Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-698/2024 27.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 9400,14 manat məbləğində pulun və mediasiya prosesi üçün ödənilmiş 110 manat və 4 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh təşkilata tikinti materialları satılmışdır. Alınan malların dəyəri bu günə kimi ödənilməmişdir. xx.xx.2021-ci il tarixində cavabdehə elektron qaimə göndərilmiş və pulun ödənilməsi tələb edilmişdir. Lakin bu günə kimi pulun ödənilməsi həyata keçirilmir. Eyni zamanda xx.xx.2023-cü il tarixində cavabdeh təşkilata mediasiya təklifi ilə yanaşı pretenziya məktubu da göndərilmiş, lakin bu təkliflərə də cavab verilməmişdir. Borcun ödənilməsinə dair Cavabdeh MMC-yə iddiaçı tərəfindən müxtəlif tarixlərdə xəbərdarlıq məktubu göndərilsə də, borcun qısa müddətdə ödənilməsinin təmin edilməsi xahiş edilsə də, heç bir nəticə əldə edilməmişdir. Pretenziya məktubunda mübahisənin barışıq yolu ilə həll edilmədiyi halda müvafiq məhkəməyə iddia ərizəsi ilə müraciət ediləcəyi göstərilmişdir. Xəbərdarlıqdan sonra cavabdeh tərəfindən borc ödənilmədiyi üçün qanunvericiliyin tələbinə uyğun olaraq mediatora müraciət edilmişdir. 18 saylı Mediasiya Təşkilatı tərəfindən təyin edilən ilkin mediasiya sesiyasına da cavabdeh gəlməmişdir. Buna dair arayış iş materiallarına əlavə edilir. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqısatqı müqaviləsinin 6.2-ci bəndinə əsasən tərəflər arasında yaranan mübahisə danışıqlar yolu ilə həll edilə bilmədikdə mübahisə məhkəmə qaydasında həll ediləcəkdir. İş materiallarına əlavə edilmiş elektron qaimədən də göründüyü kimi cavabdeh təşkilatın iddiaçıya hazırda 9400,14 manat borcu mövcutdur. Mediasiya ilə bağlı keçirilmiş mediasiya prosesinə görə iddiaçı tərərfindən 110 manat pul ödənilmişdir. Həmçinin əlavə olaraq 4 manat dövlət rüsumu ödənilmişdir.
3. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.
4. Cavabdeh MMC-yə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar
5. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
6. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən müqaviləyə əsasən satıcı alıcıya mal-materialı satır, alıcı isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən malın alıcının ünvanına çatdırılması ilə əlaqədar xərclər, vergilər və digər məcburi ödənişlər malın qiymətinə daxildir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən malın qiyməti həmin tarixdə bazar qiymətinə görə təyin edilir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən müqaviləyə əsasən alıcı sifariş olunan malın dəyərinin 100% həcmində ilkin ödənişi sifariş təsdiq edildikdən və satıcının təqdim etdiyi hesabfakturanı aldıqdan sonra 5 (beş) iş günü ərzində nağd qaydada və ya köçürmə yolu ilə həyata keçirir.
7. xx.xx.2021-ci il tarixli, EBBJ seriyalı, 796627 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 9400,14 manat (ƏDV daxil) təşkil edir.
8. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş pretenziya məktubundan görünür ki, borc məbləğinin 10 (on) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.
9. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapır. Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
12. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmənin mövqeyi
13. İddia tələbini cavabdehdən 9400,14 manat borcun tutulması təşkil edir.
14. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, cavabdehin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsini yerinə yetirmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının həmin məbləğin ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli və Cavabdehndən alqısatqı müqaviləsinə əsasən 9400,14 manat (doqquz min dörd yüz manat on dörd qəpik) əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Həmin borcun mövcudluğu iş materialları üzrə öz təsdiqini tapır.
15. Eləcə də, iddiaçı 110 manat mediasiya xərcinin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 4 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş edir.
16. Məhkəmə hesab edir ki, 110 (yüz on manat) manat mediasiya xərci və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 4 (dörd) manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
17. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 9400,14 manat (doqquz min dörd yüz manat on dörd qəpik) əsas borc, 110 (yüz on manat) manat mediasiya xərci, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 4 (dörd) manat olmaqla, cəmi 9514,14 manat (doqquz min beş yüz on dörd manat on dörd qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova