Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-706/2025 03.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı “vurulmuş ziyanın əvəzinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: “vurulmuş ziyanın əvəzinin ödənilməsi”) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı “vurulmuş ziyanın əvəzinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Müraciətlər əsasında nəzərdə tutulmuş avadanlıqların geri götürülməsi və 70 000 (yetmiş min) manat məbləğində dəymiş ziyanın (əldən çıxmış faydanın) Azərbaycan Respublikası Kənd Təsərrüfati Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyindən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı lizinq alan “ Ram. Süd “ MMC ilə cavabdeh lizinq verən "xxxx" ASC arasında 2013-cü il 18 yanvar tarixli, 04-LA/13 nömrəli lizinq müqaviləsi bağlanmışdır. Müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan avadanlığın dəyərini ödəniş qrafikində göstərilən müddətdən gec olmayaraq ödəməyi öhdəsinə götürmüşdür. Lakin, müqavilənin bağlanmasından bir müddət sonra iddiaçının südlə təminatı əvvəlcədən nəzərdə tutulmuş miqdardan xeyli aşağı olması səbəbi ilə südün texnologiyaya müvafiq emal edilməsində müəyyən problemlər yaşamışdır. Bu səbəbdən də "xxxx" ASC tərəfindən lizinq verilən və quraşdırılmayan bir sıra avadanlıqlar zavodun anbarında istifadəsiz vəziyyətdə qalmışdır və istismar olunmamışdır. Bu müddət ərzində "xxxx" MMC məhsul istehsal edə bilmədiyindən ona orta hesabla 70 000 (yetmiş min) manat dəyərində ziyan dəymişdir. Belə ki, iddiaçı tərəfindən qeyd olunan faktlar əsas gətirilərək verilmiş avadanlıqların geriyə götürülməsi ilə bağlı sərəncam verilməsi xahişi ilə "xxxx" ASC-nin idarə heyətinin sədri Əli Bayramova 2012-ci il 12 dekabr, 2013-cü il 12 iyul və 2013-cü il 29 oktyabr tarixində müraciətlər edilmişdir. 2014-cü il 14 aprel tarixində istehsalatın həcminə müvafiq olaraq iddiaçı tərəfindən öz hesablarına yeni texnoloji avadanlıqların quraşdırılması səbəbi ilə avadanlıqların geri götürülməsinə və yeni ödəmə qrafikinin tərtib edilməsi zamanı geri götürülmüş avadanlıqların qiymətlərinin nəzərə alınmasına sərəncam verilməsi xahişi ilə yenidən "xxxx" ASC-nin idarə heyətinin sədri Əli Bayramova müraciət edilmişdir. Məsələ ilə əlaqədar 2015 və 2018 -ci il tarixində iddiaçı tərəfindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə və "xxxx" ASC-nin İdarə Heyətinin sədri Seymur Mövlayevə müraciətlər olunmuşdur. Beləliklə, iddiaçı tərəfindən dəfələrlə cavabdeh "xxxx" ASC-nin İdarə Heyətinin sədrinə, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə müraciətlər edilmiş, lakin bu müraciətlər nəticəsiz qalmış və bu günə qədər avadanlıqları geri qaytarmaq mümkün olmamışdır. Həmçinin avadanlıqların istismar və istifadə edilməməsi faktı "xxxx" ASC tərəfindən hər il keç irlmiş inventarizasiya və monitorinq zamanı tərtib edilmiş aktlarla bir daha təsdiq olunmuşdur. Avadanlıqların geri götürülməsi ilə bğlı xx.xx.2024-cü il tarixində bir daha cavabdehə məktub ünvanlansa da onlar tərəfindən həmin məktuba heç bir cavab verilməmişdir.
3. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-706/2025 saylı qərardadı ilə İddiaçı MMC-nin Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı avadanlıqların geri götürülməsi” hissəsində iş üzrə icraata xitam verilmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən cavabdeh “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi X2 iddiaya etiraz edərək, rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
5. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iclasa gəlməmiş, gəlməməyinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
6. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
- 21.2-ci maddəsində göstərilmişdir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 441.2-ci maddəsinə əsasən mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. - 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. - 747.2-ci maddəsinə əsasən lizinq verən müqavilədə nəzərdə tutulan əmlakı hazırlamağa və ya əldə etməyə borcludur. - 748-1.1-ci maddəsinə əsasən lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir. - 748-1.2-ci maddəsinə əsasən lizinq alan əmlakı qəbul edərkən hər hansı bir satışmazlıq aşkar edərsəz, qəbul protokolunda bu barədə qeyd etməli və çatışmazlıqları aradan qaldırmaq məqsədilə bu əmlakı satan hüquqi və ya fiziki şəxslər qarşısında tələb irəli sürmək üçün lizinq verənə məlumat verməlidir. - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
9. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır.
10. İddiaçı tərəf iddiasında, "xxxx" ASC ilə bağlanılmış müqavilə əsasında ona lizinqə verilən avadanlıqların istifadəsiz qaldığını, bu səbəbdən məhsul istehsalı olmadığından ona orta hesabla 70.000 manat məbləğində ziyan dəydini bildirmiş və cavabdehdən tutularaq iddiaçıya ödənilməsini məhkəmədən xahiş etmişdir.
11. Cavabdeh tərəf iddiaya etiraz edərək, iddiaçıya qarşı lizinq müqaviləsi üzrə borcun ödənilməsi üzrə tələbi ilə bağlı məhkəmə qərarının olduğunu bildirərək, iddianın rədd edilməsini xahiş edir.
12. Məhkəmə ilk növbədə qeyd edir ki, iddia ərizəsinin məzmununa nəzər yetirildiyində aydın olur ki, iddiaçı tərəf məhz cavabdehin müqavilə üzrə öhdəliyini icra etməməsi səbəbindən maddi ziyana düşdüyünü bildirir.
13. İş materiallarına əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(103)-29/2024 saylı qətnaməsindən məlum olur ki, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra – “iddiaçı”) cavabdeh İddiaçınə qarşı (bundan sonra – “cavabdeh”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müqavilə üzrə 649.000 manat gecikdirilmiş əsas borc və hesablanmış 464.574 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 350 manat, cəmi 1.113.924 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə, Cavabdeh 2021-ci il 27 dekabr tarixdə məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, tərəflər arasında bağlanmış Müqavilə əsasında verilmiş, lakin istifadə olunmamış avadanlıqların ilk iddiaçıya geri qaytarılması və həmin avadanlıqların dəyərinin yaranmış borcdan çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmiş, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 21 yanvar tarixli, e-2-2(113)- 299/2022 saylı qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, cavabdeh İddiaçı MMC-dən müqavilə üzrə 649.000 manat məbləğində əsas borc, 60.000 məbləğində dəbbə pulu olmaqla, cəmi 709.000 manat məbləğində pul vəsaitinin, vəkil xidmətlərinə çəkilmiş xərclərin əvəzi olaraq 250 manat və mediasiya xərclərinin əvəzi olaraq 250 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi, qalan hissədə ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın rədd edilməsi, ilk iddianın verilməsinə görə ödənilməli olan 585 manat məbləğində dövlət rüsumunun ilk iddia üzrə cavabdeh İddiaçı MMC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
14. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(103)-29/2024 saylı qətnaməsi ilə İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh İddiaçı MMC-yə qarşı “pulun tutulması” dair ilk, həmçinin İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı “avadanlıqların geri götürülməsi və avadanlıqların dəyərinin borcdan çıxılması” barədə qarşılıqlı iddiaya dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-299/2022 saylı qətnaməsindən cavabdeh İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-299/2022 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən, yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmışdır.
15. Azərbaycan Respublikası Ali məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-2(102)-517/2024 saylı qərarı ilə İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 26 aprel tarixli, 2-2(103)-29/2024 nömrəli qətnaməsi İddiaçı MMC-dən tutulan dəbbə pulu borcunun məbləği hissəsində dəyişdirilmiş, cavabdeh İddiaçı MMC-dən iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulan dəbbə pulu 32450 (otuz iki min dörd yüz əlli) manat, ümumi borc 681450 (altı yüz səksən bir min dörd yüz əlli) manat məbləğində müəyyən edilmiş, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
16. Göründüyü kimi, yuxarıdakı məhkəmə qərarlarında tərəflər arasında 2013-cü il 18 yanvar tarixli, 04- LA/13 nömrəli lizinq müqaviləsinin bağlanması, həmin müqaviləyə əsasən lizinq verən tərəfindən dəyəri 892.500 manat olan müqavilənin tərkib hissəsi sayılan 1 nömrəli əlavədə göstərilən məhsuldarlığı 20 ton olan südün emalı və təkrar emalı texnoloji xəttinin, habelə dəyəri 156.000 manat olan müqaviləyə 2 nömrəli əlavədə göstərilən süd emalı zavodunun lizinq alana lizinqə verilməsi, avadanlıqların dəyərinin lizinq ödəniş qrafikinə (3 nömrəli Əlavə) uyğun ödənilməli olması işin mübahisə olunmayan halları kimi müəyyən olunmuş, hazırki iş üzrə İddiaçı MMC-nin sözügedən lizinq müqaviləsi üzrə əsas və cərimə borcunu ödəmək öhdəliyi yaranmışdır.
17. Göründüyü kimi 2013-cü il 18 yanvar tarixli, 04- LA/13 nömrəli lizinq müqaviləsi üzrə mübahisəyə baxarkən məhkəmələr tərəfindən Aqrar Kredit və İnkişaf Agentliyinin müqavilə üzrə öhdəliyini pozmaq kimi hallar müəyyən olunmamışdır.
18. Belə olan halda, Məkəmə qeyd edir ki, iddiaçı tərəf məhz Aqrar Kredit və İnkişaf Agentliyinin müqavilə üzrə öhdəliyinin icra etməməsi səbəbindən ona maddi ziyan dəydiyini sübuta yetirə bilməmişdir.
19. Qeyd olunan hal isə o nəticəyə gəlmək üçün əsas verir ki, cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurması və yaxud gəlirdən məhrum olması halı istisna olunur.
20. Beləliklə, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
21. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı MMC-nin Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı “vurulmuş ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov