Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7016/2024 24.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər:xidmət müqaviləsi,pul) X5 Rövşən qızının sədrliyi, Rəsulzadə Xaliq Tahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh "X6" MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən xx.xx.2018-ci il tarixli 42/18 saylı Müqavilə üzrə 18630 manat məbləğində əsas borcun, 1863 manat məbləğində cərimə-dəbbə pulunun, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablamaqla 4030,24 manat pulun və 181 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki,İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2018-ci il tarixli 42/18 saylı “Evakuasiya xidmətlərinin göstərilməsi haqqında” Müqavilə bağlanmışdır. Müqaviləyə əsasən İcraçı İddiaçı MMC Sifarişçi Cavabdeh MMC-nin sifarişi əsasında xidmətlər göstərməyi, sifarişçi isə xidmətləri qəbul edib bunun müqabilində İcraçıya bu Müqavilə ilə müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyə öhdəsinə götürür. Lakin İddiaçı MMC öz üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirib müvafiq xidmətləri göstərsə də, Cavabdeh MMC üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək xidmət müqabilində verilməli olan xidmət haqqını ödəməkdən boyun qaçırır. Cavabdehə bu barədə dəfələrlə xəbərdarlıq edilsə də, bu günə kimi cavabdeh tərəfindən heç bir hərəkət edilməmişdir. Belə ki, xx.xx.2018-ci il tarixli Müqavilə üzrə 18630 manat məbləğində borc ödənilməmişdir və borc məbləği iddia ərizəsinə əlavə edilmiş Üzləşmə aktları ilə təsdiq edilir. Bu əsasla tərəfimizdən cavabdehə xx.xx.2024-cü il tarixində 3 iş günü müddətində 18630 borc məbləğini tələb etməyimiz barədə Pretenziya məktubu göndərilməsinə baxmayaraq bu günədək qeyd edilən pul şirkətə ödənilməmişdir. Əlavə olaraq bildirək ki, xx.xx.2018-ci il tarixli 42/18 saylı Müqavilənin 7.2-ci bəndinə əsasən hər gecikən gün üçün ümumi borcun 1% əlavə hesablanacaq. Müqavilənin həmin bəndinə əsasən 294209,4 manat cərimə məbləği təşkil etsə də, tərəfimizdən güzəşt faizi tətbiq edilərək əsas məbləğin ≈ 10%-i həcmində, yəni cəmi 1863 manat dəbbə pulu tələb edilməkdədir. Beləliklə, göründüyü kimi cavabdeh ödənişdən yayınmaq üçün müxtəlif üsullara əl atmağı səbəbindən hazırkı mübahisə məhz məhkəmə vasitəsilə həll edilməlidir.
3. İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, Cavabdeh MMC-dən xx.xx.2018-ci il tarixli 42/18 saylı Müqavilə üzrə 18630 manat məbləğində əsas borcun, 900 manat məbləğində cərimə-dəbbə pulunun, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablamaqla 298,40 manat pulun və 150 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.
5. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.
7. Məhkəmə iddiaçının nümayəndəsinin razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. III. Sübutların tədqiqi:
8. İddiaçı Cavabdeh MMC ilə cavabdeh İddiaçı MMC arasında imzalanmış xx.xx.2018-ci il tarixli, 42/18 saylı müqavilə imzalanmışdır. Həmin Müqavilənin: - 1-ci bəndinə əsasən İcraçı Sifarişçinin sifarişi əsasmda ona məxsus avtomobilləri daşımaqla evakuasiya (təxliyyə) xidmətləri göstərməyi (bundan sonra «xidmət» adlandırılacaq), Sifarişçi isə bunun müqabilində İcraçıya bu Müqavilənin 4-cü bəndində müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyi öhdəsinə götürür. - 2.3-cü bəndinə əsasən icraçı daşıdığı avtomobili Sifarişçinin nümayəndəsinə və ya onun göstərdiyi şəxsə təhvil verir. Hər bir və ya bir neçə daşımadan sonra göstərilmiş xidmətin təhvil verilməsi haqqmda akt (Əlavə № 1) tərtib olunur, Sifarişçinin və İcraçmın nümayəndələri tərəfindən imzalanır və rəhbər şəxsləri (və ya şöbə müdiri) tərəfindən təsdiq edilir. Xidmət haqqı yalnız bu aktların əsasmda hesablanır. Aktın forması bu müqavilə bağlanarkən təsdiq olunur. - 2.5-ci bəndinə əsasən Sifarişçi sifariş olunmuş avtomobilləri, yükləmə və boşaltma yerində (adi evakuator 30dq, acır tonaj 1 saat, dayman 1 saat) artıq gözlətdiyi təqdirdə aşağıdakı qaydada ödəniş etməyə borcludur: Adi Evakuator 1 (bir) saat üçün 10 AZN Ağır tonaj 1 (bir) saat üçün 20 AZN Dayman 1 (bir) saat üçün 50 AZN - 3.2.1-ci bəndinə görə, icraçı tərəfindən göstərilmiş xidmətlərin dəyərinin gecikdirmədən ona ödənilməsini təmin etməlidir. - 4.1-ci bəndinə əsasən Hər bir daşımanm dəyəri daşıma məsafəsindən və daşıma obyektinin ölçülərindən asılı olaraq, bu müqavilənin tərkib hissəsi olan Tərəflər arasında razılaşdırılmış qiymətlərin preyskurantı (Əlavə № 3) ilə müəyyən edilir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.
9. İddiaçı tərəfindən verilən xx.xx.2024-cü il tarixli maliyyə arayşına əsasən Cavabdeh MMC-nin İddiaçı MMC-yə xx.xx.2024-cü il tarixinə xx.xx.2018-ci il tarixli 42/18 saylı Müqavilə üzrə əsas borcu 18630 manat, cərimə borcu 294209,4 manat və gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 4030,24 manat təşkil edir..
10. İddiaçı tərəfindən cavabdehə EAAM 211509 nömrəli xx.xx.2018-ci il tarixli 985 manat,EBBJ 555097 nömrəli xx.xx.2021-ci il tarixli 230 manat,EBBK 105482 nömrəli xx.xx.2021-ci il tarixli 100 manat, EBBN 443512 nömrəli xx.xx.2021-ci il tarixli 585 manat, EBBP 141647 nömrəli xx.xx.2022-ci il tarixli 310 manat, EBBQ 601607 nömrəli xx.xx.2022-ci il tarixli 55 manat, EBBQ 722600 nömrəli xx.xx.2022-ci il tarixli 30 manat, EBBQ 722600 nömrəli xx.xx.2022-ci il tarixli 30 manat, EBBH 452696 nömrəli xx.xx.2021-ci il tarixli 375 manat, EBBF 771097 nömrəli xx.xx.2021-ci il tarixli 895 manat, EBBE 241709 nömrəli xx.xx.2021-ci il tarixli 250 manat, EBBC 602927 nömrəli xx.xx.2021-ci il tarixli 365 manat, EBAZ 540667 nömrəli xx.xx.20221-ci il tarixli 285 manat, EBAY 145122 nömrəli xx.xx.20221-ci il tarixli 50 manat, EBAV 704415 nömrəli xx.xx.2021-ci il tarixli 30 manat, EBAV 704371 nömrəli xx.xx.2021-ci il tarixli 300 manat, EBAT 334383 nömrəli xx.xx.2021-ci il tarixli 1775 manat, EBAS 175751 nömrəli xx.xx.2020-ci il tarixli 545 manat, EBAQ 786604 nömrəli xx.xx.2020-ci il tarixli 50 manat, EBAP 704371 nömrəli xx.xx.2020-ci il tarixli 525 manat, EBAN 166000 nömrəli xx.xx.2020-ci il tarixli 225 manat, EBAL 870345 nömrəli xx.xx.2020-ci il tarixli 170 manat, EBAK 623703 nömrəli xx.xx.2020-ci il tarixli 225 manat, EBAH 269587 nömrəli xx.xx.2020-ci il tarixli 700 manat, EBAF 816724 nömrəli xx.xx.2020-ci il tarixli 5320 manat, EBAE 860167 nömrəli xx.xx.2020-ci il tarixli 480 manat, EBAD 381457 nömrəli xx.xx.2019-cu il tarixli 260 manat, EBAC 095319 nömrəli xx.xx.2019-cu il tarixli 120 manat, EBAA 758338 nömrəli xx.xx.2019-cu il tarixli 90 manat, EBAW 712132 nömrəli xx.xx.2019-cu il tarixli 100 manat, EAAS 596445 nömrəli xx.xx.2019-cu il tarixli 120 manat, EAAR 305139 nömrəli xx.xx.2019-cu il tarixli 50 manat, EAAM 716532 nömrəli xx.xx.2018-ci il tarixli 220 manat, EAAM 211654 nömrəli xx.xx.2018-ci il tarixli 35 manat, EAAM 211613 nömrəli xx.xx.2018-ci il tarixli 340 manat, EAAM 211572 nömrəli xx.xx.2018-ci il tarixli 635 manat, EAAM 211530 nömrəli xx.xx.2018-ci il tarixli 745 manat, EBAJ 445724 nömrəli xx.xx.2020-ci il tarixli 210 manat, EBAİ 338883 nömrəli xx.xx.2020-ci il tarixli 845 manat məbləğində elektron qaimə göndərilmişdir.
11. xx.xx.2022-ci il tarixli 01 saylı üzləşmə aktı ilə təsdiq edilir ki,2018-ci ilin dekabr ayına Cavabdeh MMC-nin İddiaçı MMC-yə müqavilə üzrə borcu 2960 manat təşkil edir.
12. xx.xx.2022-ci il tarixli 02 saylı üzləşmə aktı ilə təsdiq edilir ki,2019-cu ilin dekabr ayına Cavabdeh MMC-nin İddiaçı MMC-yə müqavilə üzrə borcu 4180 manat təşkil edir.
13. xx.xx.2022-ci il tarixli 03 saylı üzləşmə aktı ilə təsdiq edilir ki,2020-ci ilin dekabr ayına Cavabdeh MMC-nin İddiaçı MMC-yə müqavilə üzrə borcu 15100 manat təşkil edir.
14. xx.xx.2022-ci il tarixli 04 saylı üzləşmə aktı ilə təsdiq edilir ki,2021-ci ilin dekabr ayına Cavabdeh MMC-nin İddiaçı MMC-yə müqavilə üzrə borcu 18575 manat təşkil edir.
15. xx.xx.2022-ci il tarixli 05 saylı üzləşmə aktı ilə təsdiq edilir ki,2022-ci ilin dekabr ayına Cavabdeh MMC-nin İddiaçı MMC-yə müqavilə üzrə borcu 18630 manat təşkil edir.
16. İş materiallarında olan pretenziya məktubundan görünür ki, yaranmış borcun 3 iş günü ərzində ödəmədiyi halda ona qarşı iddia irəli sürülərək məhkəməyə müraciət olunması barədə xəbərdar edilmişdir. IV. Tətbiq edilən hüquq:
17. AR Mülki Məcəlləsinin: - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 850.1-ci maddəsinə görə yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 466.1-ci maddəsinə görə əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. - 466.2-ci maddəsinə görə qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: - 466.2.1. zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; - 466.2.2. dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; - 466.2.3. kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - 445.7-ci maddənin mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyasına görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
18. AR MPM-in: - 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
19. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2018-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, “...mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.”
21. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X2rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”
Vİ.Məhkəmənin mövqeyi:
22. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.
23. Belə ki, məhkəmə tərəfindənməhkəmə iclasında tədqiq ediləb sübutlarla, iş materiallarına əlavə olunmuş tərəflər arasında imzalanmış müqavilə, üzləşmə aktları və elektron qaimələrlə müəyyən edildi ki, iddiaçı Cavabdeh MMC ilə cavabdeh İddiaçı MMC arasında imzalanmış xx.xx.2018-ci il tarixli, 42/18 saylı müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır.İddiaçı müqaviləyə əsasən sifariş edilmiş yükdaşıma xidmətlərini göstərməklə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən göstərilmiş xidmətlərin dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Halhazırda Cavabdeh MMC -nin göstərilən müqavilə üzrə İddiaçı MMC -yə olan əsas borcu 18630 manat təşkil edir.
24. Belə olan halda məhkəmə Mülki Məcəllənin 850.1-ci maddəsinə əsasən mübahisəli yükdaşıma müqaviləsinə əsaslanan öhdəlik münasibətində kreditor olan iddiaçının borclu olan cavabdehdən yük daşınmaya görə haqq olan 18630 manat məbləğində pul vəsaitini ödənilməsini tələb etmək hüququnun olmasını nəzərə alaraq hesab edir ki, iddia əsas borc hissəsində təmin edilməli, Cavabdeh MMC -dən 18630 manat tutularaq İddiaçı MMC -yə ödənilməlidir.
25. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 900 manat məbləğində cərimənin (dəbbə pulunun) cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
26. Həmin tələblə bağlı məhkəmə hesab edir ki, Cavabdeh MMC -nin müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur.
27. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmi edilməli cavabdehdən 900 manat məbləğində dəbbə pulu tuutlara q iddiaçıya ödənilməlidir.
28. Bundan başqa iddiaçı öz iddia tələbində müqavilə dəyərinin ödənilməsinin gecikməsinə görə illik 5%-lə hesablanmış 298.40 manatın da cavabdehdən tutulmasını tələb etmişdir.
29. Məhkəmə cavabdeh tərəfindən borcun ödənilməsinin gecikdirildiyi müddəti, yəni xx.xx.2024-cü il tarixdən (pretenziya məktubu göndərilən tarix) keçən müddəti və 18630 manat əsas borc məbləğini nəzərə alaraq hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli və illik 5% ilə hesablanmış 298.40 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
30. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 164 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.
31. Məhkəmə hesab edirki, iddia qismən təmin edildiyindən dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə idda tələbinin təmin edilən hissəsinə mütənasib olaraq 150 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.
32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 18630 manat (on səkkiz min altı yüz otuz manat) manat əsas borc, 900 (doqquz yüz) manat cərimə,298.40 (iki yüz doxsan səkkiz manat qırx qəpik) illik 5% və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 150 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər
Hakim Günay Həşimova