Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6967/2025 16.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı qarşı “alqı-satqı müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər:) (alqı-satqı müqaviləsi üzrə əsas borc, dəbbə pulu, elektron qaimə) Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Bağırov Ramiz Rauf oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə fərdi sahibkar Cavabdeh arasında bağlanmış 06 dekabr 2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 1603,79 manat, 100 manat dəbbə pulunun Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il ildə İddiaçı MMC ilə Cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən Alıcı Cavabdeh, Satıcı İddiaçı MMC-dən aldığı malları lazımi qaydada qəbul etməyi və onların dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən sifarişçi malların dəyərini tam olararq qabaqcadan ödəməlidir. Həmin müqavilə üzrə sifariş verilən mallar alıcıya onun ünvanında təhvil verilmiş, lakin alıcı aldığı mallara dair ödənişi 3 ay ərzində etmədiyinə görə bu gün satıcıya ümumilikdə 1603,79 manat və müqavilənin 3.5-ci maddəsinə əsasən 100 manat dəbbə pulu məbləğində borc yaranmışdır. Onlar tərəfdən hər bir sifariş üçün müvafiq mallar göndərilsə də, həmin ödənişlər icra olunmamışdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, məhkəməyə təqdim edilən yazışmalardan da görünür ki, cavabdeh borcu qəbul etmişdir.
4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: -14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. -218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. -222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. İddiaçı MMC (satıcı) və Cavabdeh (alıcı) arasında imzalanan xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin: 1.1-ci bəndinə əsasən, satıcı tam təfsilatı, ölçü vahidi, həcmi, qiyməti, təhvil verilmə qaydası və təhvil verilmə müddəti hər yeni sifarişdən qabaq tərəflərin iştirakı ilə yazılı şəkildə tərtib ediləcək və müqavilənin ayrılmaz tərkib hissəsi olan qoşmalar ilə müəyyən olunan mallar ilə sifarişçini təhciz etməyi, sifarişçi isə malları qəbul edib onların müvafiq qoşma ilə razılaşdırılmış dəyərini alıcıya ödəməyi öhdəsinə götürür. 2.3-cü bəndinə əsasən,malların sifarişçiyə təhvil verilməsi tərəflərin səlahiyyətli nümayəndələrinin imzlaladığı tərəflərin hər birində 1 nüsxə olmaqla saxlanan və satıcı təərfindən iki nüsxədə tərtib edilən təhvil-təslim aktı ilə rəsmiləşir. 3.1-ci bəndinə əsasən malların qiymətləri müvafiq Qoşmalarda təsbit edilir. 3.2-ci bəndinə əsasən qoşmada başqa qayda nəzərdə tutulmayıbsa, Sifarişçi Malların dəyərini tam olaraq qabaqcadan ödəməlidir. 3.5-ci bəndinə əsasən, hər-hansı tərəf bu müqavilə üzrə öhdəliklərini müəyyən olunmuş müddətlərdə həyata keçirmədikdə, hər gecikdirilmiş günə görə icrası gecikdirilmiş öhdəliyin dəyərinin 0.1 faizi həcmində cərimə ödəməlidir. Satıcının malları təhvil vermək müddəti ödənişlərin gecikdirilməsi müddətinə müvafiq uzadıla bilər. Cərimənin ödənilməsi tərəfləri müqavilə üzrə öhdəliklərindən azad etmir. 3.6-cı bəndinə əsasən, bu müqavilənin digər müddəalarında başqa qayda müəyyən olunmadığı hallarda, müqavilənin 3.5-ci maddəsində qeyd edilən cərimənin ümumi məbləği təhvil verilməsi və ya ödənilməsi gecikdirilmiş malların dəyərinin 10 faizini aşa bilməz. Cərimə 10 faizə çatdıqda tərəflər görüşməli və 5 iş günü ərzində malların yeni təmin olunma şərtlərində düzəliş edib razılaşmalıdırlar. Əgər tərəflər həmin müddət ərzində razılığa gələ bilməsələr zərərçəkmiş tərəf müqaviləyə xitam vermək hüququnu özündə saxlayır. Alıcı bu Müqavilə üzrə nəzərdə tutulmuş malın dəyərini qarşılıqlı razılaşdırılmış müddətdə ödəməzsə, gecikdirdiyi hər bir gün üçün ödənilməyən məbləğin 0.1%-i həcmində cərimə ödəyəcəkdir. 4.1.1-ci bəndinə əsasən, satıcının alıcıdan malların dəyərinin müqavilə ilə razılaşdırılmış qaydada və müddətdə ödənilməsini tələb etmək hüququ vardır. 4.1.3-cü bəndinə əsasən, satıcının sifarişçi tərəfindən müqavilə şərtləti pozulduğu halda müqaviləni birtərəfli qaydada ləğv etmək hüuqu vardır. 5.1.1-ci bənində əsasən, sifarişçi malları təhvil aldığı Tarixdə yoxlayıb, təhvil-təslim aktını iki nüsxədə imzalamaqla və bir nüsxəsini alıcıya verməklə qəbul etmək və ya malların kəmiyyət və keyfiyyəti ilə bağlı hər hansı qüsur aşkar etdikdə təhvil-təslim aktında müvafiq qeyd apararaq malları təhvil almaq və yaxud təhvil almaqdan imtina etmək öhdəliyi vardır. 5.4-cü bəndinə əsasən, sifarişçinin müqavilədən irəli gələn və öz üzərinə düşən digər öhdəlikləri təmin etmək vəzifəsi vardır. 17.1-ci bəndinə əsasən, müqavilə imzalandığı tarixdən qüvvəyə minir və 1 il müddətinə qüvvədədir.
7. İddiaçı MMC tərəfindən təqdim edilmiş mal satışına dair qaimələrdən görünür ki: xx.xx.2025-ci il tarixli 039283 saylı qaimə üzrə 215,95 manat, xx.xx.2025-ci il tarixli 039441 saylı qaimə üzrə 98 manat, xx.xx.2025-ci il tarixli 039758 saylı qaimə üzrə 196,05 manat, xx.xx.2025-ci il tarixli 039863 saylı qaimə üzrə 158,60 manat, xx.xx.2025-ci il tarixli 039907 saylı qaimə üzrə 206,25 manat, xx.xx.2025-ci il tarixli 040068 saylı qaimə üzrə 58,50 manat, xx.xx.2025-ci il tarixli 040079 saylı qaimə üzrə 27,20 manat, xx.xx.2025-ci il tarixli 040165 saylı qaimə üzrə 274,25 manat, xx.xx.2025-ci il tarixli 040181 saylı qaimə üzrə 196 manat, xx.xx.2025-ci il tarixli 040275 saylı qaimə üzrə 196 manat dəyərində mal təhvil alınmışdır. Qaimələrin bir qismi Günay adlı şəxs tərəfindən imzalanmış, digər imzalanmış qaimələrdə təhvil alanın adı qeyd edilməmişdir.
8. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanan elektron qaimələrdən görünür ki: yekun məbləğlər xx.xx.2025-ci il tarixli MT2502 seriyalı 11214241 nömrəli elektron qaimə üzrə 215,95 manat (189,76 manat məbləğində ödəniş edilmiş və 26,19 manat borc qalmışdır), xx.xx.2025-ci il tarixli MT2502 seriyalı ******* nömrəli elektron qaimə üzrə 98 manat, xx.xx.2025-ci il tarixli MT2503 seriyalı 10695470 nömrəli elektron qaimə üzrə 166,75 manat, xx.xx.2025-ci il tarixli MT2503 seriyalı 11405300 nömrəli elektron qaimə üzrə 196,05 manat, xx.xx.2025-ci il tarixli MT2504 seriyalı 10216545 nömrəli elektron qaimə üzrə 206,25 manat, xx.xx.2025-ci il tarixli MT2504 seriyalı 10238969 nömrəli elektron qaimə üzrə 158,60 manat, xx.xx.2025-ci il tarixli MT2504 seriyalı 11073368 nömrəli elektron qaimə üzrə 58,49 manat, xx.xx.2025-ci il tarixli MT2504 seriyalı 11217171 nömrəli elektron qaimə üzrə 27,19 manat, xx.xx.2025-ci il tarixli MT2503 seriyalı 11723281 nömrəli elektron qaimə üzrə 196 manat, xx.xx.2025-ci il tarixli MT2504 seriyalı 11923536 nömrəli elektron qaimə üzrə 274,25 manat, xx.xx.2025-ci il tarixli MT2504 seriyalı 12292895 nömrəli elektron qaimə üzrə 196 manat təşkil edir.
9. İddiaçının nümayəndəsi tərəfindən təqdim olunmuş cavabdeh və iddiaçının direktoru arasında olan vatsap yazışmasının surətindən görünür ki, cavabdeh məsələnin qarşılıqlı anlaşma ilə məhkəməyə qədər həll olunmasını daha məqsədəuyğun hesab edir. O cümlədən yaxın günlərdən borcu hissəli şəkildə ödməyə başlayacağını bildirir. Həmçinin cavabdehin digər bir yazışmada məbləğin ödənilməsi ilə bağlı məsuliyyətini qəbul etdiyini, ancaq məkanın bağlandığını, hazırda iş fəaliyyəti olmadığı üçün borcu birdəfəlik ödəməsinin mümkün olmadığını, məbləği yalnız 12 ay ərzində bərabər hissələrlə ödəyə biləcəyini, əgər bu şərtlərlə razılıq olarsa məslənin qarşılıqlı razılaşma ilə həll edilməsinin mümkün olacağını, əks halda qərarın məhkəmənin öhdəsinə buraxılacağını bildirmişdir.
10. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçı qarşısında müqavilə üzrə satılmış malların dəyərinin ödənilməsi barədə öhdəliyi tərəflər arasında bağlanmış “Alqı-satqı” müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi İddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin sadalanan normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir.
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 398.1-ci maddəsinə əsasən, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən, əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
12. Məhkəmə ilkin olaraq qeyd edir ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Belə ki, qüvvədə olan müki qanunvericilik öhdəliyin icrası ilə bağlı iki prinsip müəyyən edib: lazımı şəkildə icra edilməsi prinsipi və real icra prinsipi. Mülki Məcəllənin 425.1-ci maddəsində öhdəliyin lazımı şəkildə icra edilməsi prinsipi müəyyən edilərək göstərilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Yəni, lazımı şəkildə öhdəliyin icrası prinsipi müəyyən edir ki, öhdəlik lazımı subyektlər tərəfindən, lazımı yerdə, lazımı vaxtda, lazımı predmet ilə və lazımı şəkildə icra olunmalıdır.
13. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin 1-ci bəndinə əsasən Alıcı Satıcıdan aldığı malları lazımi qaydada qəbul etməyi və onların dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə sifariş verilən mallar alıcıya onun ünvanında təhvil verilmiş, bu fakta dair təhvil-təslim aktları iş materiallarına əlavə edilmişdir. Belə ki, ddiaçı üzərinə düşən öhdəliyi lazımı qaydada icra edərək müqavilə üzrə malları cavabdehə təhvil vermiş, cavabdeh isə müqavilə üzrə öhdəliklərini lazımı qaydada icra etməmiş, təhvil aldığı malların bir qismi üzrə ödənişləri həyata keçirsə də, digərlərinin dəyərini ödəməmişdir. Daha sonra iddiaçı tərəfindən cavabdehə elektron qaimələr göndərilərək satılmış malların dəyərinin ödənilməsi tələb olunmuşdur. İddiaçı tərəfindən təqdim edilən vatsap yazışmalarının məzmunundan görünür ki, cavabdeh borcu qəbul edərək hissə-hissə ödəməyə hazır olduğunu etiraf etmişdir.
14. İddiaçı hazırda müqavilə üzrə ödənilməmiş borcun və həmin borca hesablanan dəbbə pulunun cavabdehdən tutulması tələbi ilə çıxış edir.
15. İş materiallarına dövriyyə cədvəlindən də göründüyü kimi tərəflər arasında müqavilə bağlandığı vaxtdan xx.xx.2025-ci il tarixinə kimi 10702,07 manat məbləğində mal satışı həyata keçirilmiş, həmin məbləğdən cəmi 9098,28 manat dəyərində ödəniş edilmiş, lakin alıcı aldığı digər mallara dair ödənişi etmədiyinə görə bu gün satıcıya ümumilikdə 1603,79 manat borc (10702,07-9098,28 manat=1603,79) yaranmışdır. Məhkəmə tərəfindən həmçinin müəyyən edildi ki, hazırda tutulması tələb edilən 1603.79 manat borc təhvil-təslim aktları və 11 elektron qaimə əsasında yaranmış borcdur. Belə ki, cavabdeh həmin qaimələrdən yalnız biri üzrə (02.2025-ci il tarixli MT2502 seriyalı 11214241 nömrəli elektron qaimə üzrə) 189,76 manat ödəniş olmuş, qalan 1603.79 məbləğ ödənilməmiş qalmışdır.
16. Məhkəmə xüsusi olaraq qeyd edir ki, cavabdeh iş üzrə keçirilmiş bütün məhkəmə iclaslarının vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına, iddiaçı tərəfindən təqdim edilmiş sübutlarla tanış olmaq imkanına malik olmasına baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş, iddiaya dair etirazını və işin faktiki hallarına dair digər sübutları təqdim etməmiş, beləliklə cavabdeh tərəfindən hazırkı mübahisənin həlli istiqamətində zəruri maraq göstərilməmişdir.
17. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında əks olunmuş hüquqi mövqeyə görə, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak etmə imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).
18. "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında əks edilmiş hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları özözlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.
19. Bundan başqa məhkəmə, iddiaçı tərəfindən cavabdehin borcun qəbul edilməsinə dair sübut olaraq təqdim edilmiş “vatsap” yazışmalarına qiymət verərkən ilk olaraq sübutun mötəbərliyini və işin həlli üçün əsaslılığını müəyyən etməyi zəruri hesab edir.
20. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli Qərarında təsbit olunmuş hüquqi mövqeyə görə mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 76.1 –ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2 –ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 89.2-ci maddəsinə əsasən, faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun.
22. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir.
23. Avropa İnsan Hüquqları Məhkəməsinin bir sıra qərarlarında qeyd edilmişdir ki, məhkəmə qərarı yalnız açıq-aşkar sübuta yetirilmiş faktlar əsasında qəbul edilməli (Avotins Latviyaya qarşı 2016), qeyri-müəyyən və ehtimal xarakterli hallara deyil, sabit hüquqi və faktiki vəziyyətə əsaslanmalıdır (Brumarescu Ruminiyaya qarşı 1999).
24. Belə ki, təqdim edilən “vatsap” yazışmaları birbaşa iş üzrə tərəflər arasında olan danışıqları əks etdirir və iddiaçı məhkəmə iclasında həmin yazışmaların ona məxsus olmasını təsdiq etmişdir. Beləliklə məhkəmə elektron yazışmanın mətninin iş materiallarına əlavə edilməsini nəzərə alaraq hesab edir ki, AR MPM-in yuxarıda qeyd olunan maddələrinin tələbləri baxımından həmin yazışmaların yazılı sübut qismində qəbulu mümkündür. Sözügedən yazışmalardan görünür ki, iddiaçı yaranmış borcun ödənilməsi, cavabdeh da borcun mövcudluğunu qəbul edərək ona hissə-hissə ödənilməsi barədə vaxt verilməsini xahiş etmişdir.
25. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin öz öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının tərəflər arasında bağlanmış müqavilənin icrasını cavabdehdən tələb etmək hüququna malik olmasını, o cümlədən göndərilmiş elektron qaimələr əsasında qismi ödənişlər olunduğunu nəzərə alaraq alaraq hesab edir ki, iddia tələbi əsas borc hissəsində əsaslı olduğundan təmin edilməli, cavabdehdən əsas borc üzrə 1603,79 manat pul məbləği tutularaq İddiaçıya ödənilməlidir.
26. Bundan əlavə iddiaçı tələbində cavabdehdən 100 manat məbləğində cərimə borcunun ödənilməsini irəli sürür.
27. Məhkəmə ilkin olaraq qeyd edir ki, dəbbə pulunun növlərindən biri olan “cərimə” öhdəliyin icra edilmədiyi və ya lazımi qaydada icra edilmədiyi hallarda birdəfəlik sabit pul məbləği, digər növü olan “penya” isə öhdəliyin icra edilməməsinə və ya lazımi qaydada icra edilməməsinə görə pozuntunun davam etdiyi müəyyən vaxt dövrü üçün faiz (və ya sabit məbləğ) formasında müəyyən edilir və pozuntu davam etdikcə penyanın məbləği də artır. Odur ki, tərəflər arasında bağlanmış müqaviləin şərtlərində nəzərdə tutulmuş dəbbə pulu “cərimə” adlandırılsa da, gecikdirmənin hər günü üçün əsas borc məbləğinə faiz kimi müəyyən edildiyindən hesablanma üsuluna görə dəbbə pulunun penya növünə aiddir.
28. Məhkəmə bununla bağlı bildirir ki, AR Mülki Məcəlləsi dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MMin 462.3-cü maddəsi).
29. Məhkəmə hazırkı iş üzrə borclunun öhdəliyini pozmasındakı təqsirinin dərəcəsini, İddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini vurğulayaraq bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq Cavabdehdən İddiaçının xeyrinə 80,18 manat məbləğində dəbbə pulu tutulmalıdır.
30. İddiaçı tələbində eyni zamanda ödənilmiş 37 manat dövlət rüsumu məbləğinin cavabdehdən tutulmasını xahiş edir.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
32. İş materiallarına əlavə edilmiş qəbzlər iddiaçı tərəfindən dövlət rüsumunun ödənildiyini təsdiqləyir. Məhkəmə iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş 37 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. V Nəticə:
33. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilə üzrə Cavabdeh 1603,79 manat əsas borc, 80.18 manat dəbbə pulu olmaqla, cəmi 1683,97 (min altı yüz səksən üç manat, doxsan yeddi qəpik) manat pul məbləği, dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 37 manat pul İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: İlham Əhmədov