Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-695/2022 04.03.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh Allah qızına qarşı 15.12.2017-ci il tarixli, 1851-L/17 saylı; 07.11.2017-ci il tarixli, 1602-L/17 saylı müqavilələr üzrə gecikdirilmiş əsas borcun və cərimə borcunun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh Allah qızına qarşı 15.12.2017-ci il tarixli, 1851-L/17 saylı; 07.11.2017-ci il tarixli, 1602-L/17 saylı müqavilələr üzrə gecikdirilmiş əsas borcun və cərimə borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15.12.2017-ci il tarixli, 1851-L/17 nömrəli müqavilə üzrə 15.396 manat məbləğində gecikdirilmiş əsas borc və 2.222,98 manat məbləğində cərimə borcunun və 07.11.2017-ci il tarixli, 1602-L/17 nömrəli müqavilə üzrə 6.742 manat məbləğində gecikdirilmiş əsas borc və 1.061,19 manat məbləğində cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 350 manat məbləğində pul vəsaitinin, cəmi 25.772,17 manat pul vəsaitinin cavabeh Cavabdeh tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış 15.12.2017-ci il tarixli, 1851-L/17 nömrəli və 07.11.2017-ci il tarixli, 1602-L/17 nömrəli müqavilələrə əsasən borclu (lizinq alan) satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə kənd təsərrüfatı texnikalarını lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi 25.08.2021-ci il tarixə 15.12.2017-ci il tarixli, 1851-L/17 nömrəli müqavilə üzrə 15.396 manat gecikdirilmiş əsas borc və 2.222,98 manat cərimə borcu və 07.11.2017-ci il tarixli, 1602-L/17 nömrəli müqavilə üzrə 6.742 manat gecikdirilmiş əsas borc və 1.061,19 manat cərimə borcu yaranmışdır. Cavabdehə müvafiq pretenziya məktubu göndərilmiş, öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 15.12.2017-ci il tarixli, 1851-L/17 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi 25.08.2021-ci il tarixə olan 4.396 manat məbləğində gecikdirilmiş əsas borc və 2.222,98 manat məbləğində cərimə borcunun və 07.11.2017-ci il tarixli, 1602-L/17 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi 25.08.2021-ci il tarixə olan 742 manat məbləğində gecikdirilmiş əsas borc və 1.061,19 manat məbləğində cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 350 manat məbləğində, pul vəsaitinin cəmi 8.772,17 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh borcu olduğunu etiraf edərək, kənd təsərrüfatı sahəsinin sığortalanmayan sahə olduğunu, dekabr və yanvar aylarında ayrı-ayrılıqda 17.000 manat məbləğində ödəniş etdiyini, müqavilələrin müddətinin bitmədiyini, davam etdiyini, ödəniş etməyə davam edəcəyini, əsas borcun tələb edildiyi hissədə iddia tələbinə etiraz etmədiyini bildirərək, iddia tələbinin faiz hissəsində rədd edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: - Lizinq verən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə lizinq alan Cavabdeh arasında bağlanmış 07.11.2017-cı il tarixli 1602-L/17 nömrəli lizinq müqaviləsinə əsasən lizinq verən ümumi məbləği 99.120 manat olan və spesifikasiyada (Əlavə № 1) göstərilən kənd təsərrüfatı texnikalarını dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan texnikaların dəyərindən spesifikasiyada (Əlavə № 1) göstərilən 19.980 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan hissəsini isə ödəniş qrafikinə (Əlavə № 2) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.4-cü bəndinə əsasən texnikaya mülkiyyət hüququ lizinq alan tərəfindən öhdəliklər tam yerinə yetirilənədək lizinq verənə məxsusdur. Həmin müqavilənin 4.2-ci bəndinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə (peniya) tələb etmək hüququna malikdir. Müqavilə tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir. - 07.11.2017-ci il tarixli 1602-L/17 saylı lizinq müqaviləsinin spesifikasiyasından (Əlavə № 1) görünür ki, 1 ədəd “Traktor Belarus-1221” adlı texnika qiyməti 69.600 manat, ilkin ödənişin məbləği 13.920 manat, müddəti 10 il olmaqla; 1 ədəd “Kotan 5 gövdəli (təkərli)-Can-P-5” adlı texnika qiyməti 3.970 manat, ilkin ödənişin məbləği 794 manat, müddəti 2 il olmaqla; 1 ədəd “Mala rotasion (üfiqi bıçaqlı)-2.7 metr-Can-R.Ö.M-2,7” adlı texnika qiyməti 11.000 manat, ilkin ödənişin məbləği 2.200 manat, müddəti 3 il olmaqla; 1 ədəd “Diskli mala (ağır) 24-hidravlik-Can-D.M.A.T-24” adlı texnika qiyməti 12.700 manat, ilkin ödənişin məbləği 2.540 manat, müddəti 4 il olmaqla və 1 ədəd “Kanalaçan GAK-CN” adlı texnika qiyməti 1.850 manat, ilkin ödənişin məbləği 526 manat, müddəti 1 il olmaqla lizinqə verilmişdir. Əlavə tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir. - 07.11.2017-cı il tarixli 1602-L/17 saylı lizinq müqaviləsinə 2 saylı əlavə olan ödəniş qrafikindən görünür ki, həmin qrafikə əsasən lizinq alan tərəfindən 07.11.2017-cı ildən 30.09.2027-ci ilədək olan dövrdə ümumilikdə 99.120 manat məbləğində lizinq ödənişləri edilməlidir. Əlavə tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir. - "xxxx" ASC (hazırkı "xxxx" ASC) tərəfindən verilmiş maliyyə arayışından görünür ki, 07.11.2017-ci il tarixli 1602-L/17 saylı lizinq müqaviləsi üzrə lizinq alan Cavabdeh gecikdirilmiş borcu 6.742 manat, dəbbə pulu 1.061,19 manat təşkil edir. - Lizinq verən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə lizinq alan Cavabdeh arasında bağlanmış 15.12.2017-cı il tarixli 1851-L/17 nömrəli lizinq müqaviləsinə əsasən lizinq verən ümumi məbləği 216.070 manat olan və spesifikasiyada (Əlavə № 1) göstərilən kənd təsərrüfatı texnikalarını dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan texnikaların dəyərindən spesifikasiyad (Əlavə № 1) göstərilən 43.214 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan hissəsini isə ödəniş qrafikinə (Əlavə № 2) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.4-cü bəndinə əsasən texnikaya mülkiyyət hüququ lizinq alan tərəfindən öhdəliklər tam yerinə yetirilənədək lizinq verənə məxsusdur. Həmin müqavilənin 4.2-ci bəndinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə (peniya) tələb etmək hüququna malikdir. Müqavilə tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir. - 15.12.2017-ci il tarixli 1851-L/17 saylı lizinq müqaviləsinin spesifikasiyasından (Əlavə № 1) görünür ki, 1 ədəd “Traktor Belarus-1221” adlı texnika qiyməti 69.600 manat, ilkin ödənişin məbləği 13.920 manat, müddəti 10 il olmaqla; 2 ədəd “Traktor Belarus-82.1” adlı texnika qiyməti 46.300 manat, ilkin ödənişin məbləği 18.520 manat, müddəti 10 il olmaqla; 1 ədəd “Çiləyici-asma qollu (1000lt)-18-Can-O.K-1000” adlı texnika qiyməti 9.580 manat, ilkin ödənişin məbləği 1.916 manat, müddəti 4 il olmaqla; 1 ədəd “Traktor qoşqusu 6 ton 4 təkərli (arxa və yana boaşaldan) Karataş” adlı texnika qiyməti 16.460 manat, ilkin ödənişin məbləği 3.292 manat, müddəti 5 il olmaqla; 1 ədəd “Traktor qoşqusu 6 ton 4 təkərli (arxa və yana boaşaldan) Karataş” adlı texnika qiyməti 16.460 manat, ilkin ödənişin məbləği 3.292 manat, müddəti 5 il olmaqla; 1 ədəd “Kotan 5 gövdəli (təkərli)-Can-P-5” adlı texnika qiyməti 3.970 manat, ilkin ödənişin məbləği 794 manat, müddəti 2 il olmaqla; 1 ədəd “Gübrəsəpən asılan LKS-FS 800” adlı texnika qiyməti 1.500 manat, ilkin ödənişin məbləği 300 manat, müddəti 1 il olmaqla və 2 ədəd “Kotan 3 gövdəli asma (təkərli)-AK-3- 35” adlı texnika qiyməti 2.950 manat, ilkin ödənişin məbləği 1.180 manat, müddəti 2 il olmaqla lizinqə verilmişdir. Əlavə tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir. - 15.12.2017-cı il tarixli 1851-L/17 saylı lizinq müqaviləsinə 2 saylı əlavə olan ödəniş qrafikindən görünür ki, həmin qrafikə əsasən lizinq alan tərəfindən 15.12.2017-cı ildən 31.12.2027-ci ilədək olan dövrdə ümumilikdə 216.070 manat məbləğində lizinq ödənişləri edilməlidir. Əlavə tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir. - "xxxx" ASC (hazırkı "xxxx" ASC) tərəfindən verilmiş maliyyə arayışından görünür ki, 15.12.2017-ci il tarixli 1851-L/17 saylı lizinq müqaviləsi üzrə lizinq alan Cavabdeh gecikdirilmiş borcu 15.396 manat, dəbbə pulu 2.222,98 manat təşkil edir. - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin pretenziya məktubu ilə təsdiq edilir ki, cavabdehə lizinq müqavilələri üzrə borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. - Hüquqi yardımın göstərilməsi haqqında 3259 saylı müqavilədən görünür ki, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Vəkil tərəfindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə göstərilən hüquqi yardım haqqının məbləği 340+10 (350) manat müəyyən edilmişdir. - 08.12.2021-ci il tarixli ödəniş tapşırığına əsasən göstəriləcək hüquqi yardıma görə 350 manat məbləğində pul vəsaiti Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun bank hesabına köçürülmüşdür. - "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanına əsasən "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, "xxxx" ASC ilə Cavabdeh arasında 07.11.2017-ci il tarixli 1602-L/17 saylı və 15.12.2017-ci il tarixli 1851-L/17 saylı lizinq müqavilələrinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. "xxxx" ASC həmin müqavilələrə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, Cavabdeh lizinq ödənişlərini ödəniş qrafiklərinə uyğun olaraq həyata keçirməməklə lizinq müqavilələri üzrə öhdəliklərini lazımi qaydada icra etməmiş, nəticədə Cavabdeh 2 lizinq müqaviləsi üzrə cəmi 5.138 (4396+742 manat) manat məbləğində gecikdirilmiş borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1. maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanlımalı olduğunu müəyyən edir. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də Cavabdeh mübahisəli lizinq müqavilələrinə əsasən üzərinə götürdükləri öhdəlikləri lazımi qaydada icra etmədiyini, nəticədə lizinq ödənişləri üzrə Cavabdeh iki lizinq müqaviləsi üzrə cəmi 5.138 (4396+742 manat) manat məbləğində borcunun yarandığını, lizinq müqavilələrində öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə ödənilməsi nəzərdə tutulduğunu, eləcə də Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanına əsasən sözügedən lizinq müqavilələri üzrə "xxxx" ASC-nin bütün hüquq və öhdəliklərinin iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçdiyini nəzərə alaraq hesab edir ki, iddiaçı həmin müqavilələr üzrə əsas borcun və dəbbə pulunun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Cavabdehdən tutulacaq dəbbə pulunun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 07.11.2017-ci il tarixli 1602-L/17 saylı müqavilə üzrə 50 manat və 15.12.2017-ci il tarixli, 1851-L/17 saylı müqavilə üzrə 200 manat məbləğində müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh iki lizinq müqaviləsi üzrə cəmi 5.138 (4396+742 manat) manat məbləğində əsas borc və 07.11.2017-ci il tarixli 1602-L/17 saylı müqavilə üzrə 50 manat və 15.12.2017-ci il tarixli, 1851-L/17 saylı müqavilə üzrə 200 manat məbləğində dəbbə pulu (cərimə) tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməlidir. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 200 manat məbləğində mediasiya xərcləri ödənilmişdir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu də ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 100 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Vəkil yardımına görə çəkilmiş xərclərin tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə MPM-in 121.1-ci maddəsinin tələblərini, eləcə də hazırkı qətnamə ilə iddianın qismən təmin edildiyini və belə olan halda məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməli olduğunu nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 200 manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 15.12.2017-ci il tarixli, 1851-L/17 saylı müqavilə üzrə 4.396 (dörd min üç yüz doxsan altı) manat məbləğində gecikdirilmiş əsas borc, 200 (iki yüz) manat məbləğində dəbbə pulu, 07.11.2017-ci il tarixli 1602-L/17 nömrəli müqavilə üzrə 742 (yeddi yüz qırx iki) məbləğində əsas borc, 50 (əlli) manat məbləğində dəbbə pulu; cəmi 5388 (beş min üç yüz səksən səkkiz) manat məbləğində pul vəsaiti, vəkil xidmətlərinə çəkilmiş xərclərin əvəzi olaraq 200 (iki yüz) manat və mediasiya xərclərinin əvəzi olaraq 100 (yüz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-695/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-695/2022
04.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver