Məhkəmə qərarları › İş №e-2-2(113)-7080/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-7080/2025

04.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7080/2025 04.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər:) (lizinq müqaviləsi, maliyyə arayışı, dəbbə pulu) Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Bağırov Ramiz Rauf oğlunun katibliyi, İddiaçının nümayəndəsi Guseinov Gasanın, Cavabdeh iştirakı ilə, İddiaçı MMC Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 18 dekabr 2023-cü il tarixli AZL-1296 saylı “daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 01 aprel 2025-ci il tarixə ödənilməmiş 295.54 manat gecikdirilmiş əsas, 227.94 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 332.41 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan “X4” markalı, **-YE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 1654 manat, ümumilikdə 2509.89 manat borc və ödənilmiş 45.10 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 18 dekabr 2023-cü il tarixli AZL-1296 saylı “daxili lizinq” müqaviləsinə əsasən “X4” markalı, **-YE-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (əlavə № 3) əsasən lizinq alan illik 16 % mükafat məbləği hesablanmaqla 60 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 543.51 manat, ümumilikdə isə 36110 manat məbləğində pulu vəsaitini İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 36110 manatın 25850 manatı əsas məbləğ təşkil edir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan, “X4” markalı, **-YE-*** dövlət qeydiyyat nişanlı avtomobil 01 aprel 2025-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 1654 manat məbləğində zərər vurulduğu müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh AZL-1296 saylı “daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 01 aprel 2025-ci il tarixə ümumilikdə 855.89 manat məbləğində gecikmə borcu yaranmışdır. “Daxili lizinq” müqaviləsinin şərtlərinə cavabdeh tərəfindən lazımı qaydada icra edilməməsinə görə onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. “Daxili lizinq” müqaviləsinin 1.1-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Müqavilənin 1.3-cü bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (əlavə №3) müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 7.2-ci bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0.3 % hesanlanmaqla cərimə ödəyir. Həmin müqavilənin 4.4.1-ci bəndinə əsasən lizinq alan müvafik standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etməlidir. Həmin müqavilənin 4.4.2-ci bəndinə əsasən lizinq alan lizinq obyektini saz vəziyyətdə saxlamalı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməlidir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan müqaviənin bütün müddəti ərzində lizinq obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi və zədələnməsi riski lizinq alana keçir. Həmin müqavilənin 9.1-ci bəndinə əsasən, lizinq alan lizinq obtektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Guseinov Gasan iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək əsas və mükafat borcunu ödəyəcəyini, qalan hissədə tələblə razı olmadığını bildirdi.

III. Məhkəmə baxışının hədləri:

5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. - IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

6. Lizinq verən İddiaçı MMC ilə lizinq alan Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, AZL-1296 nömrəli daxili lizinq müqaviləsinin: 1.1-ci bəndinə əsasən, bu Müqavilənin şərtlərinə uyğun olaraq lizinq verən lizinq alanın sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilən əmlakı (bundan sonra Lizinq obyekti adlandırılacaq) muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, lizinq alan tərəfindən isə bu Müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürür. 1.3-cü bəndinə əsasən, bu lizinq müqaviləsinin əsas məbləğini 25850 manat təşkil edir. lizinq alan, bu müqavilə imzalandığı gün 3500 manat məbləğində lizinq ödənişini lizinq verənə ödəməyi öz öhdəsinə götürür. Ödənilmiş 3500 manat lizinq ödənişi lizinq müqaviləsinin əsas məbləğindən çıxıldıqdan sonra yerdə qalan məbləğə 60 ay müddətində illik 16% həcmində mükafat məbləği hesablanır. Lizinq ödənişlərinin ödənilməsi tarixi və ardıcıllığı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən aparılır. Ödəniş günü qeyri-iş gününə təsadüf etdikdə,ödəniş qeyrı-iş günündən qabaq olan son iş günündə edilməlidir. Lizinq ödənişləri cədvəlində göstərilən tarixdə ödənişlərin həyala keçirilməməsi lizinq ödənişlərinin gecikdirilməsi hesab olunur. 2.1-ci bəndinə əsasən, bu müqavilənin qüvvədə olduğu bütün müddət ərzində və həmçinin bu müqavilə hər hansı bir səbəbdən ləğv və ya xitam edilərsə, lizinq obyektinə mülkiyyət hüququ lizinq verəndə qalır. 2.2-ci bəndinə əsasən, lizinq alan tərəfindən bu Müqavilə ilə nəzərdə tutulmuş lizinq ödənişləri tam ödənildikdən sonra lizinq obyektinə mülkiyyət hüququ lizinq alana keçir. Lizinq obyektinin lizinq alana keçməsi lizinq alan və lizinq verən arasında bağlanmış mülkiyyət hüququnun keçməsi barədə akt əsasında həyata keçirilir. 2.3-cü bəndinə əsasən,lizinq obyektinin qəbulu və istifadəyə verilməsi lizinq verən və lizinq alan tərəfindən imzalanmış təhvil-təslim aktına əsasən həyata keçirilir. Lizinq obyektinin təhvil-təslim aktı imzalandığı andan lizinq obyektinə sahiblik və istifadə hüququ lizinq alana keçir və lizinq verənin lizinq obyektinin lizinq alana lizinqə verilməsi üzrə öhdəliyi icra edilmiş sayılır. 2.4-cü bəndinə əsasən,bu müqavilə, müqavilənin şərtlərinin pozulması nəticəsində ləğv və ya xitam edilərsə, lizinq obyektinə mülkiyyət hüququ lizinq verəndə qalır və liznq obyekti lizinq verənin sahiblik və istifaəsinə geri qaytarılır və bu zaman lizinq obyektindən istifadəyə görə ödənilmiş lizinq ödənişləri və digər məbləğlər lizinq alan tərəfindən lizinq verəndən tələb edilə bilməz. 4.4.2-ci bəndinə əsasən lizinq obyektini saz və işlək vəziyyətdə saxlamaq, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəmək lizinq alanın vəzifəsidir. 4.4.3-cü bəndinə əsasən, lizinq obyektinin faktiki istifadə edilməsindən asılı olmayaraq, habelə təmir, lizinq obyektinin itirilməsi və ya tam məhv olması dövründə lizinq alan lizinq ödənişləri qrafiki ilə müəyyən edilmiş vaxtda və həcmdə lizinq ödənişlərini ödəməlidir. 7.2-ci bəndinə əsasən, gecikdirilən lizinq ödənişi məbləğinə gündəlik 0.3% dəbbə pulu hesablanır və lizinq alan tərəfindən lizinq verənə ödənilir. 9.1.4-cü bəndinə əsasən, lizinq alan lizinq ödənişlərini bu müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə və ya 15 təqvim gündən artıq müddətə 3 dəfədən artıq ödənişi gecikdirdikdə, lizinq verən lizinq alam 15 gün əvvəlcədən xəbərdar etməklə, lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən bu müqaviləyə birtərəfli qaydada xitam verə bilər. 10.1-ci bəndinə əsasən, lizinq alan bu müqavilənin şərtlərini, tərəflərin digər əlavə sazişini və ya Azərbaycan Respublukasının qanunvericiliyini pozduqda, lizinq verənin tələbi ilə lizinq obyekti lizinq alanın müvəqqəti sahibliyindən lizinq verənin sahibliyinə mübahisəsiz qaydada qaytarılmalıdır. 10.5-ci bəndinə əsasən, lizinq obyektinin qaytarılması və ya geri tələb edilməsi lizinq alam bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsindən, lizinq ödənişlərim həyata keçirməkdən, cərimələri, dəbbə pulunu ödəməkdən, lizinq obyektinin geri qaytarıldığı tarixədək olan borcunu, lizinq obyektinə və ya lizinq verənə dəymiş ziyanı həcmdə ödəməkdən azad etmir. Bu zaman lizinq verənə faktiki daxil olmuş və lizinq alan tərəfindən lizinq ödənişlərinin həyata keçirilməsi və/və ya bu müqavilə üzrə lizinq alanın digər öhdəliklərinin yerinə veririlməsi kimi hesab edilmiş ödənişlər heç bir halda geri qaytarılmır. 14.1-ci bəndinə əsasən, bu müqavilə imzalandığı gündən qüvvəyə minir və tərəflər müqavilə üzrə öhdəliklərini tam icra edənə qədər qüvvədədir.

7. Lizinq verən İddiaçı MMC ilə lizinq alan Cavabdeh arasında bağlanan xx.xx.2023cü il tarixli daxili lizinq müqaviləsinə 1 saylı əlavədən görünür ki, bu əlavə üzrə təchiz ediləcək əmlakın ümumi dəyəri 25850 manat təşkil edir.

8. AZL-1296 saylı daxili lizinq müqaviləsinə 3 saylı əlavədən görünür ki, əsas məbləğ 25850 manat, mükafat məbləği 10260 manat olmaqla, cəmi ödəniş 36110 manat razılaşdırılmışdır.

9. İddiaçı MMC ilə Cavabdeh arasındakı xx.xx.2023-cü il tarixli, təhvil-təslim aktından görünür ki, 1 ədəd, ağ rəngli, XWBJA69V9PA114082 ban nömrəli ümumi qiyməti 25850 manat olan “X4” markalı avtomobil lizinq alana təhvil verilmişdir.

10. xx.xx.2025-ci ildə İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 digər tərəfdən isə X2 arasında tərtib olunmuş avtonəqliyyat vasitəsinin saxlancaq qəbulu barədə aktdan görünür ki, Azərmaş Lizinq-ə məxsus **-YE-*** dövlət qeydiyyat nişanlı “kobalt” markalı avtomobilin təhvil-təslimi aparılmışdır və avtomobilin əzik və cızıqları var.

11. “Chevrolet” servis mərkəzi tərəfindən təqdim edilən aktdan görünür ki, “Chevrolet Cobalt ” ağ rəngli minik markalı **-YE-*** dövlət qeydiyyat nişanlı avtomobildə yaranmış nasazlıqların aradan qaldırılması üçün lazım olan ehtiyat hissələrin və texniki xidmət siyahısına əsasən tələb olunan yekun məbləğ 1654 manat təşkil edir.

12. Cavabdeh xx.xx.2025-ci il tarixdə elektron qaydada pretenziya - xəbərdarlıq məktubu ünvanlanaraq, xx.xx.2025-ci il tarixə yaranmış 855.89 manat borcun ödənilməyəcəyi təqdirdə müqavilənin birtərəfli ləğv ediləcəyi barədə məlumat verilmiş, yaranmış borc və dəymiş zərərin ödənilməyəcəyi halda məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

13. Nəqliyyat Vasitəsinin qeydiyyat Şəhadətnaməsindən görünür ki, “X4 minik” markalı **-YE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı MMC-nin adına qeydiyyata alınmışdır.

14. İddiaçı MMC tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, xx.xx.2023-cü il tarixli, AZL-1296 nömrəli daxili lizinq müqaviləsi üzrə borclu Cavabdeh 1 aprel 2025-ci il tarixinə olan borcu, əsas borc üarə 295.54 manat, mükafat borcu 227.94 manat, cərimə 332.41 manat, cəmi məbləğ 855.89 manat təşkil edir.

15. xx.xx.2025-ci il tarixli, ********* saylı qəbzə əsasən iddiaçı tərəfindən 45.10 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

16. "xxxx" MMC-yə məxsus mütəxəssis rəyindən görünür ki, “X4 minik” markalı **-YE- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin ümumi məbləği 750 manatdır. Qiymətləndirmə məbləğinə ƏDV daxil deyildir.

17. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin borc məbləğinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli AZL-1296 saylı lizinq müqaviləsindən irəli gəlir. Cavabdehlərin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 398.1-ci maddəsinə əsasən, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir, 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.8-ci maddəsinə əsasən, lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. 748-7.1-ci maddəsinə əsasən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. 748.2.9-cu maddəsinə əsasən lizinq müqaviləsində lizinq ödənişinin ümumi məbləği və lizinqverənin mükafatının məbləği göstərilməlidir. 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir.Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. 748-11-ci maddəsinə əsasən, lizinq ödənişlərinin ümumi məbləğinə aşağıdakılar daxildir: lizinq obyektinin amortizasiya ödənişləri, lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz, lizinq verənin mükafatının məbləği, lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ, lizinq verənin əlavə xidmətlərinin haqqı, lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri. 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə Lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.

19. Məhkəmə ilkin olaraq qeyd edir ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Belə ki, qüvvədə olan müki qanunvericilik öhdəliyin icrası ilə bağlı iki prinsip müəyyən edib: lazımı şəkildə icra edilməsi prinsipi və real icra prinsipi. Mülki Məcəllənin 425.1-ci maddəsində öhdəliyin lazımı şəkildə icra edilməsi prinsipi müəyyən edilərək göstərilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Yəni, lazımı şəkildə öhdəliyin icrası prinsipi müəyyən edir ki, öhdəlik lazımı subyektlər tərəfindən, lazımı yerdə, lazımı vaxtda, lazımı predmet ilə və lazımı şəkildə icra olunmalıdır.

20. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC (lizinq verən) və Cavabdeh (lizinq alan) arasında bağlanmış xx.xx.2023-cü il tarixli AZL-1296 saylı daxili maliyyə lizinqi müqaviləsinə əsasən lizinq verən lizinq alanın sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilən əmlakı lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verməyi, lizinq alan isə lizinq ödənişlərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə tərəflər əsas məbləğ 25850 manat olmaqla, həmin məbləğdən 3500 manatın əvvəlcədən iddiaçıya ödənilməsi, qalan məbləğə 60 ay müddətində illik 16 faiz həcmində lizinq mükafatının hesablanması, mükafat məbləğinin 10260 manat, ümumi borcun 36110 manat təşkil etməsini razılaşdırmışlar. Müqaviləyə 1 saylı əlavə və hər iki tərəfin təsdiq etdiyi təhvil-təslim aktı əsasında “X4 minik” markalı **- YE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi (lizinq obyekti) cavabdehin sahibliyinə və istifadəsinə verilmiş, xx.xx.2025-ci il tarixli akt əsasında iddiaçı tərəfindən təhvil alınmışdır. İddiaçı tərəfindən təqdim edilən qüsur aktına əsasən lizinq obyektinə dəymiş zərərin məbləği ümumilikdə 1654 manat təşkil etmişdir. Beləliklə, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımı qaydada icra etmiş, cavabdeh isə borcunun bir qismini ödəməsinə baxmayaraq bütün ödənişləri həyata keçirməmiş, nəticədə müqavilə üzrə öhdəliklərini lazımı qaydada icra etməmişdir.

21. Hazırda iddiaçı lizinq müqaviləsi üzrə xx.xx.2025-ci il tarixədək əsas borc, mükafat məbləği və dəbbə pulunun, eyni zamanda lizinq obyektinin təmiri xərclərinin cavabdehdən tutulması tələbi ilə çıxış edir. Cavabdeh isə iddia tələbini qismən qəbul edərək əsas və mükafat həddi məbləğində tələblə razı olduğunu, lakin qalan hissədə iddia tələbi ilə razı olmadığını bildirir.

22. Məhkəmə ilkin olaraq lizinq müqaviləsinin qüvvəsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir və bununla bağlı aşağıdakıları qeyd edir:

23. AR MM-in 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər.

24. AR Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərar).

25. Məhkəmə qeyd edir ki, iddiaçı xx.xx.2025-ci il tarixdə lizinq obyektini geri almaqla müqaviləni müvafiq olaraq birtərəfli qaydada ləğv etmişdir. Məhkəmə qeyd edir ki, həmin tarixdən müqavilə xitam edilmiş hesab edilməlidir. Belə olan halda iddiaçı gecikdirilmiş əsas borc və mükafat borcunu tələb etməkdə haqqlıdır.

26. Borc məbləği ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən (hesabdan çıxarış, maliyyə arayışı) görünür ki, cavabdeh tərəfindən edilən ödənişlər çıxıldıqdan sonra qalıq əsas borcun məbləği 295.54 manat, mükafat borcunun məbləği 227.94 manat təşkil etmişdir.

27. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını, cavabdehin müqavilə üzrə öz öhdəliklərini tam icra etmədiyini, belə olan halda isə iddiaçının tərəflər arasında bağlanmış müqavilənin icrasını cavabdehdən tələb etmək hüququna malik olmasını və iddia tələbinin həmin hissədə cavabdeh tərəfindən mübahisələndirilnədiyini nəzərə alaraq hesab edir ki, iddia əsas borc və mükafat borcu hissəsində təmin edilməli, cavabdehdən 295.54 manat əsas borc və 227.94 manat mükafat borcu iddiaçının xeyrinə tutulmalıdır.

28. İddiaçı eyni zamanda cavabdehdən lizinq obyektinin təmir xərcləri üçün 1654 manat pul məbləğinin tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə bununla bağlı iddianı qismən əsaslı hesab edir və aşağıdakıları qeyd edir:

29. Tərəflər arasında bağlanan lizinq müqaviləsinin 4.4.2-ci bəndinə əsasən lizinq obyektini saz və işlək vəziyyətdə saxlamaq, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəmək lizinq alanın vəzifəsidir. 10.5-ci bəndinə əsasən, lizinq obyektinin qaytarılması lizinq verənə dəymiş ziyanı tam həcmdə ödəməkdən azad etmir.

30. AR MM-in: 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2-ci maddəsinə əsasən, zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür

31. Yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, Mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün aşağıdakı şərtlər tələb olunur: (1) zərərin özünün varlığı, (2) zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və hüquqa zidd əməli, (3) əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu.

32. Məhkəmə iddia tələbinin lizinq obyektinə dəymiş zərər hissəsində cavabdeh tərəfindən mübahisələndirildiyini nəzərə alaraq xx.xx.2025-ci il tarixli qərardad əsasında məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmişdir.

33. "xxxx" MMC-yə məxsus mütəxəssis rəyindən görünür ki, “X4 minik” markalı **- YE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin ümumi məbləği 750 manat müəyyən edilmişdir.

34. Beləliklə məhkəmə iş üzrə tərəflərin mənafeyini nəzərə alaraq və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq, digər sübutlarla birlikdə qiymətləndirməklə və iddia tələbindən kənara çıxmamaq şərtilə iddia tələbini həmin hissədə ekspert rəyində hesablanmış həddə, yəni 750 manat məbləğində əsaslı hesab edir. Məhkəmə həmçinin nəzərə alır ki, iddiaçı ekspert rəyinə etiraz etməmiş, cavabdeh məhkəməyə rəyin mötəbərliliyini şübhə altına alacaq hər hansı sübut təqdim etməmişdir.

35. Bundan əlavə iddiaçı tələbində aralarında bağlanmış müqavilənin 7.2-ci bəndinin tələbləri əsasında 332.41 manat məbləğində dəbbə pulunun tutulmasını irəli sürür.

36. Məhkəmə bununla bağlı bildirir ki, AR Mülki Məcəlləsi dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MM-in 462.3-cü maddəsi). Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, MM-in 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditor və borclunun iqtisadi vəziyyətlərini, kreditorun mənafelərini, xüsusilə də çəkdiyi zərərin miqdarını, borclunun təqsirini, öhdəliyin pozulmasının ağırlığını, müqavilənin növünü və müddətini nəzərə alır.

37. Məhkəmə hazırkı iş üzrə borclunun öhdəliyini pozmasındakı təqsirinin dərəcəsini, iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini vurğulayaraq bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq cavabdehdən iddiaçının xeyrinə 14.78 manat məbləğində dəbbə pulu tutulmalıdır.

38. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2025-ci il tarixə ödənilməmiş 295.54 manat əsas borc, 227.94 manat mükafat, 14.78 manat dəbbə pulu və lizinq obyekti olan “X4” markalı **-YE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 750 manat, ümumilikdə 1288.26 manat pul məbləği tutulmalıdır.

39. İddiaçı eyni zamanda iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 45.10 manat məbləğində dövlət rüsumunun da cavabdehdən tutulmasını tələb edir və həmin ödənişi təsdiq edən sənədi iş materiallarına əlavə etmişdir.

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115-ci maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

41. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən təmin edilmiş hissəyə mütənasib olaraq cavabdehdən 33 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, ekspertiza xərcinin dəyərini təşkil edən 150 manat pul məbləği də cavabdehdən tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. V. Nəticə:

42. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin xeyrinə xx.xx.2023-cü il tarixli AZL-1296 saylı daxili lizinq müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixə ödənilməmiş 295.54 manat əsas borc, 227.94 manat mükafat, 14.78 manat dəbbə pulu və lizinq obyekti olan “X4” markalı **-YE- *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 750 manat, ümumilikdə 1288.26 (min iki yüz səksən səkkiz manat iyirmi altı qəpik) manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 33 manat dövlət rüsumu tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilən ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 manat Cavabdeh tutularaq "xxxx" MMC-nin (Bank: "xxxx" ASC Nərimanov filialı, Bank VÖEN-i: **********, M.h.: AZ03N ABZ********************, H.h: AZ471BAZ********************, Kod: 805711, SWİFT: 1BAZAZ2X) hesabına ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar