Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-704/2021 28.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi, məhkəmə iclas katibi X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin cavabdeh “xxxx” ASC-yə qarşı “bildirişin etibarsız hesab edilməsi” tələbinə dair kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC cavabdeh “xxxx ” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” ASC-nin “xxxx” MMC-nə ünvanladığı 01.12.2019-cu il tarixli, O000662149 saylı müqaviləyə xitam verilməsi barədə 02.12.2020-ci il tarixli, L5350/20 saylı bildirişin etibarsız hesab edilməsi və iddianın təmin tədbiri qismində “xxxx” ASC-dən “xxxx” MMC-nin xeyrinə əvvəlki həcmdə mal təchizatına və çıxışının davam etdirlməsinin “xxxx ASC-nin üzərinə vəzifə kimi qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” ASC ilə “xxxx” MMC arasında 01.12.2019-cu il tarixli, O000662149 saylı alqı-satqı müqaviləsinə əsasən əməkdaşlıq edir. “xxxx” MMC isə “xxxx” MMC-nin bir neçə distributorundan biridir. Ümumiyyətlə bu şirkətlərin əməkdaşlığı 2015-ci il tarixdən davam edir ki, iddiaçı cavabdehdən təkcə 2019cu ildə 3.640.000 manat (ƏDV daxil) məbləğində, 2020-ci ildə 6.840.000 manat (ƏDV daxil) məbləğində sement məhsulları alınmaqla yanaşı 2019 və 2020-ci illər ərzində 248.000 manat vergi ödənilmişdir. Bu illər ərzində davamlı olaraq müqaviləyə uyğun əməkdaşlıq edilib və bu dövür ərzində digər rəqib şirkətlərlə heç bir əməkdaşlıq edilməmişdir. Lakin “xxxx” ASC 01.12.2020-ci ildə “xxxx” MMC-nə 31.12.2020-ci ildə müqavilənin bitmə tarixinin uzadılmayacağını və xitamı barədə bildiriş ünvanlamışdır. Qeyd edilir ki, “xxxx” ASC ilə “xxxx” MMC arasında 01.12.2019-cu il tarixli, O000662149 saylı alqı-satqı müqaviləsinin xitam olunması bəndlərinin (tərəflərin razılığı ilə, məhkəmə qərarı ilə, müqavilənin düzgün icra olunmadığı və ya pozulduğu hallarda, alınan məhsuldan spekulyativ istifadə edildikdə, bağlanmış müqavilə üzrə ödəniş öhdəlikləri pozulduğu halarda) heç biri pozulmamışdır və göndərilmiş 02.12.2020-ci il tarixli, L5350/20 nömrəli bildirişə cavab olaraq 03.12.2020-ci il tarixində göndərilmiş məktuba heç bir cavab verilməmişdir. Ümumiyyətlə müqavilədə hazırki bazar şəraiti və tərəflərin hüquqları bərabər şəkildə təmin edilməmişdir. Bundan əlavə bütün müqavilələr bağlanarkən subyektlərin əvvəldən hüquqdan sui istifadəyə dair razılığa gəlməsi lazımdır, lakin bunun əvvəldən nəzərdə tutulmasının o qədər də hüquqi qüvvəsi olmayacaqdır. Ona görə də məhkəmələr hüquqi mübahisələrə baxarkən hüquqdan sui-istifadə hallarını tərəflərin irəli sürüb sürməyəcəyindən asılı olmayaraq aydınlaşdırmalı və nəzərə almalıdır. Əks halda çıxarılan qərar başda konstitusiya olmaqla bütün qanunvericiliyə zidd olaraq ədalətsiz nəticələrin əmələ gəlməsinə səbəb olar. Bu da ədalət mühakiməsi anlayışına ziddir. Bu günkü gündə cavabdeh “xxxx” ASC 01.12.2019-cu il tarixli, O000662149 saylı müqaviləyə xitam verilməsi barədə bildiriş göndərməklə yalnız və yalnız “xxxx” MMC-yə zərər vurmaq, iflas etmək məqsədilə bu hüquqdan sui-istifadə etməkdir. Halbuki iddiaçı “xxxx” MMC 01.12.2019-cu il tarixli, O000662149 saylı alğı-satqı müqaviləsi üzrə öhdəlik və vəzifələrini layiqincə yerinə yetirmiş, müqaviləyə xitam verilməsinə əsas verən heç bir tələbin pozması mövcud deyil. Elə bu səbəbdən də bildiriş tam qanunsuz və əsassız olduğu üçün etibarsız sayılmalıdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddia ərizəsi əsassızdır, heç bir qanuni tələblərə istinad etmir, ona görə də rədd edilməlidir. Belə ki, 01.12.2019-cu il tarixində tərəflər arasında bağlanmış O000662149 saylı müqavilənin müddətinin başa çatması ilə bağlı ona xitam verilməsi qaydasını xüsusi olaraq müqavilənin 6-cı bəndində razılaşdırmışlar. Müqavilənin 6.1-ci maddəsində qeyd olunur ki, müqavilə 31.12.2020-ci il tarixinədək qüvvədə olur. Müqavilənin 6.2-ci maddəsində qeyd edilmişdir ki, hazırkı müqavilənin qüvvədə olma müddəti bitməmişdən 15 gün əvvəl tərəflərdən biri müqaviləyə xitam verilməsinə dair digər tərəfə bildiriş göndərməzsə müqavilə avtomatik olaraq bir il müddətinə uzadılır. Bu maddəyə əsasən “Holcim (Azərbaycan)” ASC “xxxx” MMC-yə 02.12.2020-ci il tarixində bildiriş göndərərək müqaviləyə 31.12.2020-ci il tarixindən xitam veriləcəyini bildirmişdir. Belə olan halda, iddiaçının müqaviləyə xitam verilməsinin guya əsaslı olmaması ilə bağlı müqavilənin 13-cü bəndinə istinad etməsi düzgün deyildir, çünki 13-cü bənd müqaviləyə xitam vermənin digər əsaslarını tənzimləyir. Müqavilənin 13-cü bəndinə deyil, müqavilənin müddəti ilə bağlı 6.2-ci bəndinə istinad edərək müqaviləyə 31.12.2020-ci il tarixindən xitam veriləcəyini iddiaçıya yazılı qaydada bildirilmişdir. Bu isə Azərbaycan Respublikası Mülki Qanunvericiliyinin tələblərinə və tərəflər arasında imzalanmış müqavilənin xitam verilməsi qaydalarına tam uyğundur. İddiaçı “xxxx” MMC-nin məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İş üzrə iddiaçının nümayəndəsinin üzrlü səbəblərdən məhkəmə iclasına gəlmədiyinə dair hər hansı bir hallar müəyyən olunmadığına görə və onun gəlməməsi işə baxılmasına mane olmadığından, cavabdeh etiraz etmədiyindən məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəni və işin faktiki hallarını araşdıraraq, cavabdehin nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: -01 dekabr 2019-cu il tarixli O000662149 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, hazırki müqavilə üzrə “satıcı” adlandırılacaq “xxxx ” ASC bu müqavilənin 3-cü maddədə göstərilən malları “alıcı” adlandırılacaq “xxxx” MMC-yə satmağı, “alıcı” isə həmin malları almağı və onun dəyərini ödəməyi öz üzərinə götürmüşdür. -Həmin müqavilənin 6-cı bəndinə əsasən, hazırkı müqavilə hər iki tərəfdən imzalandığı tarixdə qüvvəyə minir və müqavilə şərtləri tərəflərin münasibətinə 01 yanvar 2020-ci ildən etibarən tətbiq edilir. Hazırki müqavilə 31 dekabr 2020-ci il tarixinədək qüvvədə qalacaqdır. -Həmin müqavilənin 6.2-ci bəndinə əsasən, hazırki müqavilənin qüvvədə olma müddəti bitməmişdən əvvəl 15 iş günü əvvəl tərəflərdən biri müqaviləyə xitam verilməsinə dair digər tərəfə bildiriş göndərməzsə, müqavilə avtomatik olaraq 1 (bir) il müddətinə uzadılır. Avtomatik uzadılan dövr ərzində alıcı satıcı ilə heç bir əməliyyat aparmazsa müqaviləyə həmin ilin 31 dekabr tarixində xitam verilir. Hər bir halda, avtomatik uzadılma 3 (üç) dəfədən çox ola bilməz və bununla da, hazırki müqavilə 3 (üç) il müddətinə uzadıla bilər. Müqavilənin qüvvədə olma müddətinin bitməsi və ya müqaviləyə xitam verilməsi tərəfləri həmin ana qədər yaranmış öhdəliklərin icrasından azad etmir. Müqavilə tərəflərin səlahiyyətli nümayəndələrinin imza və möhürləri ilə təsdiq edilmişdir. -01 dekabr 2019-cu il tarixli O000662149 nömrəli alqı-satqı müqaviləsinə xitam verilməsi barədə bildirişdən görünür ki, “xxxx ” ASC “xxxx” MMC-yə məktub ünvanlayaraq 01 dekabr 2019-cu il tarixli O000662149 nömrəli alqı-satqı müqaviləsinin müddəti ilə bağlı 6.2-ci bəndinə istinad edərək müqaviləyə 31.12.2020-ci il tarixindən xitam veriləcəyini iddiaçıya yazılı qaydada bildirilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.1-ci maddəsinəfiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Tərəflər arasında bağlanmış müqavilənin 6.2-ci bəndinə əsasən, hazırki müqavilənin qüvvədə olma müddəti bitməmişdən əvvəl 15 iş günü əvvəl tərəflərdən biri müqaviləyə xitam verilməsinə dair digər tərəfə bildiriş göndərməzsə, müqavilə avtomatik olaraq 1 (bir) il müddətinə uzadılır. Həmin müqavilənin 13.2-ci bəndinə əsasən müqavilə tərəflərin birinin istəyi ilə xitam verildiyi halda, həmin tərəf 15 gün əvvəlcədən digər tərəfi yazılı şəkildə məlumatlandırmalıdır. Beləliklə məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə şərtlərinə uyğun olaraq cavabdeh tərəfindən müqaviləyə xitam verilməsi haqqında göndərilmiş bildirişin etibarsız sayılması ilə bağlı iddiaçının qeyd etdiyi hallar əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “xxxx” MMC-nin cavabdeh “xxxx” ASC-yə qarşı “bildirişin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddia qaldırılarkən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçı “xxxx” MMCnin özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-704/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-704/2021
28.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver