Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-699/2024 28.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı kommersiya mübahisəsi üzrə Açar sözlər: xidmət müqaviləsi üzrə borcun ödənilməsi Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, X1 katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı xidmət müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. İddiaçı MMC (icraçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında xx.xx.2019-cu il tarixdə CC19010008 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin: 2.1-ci bəndinə əsasən icraçı sifarişçiyə aşağıda qeyd olunmuş xidmətləri təqdim edir. - Dünya üzrə DHL şirkəti şəbəkəsinin əhatə etdiyi ərazilərə sənədlərin və bağlamaların Aviaqaimənin arxa hissəsində göstərilən DHL Express xidmətlərinin şərtlərinə əsasən qəbul edilib nəql edilməsi və çatdırılması. - Xarici ölkələrdən Azərbaycan Respublikasına göndərilən sənədlərin və bağlamaların Bakıya nəql edilməsi və çatdırılması. - sənədlərin və bağlamaların nəql edilməsi ilə bağlı digər xidmətlər. 3.1-ci bəndinə əsasən icraçı aşağıda qeyd olunan şərtləri yerinə yetirməyi öz üzərinə götürür: - Sifarişçidən göndərişin qəbul edilməsi və DHL şəbəkəsi üzrə göndərişin həyata keçirilməsi (icraçının iş saatları ərzində və Aviaqaimənin arxa hissəsində göstərilən DHL xidmətlərinin şərtlərinə əsasən) - Aviaqaimənin arxa hissəsində göstərilən DHL xidmətlərinin şərtlərinə əsasən sənədlərin və bağlamaların sifarişçi tərəfindən aviaqaimədə göstərilən alıcıya və ünvana çatdırılmasını təmin etmək. - Sifarişçidən sənədlərin və bağlamaların qəbul edildiyi andan göstərilən ünvana çatdırılmasına qədər olan müddət ərzində sənədlərin və bağlamaların təhlükəsizliyini təmin etmək. 3.2-ci bəndinə əsasən sifarişçi aşağıda qeyd olunan şərtləri yerinə yetirməyi öz üzərinə götürür: - DHL Express Standartları və Xidmətlərin göstərilməsi şərtlərinə uyğun olaraq icraçının nümayəndəsinə göndərişin yoxlanılması imkanını yaratmaq. - Azərbaycan Respublikası qanunverciliyinə, DHL şirkətinin şərtlərinə əsasən və bu müqavilənin 6-cı maddəsində göstərilən, göndərilməsinə qadağa qoyulmuş əşyaları göndərməmək. - 4-cü maddədə qeyd olunmuş müddət ərzində icraçı tərəfindən göstərilmiş xidmətlərin haqqını ödəmək. - Göndərişləri həyata keçirmək, qəbul etmək, idxal əməliyyatlarını sifariş etmək üçün məsuliyyət daşıyan şəxsləri təyin etmək. 4.2-ci bəndinə əsasən sifarişçi icraçının həyata keçirdiyi xidmətlərin haqqını hazırki DHL Express tariflərinə əsasən ödəməlidir. 4.3-cü bəndinə əsasən sifarişçi icraçıya sənədlərin və bağlamaların göndərilməsi və çatdırılması xidməti haqqını, hər təqvim ayının sonunda icraçı tərəfindən təqdim olunan müvafiq sənədə əsasən (invoys təqdim olunandan sonra 30 gün ərzində) bank köçürülməsi yolu ilə həyata keçirilməlidir. Əks təqdirdə hər keçən gün üçün invoys məbləğinin 0,3% həcmində cərimə sanksiyaları tətbiq olunacaqdır. 11.1-ci bəndinə əsasən təqdim olunan müqavilə imzalandığı tarixdən qüvvəyə minir, 31 dekabr 2019-cu ilə qədər qüvvədə qalır və dəyişiklik olmazsa qeyri-müəyyən vaxta qədər uzadılır. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
2. xx.xx.2022-ci il tarixli 143/09/22 nömrəli hesab-fakturadan (sentyabr ayında xidmətlər) görünür ki, İddiaçı MMC tərəfindən Cavabdehnə göstərilmiş xidmətlərin ümumi dəyəri (539,84 manat ƏDV daxil) 3.538,95 manat təşkil edir.
3. İddiaçı MMC tərəfindən sentyabr ayı üçün (ƏDV daxil) 3.538,95 manat dəyərində poçt xidmətinin göstərilməsinə dair xx.xx.2022-ci il tarixli, EBCG seriyalı, 205828 nömrəli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdehnə göndərilmişdir.
4. xx.xx.2022-ci il tarixli 142/10/22 nömrəli hesab-fakturadan (oktyabr ayında xidmətlər) görünür ki, İddiaçı MMC tərəfindən Cavabdehnə göstərilmiş xidmətlərin ümumi dəyəri (357,53 manat ƏDV daxil) 2.343,81 manat təşkil edir.
5. İddiaçı MMC tərəfindən oktyabr ayı üçün (ƏDV daxil) 2.343,81 manat dəyərində poçt xidmətinin göstərilməsinə dair xx.xx.2022-ci il tarixli, EBCİ seriyalı, 279827 nömrəli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdehnə göndərilmişdir.
6. xx.xx.2022-ci il tarixli 158/12/22 nömrəli hesab-fakturadan (dekabr ayında xidmətlər) görünür ki, İddiaçı MMC tərəfindən Cavabdehnə göstərilmiş xidmətlərin ümumi dəyəri (524,89 manat ƏDV daxil) 3.440,95 manat təşkil edir.
7. İddiaçı MMC tərəfindən dekabr ayı üçün (ƏDV daxil) 3.440,95 manat dəyərində poçt xidmətinin göstərilməsinə dair xx.xx.2022-ci il tarixli, EBCM seriyalı, 277389 nömrəli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdehnə göndərilmişdir.
8. 31.01.2023-cü il tarixli 103/01/23 nömrəli hesab-fakturadan (yanvar ayında xidmətlər) görünür ki, İddiaçı MMC tərəfindən Cavabdehnə göstərilmiş xidmətlərin ümumi dəyəri (346,63 manat ƏDV daxil) 2.272,35 manat təşkil edir.
9. xx.xx.2023-cü il tarixli 066/02/23 nömrəli hesab-fakturadan (fevral ayında xidmətlər) görünür ki, İddiaçı MMC tərəfindən Cavabdehnə göstərilmiş xidmətlərin ümumi dəyəri (170,47 manat ƏDV daxil) 1.117,52 manat təşkil edir.
10. İddiaçı MMC tərəfindən fevral ayı üçün (ƏDV daxil) 1.117,52 manat dəyərində poçt xidmətinin göstərilməsinə dair xx.xx.2023-cü il tarixli, EBDA seriyalı, 230982 nömrəli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdehnə göndərilmişdir.
11. Yol sənədlərinə (waybill) əsasən müəyyən edilir ki, Cavabdeh avqust 2022-fevral 2023-cü illəri əhatə edən dövrdə (DHL) poçt xidmətlərindən istifadə etməklə müxtəlif ölkələrə (Türkiyə, Qazaxıstan, Tacikistan, Bolqarıstan, ABŞ və s.) göndərişlər etmişdir.
12. İddiaçı MMC tərəfindən Cavabdehnə xx.xx.2023-cü il tarixli pretenziya ünvanlanaraq iddia üzrə borcun 10 gün ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
13. 20.11.2023-cü il tarixli ödəniş tapşırığına əsasən göstəriləcək hüquqi yardıma görə İddiaçı MMC tərəfindən 510 manat məbləğində pul vəsaiti Bakı şəhəri 2 saylı Vəkil Bürosunun bank hesabına köçürülmüşdür.
II. MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
14. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 23.341,58 manat xidmət haqqı borcu, 510 manat hüquqi yardıma görə ödəniş, 200 manat mediasiya xərcinin İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Şirkəti ilə Cavabdeh MMC arasında cavabdehə məxsus sənədlərin və bağlamaların nəql edilməsi və çatdırılması xidmətinə dair 05 yanvar 2019-cü il tarixli, CC19010008 saylı xidmət Müqaviləsi bağlanmışdır. Müqavilənin 4.3-cü bəndinə əsasən şirkət tərəfindən yerinə yetirilən sənədlərin və bağlamaların göndərilməsi və çatdırılması haqqının ödənilməsi hər təqvim ayının sonunda şirkətin təqdim etdiyi müvafiq sənədə əsasən, yəni invoys, hesab faktura təqdim edildikdən sonra 30 gün ərzində bank köcürməsi yolu ilə həyata kecirilməli, əks təqdirdə hər kecən gün üçün invoys məbləğinin 0,3% həcmində cərimə sanksiyasının tətbiq edilməsi nəzərdə tutulmuşdur. Lakin Müqvilənin qeyd olunan bəndinin tələbləri cavabdeh cəmiyyət tərəfindən pozulmuşdur. Belə ki, təqdim edilmiş 20 sentyabr 2022-ci il tarixli 143\09\22 saylı hesab-faktura ilə 2022-ci ilin sentyabr ayında göstərilmiş xidmət üçün verilmiş invoys üzrə 3.538,95 manat məbləğində xidmət haqqı; təqdim edilmiş 31 oktyabr 2022-ci il tarixli 142\10\22 saylı hesab-faktura ilə 2022-ci ilin oktyabr ayında göstərilmiş xidmət üçün verilmiş invoys üzrə 2.343,81 manat məbləğində xidmət haqqı; təqdim edilmiş 30 dekabr 2022-ci il tarixli 158\12\22 saylı hesab-faktura ilə 2022-ci ilin dekabr ayında göstərilmiş xidmət üçün verilmiş invoys üzrə 3.440,95 manat məbləğində xidmət haqqı; təqdim edilmiş 31 yanvar 2023-cü il tarixli 103\01\23 saylı hesab-faktura ilə 2023-cü ilin yanvar ayında göstərilmiş xidmət üçün verilmiş invoys üzrə 2.272,35 manat məbləğində xidmət haqqı; təqdim edilmiş 21 fevral 2023-cü il tarixli 066\02\23 saylı hesabfaktura ilə 2023-cü ilin fevral ayında göstərilmiş xidmət üçün verilmiş invoys üzrə 1.117,52 manat məbləğində xidmət haqqı, cəmi 12.713,58 manat xidmət haqqı ödəniş müddəti pozulmaqla bu günə kimi şirkətə ödənilməmişdir. Müqavilənin 4.5-ci maddəsinə görə cavabdeh cəmiyyətin iddiaçı şirkətin xidmət haqqının vaxtında ödənilməsinə görə məsuliyyət daşıyır. Həmçinin xidmət haqqı məbləğləri vaxtında ödəmədiklərinə görə hər keçən gün üçün müqavilə şərtinə uyğun olaraq ödənilməmiş məbləğin 0,3% məbləğində cərimə hesablanır. Yəni təqdim edilmiş - 20 sentyabr 2022-ci il tarixli 143\09\22 saylı hesab-faktura ilə 2022-ci ilin sentyabr ayında göstərilmiş xidmət üçün xx.xx.2022-ci ildən xx.xx.2023-cü il tarixədək olan dövr üçün 3.538,95 x 0,3% =10,62 manat x 350 (11 ay 20 gün) = 3717 manat; Təqdim edilmiş - 31 oktyabr 2022-ci il tarixli 142\10\22 saylı hesabfaktura ilə 2022-ci ilin oktyabr ayında göstərilmiş xidmət üçün xx.xx.2022-ci ildən xx.xx.2023-cü il tarixədək olan dövr üçün 2.343,81 x 0,3% =7,0 manat x 310 (10 ay 10 gün) = 2170 manat; Təqdim edilmiş- 30 dekabr 2022-ci il tarixli 158\12\22 saylı hesabfaktura ilə 2022-ci ilin dekabr ayında göstərilmiş xidmət üçün xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixədək olan dövr üçün 3.440,95 x 0,3% =10,30 manat x 250 (08 ay 10 gün) = 2575 manat; Təqdim edilmiş- 31 yanvar 2023-cü il tarixli 103\01\23 saylı hesabfaktura ilə 2023-cü ilin yanvar ayında göstərilmiş xidmət üçün xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixədək olan dövr üçün 2.272,35 x 0,3% =6,80 manat x 220 (07 ay 10 gün) = 1496 manat; Təqdim edilmiş - 21 fevral 2023-ci il tarixli 066\02\23 saylı hesabfaktura ilə 2023-cü ilin fevral ayında göstərilmiş xidmət üçün xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixədək olan dövr üçün 1.117,52 x 0,3% =3,35 manat x 200 (06 ay 20 gün) = 670 manat; cəmi 10628 manat məbləğində xidmət haqqı ödənişini gecikdirməyə görə hesablanmış cərimə faizi ödənilməlidir. Nəticədə, iddiaçıya 23.341,58 manat məbləğində ziyan vurulmuşdur. Bundan 12.713,52 manat xidmət haqqı borcu və 10628 manat isə xidmət haqqı ödənişini gecikdirməyə görə hesablanmış cərimə faizidir. Müqavilənin 5.2-cu maddəsinə görə Cavabdeh Şirkətin xidmət haqqının vaxtında ödənilməsinə görə məsuliyyət daşıyır. Bundan başqa, mübahisənin məhkəmədənkənar həlli ilə bağlı Mediasiyaya müraciət edilmiş, Cavabdeh MMC mediasiya sessiyasında iştirak etməkdən imtina etmişdir. Mediasiyanın keçirilməsi ilə bağlı iddiaçı tərəfindən Mediasiya təşkilatının hesabına 200 manat mediasiya xərci, 110 manat hüquqi yardım üçün vəkilə ödənilmişdir.
16. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 445.1, 448.1 və 448.2-ci maddələrinə istinad etmişdir.
b) İddiaya qarşı etirazın dəlilləri
17. İddiaya qarşı etiraz təqdim olunmamışdır.
c) İşdə iştirak edən şəxslər və onların izahatları
18. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
19. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
20. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III.MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
21. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
22. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi)
IV.TƏTBİQ EDİLƏN HÜQUQ
23. AR Mülki Məcəlləsinin: - 385.1, 442, 443.1, 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
24. AR MPM-in: - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
25. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
V. MƏHKƏMƏNİN MÖVQEYİ
26. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
27. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2019-cu il tarixdə CC19010008 nömrəli xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı MMC həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri icra edərək, 2022-ci ilin sentyabr, oktyabr, dekabr və 2023-cü ilin yanvar və fevral ayları üzrə Cavabdeh MMC-yə ümumilikdə ƏDV daxil 12.713,52 manat məbləğində poçt (cavabdehə məxsus sənədlərin və bağlamaların nəql edilməsi və çatdırılması) xidməti göstərmiş, lakin həmin xidmətlərin dəyəri cavabdeh tərəfindən ödənilməmişdir.
28. Xidmətlərin göstərilməsi faktı hesab-fakturalar və yol sənədləri (waybill) və eləcə də İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş elektron qaimələrlə öz təsdiqini tapır.
29. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən 2022-ci ilin sentyabr, oktyabr, dekabr və 2023-cü ilin yanvar və fevral aylarında göstərilmiş xidmətlərə görə 12.713,52 manat məbləğində pul vəsaitinin ödənilməsini tələb etməkdə haqlıdır.
30. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə 10628 manat məbləğində dəbbə pulunun Cavabdeh MMC-dən tutulması tələbini də irəli sürmüşdür..
31. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 600 manat məbləğində müəyyən edilməlidir.
32. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 200 manat məbləğində mediasiya xərcləri iddiaçı tərəfindən ödənilmişdir.
33. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 160,02 manat təşkil edir.
34. Hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumunundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir.
35. Hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 200 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
36. Məhkəmə MPM-in 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 510 manat məbləğində pulun tutulmasını da ağlabatan hesab edir.
37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 12.713,52 manat məbləğində borc, 600 manat məbləğində dəbbə pulu, cəmi 13.313,52 manat məbləğində pul vəsaiti, eləcə də vəkil xidmətlərinə çəkilmiş xərclərin əvəzi olaraq 510 və mediasiya xərclərinin əvəzi olaraq 200 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva