Məhkəmə qərarları › İş №e-2-2(113)-6980/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6980/2024

27.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6980/2024 27.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, faiz borcu, dövlət rüsumu ) Məhkəmənin hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi X4 iştirakı ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhsulun alqısatqısı ilə əlaqədar yaranmış 28350 AZN əsas borcun, bank uçot dərəcəsinə uyğun hesablanmış 2055,38 manat faizlərin, ümumilikdə 30405,38 manat məbləğin, habelə dövlət rüsumu olaraq ödənilmiş 181,22 manat vəsaitin Cavabdeh MMC-dəntutularaq "xxxx" MMCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixli, 249/BA-23 saylı alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə “quru üzsüz süd” məhsulu satılmış, onun tərəfindən isə həmin məhsul qəbul edilmişdir. Satılan mallara görə hazırda Cavabdeh MMC-nin "xxxx" MMC-yə olan borcu 28350 manat təşkil edir. Cavabdeh tərəfindən borcun ödənilməsi üçün möhlət verilməsi barədə şifahi xahişləri nəzərə alaraq kifayət qədər uzun müddət gözlənilməsinə baxmayaraq indiyədək borc ödənilməmişdir. İş materiallarından göründüyü kimi, cavabdehlə aramızda xx.xx.2023-cü il tarixli, 249/BA-23 saylı müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən tərəfimizdən Cavabdeh MMC-yə ümumi dəyəri ƏDV daxil 28350 manat olan quru üzsüz süd məhsulu satılmışdır. Eyi zamanda Cavabdeh MMC ilə "xxxx" MMC arasında üzləşmə aktı da imzalanmışdır və 28350 manat borc məbləği həmin üzləşmə aktında təsbit edilmişdir. Çoxsaylı şifahi xəbərdarlıq və müraciətlərdən sonra, Cavabdeh MMC-yə xx.xx.2024-cü il tarixində Dövlət Vergi Xidmətinin “onlayn kargüzarlıq” bölməsi, habelə “elektron məhkəmə sistemi” vasitəsilə yazılı xəbərdarlıq məktubları da göndərilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının son qərarına əsasən uçot faiz dərəcəsi 7,25% müəyyən edilmişdir. Beləliklə, Mülki Məcəllənin 449.1-ci maddəsinin tələbinə uyğun olaraq Cavabdeh MMC tərəfindən "xxxx" MMC-yə əlavə olaraq 2055,38 AZN faizlər də ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilir. Hazırkı iddia ərizəsinə görə ödənilməli olan dövlət rüsumu 181,22 AZN təşkil edəcəkdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi bildirdi ki, həqiqətən də cavabdeh şirkətin 28350 manat məbləğində borcu var iddiaçı şirkətə. Sadəcə maddi durumu çox aşağı olduğu və başqa öhdəlikləri də olduğu üçün borcunu birdəfəllik ödəyə bilmir. Köməklik göstərilməsini xahiş edir.

III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

6. Cavabdeh MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 249/BA- 23 saylı müqaviləyə əsasən:

7. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı müqavilə qüvvədə olduğu müddətdə müqavilənin ayrılmaz tərkib hissələri olan X3 dəqiq adları, qiymətləri və digər göstəriciləri göstərilmiş malları alıcıya satmağı, alıcı isə həmin malları satıcı tərəfindən malla birlikdə təqdim olunan qaimə-fakturaya əsasən qəbul edərək almağı və müqavilənin ayrılmaz tərkib hissələri sayılan X3, həmçinin qaimə-fakturalarda göstərilən məbləğdə dəyərini ödəməyi öz öhdəsinə götürür.

8. Müqavilənin 2.2.1-ci bəndinə əsasən alıcı malların dəyərini müqavilə ilə müəyyənləşdirilmiş məbləğdə və qaydada, vaxtında satıcıya ödəməyi öhdəsinə götürür.

9. Müqavilənin 4.1-ci bəndinə əsasən alıcı, malın dəyərinin ödənilməsini. Müqavilənin ayrılmaz tərkib hissələri olan X3 göstərilən şərtlərə uyğun həyata keçirir.

10. "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə malların satılması ilə bağlı 25 ədəd eqaimələr göndərilmişdir.

11. 07.08.2024-cü il tarixdək olan dövr üçün üzləşmə aktına əsasən Cavabdeh MMC "xxxx" MMC-yə cəmi borcunun 28350 manat olmasını qəbul etmiş və imza/möhür ilə təsdiq etmişdir.

12. Məhkəmə, tərəflərin nümayəndələrinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

14. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

15. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.

16. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

17. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

18. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 249/BA-23 saylı müqavilənin 1.1-ci bəndinə əsasən satıcı müqavilə qüvvədə olduğu müddətdə müqavilənin ayrılmaz tərkib hissələri olan X3 dəqiq adları, qiymətləri və digər göstəriciləri göstərilmiş malları alıcıya satmağı, alıcı isə həmin malları satıcı tərəfindən malla birlikdə təqdim olunan qaiməfakturaya əsasən qəbul edərək almağı və müqavilənin ayrılmaz tərkib hissələri sayılan X3, həmçinin qaimə-fakturalarda göstərilən məbləğdə dəyərini ödəməyi öz öhdəsinə götürür.

19. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan əsas borc məbləği təqdim olunmuş sübutlarla – müqavilə, üzləşmə aktı, elektron qaimələr və cavabdehin etirafı ilə təsdiq olunduğu üçün 28.350 manat borca dair hissədə iddia tələbi təmin edilməlidir.

20. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 28350 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 28350 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

21. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə Mərkəzi Bankın bank uçot dərəcəsi nəzərə alınmaqla hesablanmış 2055,38 manat məbləğində faiz borcunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

22. İddiaçı iddia tələbində cavabdehdən bank uçot dərəcəsi nəzərə alınmaqla 2055,38 manat faiz borcunun ödənilməsi tələbini irəli sürsə də, məhkəməyə tələb etdiyi faiz borclarının məbləğinin hesablanması düsturu və bunun üçün əsas götürülmüş müddət (günə-gün hesabı ilə) barədə heç bir sübut təqdim etməmişdir. Məhkəmənin yalnız iddia ərizəsində və maliyyə arayışında göstərilənlərə əsasən yuxarıda göstərilən qaydada qiymətləndirmə aparması və cavabdehdən bank uçot dərəcəsi nəzərə alınmaqla 2055,38 manat faiz borcu tutması mümkün deyil. Ona görə də məhkəmə hesab edir ki, hazırda tələb olunan bu məbləğin əsaslı olub-olmaması barədə birmənalı nəticəyə gəlmək mümkün olmadığından və tələbin əsasına dair sübutlar təqdim edilmədiyindən iddia tələbi həmin hissədə təmin olunmamalıdır.

23. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 181.22 manat dövlət rüsumu xərci ödənilmişdir.

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq (rüsumun hesablanması kalkulyatorunun göstəricisi nəzərə alınmaqla) 175 manat dövlət rüsumunun əvəzi qismində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

V. Nəticə:

27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2023-cü il tarixli, 249/BA-23 saylı müqavilə üzrə 28350 manat əsas borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 175 manat tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar