Məhkəmə qərarları › İş №e-2-2(113)-6965/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6965/2025

06.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6965/2025 06.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 35232,45 manat əsas borc, 7046,49 manat dəbbə pulu olmaqla, cəmi 42278,94 manat pulun, hüquqi yardıma görə ödənilmiş xərcin (zərərin) əvəzi 325 manatın və ödənilmiş 217.81 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 19 iyul 2024-cü il tarixdə imzalanmış alqı-satqı müqaviləsinə əsasən iddiaçı müqaviləyə əsasən cavabdehi razılaşdırılmış miqdarda, çeşiddə və keyfiyyətdə mallarla təmin etməyi, xidmətlər göstərməyi, cavabdeh isə həmin malları qəbul edərək, onların və xidmətlərin dəyərini müqavilədə müəyyən edilmiş qaydada və şərtlərlə iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Beləliklə, sözügedən müqaviləyə əsasən İddiaçı MMC elektron qaimə-fakturalarda göstərilmiş tikinti mallarını Cavabdeh MMC-yə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Belə ki, 22 iyul 2024-cü il tarixli, MT2407 seriyalı, 11437139 nömrəli elektron qaimə üzrə cavabdehin iddiaçıdan aldığı mallara görə sonuncuya əlavə dəyər vergisi daxil 8640.11 manat, MT2407 seriyalı, 11437858 nömrəli elektron qaimə üzrə 6912.09 manat, MT2407 seriyalı, 11438252 nömrəli elektron qaimə üzrə 8640.11 manat, MT2407 seriyalı, 11438978 nömrəli elektron qaimə üzrə 6912.09 manat, MT2407 seriyalı, 11439869 nömrəli elektron qaimə üzrə 4128.05 manat olmaqla, ümumilikdə 35232.45 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Bоrcun ödənilməsi tələbi ilə cavabdehə rəsmi müraciət оlunmasına, tərəfimizdən məsələnin məhkəmədənkənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq, cavabdeh götürülən bоrcun qaytarılması üçün hеç bir təşəbbüs göstərməmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat təqdim etməmişdir.

5. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı (satıcı) ilə cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, PCİ- S-43-24 saylı alqı-satqı müqaviləsinə görə satıcı alıcıya onun sifarişinə əsasən müqavilə əsasında razılaşdırılmış miqdarda, çeşiddə və keyfiyyətdə mallarla təmin etməyi, xidmətlər göstərməyi, alıcı isə həmin malları qəbul edərək malların və göstərilən xidmətlərin dəyərini bu müqavilədə müəyyən edilmiş qaydada və şərtlərlə ödəməyi öz öhdəsinə götürür.

8. Müqavilənin 2.1-ci bəndinə əsasən malın və xidmətin qiyməti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan və müqaviləyə əlavə edilən Qiymət razılaşdırma protokolunda müəyyən edilir.

9. Müqavilənin 2.3-cü bəndinə əsasən malın təhvil-təslimindən, qaimə faktura təqdim edildikdən sonra ödəniş Qiymət razılaşdırma protokolunda müəyyən edilmiş qaydada həyata keçirilir. Malın qiyməti köçürmə yolu ilə ödənilir.

10. Müqavilənin 4.3-cü bəndinə əsasən Alıcı bu Müqavilə ilə müəyyən edilmiş qaydada Malı Satıcıdan təhvil aldıqdan sonra bu Müqavilənin Əlavəsinə uyğun olaraq alınmış malın dəyərini ödəmədikdə və ya qismən ödədikdə Satıcı Alıcıdan hər gecikdirilən iş günü üçün malın dəyərinin ödənməmiş hissəsinin qiymətinin 0.1% həcmində dəbbə pulunun (cərimə) ödənilməsini tələb edə bilər.

11. Tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli, PCİ-S-43-24 saylı alqı-satqı müqaviləsinə xx.xx.2024-cü il tarixli, 01 nömrəli əlavəsinə əsasən müqavilə üzrə satılacaq malın dəyəri (nordic Waterproof BP 1K-30 kg (25 palet) 2700 kq, Vahidinin qiyməti 2.7119 AZN olmaqla) ədv daxil 8640,11 manat dəyərində razılaşdırılmışdır.

12. Tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli Malların təhvil-təslim aktına əsasən iddiaçı tərəfindən müqavilə üzrə dəyəri ədv daxil 8640,11 manat olan mallar cavabdehə təhvil verilmişdir.

13. İddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli, MT2407, 11437139 nömrəli 8640,1134 manat məbləğində elektron qaimə-faktura göndərilmişdir.

14. Tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli, PCİ-S-43-24 saylı alqı-satqı müqaviləsinə xx.xx.2024-cü il tarixli, 02 nömrəli əlavəsinə əsasən müqavilə üzrə satılacaq malın dəyəri (nordic Waterproof BP 1K-30 kg (25 palet) 2160 kq, Vahidinin qiyməti 2.7119 AZN olmaqla) ədv daxil 6912,09 manat dəyərində razılaşdırılmışdır.

15. Tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli Malların təhvil-təslim aktına əsasən iddiaçı tərəfindən müqavilə üzrə dəyəri ədv daxil 6912,09 manat olan mallar cavabdehə təhvil verilmişdir.

16. İddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli, MT2407 11437858 nömrəli 6912,0907 manat məbləğində elektron qaimə-faktura göndərilmişdir.

17. Tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli, PCİ-S-43-24 saylı alqı-satqı müqaviləsinə xx.xx.2024-cü il tarixli, 03 nömrəli əlavəsinə əsasən müqavilə üzrə satılacaq malın dəyəri (nordic Waterproof BP 1K-30 kg (25 palet) 2700 kq, Vahidinin qiyməti 2.7119 AZN olmaqla) ədv daxil 8640,11 manat dəyərində razılaşdırılmışdır.

18. Tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli Malların təhvil-təslim aktına əsasən iddiaçı tərəfindən müqavilə üzrə dəyəri ədv daxil 8640,11 manat olan mallar cavabdehə təhvil verilmişdir.

19. İddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli, MT2407 11438252 nömrəli 8640.1134 manat məbləğində elektron qaimə-faktura göndərilmişdir.

20. Tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli, PCİ-S-43-24 saylı alqı-satqı müqaviləsinə xx.xx.2024-cü il tarixli, 04 nömrəli əlavəsinə əsasən müqavilə üzrə satılacaq malın dəyəri (nordic Waterproof BP 1K-30 kg (25 palet) 2160 kq, Vahidinin qiyməti 2.7119 AZN olmaqla) ədv daxil 6912,09 manat dəyərində razılaşdırılmışdır.

21. Tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli Malların təhvil-təslim aktına əsasən iddiaçı tərəfindən müqavilə üzrə dəyəri ədv daxil 6912,09 manat olan mallar cavabdehə təhvil verilmişdir.

22. İddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli, MT2407 11438978 nömrəli 6912.0907 manat məbləğində elektron qaimə-faktura göndərilmişdir.

23. Tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli, PCİ-S-43-24 saylı alqı-satqı müqaviləsinə xx.xx.2024-cü il tarixli, 05 nömrəli əlavəsinə əsasən müqavilə üzrə satılacaq malın dəyəri (nordic Waterproof BP 1K-30 kg (25 palet) 1290 kq, Vahidinin qiyməti 2.7119 AZN olmaqla) ədv daxil 4128,05 manat dəyərində razılaşdırılmışdır.

24. Tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli Malların təhvil-təslim aktına əsasən iddiaçı tərəfindən müqavilə üzrə dəyəri ədv daxil 4128,05 manat olan mallar cavabdehə təhvil verilmişdir.

25. İddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli, MT2407 11439869 nömrəli 4128.0542 manat məbləğində elektron qaimə-faktura göndərilmişdir.

26. Məhkəmə nümayəndənin izahatını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır.

27. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, PCİ-S-43-24 saylı alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

29. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

30. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.

31. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

32. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

33. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

34. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

35. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

36. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

37. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

38. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, ümumilikdə 35232,45 manat dəyərində olan malları cavabdehə təhvil vermiş, lakin cavabdeh tərəfindən öhdəliklər icra edilməmişdir.

39. Məhkəmə hesab edir ki, iddia əsas borcun tələb edilməsi hissəsində təmin edilməli, cavabdehdən 35232,45 manat əsas borc tutularaq iddiaçıya ödənilməlidir.

40. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində 7046,49 manat cərimə məbləğinin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

41. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

42. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

43. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 1500 manat müəyyən edilməlidir.

44. Bundan başqa iddia ərizəsində 325 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehdən tutulması da tələb edilir.

45. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən hüquqi yardımla bağlı iddiaçının çəkdiyi 325 manat xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

46. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli ödəniş tapşırığına əsasən iddiaçı tərəfindən cavabdehə 975 manat vəsait ödənilmişdir.

47. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 35232,45 manat əsas borc, 1500 manat dəbbə pulu, 325 manat hüquqi yardıma görə xərc tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

48. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

49. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 200,20 manat (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 17,61 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

50. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 35232,45 manat əsas borc, 1500 manat dəbbə pulu, 325 manat hüquqi yardıma görə xərc, 200,20 manat dövlət rüsumu, ümumilikdə 37257,65 (otuz yeddi min iki yüz əlli yeddi manat altmış beş qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 17,61 (on yeddi manat altmış bir qəpik) manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

X1

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar