Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7073/2025 24.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi üzrə borc tələbi, dəbbə pulu) Hakimi Namazova Günay Rüstəm qızının sədrliyi ilə, Süleymanova Ləman Çingiz oğlunun katibliyi, İddiaçının nümayəndəsi/vəkili Nümayəndə iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 5800.36 manat borc, həmçinin 1160.10 manat dəbbə pulu olmaqla,cəmi 6960.46 (altımin doqquz yüzaltmış manat 46 qəpik) manat pulun, hüquqi yardıma görə ödənilmiş xərcin (zərərin) əvəzi 325 (üç yüziyirmi beş) manatın və ödənilmiş 92.86 (doxsan ikimanat 86 qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 13 iyun 2023-cü il tarixdə imzalanmış alqı-satqı müqaviləsinə əsasən iddiaçı müqaviləyə əsasən cavabdehi razılaşdırılmış miqdarda, çeşiddə və keyfiyyətdə mallarla təmin etməyi, xidmətlər göstərməyi, cavabdeh isə həmin malları qəbul edərək, onların və xidmətlərin dəyərini müqavilədə müəyyən edilmiş qaydada və şərtlərlə iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Beləliklə, sözügedən müqaviləyə əsasən İddiaçı MMC elektron qaimə-fakturalarda göstərilmiş tikintimallarınıCavabdeh MMC-yə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Belə ki, 23 iyun 2023-cü il tarixli, EBDİ seriyalı, 518661 nömrəli elektron qaimə üzrə cavabdehin iddiaçıdan aldığı mallara görə sonuncuya əlavə dəyər vergisi daxil 110 manat, 25 iyun 2023-cü il tarixli, EBDİ seriyalı, 765150 nömrəli elektron qaimə üzrə 4066.63 manat, 18 iyul 2023-cü il tarixli, EBDK seriyalı, 109845 nömrəli elektron qaimə üzrə 261.30 manat, 09 oktyabr 2023-cü il tarixli, EBDQ seriyalı, 016226 nömrəli elektron qaimə üzrə 594.72 manat, 13 oktyabr 2023-cü il tarixli, EBDO seriyalı, 951135 nömrəli elektron qaimə üzrə 529.82 manat, 30 oktyabr 2023-cü il tarixli, EBDR seriyalı, 534284 nömrəli elektron qaiməüzrə 237.89 manat olmaqla, ümumilikdə 5800.36 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Bоrcun ödənilməsi tələbi ilə cavabdehə rəsmi müraciət оlunmasına, tərəfimizdən məsələnin məhkəmədənkənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq, cavabdeh götürülən bоrcun qaytarılması üçün hеç bir təşəbbüs göstərməmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq naməlum səbəbdən məhkəmə iclasına gəlməmişdir.
5. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 13 iyun 2023-cü il tarixli Müqaviləyə əsasən:
8. Müqavilənin 1.1-ci bəndinə əsasən müqaviləyə əsasən, Satıcı Alıcıya onun sifarişinə əsasən, Müqavilə əsasında razılaşdırılmış miqdarda, çeşiddə və keyfiyyətdə mallarla (Bundan sonra, “Mallar”) təmin etməyi, xidmətlər göstərməyi, Alıcı isə həmin malları qəbul edərək, Malların və göstərilən xidmətlərin dəyərini bu Müqavilədə müəyyən edilmiş qaydada və şərtlərlə ödəməyi öz öhdəsinə götürür.
9. Müqavilənin 1.2-ci bəndinə əsasən malların və xidmətlərin adı, miqdarı və qiyməti bu Müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən X1 ilə müəyyən edilir.
10. Müqavilənin 1.3-cü bəndinə əsasən alıcı sifarişləri Satıcıya yazılı formada bildirir.
11. Müqavilənin 1.4-cü bəndinə əsasən satılan mallar tərəflər arasında imzalanmış Təhvil-Təslim aktı əsasında təhvil verilir.
12. Müqavilənin 2.1-ci bəndinə əsasən bu Müqavilə üzrə Malın və xidmətin qiyməti bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan və Müqaviləyə əlavə edilən Qiymət razılaşdırma protokolunda müəyyən edilir.
13. Müqavilənin 2.2-ci bəndinə əsasən ödənişin forması və qaydası Qiymət razılaşdırma protokolunda müəyyən edilir.
14. Müqavilənin 2.3-cü bəndinə əsasən malın təhvil-təslimindən, qaimə faktura təqdim edildikdən sonra ödəniş Qiymət razılaşdırma protokolunda müəyyən edilmiş qaydada həyata keçirilir. Malın qiyməti köçürmə yolu ilə ödənilir.
15. Müqavilənin 3.4-cü bəndinə əsasən mal Alıcıya təhvil verildiyi andan Mala mülkiyyət hüququ Alıcıya keçir.
16. Müqavilənin 3.5-ci bəndinə əsasən alıcı keyfiyyətsiz və/və ya kəmiyyətcə çatışmayan Malı qəbul etməkdən imtina edə bilər.
17. Müqavilənin 4.1-ci bəndi Satıcının hüquqları:
18. Müqavilənin 4.1.1-ci bəndinə əsasən alıcıdan Malın qiymətini bu Müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəməsini tələb etmək;
19. Müqavilənin 4.1.2-ci bəndinə əsasən alıcı bu Müqavilə ilə müəyyən edilmiş öhdəliklərini kobud şəkildə pozduqda, Müqavilənin icrasından birtərəfli imtina etməkvə Alıcıdan vurulmuş zərərin ödənilməsini tələb etmək;
20. Müqavilənin 4.1.3-cü bəndinə əsasən alıcı bu Müqavilə ilə müəyyən edilmiş öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə, bu Müqavilədə müəyyən edilmiş cərimələri tətbiq etmək;
21. Müqavilənin 4.1.4-cü bəndinə əsasən alıcının təqsiri ilə vurulan zərərin ödənilməsini tələb etmək;
22. Müqavilənin 4.3-cü bəndi Alıcının hüquqları:
23. Müqavilənin 4.3.1-ci bəndinə əsasən satıcıdan Malı və xidməti bu Müqavilə ilə müəyyən edilmiş şərtlərlə ona təhvil verilməsini tələb etmək;
24. Müqavilənin 4.3.3-cü bəndinə əsasən satıcı bu Müqavilə ilə müəyyən edilmiş öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, Müqavilənin icrasından birtərəfli imtina etmək və Satıcıdan vurulmuş Zərərin ödənilməsini tələb etmək;
25. Müqavilənin 4.3.4-cü bəndinə əsasən satıcının təqsiri ilə vurulan zərərin ödənilməsini tələb etmək.
26. Müqavilənin 4.4-cü bəndi Alıcının vəzifələri:
27. Müqavilənin 4.4.1-ci bəndinə əsasən malın və xidmətin dəyərini bu Müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəmək;
28. Müqavilənin 5.1-ci bəndinə əsasən tərəflər Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.
29. Müqavilənin 5.2-ci bəndinə əsasən satıcı bu Müqavilə ilə müəyyən olumuş vaxtda Malı Alıcıya qismən təhvil vermədikdə və ya ümumiyyətlə təhvil vermədikdə, Alıcının hüququ yaranır ki, Malı Satıcıdan almaqdan imtina etsin, belə Mah üçüncü şəxsdən alsın və Satıcıdan Mala görə ödənilmiş pulu geri alsın, və vurulmuş ziyanın ödənilməsini Satıcıdan tələb etsin.
30. Müqavilənin 5.3-cü bəndinə əsasən alıcı bu Müqavilə ilə müəyyən edilmiş qaydada Malı Satıcıdan təhvil aldıqdan sonra bu Müqavilənin Əlavəsinə uyğun olaraq alınmış malın dəyərini ödəmədikdə və ya qismən ödədikdə, Satıcı Alıcıdan hər gecikdirilən iş günü üçün malın dəyərinin ödənməmiş hissəsinin qiymətinin 0,1% həcmində dəbbə pulunun (cərimə) ödənilməsini tələb edə bilər.
31. Müqavilənin 5.4-cü bəndinə əsasən alıcı bu Müqavilə ilə müəyyən edilmiş qaydada Malı Satıcıdan təhvil aldıqdan sonra bu Müqavilənin Əlavələrinə uyğun olaraq alinmiş malın dəyərini ödəmədikdə, Satıcının hüququ yaranır ki, dəbbə pulunu (cəriməni) və vurulmuş ziyanın ödənilməsini Alıcıdan tələb etsin.
32. Müqavilənin 5.5-ci bəndinə əsasən müqavilə üzrə öhdəlik tərəflər arasında bağlanmış Təhvil-Təslim aktına və qiymət razılaşdırma protokoluna uyğun ödəmə həyata keçirildikdə bitmiş hesab olunur.
33. Tərəflər arasında bağlanmış müqaviləyə 23 iyun 2023-cü il tarixli 01 №-li Əlavə Spesifikasiya və xüsusi şərtlərə əsasən malın qiyməti 110 manat, 25 iyun 2023-cü il tarixli 02 №-li Əlavəyə Spesifikasiya və xüsusi şərtlərə əsasən malın qiyməti 4066,63 manat, 18 iyul 2023-cü il tarixli 03 №-li Əlavəyə Spesifikasiya və xüsusi şərtlərə əsasən malın qiyməti 261,30 manat, 09 oktyabr 2023-cü il tarixli 05 №-li Əlavəyə Spesifikasiya və xüsusi şərtlərə əsasən malın qiyməti 594,72 manat, 13 okyabr 2023-cü il tarixli 04 №-li Əlavəyə Spesifikasiya və xüsusi şərtlərə əsasən malın qiyməti 529,82 manat, 30 oktyabr 2023-cü il tarixli 06 №-li Əlavəyə Spesifikasiya və xüsusi şərtlərə əsasən malın qiyməti 237,89 manat məbləğində razılaşdırılmışdır.
34. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 23 iyun 2023-cü il tarixli malların təhvil-təslim Aktına əsasən 110 manat məbləğində, 25 iyun 2023-cü il tarixli malların təhvil-təslim Aktına əsasən 4066,63 manat məbləğində, 18 iyul 2023-cü il tarixli malların təhvil-təslim Aktına əsasən 261,30 manat məbləğində, 09 oktyabr 2023-cü il tarixli malların təhvil-təslim Aktına əsasən 594,72 manat məbləğində, 13 oktyabr 2023-cü il tarixli malların təhvil-təslim Aktına əsasən 529,82 manat məbləğində, 30 oktyabr 2023cü il tarixli malların təhvil-təslim Aktına əsasən 237,89 manat məbləğində mallar təhvil verilmişdir. Akt hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.
35. İddiaçı müqavilə üzrə satılmış mallara dair xx.xx.2023-cü il tarixli, EBDİ518661 saylı 110 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBDİ765150 saylı 4066,33 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBDK109845 saylı 261,30 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBDQ016226 saylı 594,72 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBDO951135 saylı 529,82 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBDR534284 saylı 237,89 manat məbləğində e-qaimələr tərtib edilərək cavabdehə göndərilmişdir.
36. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
37. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
38. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
39. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.
40. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.
41. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
42. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
43. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər
44. Göründüyü kimi tərəflər arasında 13 iyun 2023-cü il tarixli bağlanmış müqavilənin 1.1-ci bəndinə əsasən müqaviləyə əsasən, Satıcı Alıcıya onun sifarişinə əsasən, Müqavilə əsasında razılaşdırılmış miqdarda, çeşiddə və keyfiyyətdə mallarla təmin etməyi, xidmətlər göstərməyi, Alıcı isə həmin malları qəbul edərək, Malların və göstərilən xidmətlərin dəyərini bu Müqavilədə müəyyən edilmiş qaydada və şərtlərlə ödəməyi öz öhdəsinə götürür. İddiaçı müqavilədə nəzərdə tutulmuş öhdəlikləri icra etsə də, cavabdehin iddiaçıya müqavilə üzrə 5800,36 manat ödənilməmiş borcu qalmışdır.
45. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, təhvil-təslim aktları, e-qaimələr ilə təsdiqini tapdığı üçün, iddia tələbinin 5800,36 manat borca dair hissədə təmin olunması üçün əsaslar mövcuddur.
46. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 5800,36 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 5800,36 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir.
47. Bundan əlavə iddiaçı müqavilə maddəsinə istinad edərək 1160,10 manat həcmində dəbbə pulunun cavabdehdən tutulmasını xahiş etmişdir.
48. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
49. Məhkəmə hesab edir ki, cavabdeh ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.
50. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
51. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə (5800,36 manat) nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan tutulacaq dəbbə pulu 290 manat məbləğində müəyyən edilməlidir.
52. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 325 manat məbləğində vəkil xərci və 92,86 manat dövlət rüsumu ödənilmişdir.
53. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
54. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
55. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi üçün dövlət rüsumunun əvəzi olaraq 90 manat və vəkil xərcinin əvəzi olaraq 325 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
V. Nəticə:
56. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 5800,36 manat əsas borc, 290 manat dəbbə pulu olmaqla cəmi 6090,36 manat borc məbləği, vəkil xərcinin əvəzi olaraq 325 manat və dövlət rüsumunun əvəzi olaraq 90 manat tuularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Günay Namazova