Məhkəmə qərarları › İş №e-2-2(113)-7030/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-7030/2022

29.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-7030/2022 29.11.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızı, İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsi üzrə 5318,64 manat əsas borc, 515 manat vurulmuş zərərin əvəzi, 3968 manat cərimə borcu, 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi, 100 manat mediasiya xərcinin əvəzi olmaqla, ümumilikdə 9931,64 manat pulun iddiaçıdan cavabdehin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 150.1 və 150.1.4-cü maddəsinə əsasən iddia ərizəsinə həmin Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd əlavə olunmalıdır. Məhkəmə müəyyən edir ki, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin cavabdeh tərəfə çatdırılmasına dair hər hansı bir sənəd iddiaya əlavə edilməmişdir. MPM-in 152.1 və 152.1.4-ci maddəsinə əsasən hakim kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa, MPM-nin 150.1. və 150.1.6-cı maddəsinə əsasən iddia ərizəsinə müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) əlavə edilir. MPM-in 150.2-ci maddəsinndə göstərilmişdir ki, kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemi) yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 73/21 nömrəli müqavilənin 6.1-ci bəndindən görünür ki, bu müqavilə əsasında və ya onunla əlaqədar meydana çıxan bütün mübahisələr, fikir ayrılıqları və tələblər, hər iki tərəfin mənafeyini qane etməklə danışqlar yolu ilə həll olunmalıdır. Məhkəmə müəyyən edir ki, iddia ərizəsinə əlavə edilmiş pretenziya məktubu “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə göndərilmiş, cavabdehin isə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabineti mövcud deyildir. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsinə əlavə edilmiş pretenziya məktubu cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd kimi qəbul oluna bilməz. MPM-nin 152.1 və 152.1.6-cı maddəsinə əsasən hakim müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə iddia ərizəsini geri qaytarır. MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddia ərizəsinə qanunla nəzərdə tutulmuş qaydada cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd və iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin cavabdeh tərəfə çatdırılmasını təsdiq edən sənəd əlavə edilmədiyindən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması zamanı yol verilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən Bakı Kommersiya Məhkəməsinə müraciət edə bilər. Bundan başqa, MPM-in 114.1 və 114.1.3-cü maddəsinə əsasən həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasından görünür ki, iddia ərizəsinin verilməsinə görə ********** nömrəli qəbzlə 30 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından 30 manat məbləğində dövlət rüsumu da qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3, 10-1.3, 150-152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq,məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçınə geri qaytarılsın. Ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçınə geri qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar