Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7012/2024 31.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Fərdi Firmasının Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Fərdi Firmasının Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Fərdi Firması (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 66926.57 manat borcun, 6692 manat cərimə məbləğinin, 300 manat hüquqi yardıma görə xərcin, 311,76 manat dövlət rüsumunun, ümumilikdə 74230,33 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı fərdi firması ilə Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixli, 57 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. xx.xx.2021-ci il tarixli hər iki tərəfin möhürü ilə təsdiqlənmiş Üzləşmə aktına əsasən Cavabdeh MMC-nin İddiaçı fərdi firmasına 76846.58 manat borcu olduğu təsdiq edilmişdir. Qeyd edilən borc məbləğindən xx.xx.2022-ci il tarixdə 5101,01 manat, xx.xx.2022-ci il tarixdə 4819 manat məbləğ ödənilmişdir. Qalıq 66926.57 manat qalıq borcu yaranmışdır. İddiaçı olaraq götürülmüş öhdəliklər tam şəkildə yerinə yetirilməsinə baxmayaraq cavabdeh tərəfindən hal-hazırki vaxtadək yaranmış borcdan heç bir ödəniş edilməmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat təqdim etməmişdir.
5. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı (satıcı) ilə cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, satıcı müqavilə qüvvədə olduğ müddətdə müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymət razılaşdırma protokolunda qiyməti və göstəriciləri göstərilmiş malları alıcının ona təqdim etdiyi sifarişdə göstərilən miqdarda və çeşiddə, müqavilə ilə nəzərdə tutulmuş müddətdə və alıcının bildirdiyi ünvana çatdırmaqla satmağı, alıcı isə həmin malları satıcı tərəfindən malla birlikdə təqdim olunan qaimə-fakturaya əsasən qəbul edərək almağı və bu müqavilənin müddəalarına müvafiq olaraq dəyərini ödəməyi öhdəsinə götürmüşdür.
8. Müqavilənin 4.5-ci bəndinə əsasən, satıcı alıcıya qarşı ödənişin gecikdirildiyi hər bank günü üçün 1 faiz hesablanmaqla dəbbə pulu ödənlməsi barədə tələb irəli sürə bilər.
9. Müqavilənin 11.1-ci bəndinə görə, müqavilə xx.xx.2020-ci il tarixdən qüvvəyə minir və xx.xx.2021-ci il tarixədək etibarlı hesab edilir.
10. İddiaçı və cavabdeh tərəfindən imzalanmış üzləşmə aktına görə, cavabdehin iddiaçıya xx.xx.2021-ci il tarixə olan borcu 76846,58 manat təşkil edir.
11. İddiaçı tərəfindən cavabdehə xx.xx.2021-ci il tarixli EBAW 565373 nömrəli, 5400,46 manat məbləğində, xx.xx.2021-ci il tarixli EBAX 026770 nömrəli 2935,20 manat məbləğində, xx.xx.2021-ci il tarixli EBAV 959305 nömrəli 3810,38 manat məbləğində, xx.xx.2021-ci il tarixli EBAX 509059 nömrəli 9260,62 manat məbləğində, xx.xx.2021-ci il tarixli EBAZ 363519 nömrəli 5463,20 manat məbləğində, xx.xx.2021-ci il tarixli EBAY 883548 nömrəli 8140.87 manat məbləğində, xx.xx.2021-ci il tarixli EBBA 825006 nömrəli 4745,40 manat məbləğində, xx.xx.2021-ci il tarixli EBBA 393715 nömrəli 2021,10 manat məbləğində, xx.xx.2021-ci il tarixli EBBB 708096 nömrəli 2886,87 manat məbləğində, xx.xx.2021-ci il tarixli EBBC 335586 nömrəli 1624,86 manat məbləğində, xx.xx.2021-ci il tarixli EBBD 349649 nömrəli 2688,04 manat məbləğində, xx.xx.2021-ci il tarixli EBBD 250299 nömrəli 6417,67 manat məbləğində, xx.xx.2021-ci il tarixli EBBD 597124 nömrəli, 1277,94 manat məbləğində, xx.xx.2021-ci il tarixli EBBD 658193 nömrəli 2013,08 manat məbləğində, xx.xx.2021-ci il tarixli EBBE 034954 nömrəli 3681,60 manat məbləğində, xx.xx.2021-ci il tarixli EBBF 334544 nömrəli 937,63 manat məbləğində, xx.xx.2021-ci il tarixli EBBF 592856 nömrəli 3881,26 manat məbləğində, xx.xx.2021-ci il tarixli EBBE 635300 nömrəli 228,70 manat məbləğində, xx.xx.2021-ci il tarixli EBBG 553063 nömrəli 2262,53 manat məbləğində elektron qaimələr təqdim olunmuşdur.
12. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
13. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
14. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin əcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
15. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
16. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
17. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
18. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
19. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər icra edilməmiş, qəbul edilmiş malların dəyəri ödənilməmişdir.
20. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsas borcun tutulması hissəsində təmin edilməli, cavabdehdən 66926,57 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir.
21. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilənin 4.5-ci bəndinə əsasən hesablanmış 6692 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
22. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
23. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
24. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
25. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 3000 manat məbləğində müəyyən edilməlidir.
26. Bundan başqa iddia ərizəsində 300 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehdən tutulması da tələb edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən həmin xərc cavabdehə aid edilməlidir.
27. Belə ki il, Universal Vəkil Bürosu tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 388661 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən Universal Vəkil Bürosuna 300 manat hüquqi xidmət haqqı ödənilmişdir.
28. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
29. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
30. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 300 manat dövlət rüsumu cavabdehə, 12 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
31. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 66926,57 manat əsas borc, 3000 manat dəbbə pulu, 300 manat hüquqi yardıma görə xərc, 300 manat dövlət rüsumu, ümumilikdə 70526,57 (yetmiş min beş yüz iyirmi altı manat əlli yeddi qəpik) manat məbləğində pul tutularaq İddiaçı Fərdi Firmasına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş qalan 12 (on iki) manat dövlət rüsumu İddiaçı Fərdi Firmasının özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova