Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-705/2021 14.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Rzazadə İqbal Kamil oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən x xxxxxx 2020-ci il tarixli müqavilə üzrə ƏDV daxil 43.879,50 manat məbləğində əsas borcun, 5265,54 manat məbləğində dəbbə pulunun və 30 manat məbləğində dövlət rüsumunun, cəmi ümumilikdə 49.175,04 manat məbləğində pulun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə "Cavabdeh" MMC arasında xx xxxxxx 2020-ci il tarixli, Hİ-167/2020 №-li alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən satıcı müqavilənin 1.2-ci bəndi ilə müəyyənləşdirilmiş malları alıcının mülkiyyətinə verməyi, alıcı isə malı qəbul edib əvəzində bu Müqavilənin 3.1-ci bəndi ilə müəyyənləşdirilmiş məbləği satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1 saylı əlavəsi ilə satılan malın adı, qiyməti, miqdarı müəyyən edilmişdir. Həmin əlavəyə əsasən iddiaçı cavabdehə ümumi dəyəri 43.879,50 manat təşkil edən 487,55 kub metr məsaməli beton blokları satmağı üzərinə götürmüşdür. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirərək müqavilənin 1 saylı əlavəsində qeyd edilən şərtlərlə 487,55 kub metr məsaməli beton bloklarını alıcının mülkiyyətinə vermişdir. Müqavilənin 1 saylı əlavəsinin 3-cü bəndinə əsasən alıcı bu əlavə üzrə razılaşdırılmış malın ƏDV daxil ümumi dəyərini mal ona təhvil verildiyi tarixdən 1 ay ərzində ödəyir. Lakin malın təhvil verilməsi tarixindən 5 aya yaxın müddət keçsə də cavabdeh tərəfindən ödəniş edilməmişdir. İddiaçı MMC ilə "Cavabdeh" MMC arasında imzalanmış qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktına əsasən cavabdehin iddiaçıya kreditor borcunun məbləği ƏDV daxil 43.879,50 manat təşkil edir. Müqavilə şərtlərinə uyğun olaraq, alınan məhsullar üzrə alıcının bu günə ödəməli olduğu məbləğ ƏDV daxil olmaqla 43879,50 manat təşkil edir. Borcun ödənilməsinə dair cavabdehə dəfələrlə şifahi xəbərdarlıq edilsə də, hətta pretenziya məktubu göndərilsə də, "Cavabdeh" MMC müqavilə üzrə ödənilməli olan borcu ödəməmişdir. Sözügedən müqavilənin 4.4-cü bəndinə əsasən, ödənişin gecikdirilməsinə görə alıcı gecikdirilən hər gün üçün gecikdirilmiş məbləğin 0.1 %- həcmində dəbbə pulu ödəyir. Beləliklə, müqavilənin şərtinə əsasən xx xxxxxx 2020-ci il tarixinə cavabdeh alıcıya 5265,54 manat məbləğində dəbbə pulu ödəməlidir. Eyni zamanda iddiaçı iddianın təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, mübahisəyə mahiyyəti üzrə baxılıb həll edilənədək iddianı təmini tədbiri kimi сavabdeh Cavabdeh banklarda olan hesablaşma hesabına iddia tələbi həcmində, yəni 49.175,04 manat həcmində həbs qoyulması (iddiaçının iddia tələbini ödəmək halları istisna olmaqla), həmin hesabda pul vəsaiti olmadıqda və ya kifayət qədər olmadıqda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 158.3-cü maddəsi ilə müəyyən edilmiş ardıcıllıqla cavabdehə məxsus digər əşyalar (minik nəqliyyatı,valyutasərvətləri,qiymətli kağızlar,daşınmaz əmlak və s.) üzərinə həbs qoyulmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-3988/2020 saylı qərardadı ilə ərizə təmin edilmiş, Cavabdeh MMC-yə məxsus əmlak üzərinə iddia tələbi, yəni 49.175,04 manat həcmində həbs qoyulmuşdur. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: - İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında xx xxxxxx 2020-ci il tarixdə Hİ-167/2020 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin: 1.1-ci bəndinə əsasən bu müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada satıcı müqavilənin 1.2-ci bəndi ilə müəyyənləşdirilmiş malları alıcının mülkiyyətinə verməyi, alıcı isə malı qəbul edib əvəzində bu müqavilənin 3.1-ci bəndi ilə müəyyənləşdirilmiş məbləği satıcıya ödəməyi öhdəsinə götürür. 