Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6981/2025 25.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi üzrə pul tələbi) Hakimi Namazova Günay Rüstəm qızının sədrliyi ilə, Süleymanova Ləman Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi/vəkili X2 iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMCdən 162817,51 manat əsas borcun, özgəsinin vəsaitindən əsassız istifadə etməyə görə hesablanmış 19538,22 (on doqquz min beş yüz otuz səkkiz manat 22 qəpik) manat faiz, ümumilikdə isə 182355,73 (yüz səksən iki min üç yüz əlli beş manat 73 qəpik) manat məbləğdə pulun, həmçinin iddianın qaldırılması üçün ödənilmiş 472,36 (dörd yüz yetmiş iki manat 36 qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və Cavabdeh "xxxx" MMC (VÖEN **********) arasında xx.xx.2022-ci il tarixli 108/22 nömrəli Müqavilə (bundan sonra “Müqavilə”) imzalanmışdır. Həmin müqaviləyə əsasən Satıcıİddiaçı MMC (İddiaçı) Alıcı "xxxx" MMC-yə (cavabdeh) müxtəlif mallar (plastik qapı-pəncərə və s.) təqdim etmiş və həmin mallara görə elektron qaimə göndərmişdır. Göndərilmiş mallar cavabdeh tərəfindən qəbul edilmiş, lakin malların dəyəri tam olaraq ödənilməmişdir. Həmin mala görə Alıcı tərəfindən xx.xx.2023-cü ildə 15 000,03 manat və xx.xx.2023-cü ildə 20 001 manat məbləğ ödəniş edilmişdir. İddiaçı MMC-nin təqdim etdiyi mallara görə göndərdiyi elektron qaimə əsasında yaranmış əsas borc məbləği aşağıdakı cədvəldə qeyd olunduğu kimidir: EBDD № 949480 saylı qaimə üzrə 162817.51 manat məbləğində. Beləliklə, bugünki tarixə elektron qaimələr üzrə cavabdehin iddiaçı “X4 Kompani MMC-yə olan əsas borcu162817.51 (yüz altmış iki min səkkiz yüz on yeddimanat 51 qəpik) manat təşkiledir. Tərəflər arasıda bağlanmış Müqavilənin 3.1-ci bəndinə əsasən, Müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və ya lazımınca yerinə yetirməmiş tərəf bunun nəticəsində digər tərəfə vurulmuş ziyanı ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsiniəsas götürməklə təmin edə bilər. Həmin Məcəllənin 449.3-cü maddəsinə görə, əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Qeyd edilən maddəyə əsasən Satıcı ona çatacaq 162817.51 (yüz altmış iki min səkkiz yüz on yeddi manat 51 qəpik) manat məbləğin artıq iki il ərzində özündə saxladığına görə, özgəsinin vəsaitindən əsassız istifadə etməyə görə Alıcıdan gecikdirilmiş məbləğin illik 6% miqdarında cəmi 19538,22 (on doqquz min beş yüz otuzsəkkiz manat 22 qəpik) manat faiz ödənilməsini tələb edir. Tələb edilən faiz dərəcəsi Mərkəzi bankın uçot dərəcəsindən aşağıdır. Sözügedən borcun ödənilməsi ilə bağlı dəfələrlə əməkdaşlarınızla aparılmış danışıqların nəticəsiz qalması səbəbindən Satıcı tərəfindən bir neçə pretenziya məktubu göndərilərək tələb olunana borcun ödənilməsi üçün müddət müəyyən edilmişdir. Lakin həmin müddət cavabdeh tərəfindən ödəniş edilməmişdir. Könüllü ödəniş edilmədiyi üçün İddiaçı MMC məhkəməyə iddia ilə müraciət edərək əsas borcla (162817.51 manat) yanaşı özgə vəsaitindən əsassıziistifadəyə görə hesablanmış 19538,22 (on doqquz min beş yüz otuzsəkkiz manat 22 qəpik) manat faiz, ümumilikdə isə 182355.73 (yüz səksən ikimin üç yüzəlli beş min manat 73 qəpik) manat məbləğdə pulun cavabdehdən tutulmasını tələb etmək qərarına gəlmişdir. Məhkəmənin diqqətinə çatdırılır ki, iddiaçı “X4 Kompan”i MMC plastik qapı və məncərələrin topdansatışını həyata keçirir, hazırda bazarda yaranan işgüzar adətə görə nisyə satış zamanı mallar Müqavilə üzrə kontragentin obyektində təhvil verilir, nümayəndəsi tərəfindən qəbul edilir və bu barədə elektron qaimə göndərilir. Elektron qaimənin göndərilməsi malların, işlərin, xidmətlərin artıq alıcıya (sifarişçiyə) təhvil verilməsini təsdiq edir və növbətiaddım mallara görə müqavilə ilə razılaşdırılmış qaydada ödənişin edilməsi olur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilmiş əlavələr və dəyişikliklərə əsasən xx.xx.2017-ci il tarixdən etibarən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 218.1.2-ci maddəsində göstərilən şəxslər tərəfindən sahibkarlıq fəaliyyəti ilə əlaqədar təqdim edilmiş (yola salınmış) mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə qaimə-fakturalar elektron formada təqdim edilir. Hazırda vergi ödəyiciləriarasında malların, işlərin, xidmətlərin təqdim edilməsini təsdiq edən əsas sənəd kimielektron qaimə faktura qəbuledilir. Elektron qaimə faktura bir vergi ödəyicisindən digər vergi ödəyicisinə elektron kabinet vasitədi ilə göndərilir və təqdim olunduqdan 5 gün sonra qəbul edən vergi ödəyicisi tərəfindən təsdiq edilməsə sistem tərəfindən təsdiq edilir və qəbuledilmiş sayılır. Əgər vergi ödəyicisi həmin qaimə faktura ilə razı deyilsə sistem tərəfindən təsdiq edildikdən sonra belə onu göndərən şəxsə sistem vasitəsi ilə geri qaytara bilər. Bu barədə bütün vergi ödəyiciləri bilir. Qüvvədə olan qanunvericiliyə görə elektron qaimənin mövcudluğu malların təhvil verilməsini təsdiq edir. Qarşı tərəf (qəbul edən ödəyici) həmin elektron qaiməni geri qaytarmayıbsa, qəbuletmiş sayılır və mütləq şəkildə qəbuletdiyimalların dəyərini ödəməlidir. Müqavilənin 1.1. bəndinə əsassən, “hazırkı müqaviləyə uyğun olaraq Təchizatçı əmtəə-nəqliyyat fakturalarına (bundan sonra ƏNF) və elektron qaimə fakturalara əsasən razılaşdırılmış adda, çeşiddə və miqdarda malı “Alıcı”nın mülkiyyətinə verir, “Alıcı” isə malı qəbul edir və onun dəyərini ödəyir. Müqavilənin “2.1-ci bəndinə əsasən, müqavilənin ümumi dəyəri hazırki müqaviləyə əsasən bütün elektron qaimə - fakturaları üzrə təchiz edilmiş malın məbləğinin cəmi daxildir. Müqavilənin 3.5-ci bəndinə uygun olaraq, malın “Alıcı” tərəfindən qəbulu zamanı, həmçinin malın qablaşdırılması, etiketi, aksiz markaları və malın vizual tərtibatının digər elementlərinin zədələnmə halları aşkar olunmadıqda və ƏNF-də (əmtəə-nəqliyyat fakturasında) əks olunmadıqda, Təchizatçı tərəfindən təchiz edilmiş və Alıcı tərəfindən qəbul edilmiş mal lazımi keyfiyyətli mal hesab olunur va geri qaytarılmır. Bu halda “Tərəflər” ƏNF-ni imzalayırlar. Cavabdeh yuxanda qeyd edilan malların qəbulu barədə müvafiq aktları imzalamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəlisürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək, məzmununa uyğun çıxış edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehə cəmi 1 e-qaimə göndərilmiş, müəyyən qədər ödəniş edilmiş və ona əsasən qalıq borc tələb olunur. Tələb olunan 19538,22 manat faiz məbləğini isə dəbbə pulu qismində tələb edirlər, çünki Müqavilənin 3.1-ci maddəsinə əsasən cavabdehdən dəbbə pulu tələb olunur. Tərəfə mal-material təqdim olunsa da, ödəniş etmədiyinə və pulu özündə saxladığına görə əlavə olaraq dəbbə pulu tələb edirlər.
4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq naməlum səbəbdən məhkəmə iclasına gəlməmişlər.
5. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 108/22 nömrəli alqı-satqı müqaviləsinə əsasən:
8. Müqavilənin 1.1-ci bəndinə əsasən «Satıcı» bu Müqavilənin ayrılmaz hissəsi olan «X1»- na və «Hesab Faktura»-ya əsasən qeyd olunan malları «Alıcı»ya satmağı, «Alıcı» isə həmin malları qəbul etməyi və onun dəyərini «Satıcı» ya ödəməyi öhdəsinə götürür .
9. Müqavilənin 2.1-ci bəndinə əsasən “Satıcı”:
10. Müqavilənin 2.1.1-ci bəndinə əsasən tələb olunan standartlara uyğun keyfiyyətli malı bu Müqavilə bağlandıqdan sonra müqavilənin qüvvədə olduğu müddətdə «Alıcı»-nın tələbat və təklifinə əsasən satmalıdır.
11. Müqavilənin 2.1.2-ci bəndinə əsasən «Alıcı»ya təhvil verilmiş malın lazımi keyfiyyətdə olmaması aşkar olunarsa həmin malların dəyişdirilməsi barədə «Alıcı»nın iddiasını təmin etməlidir.
12. Müqavilənin 2.1.3-cü bəndinə əsasən malın keyfiyyətinin aşağı düşməsinə səbəb olan hərəkətlərin «Alıcı» tərəfindən edildiyi sübut olunana qədər malın keyfiyyətinə cavabdehdir.
13. Müqavilənin 2.1.4-cü bəndinə əsasən satılmış malın yüklənməsini və «Alıcı»ya təhvil verilməsini təmin etməlidir.
14. Müqavilənin 2.2-ci bəndinə əsasən «Alıcı»:
15. Müqavilənin 2.2.1-ci bəndinə əsasən lazımi keyfiyyətdə göndərilmiş malı qəbul etməlidir.
16. Müqavilənin 2.2.2-ci bəndinə əsasən mal lazımi keyfiyyətdə olmazsa həmin malın təhvil götürülməsindən və ödənilməsindən imtina edə bilər.
17. Müqavilənin 2.2.3-cü bəndinə əsasən malın dəyərinin ödənişi köçürmə yolu ilə qabaqcadan, mal təhvil verilərkən və ya müqavilənin qüvvədə olduğu müddətdə aparılır.
18. Müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə öz öhdəliklərini yerinə yetirməmiş və ya lazımınca yerinə yetirməmiş tərəf bunun nəticəsində digər tərəfə vurulmuş ziyanı ödəməyə borcludur.
19. 53 №-li xx.xx.2023-cü il tarixli hesab-fakturaya əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə Ədv daxil 197.818,56 manat məbləğində mallar təhvil verilmişdir.
20. İddiaçı tərəfindən cavabdehə satılmış mallara dair xx.xx.2023-cü il tarixli EBDD 949480 saylı 197818,56 manat məbləğində e-qaimə göndərilmişdir.
21. Hesabdan çıxarışa əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına xx.xx.2023-cü il tarixdə 16950 manat məbləğində, xx.xx.2023-cü il tarixində 12711,89 manat məbləğində təyinatı xx.xx.2022-ci il tarixli 108/22 nömrəli müqavilə və EBDD 949480 saylı e-qaimə göstərilməklə ödəniş edilmişdir.
22. Köçürmələrin aparılması haqqında bildirişə əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına Ədv borcu üzrə xx.xx.2023-cü il tarixində 2288,14 manat məbləğində, xx.xx.2023-cü il tarixində 3051 manat məbləğində ödəniş edilmişdir.
23. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
25. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
26. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.
27. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
28. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
29. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 108/22 nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən satıcı bu Müqavilənin ayrılmaz hissəsi olan «X1»-na və «Hesab Faktura»-ya əsasən qeyd olunan malları alıcıya satmağı, alıcı isə həmin malları qəbul etməyi və onun dəyərini satıcıya ödəməyi öhdəsinə götürür. İddiaçı müqavilədə nəzərdə tutulmuş öhdəlikləri icra etsə də, cavabdehin iddiaçıya müqavilə üzrə 162817,51 manat ödənilməmiş borcu qalmışdır. Məhkəmə iş materiallarında olan müqavilədə cavabdeh tərəfin imza və möhürünün olmamasına dair qeyd edir ki, birincisi, cavabdeh şirkətin EMİS-də e-kabinetinin mövcüd olmasına baxmayaraq bu müddət ərzində nə yazılı, nə də ki, iclasda iştirak etməklə iddiaya dair hər-hansı etirazını bildirməmişdir, ikincisi, cavabdeh tərəfindən ödənişlər edilərkən təyinatı məhz xx.xx.2022-ci il tarixli 108/22 nömrəli alqı-satqı müqaviləsi və e-qaimə göstərilmişdir. Beləliklə, müəyyən edilir ki, həmin alqı-satqı müqaviləsi mövcüd olmuş, həmin müqavilə əsasında cavabdehə bir dəfə mal satılaraq bir ədəd 197818,56 manat məbləğində e-qaimə göndərilmişdir, həmin e-qaimə üzrə qismən ödəniş edilsə də, 162817,51 manat ödənilməmiş qalmışdır.
30. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, e-qaimə, e-qaimə üzrə qismən ödənişlər ilə təsdiqini tapdığı üçün, iddia tələbinin 162817,51 manat əsas borca dair hissədə təmin olunması üçün əsaslar mövcuddur.
31. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 162817,51 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia bu hissədə təmin edilməli, cavabdehdən 162817,51 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir.
32. İddiaçının digər tələbi - müqavilə üzrə cavabdehdən 19538,22 manat cərimə məbləğinin tutulması təşkil edir. Məhkəmə bu tələbi əsassız hesab edərək, rədd edilməsi qənayətinə gələrək aşağıdakıları qeyd edir.
33. Belə ki, Mülki Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra еdilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
34. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
35. 462.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz.
36. 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər.
37. 462.4-cü maddəsinə əsasən əgər öhdəliyin icrası barədə vəd bu Məcəlləyə görə etibarsız sayılırsa, həmin öhdəliyin icra edilməməsi üçün dəbbə pulu haqqında qəbul edilmiş razılaşma da, hətta həmin vədin etibarsızlığı tərəflərə məlum olsa belə, etibarsızdır.
38. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.
39. 463.2-ci maddəsinə əsasən yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur.
40. Tərəflər arasında bağlanmış müqavilədə cərimə məbləği ilə bağlı razılışma nəzərdə tutulmamışdır. İddiaçının istinad etdiyi müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə öz öhdəliklərini yerinə yetirməmiş və ya lazımınca yerinə yetirməmiş tərəf bunun nəticəsində digər tərəfə vurulmuş ziyanı ödəməyə borcludur. Lakin, hazırkı halda iddiaçının nümayəndəsi məhkəmə iclasında tələb edilən faiz məbləğinin hər-hansı zərərin deyil (zərər vurulmasına dair də hər-hansı sübut təqdim edilməmiş), məhz dəbbə pulu olmasını qeyd etmişdir.
41. Beləliklə, məhkəmə Mülki Məcəllənin 463.1-ci maddəsini rəhbər tutaraq hesab edir ki, tərəflər arasında dəbbə pulu haqqında yazılı razılaşma olmadığı üçün bu hissədə iddia təmin edilə bilməz.
42. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 472,36 manat dövlət rüsumu ödənilmişdir.
43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
44. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi üçün dövlət rüsumunun əvəzi olaraq 453 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
V. Nəticə:
45. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən ƏDV daxil 162.817,51 manat əsas borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 453 manat tutularaq İddiaçı MMCyə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Günay Namazova