barədə öhdəlik götürülsədə 7.477.50 manat məbləğində əsas öhdəliklər bu günə qədər icra edilməmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Cavabdeh tərəfə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh tərəf məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
- 850.1-ci maddəsinə əsasən Yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. - 850.2-ci maddəsin əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir. - 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. - 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. - 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər(yeni redaksiya). (borclu pul məbləğinin tutulmasını gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz tutulması yolverilməzdir. əvvəlki redaksiya). - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun tutulması tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
8. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
9. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, “Globalink Logistics DVVC MMC”-nin Azərbaycan Respublikasındakı Filialı ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında xx.xx.2023-cü il tarixli yükdaşıma və ekspeditor xidmətlərinə dair müqavilə bağlanmışdır. Müqaviləyə əsasən Ekspeditor ekspeditor xidmətlərini müştərinin dəyəri və xərcləri hesabna təşkil etməli, müştəri ekspeditor xidmətlərinin dəyərini ödəməlidir.
10. Tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli müqavilə üzrə sifarişə əsasən 20.000 kq çəkidə malların daşınması ilə bağlı razılığa gəlmişlər.
11. Müqavilə və sifariş orderi tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
12. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli baxımından müəyyən edilməli olan ilk məqam iddiaçı tərəfindən cavabdehə yükdaşıma xidmətlərinin göstərilibgöstərilməməsidir.
13. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli EBDT 678283 saylı dəyəri ƏDV xaric 9.477 manat olan elektron qaimə göndərilmişdir.
14. İş materiallarına əlavə edilmiş hesabdan çıxarşdan görünür ki, "xxxx" QSC tərəfindən xx.xx.2023-cü il tarixli EBDT 678283 saylı dəyəri ƏDV xaric 9.477 manat olan elektron qaimə əsasında Globalink Logistics DVVC MMC”-nin Azərbaycan Respublikasındakı Filialına 2.000 manat məbləğində pul ödənilmişdir.
15. Bundan başqa cavabdehin imzası və möhürü ilə təsdiq edilmiş məktubda "xxxx" Qapalı Səhmdar Cəmiyyəti 7.477,5 manat əsas borc, 260,1 manat ƏDV borcunun olduğunu qəbul etmişdir.
16. Hal-hazırda da, iddiaçı tərəf cavabdehin ödənilməmiş 7.477,5 manat borcunun qaldığını bildirir.
17. Göründüyü kimi, cavabdeh tərəf iddiaçı tərəfindən yükdaşıma xidmətlərinin göstərildiyini və borcunun qaldığını qəbul etmişdir.
18. Belə olan halda, Məhkəmə hesab edir ki, göstərilmiş olan yükdaşıma xidmətlərinin dəyəri olaraq 7.477,5 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir.
19. Məhkəmə 3.261,45 manat məbləğində dəbbə pulunun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
20. İlk növbədə qeyd edilməlidir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilələrin 4.1-ci bəndindən irəli gəlir. Belə ki, həmin bəndə əsasən müqavilə üzrə ödənişin ləngidildiyi təqdirdə, ekspeditor hər bir gecikdirilmiş gün üçün müvafiq qoşma üzrə ümumi xidmət haqqının 0,1% ölçüsündə, lakin müvafiq qoşma üzrə ümumi xidmət haqqının 10% çox olmayaraq müştəridən cərimə tutmaq hüququna malidkir.
21. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
22. Hazırki işin hallarından görünür ki, cavabdehin 7.477,5 manat əsas borcuna münasibətdə 370 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir.
23. Məhkəmə iddianın əsas borca illik 5 faiz hesablanmaqla 355,4 manat tələb edilməsi hissəsinə münasibətdə aşağıdakıları qeyd edir.
24. İş materiallarından görünür ki, iddiaçı tərəf borcun ödənilməsi ilə bağlı pretenziya məktubunu cavabdehə xx.xx.2024-cü il tarixində, iddia ərizəsi ilə məhkəməyə isə təxmini 3 ay sonra müraciət etmişdir.
25. Ona görə də, əsas borca illik 5 faiz hesablanmaqla 93,46 (7.477,5x5/100=373,875 (1 il üçün) 373,875/12=31,156 (1 ay üçün) 31,156x3=93,46)) manat məbləğində pul da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
26. Məhkəmə həmçinin hesab edir ki, iddianın qiyməti də, nəzərə alınmaqla hüquqi yardımla əlaqədar çəkilmiş vəkil xəcinin əvəzi olaraq 1000 manat məbləğində pul daha ağalabat və ədalətlidir.
27. Həmçinin məhkəmə qeyd edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 99,4 manat məbləğində pul da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
28. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
29. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli yükdaşıma müqaviləsinə əsasən əsas borc üzrə 7.477 (yeddi min dörd yüz yetmiş yeddi) manat 50 (əlli) qəpik və cərimə borcu üzrə 370 (üç yüz yetmiş) manat olmaqla, cəmi 7.847 (yeddi min səkkiz yüz qırx yeddi) manat 50 (əlli) qəpik məbləğində pul "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən tutularaq “Globalink Logistics DVVC MMC”-nin Azərbaycan Respublikasındakı Filialına ödənilsin. Əsas borca illik 5 % hesablanmaqla 93 (doxsan üç) manat, 46 (qırx altı) qəpik məbləğində pul "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən tutularaq “Globalink Logistics DVVC MMC”-nin Azərbaycan Respublikasındakı Filialına ödənilsin. Hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 1.000 (bir min) manat məbləğində pul "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən tutularaq “Globalink Logistics DVVC MMC”-nin Azərbaycan Respublikasındakı Filialına ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 99 (doxsan doqquz) manat 40 (qırx) qəpik məbləğində pul "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən tutularaq “Globalink Logistics DVVC MMC”-nin Azərbaycan Respublikasındakı Filialına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov