Məhkəmə qərarları › İş №e-2-2(113)-7025/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-7025/2024

13.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7025/2024 13.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: Alqı-satqı müqaviləsi, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti (İddiaçı MMC) Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyətinə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 25650,48 (iyirmi beş min altı yüz əlli manat qırx səkkiz qəpik) əsas borc, 2442,51 manat manat (iki min dörd yüz qırx iki manat əlli bir qəpik) gecikdirilmiş faiz borcu, 200 (iki yüz) manat mediasiya xərci olmaqla, cəmi 28292,99 manat (iyirmi səkkiz min iki yüz doxsan iki manat doxsan doqquz qəpik) məbləğində pulun tutularaq İddiaçı MMC–yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında 17 oktyabr 2017-ci il tarixində 126 nömrəli müqavilə bağlanmıdır. Həmin müqaviləyə əsasən cavabdeh İddiaçı MMC-dən tikinti materialları almış və qeyd olunan borcu ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehin müqavilə üzrə İddiaçı MMC-yə 25650,48 manat əsas borc, 2442,51 manat gecikdirilmiş faiz borcu olmaqla, cəmi 28092,99 manat məbləğində borcunun olması müəyyən edilmişdir. Lakin bugünə kimi cavabdeh tərəfindən İddiaçı MMC-yə ödəniş edilməmişdir. Əlavə olaraq bildirilmişdir ki, tərəflər arasında müqavilə bir dəfə bağlansa da, alqı-satqı münasibətləri davam etmişdir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1, 425.2, 427.1, 442, 445.7, 448.1, 448.2, 598.1, 598.2, 739.1, 739.2, 740.2, 743-cü maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında cəmi bir dəfə, yəni 17 oktyabr 2017-ci il tarixində müqavilə bağlanmışdır. Alqı-satqı müqaviləsi üzrə malların alışı 13 fevral 2019-cu il tarixdən 29 oktyabr 2020-ci il tarixədək həyata keçirilmişdir. Həmin dövr ərzində 78044 manatlıq mallar cavabdeh tərəfindən satın alınmışdır ki, bunların da dəyəri ödənilmişdir. Cavabdehin borclu olması barədə 2020-ci ilin oktyabr ayından bugünədək hər hansı bir tələb iddiaçı tərəfindən irəli sürülməmişdir və həmin vaxtdan məhkəmədə iddia qaldırılanadək 4 il müddət keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsini rəhbər tutaraq iddianın rədd olunması barədə qətnamə çıxarılması xahiş olunmuşdur.

5. İddiaçı Kartaş LTD” MMC-yə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

6. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında etirazda göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi.

7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh MMC arasında xx.xx.2017-ci il tarixli, 126 nömrəli (malların Alqı-satqısı haqqında) müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən müqaviləyə əsasən satıcı hazırkı müqavilənin əlavələrində göstərilən materialları alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malı qəbul etməyi və onun əvəzində malın satış qiymətini müqavilədə müəyyən edilən məbləğdə və şərtlərlə alıcıya ödəməyi öhdəyə götürür. Həmin müqavilənin 3.2-ci maddəsinə əsasən alıcı malın satış qiymətini müqavilədə nəzərdə tutulan qaydada və müddətdə ödəyir. Həmin müqavilənin 5.1-ci maddəsinə əsasən satılan malın hər bir vahidi və ƏDV-ni nəzərə almaqla malın satış qiyməti qiymət razılaşdırma protokolu ilə müəyyən edilir. Həmin müqavilənin 5.2-ci maddəsinə əsasən alıcı qaimə-faktura üzrə qəbul etdiyi malın dəyərini qanunvericiliklə müəyyən edilmiş qayda ilə fakturada malın təslimi anında və ya tərəflərin razılaşdırdığı başqa bir müddətdə, nisyə aldıqda isə fakturada göstərilən vədə tarixində satıcıya ödənilməsini təmin etməlidir. Razılaşdırılmış müddət ərzində malın dəyəri ödənilmədikdə satıcı onun ödənilməsini alıcıdan tələb etməyə haqlıdır. Həmin müqavilənin 7.1-ci maddəsinə əsasən müqavilə üzrə öz öhdəliklərini yerinə yetirməmiş, yaxud lazımınca yerinə yetirməmiş tərəf bunun nəticəsində digər tərəfə vurulmuş maddi və mənəvi ziyanı ödəməyə borcludur. Həmin müqavilənin 7.2-ci maddəsinə əsasən alıcı malın satış qiymətinin ödənilməsini gecikdirdiyinə görə, gecikdirmənin hər günü üçün satıcıya vaxtında ödəmədiyi məbləğin 0,01%-i məbləğində dəbbə pulu ödəyir.

8. xx.xx.2019-cu il tarixli, EAAQ seriyalı, 327277 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 4259,8 manat (ƏDV daxil) təşkil edir.

9. xx.xx.2019-cu il tarixli, EAAR seriyalı, 817111 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 33091,8 manat (ƏDV daxil) təşkil edir

10. xx.xx.2019-cu il tarixli, EAAS seriyalı, 889229 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2760 manat (ƏDV daxil) təşkil edir.

11. xx.xx.2019-cu il tarixli, EAAU seriyalı, 191369 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 24213,6 manat (ƏDV daxil) təşkil edir.

12. xx.xx.2020-ci il tarixli, EBAR seriyalı, 810182 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 10223,57 manat (ƏDV daxil) təşkil edir.

13. xx.xx.2020-ci il tarixli, EBAR seriyalı, 922074 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1357,78 manat (ƏDV daxil) təşkil edir.

14. İddiaçı tərəfindən təqdim olunmuş, YapıKredi Bank tərəfindən verilmiş ödəniş sənədlərindən görünür ki, cavabdeh tərəfindən iddiaçının hesabına xx.xx.2019-cu il tarixdə 3000 manat, xx.xx.2019-cu il tarixdə 20520 manat, xx.xx.2020-ci il tarixdə 3000 manat, xx.xx.2019-cu il tarixdə 28043,90 manat məbləğində ödənişlər edilmişdir.

15. İddiaçı tərəfindən sübut qismində yol qaimələri təqdim edilmişdir.

16. Mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayış, Mediasiya prosesinin tətbiqi barədə xx.xx.2023-cü il tarixli təklif sübut qismində məhkəməyə təqdim olunmuşdur.

17. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, borcun 10 (on) iş günü müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər Alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər Alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasınıtəmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı.Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq qeyd etməyi zəruri hesab edir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli Qərarı)

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi

21. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, İddiaçı MMC ilə Cavabdeh MMC arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, cavabdeh öz öhdəliklərini lazımınca icra etməmişdir. Həmin hal işdə olan, yuxarıda qeyd olunan sübutlarla öz təsdiqini tapır. Ona görə də iddiaçı cavabdehə qarşı qalıq borcun ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı hazırkı iddia tələbini cavabdehə qarşı irəli sürməkdə subyektiv hüquqa malikdir və cavabdeh tərəfindən iddiaçının hüququ pozulmuşdur.

22. Cavabdeh MMC-nin nümayəndəsi iddia ərizəsinə etiraz təqdim edərək, iddia müddətinin ötürüldüyünü bildirmiş və iddia müddətini tətbiq etməklə, iddianın rədd edilməsini xahiş etmişdir.

23. Məhkəmə xx.xx.2017-ci il tarixli, 126 nömrəli alqı-satqı müqaviləsi üzrə aqı-satqı əməliyyatlarının 13 fevral 2019-cu il tarixdən 29 oktyabr 2020-ci il tarixə qədər davam etdiyini və müqavilə şərtlərinə əsasən alıcının qaimə-faktura üzrə qəbul etdiyi malın dəyərini fakturada malın təslimi anında (elektron qaimələr qeyd olunan müddət ərzində cavabdehə göndərilmişdir) və ya tərəflərin razılaşdırdığı başqa bir müddətdə, nisyə aldıqda isə fakturada göstərilən vədə tarixində satıcıya ödənilməsini təmin etməli olduğunu nəzərə alaraq hesab edir ki, iddiaçı iddia axımının başladığı tarixdən 3 ildən artıq müddət keçdikdən sonra iddia ilə məhkəməyə müraciət etməklə müqavilə tələbləri üzrə qanunla müəyyən edilmiş 3 illik iddia müddətini ötürmüşdür.

24. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı iddia müddətinin tətbiqi barədə ərizə verdiyindən, onun müddət keçdikdən sonra öhdəliyin icrasından imtina etmək hüququ olduğundan və iddia müddəti ötürüldüyündən iddia rədd edilməlidir. Eyni zamanda ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar