Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6997/2025 20.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, dəbbə pulu) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 11.648,72 manat əsas borc, ödənişlərin gecikdirilməsi üçün yaranan cərimə məbləği 4.802,41 manat və məhkəmə xərcləri üçün ödənilən 140,00 manat, cəmi 16.591,13 manat borcunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında bağlanmış 05 dekabr 2023-cü il tarixli 23-148 saylı Alqı-satqı müqaviləsi əsasında EBDU538482 (07.12.23), EBDV644317 (21.12.23), EBDV688422 (21.12.23), EBDV761655 (22.12.23) e-Qaimələrə əsasən cəm35i.818,67 azn (ƏDV daxil) dəyərində mallar Cavabdeh MMC-yə satılmış və indiyə qədər cəmi 24.169,95 azn (ƏDV daxil) ödəniş edilmişdir. Aramızdakı müqavilənin 5-ci maddəsinə əsasən və müqavilənin ayrılmaz hissələri olan X1 əsasən malların dəyəri mallar təhvil verildikdən sonra 15-30 gün ərzində 100% ödənilməlidir. Bu günədək dəfələrlə yazılı və şifahi müraciətlərimizə baxmayaraq EBDV688422 və EBDV761655 saylı e-Qaimələrə əsasən yaranmış 11.648,72 azn (ƏDV daxil) borc məbləği ödənilməmişdir. Eyni zamanda Müqavilənin 8.4-cü maddəsinə əsasən “Malın məbləğinin vaxtında ödənilməməsi halında Alıcı Satıcıya gecikdirilən hər təqvim günü üçün borc məbləğinin 0.1%-i miqdarında (lakin Malını dəyərinin 20 %-dən artıq olmamaq şərtilə) cərimə ödəməlidir.” olduğunu nəzərə alaraq Cavabdeh MMC vaxtında ödəmə etmədiyi üçün İddiaçı MMC-yə 4.802,41 azn əlavə cərimə ödəməlidir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi A.Həziyev iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavadehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
5. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli EBDU 538482 nömrəli 1073,33 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDV 644317 nömrəli 10733,28 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDV 688422 nömrəli 22048,54 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDV 761655 nömrəli 1963,52 manat məbləğində elektron qaimələr təqdim olunmuşdur.
8. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına görə cavabdeh tərəfindən iddiaçıya 163,73 manat məbləğində (EBDU 538482 nömrəli e-qaiməyə əsasən) ödəniş edilmişdir.
9. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına görə cavabdeh tərəfindən iddiaçıya 1637,28 manat məbləğində (EBDV 644317 nömrəli e-qaiməyə əsasən) ödəniş edilmişdir.
10. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına görə cavabdeh tərəfindən iddiaçıya 3363,34 manat məbləğində (EBDV 688422 nömrəli, xx.xx.2023-cü il tarixli e-qaiməyə əsasən) ödəniş edilmişdir.
11. İddiaçıya məxsus hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən iddiaçının hesabına xx.xx.2023-cü il tarixdə 909,60 manat, xx.xx.2023-cü il tarixdə 9096,00 manat, xx.xx.2023-cü il tarixdə 9000,00 manat ödəniş olunmuşdur.
12. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş İnternet Vergi İdarəsi üzrə hesabdan çıxarışa əsasən iddiaçı tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli, EBDV 688422 nömrəli, xx.xx.2023-cü il tarixli, EBDV 644317 nömrəli e-qaimələr bilavasitə cavabdeh tərəfindən, xx.xx.2023-cü il tarixli EBDV 761655 nömrəli, xx.xx.2023-cü il tarixli EBDU 538482 nömrəli elektron qaimələr isə sistem tərəfindən təsdiq olunmuşdur.
13. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış şifahi alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
14. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
15. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
16. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.
17. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
18. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
19. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
20. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
21. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
22. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
23. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
24. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında şifahi alqısatqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, cavabdehə ümumilikdə 35818,67 manat (ƏDV daxil) məbləğində mal təhvil verilmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini tam şəkildə icra etməmiş, təhvil verilmiş malların müqabilində yalnız 24169,95 manat ödəniş edilmiş, qalıq 11648,72 manat borc ödənilməmişdir.
25. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tələb edilməsi hissəsində əsaslı olduğundan təmin edilməli, cavabdehdən 11648,72 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
26. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə 4802,41 manat dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
27. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
28. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.
29. Lakin iddiaçı tərəfindən məhkəməyə tərəflər arasında imzalanmış dəbbə pulu haqqında yazılı razılaşma təqdim olunmamış, belə bir razılaşmanın olmaması müəyyən edilmişdir.
30. Odur ki, tərəflər arasında pulun ödənilməsi ilə bağlı öhdəliyin icra edilməməsi ilə bağlı dəbbə pulunun ödənilməli olması barədə yazılı razılaşma olmadığından məhkəmə hesab edir ki, bu hissədə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
31. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 11648,72 manat əsas borc tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
33. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən 124,95 manat (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 15,05 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 11648,72 manat əsas borc, 124,95 manat dövlət rüsumu, ümumilikdə 11773,67 (on bir min yeddi yüz yetmiş üç manat altmış yeddi qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-nin özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 15,05 (on beş manat sıfır beş qəpik) manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
X3