Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7068/2024 27.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi, cərimə pulu, dövlət rüsumu ) Məhkəmənin hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, Cavabdehin iştirakı olmadan, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli KTA-KTT-21/3665 saylı “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X4 Müqaviləsi”nə əsasən xx.xx.2024-cü il tarixinə 573.31 manat gecikdirilmiş əsas borc, 326.42 manat cərimə borc, ümumilikdə, 899,73 manat borc məbləğinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi və tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli KTA-KTT-21/3665 saylı “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X4 Müqaviləsi” nə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC və Cavabdeh arasında xx.xx.2021-ci il tarixli KTA-KTT-21/3665 saylı “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X4” Müqaviləsi bağlanmış, həmin Müqaviləyə əsasən 1 ədəd STARMAX 38B markalı yemqıran cavabdehə 24 ay müddətinə lizinqə verilmişdir. Qeyd olunan avadanlıq lizinq obyektinin təhvil-təslim aktı əsasında cavabdehə təhvil verilmişdir. Müqaviləyə əsasən lizinq obyektinin ümumi qiyməti 5142.35 manat təşkil etmişdir. Həmin məbləğin 1625.20 manat hissəsi “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli, 413 nömrəli Fərmanına və həmin Fərmanla təsdiqlənmiş Qaydalara əsasən güzəşt kimi dövlət tərəfindən qarşılanmışdır. Müqavilənin 2-ci bəndinin şərtlərinə əsasən, cavabdeh tərəfindən 1028.47 manat məbləğində ilkin ödəniş və 51 manat müqavilənin rəsmiləşdirmə komissiyası İddiaçı ASC-yə ödənilmişdir. Lizinq müqaviləsinin predmetini təşkil edən avadanlıqlar cavabdehə təhvil verildikdən sonra, onun tərəfindən ödəniş qrafiki üzrə ödənişlər vaxtında həyata keçirilməmişdir və nəticədə xx.xx.2024-cü il tarixinə 573.31 AZN gecikdirilmiş əsas borcu yaranmışdır. Qeyd olunan müqavilənin 11.3-cü bəndinə görə, Lizinq alan bu müqavilə üzrə aylıq ödənişlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə, Lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1%-i miqdarında cərimə hesablamaq hüququna malikdir. Bu şərtə əsasən,cavabdehin xx.xx.2024-cü il tarixinə 326.42 manat cərimə borcu mövcuddur. Göstərilən məbləğlərin ödənilməsi tələbi ilə, tərəfimizdən cavabdehə müxtəlif vaxtlarda pretenziya məktubları göndərilmişdir. Sonuncu pretenziya tələbi isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin onlayn kargüzarlıq bölməsi vasitəsilə xx.xx.2024-cü il tarixli, PLP-24/0017 nömrəli pretenziya məktubu ilə rəsmi qaydada göndərilsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmişdir. Beləliklə, Cavabdeh arasında xx.xx.2021-ci il tarixli KTA- KTT-21/3665 saylı “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X4 Müqaviləsi” nə əsasən xx.xx.2024-cü il tarixinə 573.31 manat gecikdirilmiş əsas borc, 326.42 manat cərimə borc, ümumilikdə, 899,73 manat öhdəliyi vardır.
3. İddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixində iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək iddiaçı "xxxx"Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli KTA-KTT-21/3665 saylı “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X4 Müqaviləsi”nə əsasən xx.xx.2024-cü il tarixinə 573.31 manat gecikdirilmiş əsas borc, 326.42 manat cərimə borc, ümumilikdə, 899,73 manat borc məbləğinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etdi.
5. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
6. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, KTA- KTT-21/3665 saylı “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X4 Müqaviləsi”nə əsasən:
9. Müqavilənin 1.1-ci bəndinə əsasən lizinq verən lizinq alan tərəfindən seçilmiş kənd təsərrüfatı texnikalarını və aqreqatlarını öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, lizinq alan isə obyektini bu lizinq müqaviləninin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür.
10. Müqavilənin 1.2-ci bəndinə əsasən obyektin dəqiq təsviri lizinq müqaviləsinin ayrılmaz hissəsi olan Əlavə 1-də göstərilir.
11. Müqavilənin 1.4-cü bəndinə əsasən lizinq obyektinin qiyməti 5142,35 manatdır.
12. Müqavilənin 1.5-ci bəndinə əsasən lizinq obyektinə tətbiq olunan subsidiya məbləği 1625.20 manatdır.
13. Müqavilənin 2.1-ci bəndinə əsasən lizinq müqaviləsi üzrə bütün ödənişlər və bu müqavilənin bağlanması ilə bağlı yaranmış ödənişlər Əlavə 2-də göstərilən cədvəl üzrə həyata keçirilir.
14. Müqavilənin 2.2-ci bəndinə əsasən lizinq ödənişinin ümumi məlbəği 3698,58 manatdır.
15. Müqavilənin 3.2-ci bəndinə əsasən müqavilənin müddəti 24 aydır.
16. Müqavilənin 4.4-cü bəndinə əsasən lizinq alan lizinq verənin müvafiq tələbində göstərilən müddətdə lizinq verənin tələblərinə cavab verən təminatı təqdim etməyi, yaxud əvvəllər verilmiş təminatı əvəz etməyi öhdəsinə götürür. Lizinq alan tərəfindən yuxarıda göstərilən şərtlər yerinə yetirilmədikdə, lizinq verən lizinq alanın lizinq obyektinə sahiblik və istifadə hüququna birtərəfli qaydada xitam verə və lizinq müqaviləsi ilə nəzərdə tutulmuş qaydada lizinq obyektini geri ala bilər.
17. Müqavilənin 8.2-ci bəndinə əsasən:
18. Müqavilənin 8.2.1-ci bəndinə əsasən lizinq obyektinin faktiki istifadə edilməsindən asılı olmayaraq, lizinq verən tərəfindən hesab təqdim edilmədən lizinq ödənişlərini qrafik ilə müəyyən edilmiş vaxtda və həcmdə həyata keçirmək.
19. Müqavilənin 8.2.14-cü bəndinə əsasən lizinq verənin tələbi ilə lizinq müqaviləsində göstərilmiş hallarda lizinq obyektini və lizinq obyektinin ayrılmaz hissəsi olan ləvazimat və sənədləri lazımi qaydada, yəni texniki cəhətdən saz vəziyyətdə qaytarmağa borcludur.
20. Müqavilənin 11.1-ci bəndinə əsasən lizinq obyektinin sahiblik və istifadəyə verilməsinə görə, lizinq alan lizinq müqaviləsi və lizinq ödənişlərinin qrafiki ilə müəyyən edilmiş qaydada və müddətlərdə lizinq verənə lizinq və digər ödənişləri ödəməlidir.
21. Müqavilənin 11.3-cü bəndinə əsasən lizinq alan bu müqavilə üzrə aylıq ödənişlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə, lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1% miqdarında cərimə hesablamaq hüququna malikdir.
22. Müqavilənin 14.1-ci bəndinə əsasən lizinq alan tərəfindən aşağıdakı şübhəsiz və aşkar pozuntulara yol verildiyi hallarda, lizinq verən müqavilənin icra etməsindən birtərəfli qaydada imtina edə bilər:
23. Müqavilənin 14.1.3-cü bəndinə əsasən lizinq alan tərəfindən bu müqavilə ilə nəzərdə tutulmuş digər öhdəliklər həyata keçirilmədikdə.
24. Müqavilənin 14.2-ci bəndinə əsasən lizinq verən lizinq alana məlumat verməklə müqavilənin 14.1-ci bəndində nəzərdə tutulmuş hallarda müqaviləni birtərəfli qaydada ləğv edə və lizinq obyektini mövcud bazar dəyərinə uyğun qiymətə sata və ya təkrar lizinqə verə bilər.
25. Müqavilənin 14.4-cü bəndinə əsasən lizinq müqaviləsinə aşağıdakı hallarda xitam verilə bilər:
26. Müqavilənin 14.4.7-ci bəndinə əsasən lizinq müqaviləsi və Azərbaycan Respublikasının qanunvericilyi ilə nəzərdə tutulmuş digər hallarda.
27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
28. 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1. maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanılmalı olduğunu müəyyən edir.
29. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
30. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
31. 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə Lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.
32. Məhkəmə iddia tələbinin xx.xx.2021-ci il tarixli KTA-KTT-21/3665 saylı “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X4 Müqaviləsi”nə əsasən xx.xx.2024-cü il tarixinə qədər 573,31 manat gecikdirilmiş əsas borcun tutulmasına dair aşağıdakıları qeyd edir.
33. Göründüyü kimi cavabdeh lizinq müqaviləsinin 8.2.1-ci bəndinə əsasən lizinq obyektinin faktiki istifadə edilməsindən asılı olmayaraq, lizinq verən tərəfindən hesab təqdim edilmədən lizinq ödənişlərini qrafik ilə müəyyən edilmiş vaxtda və həcmdə həyata keçirmək öhdəliyi götürmüş, lakin öhdəliyin həyata keçirməsində gecikmələrə yol vermiş və yekun ödənilməyən əsas borcu 573,31 manat təşkil etmiş. Buna görə də məhkəmə iddia tələbini də bu hissədə əsaslı hesab edir.
34. Tərəflər arasında bağlanmış X4 Müqavilə”nin 11.3-cü bəndinə əsasən iddiaçı əsas öhdəliyin gecikdirilməsinə görə cavabdehə 326,42 manat məbləğində cərimə borcu hesablamışdır.
35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
36. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin mübahisəli lizinq müqaviləsinə əsasən üzərinə götürdükləri öhdəlikləri lazımi qaydada icra etmədiyini, nəticədə lizinq ödənişləri onun lizinq müqaviləsi üzrə cəmi 573,31 manat məbləğində borcunun yarandığını, lizinq müqaviləsində öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə ödənilməsi nəzərdə tutulduğunu nəzərə alaraq hesab edir ki, iddiaçı həmin müqavilə üzrə əsas borcun və dəbbə pulunun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.
37. Cavabdehdən tutulacaq dəbbə pulunun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
38. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan 326,42 manat məbləğində dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 30 manat məbləğində müəyyən edilməlidir.
39. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli Cavabdeh xx.xx.2021-ci il tarixli, KTA-KTT-21/3665 saylı “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X4 Müqaviləsi üzrə 573.31 manat əsas borc, 30 manat məbləğində dəbbə pulu tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
40. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
42. Qeyd olunan maddənin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi üçün 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
V. Nəticə:
43. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, KTA-KTT-21/3665 saylı “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X4 Müqaviləsi” üzrə 573,31 manat əsas borc, 30 manat məbləğində dəbbə pulu və dövlət rüsumunun əvəzi olaraq 30 manat tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova