Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6963/2025 06.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən müqavilə üzrə təchiz edilmiş materialların dəyəri olan 20596,87 manat vəsait (17454.98 manat əsas borc və 3141.90 manat ƏDV borcu olmaqla), 10360.2 manat cərimə məbləği, həmçinin hüquqların bərpa edilməsi üçün hüquqi yardıma görə ödənilmiş 1000 (min) manat məbləği və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 186 (yüz səksən altı) manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra – İddiaçı) və Cavabdeh MMC (bundan sonra – Cavabdeh) arasında 05 mart 2024-cü il tarixli, 0503/24 №-lialqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, İddiaçı Cavabdehə malları satmağı, Cavabdeh isə onları qəbul edib Müqavilənin 3.1-ci bəndi ilə müəyyənləşdirilmiş məbləği dəyərini İddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən Malın qiyməti Protokol əsasında müəyyən edilir və ödəniş Cavabdeh tərəfindən İddiaçının bank hesabına köçürülmə yolu Azərbaycan Manatı ilə həyata keçirilir. Müqavilənin yuxarıda qeyd edilən bəndinə uyğun olaraq xx.xx.2024-cü il tarixli 01 saylı X4 mövcuddur. Müqaviləyə əlavə olan 01 saylı Protokola əsasən Kompressor yağı (rotair), Kompressor yağı (rotair), Yağ filtri, Hava filtri, Ayırıcı filtr (separatorlar üçün), Hava qurucu dəsti mikroməsaməli adlı malların satışı üzrə 20596.88 manat məbləğində ödəniş Cavabdeh tərəfindən İddiaçıya ödənilməlidir. Yuxarıda nəzərdə tutulan Protokol üzrə İddiaçı tərəfindən mallar Cavabdehə təhvil verilmişdir və müvafiq olaraq elektron qaimələr Cavabdehə göndərilmişdir. Belə ki, elektron qaimələrə əsasən 01 saylı Protokol üzrə malların təhvilinə dair xx.xx.2024-cü il tarixində EBEB117236 nömrəli elektron qaiməfaktura tərtib olunmuş və yekun məbləği 20596,88 manat (ƏDV məbləği 3141,90 manat daxil olmaqla) təşkil etmişdir. Bundan əlavə, malların təhvil verilməsi ilə bağlı tərəflər arasında xx.xx.2024 tarixində müvafiq təhvil-təslim aktı imzalanmışdır. Həmin aktla Cavabdeh müqavilə üzrə göstərilən malları keyfiyyət və kəmiyyət baxımından tam və qüsursuz formada qəbul etdiyini və İddiaçının müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirdiyini təsdiqləmişdir. Həmçinin, Cavabdeh və İddiaçı arasında 20 iyun 2025-ci il tarixində X1 üzrə Akt imzalanmışdır. Həmin akta əsasən Cavabdeh etiraf edir ki, onun xx.xx.2024-cü il tarixli 0503/24 saylı Müqaviləyə əsasən xx.xx.2024-cü ildən xx.xx.2025-ci il tarixinə İddiaçıya 20596,87 (iyirmimin beş yüz doxsan altı manat, 87 qəpik) manat məbləğində ödənilməmiş borcu vardır. Beləliklə, İddiaçı müqavilə üzrə öz öhdəliklərini tam və vaxtında icra etmiş, lakin Cavabdeh müqavilədən irəli gələn ümumi olaraq 20596,87 manat məbləğində olan ödənişləri nəzərdə tutulmuş müddətdə və tam həcmdə yerinə yetirməmişdir. Buna baxmayaraq, bu günədək Cavabdehin ümumilikdə 20596,87 (iyirmi min beş yüz doxsan altı manat, 87 qəpik) manat məbləğində icra edilməmiş öhdəliyiniz qalmışdır. Bundan əlavə olaraq, Tərəflər arasındakı müqavilənin 4.3-cü bəndinə əsasən müqaviləsinə əsasən ödənişlərin gecikdirilməsinə görə Cavabdeh gecikdirilən hər gün üçün ödəniləcək məbləğin 0,1% həcmində İddiaçıya dəbbə pulu ödəyir. X3 əsasən Cavabdeh elektron malların təhvil edilməsindən sonra 5 gün ərzində ödənişi yerinə yetirməlidir. Borcun qaytarılmalı olduğu tarixdən indiki vaxta qədər faiz dərəcəsi ilə hesablanmış məbləğ xx.xx.2024-cü il tarixli elektron qaimə üzrə borcun qaytarılmalı olduğu tarixindən indiki vaxta qədər gecikdirilmiş məbləğə uyğun olaraq 10360.2 manat ((20596.87 x 0.1 : 100) x 505) (gecikdirilmiş müddət - 503 gün, hər gün üçün 0,1 faiz dərəcəsi, 20596.87 manat ödənilməmiş məbləğ).
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat təqdim etməmişdir.
5. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı (satıcı) ilə cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 0503/24 saylı alqı-satqı müqaviləsinə görə Satıcı müvafiq Əlavələrdə göstərilmiş və müəyyənləşdirilmiş Ümumi malları Alıcının mülkiyyətinə verməyi, Alıcı isə Malı qəbul edib əvəzində bu müqavilənin 3.1-ci bəndi ilə müəyyənləşdirilmiş məbləği Satıcıya ödəməyi öhdəsinə götürür.
8. Müqavilənin 3.1-ci bəndinə əsasən malların qiyməti Protokol əsasında müəyyən edilir. Ödəniş Alıcı tərəfindən Satıcının bank hesabına köçürülmə yolu Azərbaycan manatı ilə həyata keçirilir.
9. Müqavilənin 3.2-ci bəndinə əsasən Mala görə ödəniş Alıcı tərəfindən hesab fakturaya əsasən X2 qeyd olunan müddətdə həyata keçirilir.
10. Müqavilənin 4.3-cü bəndinə əsasən müqavilə üzrə ödənişlərin gecikdirilməsinə görə Alıcı gecikdirilən hər gün üçün ödəniləcək məbləğin 0,1% həcmində Satıcıya dəbbə pulu ödəyir.
11. Tərəflər arasında imzalanmış, möhürlə təsdiq olunmuş xx.xx.2024-cü il tarixli, 0503/24 saylı müqavilənin xx.xx.2024-cü il tarixli, 01 nömrəli əlavəsinə əsasən müqavilə üzrə satılacaq malların dəyəri ədv daxil 20596,88 manat dəyərində razılaşdırılmışdır.
12. Tərəflər arasında imzalanmış, möhürlə təsdiq olunmuş xx.xx.2024-cü il tarixli, 0503/24 saylı müqavilənin xx.xx.2024-cü il tarixli, 01 nömrəli əlavəsinə əsasən tam ödəniş mal təhvilindən sonra 5 gün ərzində ödənilməlidir.
13. İddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli EBEB seriyalı, 117236 nömrəli 20596,88 manat məbləğində elektron qaimə-faktura göndərilmişdir.
14. Tərəflər arasında imzalanmış, möhürlə təsdiq olunmuş xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən satıcı müqavilə üzrə malları (kompressor yağı (rotair) 209 lt, kompressor yağı (rotair) 80 lt, yağ filteri 6 ədəd, hava filteri 3 ədəd, ayırıcı filter (seperatorlar üçün 3 ədəd, hava qurucu dəsti mikroməsaməli 2 ədəd olmaqla) alıcıya təhvil vermişdir.
15. Tərəflər arasında imzalanmış və möhürlənmiş 20 iyun 2025-ci il tarixli X1 aktına əsasən cavabdehin iddiaçıya 20596,87 manat borcu vardır.
16. Məhkəmə nümayəndənin izahatını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır.
17. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 0503/24 saylı alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
19. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
20. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.
21. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
22. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
23. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
24. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
25. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
26. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
27. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
28. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, ümumilikdə 20596,87 manat dəyərində olan malları cavabdehə təhvil vermiş, lakin cavabdeh tərəfindən öhdəliklər lazımınca icra edilməmişdir.
29. Məhkəmə hesab edir ki, iddia əsas borcun tələb edilməsi hissəsində təmin edilməli, cavabdehdən 20596,87 manat əsas borc tutularaq iddiaçıya ödənilməlidir.
30. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində 10360.2 manat cərimə məbləğinin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
31. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
32. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
33. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 1000 manat müəyyən edilməlidir.
34. Bundan başqa iddia ərizəsində 1000 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehdən tutulması tələb edilsə də, həmin xərci təsdiq edən hər hansı sübut işə əlavə edilməmişdir.
35. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin xərc iddiaçının özünə aid edilməlidir.
36. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
37. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 20596,87 manat əsas borc, 1000 manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
38. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
39. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 154,79 manat (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 31,21 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
40. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 20596,87 manat əsas borc, 1000 manat dəbbə pulu, 154,79 manat dövlət rüsumu, ümumilikdə 21751,66 (iyirmi bir min yeddi yüz əlli bir manat altmış altı qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 31,21 (otuz bir manat iyirmi bir qəpik) manat dövlət rüsumu və 1000 (bir min) manat hüquqi yardıma görə xərc İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
X6