2.2.3-cü bəndinə görə satıcı bu müqavilə ilə müəyyən edilən malı alıcının alış sifarişində qeyd etdiyi səlahiyyətli şəxsin imzası ilə təsdiq olunan yol qaiməsi və anbardan çıxış aktı və ya elektron qaimə faktura və elektron vergi hesab fakturası əsasında təhvil verir. 2.4.1-ci bəndinə əsasən malın bu müqavilə ilə müəyyənləşdirilmiş qiymətini bu müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada satıcıya tam və vaxtında ödəmək alıcının vəzifəsidir. 3.1-ci bəndinə görə malın qiyməti müqaviləyə edilən əlavələrlə (Qiymət razılaşdırma protokoları) müəyyən edilir. 3.2-ci bəndinə əsasən alıcı malın dəyərini bu müqavilənin 1 saylı əlavəsində müəyyən edilmiş qaydasında ödəyir. 4.4-cü bəndinə görə bu müqavilə üzrə ödənişin gecikdirilməsinə görə alıcı gecikdirilən hər gün üçün gecikdirilmiş məbləğin 0,1 % həcmində dəbbə pulu ödəyir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. -İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli, Hİ-167/2020 saylı alqı-satqı müqaviləsinə 1 saylı əlavə ilə (Qiymətlərin razılaşdırma protokolu) satıcının alıcıya satdığı 487.55 m3 malın (MHB 600/250/100 mm) ümumi dəyəri ƏDV daxil 43.879,50 manat məbləğində müəyyən edilmişdir. Əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. -İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli, Hİ-167/2020 saylı alqı-satqı müqaviləsinə dair malların təhvil-təslim aktına əsasən dəyəri ADV daxil 43.879,50 manat olan, 487.55 m3 mal (MHB 600/250/100 mm) müqavilənin şərtlərinə uyğun şəkildə alıcıya təhvil verilmiş, alıcı isə həmin malları satıcıdan tam və qüsursuz şəkildə təhvil almışdır. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. -xx xxxxxx 2020-ci il tarixli qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktı ilə tərəflər xx xxxxxx 2020-ci il tarixinə Cavabdeh MMC-nin İddiaçı MMC-yə olan borcu ƏDV daxil 43.879,50 manat təşkil etdiyini təsdiq etmişlər. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. -İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə bildiriş ilə müraciət edilərək, alqı-satqı müqaviləsi üzrə yaranmış 49.145,04 manat məbləğində borcun 5 gün müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə müvafiq məhkəməyə müraciət olunacağı bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı İddiaçı MMC ilə Cavabdeh MMC arasında alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən malları cavabdehə təhvil verərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda Cavabdeh MMC-nin göstərilən müqavilə üzrə İddiaçı MMC-yə olan borcu 43.879,50 manat təşkil edir. Məhkəmə qeyd edir ki, hazırkı iddianın qanuni əsasını Mülki Məcəllənin 567-ci maddəsi təşkil edir. Həmin maddəyə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda məhkəmə cavabdehin müqaviləyə əsasən verilmiş malların dəyərini – 43.879,50 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, həmin hissədə iddia təmin edilməli, Cavabdeh MMC-dən 43.879,50 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə 5.265,54 manat məbləğində dəbbə pulunun Cavabdeh MMC-dən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, Cavabdeh MMC-dən ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilələrdə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 2000 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 5 manat hissəsi iddiaçıya aid edilməli, dövlət rüsumunun qalan hissəsinin əvəzi olaraq 25 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 43.879,50 manat (qırx üç min səkkiz yüz yetmiş doqquz manat əlli qəpik) məbləğində əsas borc, 2000 (iki min) manat məbləğində dəbbə pulu, cəmi 45.879,50 manat (qırx beş min səkkiz yüz yetmiş doqquz manat əlli qəpik) məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 (iyirmi beş) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC -yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İddia verilərkən ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-705/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-705/2021
14.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver