Məhkəmə qərarları › İş №e-2-2(113)-6969/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6969/2025

30.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6969/2025 30.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər:) (alqı satqı müqaviləsi üzrə əsas və faiz borcu) Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Bağırov Ramiz Rauf oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən 9047,88 manat əsas vəsaitin, 1900,05 manat faiz ödənişi olmaqla 10947,93 manat pul vəsaitinin, habelə 123 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 29 iyun 2022-ci il tarixində 0020/22-İAP/ZA nömrəli alqı-satqı müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən, satıcı müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan müvafiq əlavədə göstərilmiş malları alıcıya satmağı və alıcı isə razılaşdırılmış qaydada onun dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4.1.3-cü bəndinə əsasən alıcı malların dəyərini satıcıya vaxtında ödəməlidir. Satın alınan mallar cavabdehə təhvil verilmiş və təhvil verilmiş mallara görə elektron qaimələr təqdim olunmuşdur. Cavabdeh tərəf bu elektron qaimələri qəbul etmiş, lakin EBBZ 181412 nömrəli elektron qaiməyə əsasən ödənişlərin bir hissəsini ödəsə də həmin qaimə əsasında 8611 manat və xx.xx.2022-ci il tarixli EBCA 424214 nömrəli elektron qaiməyə əsasən 436,88 manat, ümumi toplamda 9047,88 manat borcu qalmışdır (ƏDV daxil olmaqla) və həmin borcu bu günədək ödəməmişdir. Həmçinin borc məbləğinin 3 il müddətinə gecikdirildiyi də nəzərə alınaraq cavabdehə tətbiq edilməli olan faiz bu qaydada hesablanmalıdır: 9047,88 x 7 (Mərkəzi bankın faiz məbləği) x 3 = 1900,05 manat cərimə tətbiq edilməlidir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi

4. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

6. Bir tərəfdən satıcı İddiaçı MMC, digər tərəfdən alıcı Cavabdeh MMC arasında bağlanan 29 iyun 2022-ci il tarixli 0020/22-İAP/ZA nömrəli alqı-satqı müqaviləsinin: 1.1-ci bəndinə əsasən, "Satıcı", Müqavilənin ayrılmaz tərkib hissəsi olan müvafiq əlavədə göstərilmiş (bundan sonra "Əlavə") malları "Alıcı"ya satmağı və "Alıcı" isə öz növbəsində bu mallar üçün razılaşdırılmış qiyməti ödəməyi öhdəsinə götürür. 1.2-ci bəndinə əsasən, malların adı, ölçüsü, kəmiyyəti, çatdırılma şərtləri və qiymətləri bu əlavələrdə göstərilmişdir. Malların təhvil verilməsi hər iki tərəfin imzaladığı təhvil-təslim aktına uyğun olaraq həyata keçiriləcək. 1.4-cü bəndinə əsasən, əlavələr hər iki tərəfdən imzalandıqdan sonra qüvvəyə minir və müqavilənin ayrılmaz tərkib hissəsinə çevrilir. 4.1-ci bəndinə əsasən, alıcının vəzifələri: 4.1.3-cü bəndinə əsasən, müqaviləyə əsasən vaxtında ödəniş etməlidir. 4.1.4-cü bəndinə əsasən, sifariş edilmiş malların dəyərinin ödəniş qaydası müvafiq əlavədə əks olunmalıdır. 5.1-ci bəndinə əsasən, "Satıcı" bu müqavilənin müvafiq əlavəsində qeyd olunmuş kəmiyyətdə və keyfiyyətdə malları "Alıcı"ya təqdim edir. Malların təhvil-təslimi zamanı kəmiyyət və keyfiyyət uyğunluğu "Alıcı" tərəfindən yoxlanılmalı və yalnız uyğunluq olduğu təqdirdə təhvil-təslim aktını imzalamalıdır. Təhvil-təslim aktının imzalanması "Alıcı"nın malların kəmiyyətinə və keyfiyyətinə dair heç bir pretenziyasının olmadığının təsdiqidir. 7.1-ci bəndinə əsasən bu müqavilə hər iki tərəfdən imzalandığı gündən 1 (bir) il müddətinə etibarlıdır. Müqavilənin müddəti bitdikdən sonra tərəflərdən biri müqaviləyə xitam vermək üçün təşəbbüs göstərməzsə, müqavilə eyni müddətə uzadılmış sayılır.

7. 13.07.2022-ci il tarixli qaimə fakturaya əsasən ƏDV daxil 436,88 manat məbləğində mal iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş, qaimə-faktura hər iki tərəfin imzası ilə imzalanmışdır.

8. 29 iyun 2022-ci il tarixli 0020/22-İAP/ZA nömrəli alqı-satqı müqaviləsinə 01 saylı əlavə olan qiymətlərin razılaşdırılması və malların təhvil verilməsi haqqında 30.06.202-ci il tarixli, 01 saylı akta əsasən, iddiaçı tərəfindən cavabdehə ƏDV daxil 10160,98 manat məbləğində mal satışı həyata keçirilmiş və həmin satılmış mala dair 30.06.022-ci il tarixli, İAP-0037/22 saylı hesab faktura tərtib edilmişdir. Müqaviləyə 02 saylı əlavə olan qiymətlərin razılaşdırılması və malların təhvil verilməsi haqqında xx.xx.2022-ci il tarixli, 02 saylı akta əsasən iddiaçı tərəfindən cavabdehə ƏDV daxil 436,88 manat dəyərində mal satılmış və həmin satılmış mala dair 20.07.022-ci il tarixli, İAP-0047/22 saylı hesab faktura tərtib edilmişdir. Aktlar hər iki hüquqi şəxsin imza və möhürü ilə təsdiqlənmişdir.

9. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanan xx.xx.2022-ci il tarixli EBBZ seriyalı 181412 nömrəli elektron qaimədən görünür ki, malın dəyəri ƏDV daxil 10160,98 manat və xx.xx.2022-ci il tarixli, EBCA seriyalı, 424214 saylı e-qaiməyə əsasən isə ƏDV daxil 436,88 manat təşkil etmişdir.

10. xx.xx.2022-ci il tarixli köçürmənin aparılması haqqında **********294923 saylı bildirişə əsasən Cavabdeh MMC tərəfinən iddiaçının ƏDV sub-uçot hesabına EBBZ181412 saylı e-qaimə üzrə 1549,98 manat məbləğində ƏDV ödənişi edilmişdir.

11. 1862343028 nömrəli xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 123 manat dövlət rüsumu ödənilmişdir.

12. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçı qarşısında müqavilə üzrə ona təhvil verilmiş malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi İddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin sadalanan normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir.

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 398.1-ci maddəsinə əsasən, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən, əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 599.3-cü maddəsinə əsasəb qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

14. Məhkəmə ilkin olaraq qeyd edir ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Digər tərəfdən qüvvədə olan müki qanunvericilik öhdəliyin icrası ilə bağlı iki prinsip müəyyən etmişdir: lazımı şəkildə icra edilməsi prinsipi və real icra prinsipi. Mülki Məcəllənin 425.1-ci maddəsində öhdəliyin lazımı şəkildə icra edilməsi prinsipi müəyyən edilərək göstərilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Yəni, lazımı şəkildə öhdəliyin icrası prinsipi müəyyən edir ki, öhdəlik lazımı subyektlər tərəfindən, lazımı yerdə, lazımı vaxtda, lazımı predmet ilə və lazımı şəkildə icra olunmalıdır.

15. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 29 iyun 2022-ci il tarixli 0020/22-İAP/ZA nömrəli alqı-satqı müqaviləsi əsasında iddiaçı üzərinə düşən öhdəliyi lazımı qaydada icra edərək müqavilə üzrə ümumi dəyəri 10597.86 malları cavabdehə təhvil vermiş, cavabdeh təhvil-təslim aktları əsasında satılmış malları qəbul etmiş, onların bir qismi üzrə ödənişləri həyata keçirsə də, digərlərinin dəyərini ödəməmiş, nəticədə müqavilə üzrə öhdəliklərini lazımı qaydada icra etməmişdir. Belə ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixli EBBZ seriyalı 181412 nömrəli və xx.xx.2022-ci il tarixli, EBCA seriyalı, 424214 nömrəli elektron qaimələr göndərilərək satılmış malların dəyərinin ödənilməsi tələb olunmuşdur. İddiaçı tərəfindən təqdim olunmuş ödəniş sənədindən görünür ki, cavabdeh tərəfindən 1549.98 manat ödəniş həyata keçirilmiş, ödənişin təyinatı qismində EBBZ 181412 saylı elektron qaimə qeyd olunmuşdur.

16. İddiaçı hazırda müqavilə üzrə ödənilməmiş 9047,88 manat borcun və həmin borca hesablanan faiz borcunun cavabdehdən tutulması tələbi ilə çıxış edir.

17. Əsas borca münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarına əsasən hazırda tələb edilən 9047,88 manat əsas borc yuxarıda qeyd olunan 2 elektron qaimələr üzrə qalıq məbləğidir.

18. "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında əks edilmiş hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.

19. Məhkəmə xüsusi olaraq qeyd edir ki, cavabdeh iş üzrə keçirilmiş bütün məhkəmə iclaslarının vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına, iddiaçı tərəfindən təqdim edilmiş sübutlarla tanış olmaq imkanına malik olmasına baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş, iddiaya dair etirazını və işin faktiki hallarına dair digər sübutları təqdim etməmiş, beləliklə cavabdeh tərəfindən hazırkı mübahisənin həlli istiqamətində zəruri maraq göstərilməmişdir.

20. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında əks olunmuş hüquqi mövqeyə görə, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak etmə imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).

21. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdeh tərəfindən öz öhdəliklərinin lazımı qaydada icra edilməyərək təhvil aldığı malların bir qismi üzrə ödənişlərin edilmədiyini, belə olan halda isə iddiaçının tərəflər arasında bağlanmış müqavilənin icrasını cavabdehdən tələb etmək hüququna malik olmasını, cavabdeh tərəfindən edilmiş ödənişləri nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas borc hissəsində təmin edilməli, cavabdehdən 9047,88 manat borc məbləği (105xx.xx-1549.98=9047.88) İddiaçı MMC-nin xeyrinə tutulmalıdır.

22. Bundan başqa iddiaçı Mərkəzi Bankın illik uçot faiz dərəcəsi ilə hesablanmış əsas borcun 3 il müddətinə (36 ay) gecikdirilməsinə görə 1900,5 manat faiz borcunun cavabdehdən tutulması tələbi ilə çıxış edir.

23. Qeyd olunan tələblə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.

24. MM-in 445.7-ci maddəsinə əsasən, Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

25. Göründüyü kimi Konstitusiya Məhkəməsinin sözügedən qərarında formalaşdırılmış hüquqi mövqeyə görə kredit verən kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək olan müddət üçün kreditor müqavilədə nəzərdə tutulmuş pul vəsaitindən istifadə haqqını (faizləri), sonrakı müddət üçün Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5% hesabı ilə faizləri tələb etməkdə haqlıdır.

26. Qanunverici qeyd olunan normada icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi imkanı ilə şərtləndirmişdir. Qeyd olunan normadakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsi, faydalanması imkanının qarşısının alınmasına yönəlmişdir. Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər.

27. Digər tərəfdən, Mülki Məcəllənin zərər və dəbbə pulunun nisbətindən bəhs edən 466-cı maddəsinin məzmununa əsasən, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər (466).

28. Hazırda iddiaçı cavabdehə qarşı dəbbə pulu ilə bağlı hər hansı tələb irəli sürməmiş, yalnız öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcunun tutulmasını xahiş etmişdir.

29. Yuxarıda qeyd edilənləri və cavabdehin müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımı qaydada icra etmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia faiz borcunun tutulması hissəsində qismən təmin edilməli, cavabdehdən 1357.18 manat ((9047,88x5/100%)x3=1357.18) faiz borcu iddiaçının xeyrinə tutulmalıdır.

30. İddiaçı tələbində eyni zamanda ödənilmiş 123 manat məbləğində dövlət rüsumu məbləğinin cavabdehdən tutulmasını xahiş edir.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

32. Qeyd edilən ödənişləri təsdiq edən sənədlər iddiaçı tərəfindən iş materiallarına əlavə edilmişdir. Ödənilmiş dövlət rüsumuna münasibətdə məhkəmə iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, 123 manat məbləğində ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

V. Nəticə:

33. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən edilsin. Cavabdeh MMC-dən 9047,88 manat əsas borc, 1357.18 manat faiz borcu olmaqla, cəmi 10.405,06 manat (on min dörd yüz beş manat altı qəpik) borc, 123 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar