Məhkəmə qərarları › İş №e-2-2(113)-7061/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-7061/2024

29.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7061/2024 29.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “evakuasiya xidmətlərinin göstərilməsi haqqında müqavilə üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: yük daşınması müqaviləsi, prosessual maraq, qanuni faiz və dəbbə pulunun nisbəti, dəbbə pulunun azaldılması) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “evakuasiya xidmətlərinin göstərilməsi haqqında müqavilə üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli evakuasiya xidmətlərinin göstərilməsi haqqında müqavilə üzrə 8401,6 manat əsas borc, 1680 manat dəbbə pulu, gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmaqla 169,33 manat məbləğində pulun və ödənilmiş 134 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixli 64/23 saylı evakuasiya xidmətlərinin göstərilməsi haqqında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı cavabdehin sifarişi əsasında xidmətlər göstərməyi, cavabdeh isə xidmətləri qəbul edib bunun müqabilində iddiaçıya müqavilə ilə müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyə öhdəsinə götürmüşdür. Lakin iddiaçı öz üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirib müvafiq xidmətləri göstərsə də, cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək, xidmət müqabilində verilməli olan xidmət haqqını ödəməkdən boyun qaçırmışdır. Cavabdehə bu barədə dəfələrlə xəbərdarlıq edilsə də, bu günə kimi cavabdeh tərəfindən heç bir hərəkət edilməmişdir. Belə ki, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 8401,60 manat (1281,6 manat ƏDV) məbləğində borc ödənilməmişdir və borc məbləği iddia ərizəsinə əlavə edilmiş təhvil-təslim aktlar ilə təsdiq edilir. Bu əsasla cavabdehə xx.xx.2024-cü il tarixində 3 iş günü müddətində 8401,60 borc məbləğinin tələb edilməsi barədə pretenziya məktubu göndərilməsinə baxmayaraq, bu günədək qeyd edilən pul iddiaçıya ödənilməmişdir. Əlavə olaraq, xx.xx.2023-cü il tarixli 64/23 saylı müqavilənin 5.4-cü bəndinə əsasən hər gecikən gün üçün ümumi borcun 1% əlavə hesablanacaq. Müqavilənin həmin bəndinə əsasən 12360,97 manat cərimə məbləği təşkil etsə də, güzəşt faizi tətbiq edilərək əsas məbləğin ≈20%-i həcmində, yəni cəmi 1680 manat dəbbə pulu tələb edilməkdədir. Mülki Məcəlləsinin 445.7 maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 169,33 manat pul da hesablanmışdır.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385, 442, 445.7-ci və s. maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. İddiaçının nümayəndəsi X2 məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahat verdi və təmin edilməsini xahiş etdi.

6. Məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri cavabdehin və qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərinə yerləşdirilməklə, cavabdehin hüquqi ünvanına çatdırılmaqla, qanuni təmsilçisinin mobil telefon nömrələrinə “SMS” bildirişlər çatdırılmaqla məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Yük daşınması müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı

8. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

9. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

10. İddia ərizəsində əlavə edilmiş iddiaçı (daşıyıcı qismində) ilə cavabdeh (sifarişçi qismində) arasında bağlanmış 20 aprel 2023-cü il tarixli 64/23 nömrəli evakuasiya xidmətlərinin göstərilməsi haqqında müqavilənin şərtlərindən görünür ki, Daşıyıcı xidmət haqqı müqabilində Sifarişçinin sərəncamında olan nəqliyyat vasitələrini və digər yükləri Sifarişçidən və ya Sifarişçinin təyin etdiyi digər şəxsdən qəbul etməyi, göstərilən təyinat yerinə yükün həcmindən asılı olaraq müxtəlif ölçülü evakuator tipli nəqliyyatı vasitəsi ilə daşımağı və Sifarişçinin özünə və ya onun təyin etdiyi digər yük alana çatdırmağı öhdəsinə götürür, Sifarişçi isə bunun müqabilində Daşıyıcıya xidmət haqqını bu Müqavilə və bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan 01 saylı Əlavəsinə uyğun olaraq ödəməyi öhdəsinə götürür (2.1). Hər bir daşımanın və ya əlavə xidmətin dəyəri daşıma məsafəsindən və daşıma obyektinin növündən, ölçülərindən, əlavə xidmətin xüsusiyyətlərindən asılı olaraq, bu Müqavilənin tərkib hissəsi olan Tərəflər arasında razılaşdırılmış qiymətlərin preyskurantı (Əlavə № 01) ilə müəyyən edilir. Müvafiq qiymətlərin sifarişi qəbul edilməmiş xidmətlər üzrə Daşıyıcı tərəfindən 15 gün öncədən bildiriş verməklə birtərəfli qaydada dəyişdirilməsi halı istisna olmaqla, sifarişi qəbul edilmiş xidmət üzrə qətidir və birtərəfli qaydada dəyişdirilə bilməz. Tərəflər razılaşır ki, icra edilmiş xidmətlərə görə ödəniş zamanı Manatın 10%-i ötən devalvasiyası müşahidə edilərsə, hesablanmış həmin fərq məbləği Sifarişçi tərəfindən İcraçıya əlavə olaraq ödəniləcəkdir (5.1). Müqavilə üzrə yükün təhvil alınması və Sifarişçiyə və ya onun səlahiyyətləndirdiyi şəxsə təhvil verilməsi qanunvericiliklə müəyyənləşdirilmiş qaydada iki nüsxə üzrə tərtib edilmiş və Tərəflərin səlahiyyətdirdikləri şəxslər tərəfindən imzalanmış Qaimə ilə rəsmiləşdirilir. Əksi sübut edilənədək Qaimə aşağıdakıları təsdiq edir (5.2): yük göndərən ilə daşıyıcı arasında müqavilə; daşıyıcı tərəfindən yükün daşımaya qəbul olunması və yük alan tərəfindən yükün qəbul edilməsi; müqavilə iştirakçılarından birinin bəyan etdiyi reklamasiyalar və ya qeyd-şərtlər; yük göndərənin və ya yük alanın yükə dair sərəncam vermək hüququ; daşıyıcının yükə girov hüququ. Sifarişçi xidmət haqqını Daşıyıcı tərəfindən təqdim edilmiş hesab-faktura və ya elektron qaimə əsasında avans şəklində öncədən ödəyir və xidmət təhvil verildikdən sonra təhvil-təslim aktı ilə rəsmiləşdirilir (5.3).

11. İş materiallarına əlavə edilmiş hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında aktlardan görünür ki, xx.xx.2024-cü il tarixli 071101 nömrəli aktla ƏDV daxil olmaqla 70,8 manat, xx.xx.2024-cü il tarixli 075058 nömrəli aktla ƏDV daxil olmaqla 8330,8 manat olmaqla ümumilikdə ƏDV daxil 8401,6 manat dəyərində xidmət təhvil alınmışdır.

12. İş materiallarında olan elektron qaimə-fakturalardan görünür ki, xx.xx.2024-cü il tarixli EBEB 417691 seriya və nömrəli elektron qaimə 174509 nömrəli akt əsasında ƏDV daxil olmaqla 70,8 manat, xx.xx.2024-cü il tarixli MT2404 00555182 seriya və nömrəli elektron qaimə 075058 nömrəli akt əsasında ƏDV daxil olmaqla 8330,8 manat olmaqla ümumilikdə ƏDV daxil 8401,6 manat dəyərində xidmətlərin təqdim edilməsi üçün tərtib edilmişdir.

13. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında 20 aprel 2023-cü il tarixli 64/23 nömrəli evakuasiya xidməti müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı xidmət haqqı müqabilində cavabdehin sərəncamında olan nəqliyyat vasitələrini və digər yükləri sonuncudan və ya sonuncunun təyin etdiyi digər şəxsdən qəbul etməyi, göstərilən təyinat yerinə yükün həcmindən asılı olaraq müxtəlif ölçülü evakuator tipli nəqliyyatı vasitəsi ilə daşımağı və cavabdehin özünə və ya onun təyin etdiyi digər yük alana çatdırmağı, cavabdeh isə bunun müqabilində iddiaçıya xidmət haqqını müqavilə və müqavilənin ayrılmaz tərkib hissəsi olan 01 saylı əlavəyə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən adıçəkilən müqavilə üzrə 8401,6 manat dəyərində yük daşınması xidməti göstərilmiş, qeyd edilən xidmətlər hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli 071101 nömrəli və xx.xx.2024-cü il tarixli 075058 nömrəli təhvil-təslim aktları ilə təhvil alınmış, xidmətlərin göstərilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli EBEB 417691 və xx.xx.2024-cü il tarixli MT2404 00555182 seriya və nömrəli elektron qaimələr göndərilmişdir.

14. İddiaçı 20 aprel 2023-cü il tarixli 64/23 nömrəli müqavilə üzrə ƏDV daxil olmaqla 8401,6 manat məbləğində pulun tutulmasını tələb edir.

15. Cavabdeh hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən, məhkəmə iclaslarında iştirak etmir.

16. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

17. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).

18. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.

19. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına, özünün və qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabineti vasitəsilə iddiaçı tərəfindən təqdim edilmiş bütün sübutlarla real vaxt rejimində tanış olmaq imkanına malik olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.

20. Məhkəmə kommersiya mübahisəsinin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

21. Mülki Məcəllənin 850.1-ci maddəsinə əsasən, yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.

22. Göründüyü kimi, öz hüquqi təbiəti etibarilə yük daşıması müqaviləsi mülki qanunvericilikdə əvəzli və ikitərəfli müqavilə kimi təsbit edilməklə, daşıyıcının yükü haqq müqabilində təyinat yerinə daşımağı, yük alanın isə qeyd edilən haqqı ödəməsi ilə şərtləndirilmişdir. Hazırkı müqavilə də mahiyyəti etibarilə yük daşınması müqaviləsidir.

23. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə yük daşıması müqaviləsi olub, iddiaçının daşımanın dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 850.1-ci maddəsi təşkil edir. İddiaçı isə qeyd edilən hüquq normasından irəli gələn muzdun ödənilməsini tələb etmək hüququnu realizə edir.

24. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

25. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

26. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

27. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

28. Beləliklə, məhkəmə hesab edir ki, yük daşıması müqaviləsi üzrə muzdun ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (yük göndərən) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

29. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin olunmalı, 20 aprel 2023-cü il tarixli 64/23 nömrəli yük daşınması müqaviləsi üzrə ƏDV daxil olmaqla 8401,6 manat əsas borc Cavabdeh MMCdən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

b) Yük daşınması müqaviləsi üzrə dəbbə pulunun tutulması tələbi ilə bağlı

30. İddia ərizəsində iddiaçı həmçinin 1680 manat dəbbə pulunun cavabdehdən tutulmasını xahiş edir.

31. 20 aprel 2023-cü il tarixli 64/23 nömrəli müqavilənin 5.4-cü bəndinə əsasən, Sifarişçi tərəfindən ödəmədə gecikmə olarsa, hər gecikən gün üçün ümumi dəyərin 1%-i (bir) miqdarında dəbbə pulu hesablanacaq.

32. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

33. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

34. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).

35. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl mübahisənin pretenziya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır. Həmçinin məhkəmə nəzərə alır ki, iddiaçı da 20 aprel 2023-cü il tarixli 64/23 nömrəli yükdaşıma xidməti müqaviləsi üzrə sonuncu elektron qaimə xx.xx.2024-cü il tarixdə göndərildiyi və ödəniş edilmədiyi halda, uzun müddət sonra, yəni xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etməklə dəbbə pulunun artmasına rəvac vermişdir.

36. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulmalı cərimə məbləğinin 420 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.

37. Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi cərimənin tutulması hissəsində qismən təmin edilməli, 420 manat məbləğində cərimə Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

c) Daşıma müqaviləsi üzrə qanuni faiz məbləğinin tutulması tələbi ilə bağlı

38. İddiaçı gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmaqla 169,33 manat məbləğində pulun da cavabdehdən tutulmasını tələb edir.

39. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər (Mülki Məcəllənin hazırkı redaksiyası).

40. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən hüquqi mövqeyinə görə, Mülki Məcəllənin 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma həmin Məcəllənin 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir.

41. Lakin əvvəla qeyd edilməlidir ki, Mülki Məcəllənin 445.7-ci maddəsinin tətbiqi üçün kreditorun digər əsaslardan çıxış edərək pul məbləğini tələb edə bilməsi istisna olunur. Hazırda iddiaçı 20 aprel 2023-cü il tarixli 64/23 nömrəli yükdaşıma xidməti müqaviləsinin 5.4-cü bəndlərindən çıxış edərək müqavilə ilə nəzərdə tutulmuş pul məbləğini tələb edir.

42. Digər tərəfdən, Mülki Məcəllənin zərər və dəbbə pulunun nisbətindən bəhs edən 466-cı maddəsinə görə, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər.

43. Hazırkı işin hallarında görünür ki, Mülki Məcəllənin 445.7-ci maddəsi ilə tələb edilən məbləğ dəbbə pulu ilə tam əhatə olunur. Bu halda isə Mülki Məcəllənin 466-cı maddəsinə əsasən də 169,33 manat məbləğində pulun tutulması mümkün deyildir.

44. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı iş üzrə Mülki Məcəllənin 445.7ci maddəsi tətbiq edilməklə 169,33 manat pul məbləğinin tutulması hissəsində iddia rədd edilməlidir.

d) Məhkəmə xərcləri ilə bağlı

45. İddiaçı ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 134 manat pulun da cavabdehdən tutulmasını xahiş etmişdir.

46. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 121 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

47. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

48. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

49. Beləliklə, iddia tələbinin qismən təmin edildiyini, ödənilməli dövlət rüsumunun məbləğini və yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 104 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

V. Nəticə:

50. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 20 aprel 2023-cü il tarixdə bağlanmış evakuasiya xidmətlərinin göstərilməsi haqqında müqavilə üzrə 8401,6 manat əsas borc, 420 manat dəbbə pulu olmaqla ümumilikdə 8821,6 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 104 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar