Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7085/2024 06.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, dövlət rüsumu ) Hakimi Namazova Günay Rüstəm qızının sədrliyi ilə, X1 katibliyi, İddiaçının nümyəndəsi X2 iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 4.469,50 AZN (dörd min dörd yüz altmış doqquz manat əlli qəpik) borcun və ödənilmiş məhkəmə rüsumunun tutularaq "xxxx" MMC-yə verilməsi barədə məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC 10 dekabr 2002-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi Yanında Bakı Vergilər Departamentinin Kommersiya X3 Qeydiyyatı İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmış və hazırda tikinti mallarının istehsalı və alğı-satqısı ilə məşğuldur. "xxxx" MMC ilə "xxxx" MMC arasında müxtəlif çeşiddə metal mallarının alqısatqısına dair xx.xx.2023-ci il tarixli RV 22/09/23 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. xx.xx.2024-cü il tarixi üzrə cavabdeh "xxxx" MMC-nin təhvil verilmiş mallara görə "xxxx" MMC-yə qarşı 4.469,50 AZN (dörd min dörd yüz altmış doqquz manat əlli qəpik) borcu yaranmışdır. Bu barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmuş və rəsmi pretenziya məktubu da təqdim edilmişdir. Lakin, cavabdeh bu günə kimi müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirərək bizə olan borcunu ödəməmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq naməlum səbəbdən məhkəmə iclasına gəlməmişdir.
5. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, RV-22/09/23 saylı alqı-satqı müqaviləsinə əsasən:
8. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı alıcıya müxtəlif çeşiddə metal mal satır. Alıcı isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir.
9. Müqavilənin 2.1-ci bəndinə əsasən malın qiyməti və miqdarı müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə razılaşma ilə müəyyənləşdirilir.
10. Müqavilənin 3.1-ci bəndinə əsasən satıcının hüquqları:
11. Müqavilənin 3.1.1-ci bəndinə əsasən müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişin həyata keçirilməsini alıcıdan tələb etmək.
12. Müqavilənin 4.1-ci bəndinə əsasən satıcı müqaviləyə uyğun olaraq alıcı tərəfindən ödəniş həyata keçirildikdən sonra 3 təqvim günü ərzində malı alıcıya təhvil verməyi öhdəsinə götürür.
13. Müqavilənin 4.2-ci bəndinə əsasən satıcı malın təhvil verilməsi ilə birlikdə qaimə-fakturanı və digər zəruri sənədləri alıcıya təqdim etməlidir.
14. Müqavilənin 5.1-ci bəndinə əsasən alıcı sifariş olunan malın dəyərinin 100% həcmində ödənişi sifariş təsdiq edildikdən və satıcının təqdim etdiyi hesab-fakturanı aldıqdan sonra 3 iş günü ərzində nağd qaydada və ya köçürmə yolu ilə həyata keçirir.
15. 13.12.2023-cü il tarixli 01 saylı əlavə razılaşmaya əsasən əlavə üzrə malların ümumi dəyəri 4469,5 manat təşkil edir.
16. 13.12.2023-cü il tarixli, EBDV seriyalı, 001123 saylı e-qaiməyə və eyni tarixli təhvil-təslim aktına əsasən İddiaçı MMC tərəfindən 4469,50 manat dəyərində mal satışı həyata keçirildiyi qeyd olunmuşdur.
17. xx.xx.2024-cü il tarixli qarılıqlı hesablaşma tutuşdurma aktına əsasən yekun saldo hər iki tərəfin imza və möhürü ilə 4469,50 manat olması təsdiqlənmişdir.
18. Məhkəmə tərəfin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
20. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
21. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.
22. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.
23. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
24. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
25. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər
26. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, RV-22/09/23 saylı alqısatqı müqaviləsinin 1.1-ci bəndinə əsasən satıcı alıcıya müxtəlif çeşiddə metal mal satır. Alıcı isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir.
27. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – elektron qaimə, təhvil-təslim aktı və borcun üzləşdirmə aktı ilə təsdiqini tapdığı üçün, iddia tələbinin 4469,50 manat borca dair hissədə təmin olunması üçün əsaslar mövcuddur.
28. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 4469,50 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 4469,50 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
30. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 65 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.
V. Nəticə:
31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh MMC-dən 4469,50 manat borc məbləği və dövlət rüsumunu əvəzi olaraq 65 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova