Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7108/2024 25.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “Holcim (Azərbaycan)” ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, dəbbə pulu) Məhkəmənin hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, Cavabdehin iştirakı olmadan, İddiaçı “Holcim (Azərbaycan)” ASC-nin Cavabdeh qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı “Holcim (Azərbaycan)” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh aldığı sement məhsullarına görə 8152,24 manat, geri qaytarmadığı taxta altlıqlara görə 1019,52 manat borcun, borcun gecikdirilməsinə görə 11425,2 manat cərimə məbləğinin və dövlət rüsumu qismində ödənilmiş 152 manat pulun tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə Holcim (Azərbaycan) ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, O000898657 saylı alqı-satqı müqaviləsinə (bundan sonra “Müqavilə” adlanacaq) əsasən iddiaçı cavabdehə müqavilədə qeyd edilmiş malları satmağı, cavabdeh isə satılan malı təhvil almağı və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilədə qeyd edilmiş mallar cavabdehə çatdırılmış, cavabdeh həmin malları yük-nəqliyyat qaimələrini imzalayaraq təhvil almışdır. Cavabdehə göndərilmiş malların satılması barədə elektron qaimələr təsdiq edilmişdir. Müqaviləyə əsasən Alıcı malın dəyərini malı əldə etdiyi tarixdən 30 gün müddətində Satıcıya ödəməlidir. Müqavilənin 9.2-ci bəndində qeyd olunur ki, Alıcı aldığı taxta altlığı qaytarmalı, əks təqdirdə qiymət əlavəsində qeyd olunan pul vəsaitini ödəməlidir. Müqaviləyə edilmiş əlavələrə əsasən taxta altlığın bir ədədinin dəyəri ƏDV ilə 28.32 manat müəyyən edilmişdir. Cavabdeh ona təhvil verilmiş sement məhsullarının dəyərinin 81552,24 manat məbləğində olan hissəsini ödəməmişdir. Hər birinin dəyəri 28,32 manat, ümumi dəyəri 1019,52 manat olan 36 ədəd taxta altlığı şirkətə geri qaytarmamışdır. Cavabdehə dəfələrlə edilən şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq cavabdeh təhvil aldığı malların dəyərini ödəməmişdir. Müqavilənin 9.2-ci bəndində ödənişi gecikdirildiyi hər günə görə əsas borcdan 0.1% qədər cərimənin ödənilməsi qeyd olunur. Həmin bəndə əsasən hazırkı tarixədək cavabdehə hesablanan cərimənin məbləği 9061,311425,2 AZN təşkil edir. Cavabdehə xx.xx.2024-cü il tarixdə pretenziya məktubu göndərib borc məbləğinin xx.xx.2024-cü il tarixədək ödənilməsini, əks təqdirdə məhkəməyə müraciət etmək üçün tədbirlər görüləcəyini bildirmişdir. Cavabdehə pretenziya məktubu təqdim edilmişdir. Bundan başqa pretenziya məktubu xx.xx.2024-cü il tarixində vergi portalı vasitəsilə cavabdehə göndərilmişdir. Müqavilənin 13.2-ci maddəsinə əsasən tərəflər razılaşırlar ki, tərəflər arasında mübahisələrə satıcının ( Holcim (Azərbaycan) ASC-nin ) hüquqi ünvanının yerləşdiyi yerin yurisdiksiyası üzrə səlahiyyətli məhkəmə tərəfindən baxılır. Buna görə də iddia ərizəsi ilə müqavilə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə müraciət edilir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsini xahiş etdi.
4. 02.12.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən cavabdeh bildirdi ki, əsas borc məbləğinə etirazı yoxdur. Taxta altlıqları iddiaçı ilə danışıblar ki, geri qaytarılacaq. Cərimə məbləğinə etiraz edir.
5. Cavabdehə sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məlumat verilməmişdir.
6. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən məhkəmə iclasına cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. “Holcim (Azərbaycan)” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, O000898657 saylı alqı-satqı müqaviləsinə əsasən:
9. Müqavilənin 1.1-ci bəndinə əsasən hazırkı müqavilə əsasında satıcı 3-cü maddədə göstərilən və gələcəkdə mal adlandırılacaq sement növünü alıcıya satır, alıcı isə malı alır və dəyərini ödəyir.
10. Müqavilənin 3.1-ci bəndinə əsasən mal və qiymətlər müqaviləyə edilən əlavələrdə göstərilir.
11. Müqavilənin 4.1-ci bəndinə əsasən ödəniş alıcı tərəfindən alınacaq hər malın dəyərini vergilər daxil olmaqla əvvəlcədən satıcının bank hesabına ödəmə yolu ilə həyata keçirilir.
12. Müqavilənin 4.3-ci bəndinə əsasən alıcı qəbul etdiyi malın dəyərini qaimə-fakturanı və ya elektron qaimə-fakturanı qəbul etdiyi tarixdən 30 gün ərzində ödəməlidir. Elektron qaimə fakturanın alıcıya göndərilməsi alıcının malı qəbul etdiyi faktını təsdiq edir.
13. Müqavilənin 8.2-ci bəndinə əsasən satıcının müqavilədə göstərilmiş ödəniş şərtlərinə əməl olunmadığı halda borc üzrə hər bir gecikdirilmiş günə 0,1 % qədər cərimənin hesablanmasını və ödənilməsini tələb etmək hüququ vardır.
14. xx.xx.2021-ci il tarixli, 1 saylı alqı-satqı müqaviləsinə Əlavəyə əsasən malların və altlıqların dəyəri müəyyən edilmişdir və Əlavənin 2.1-ci bəndinə əsasən müqavilədə qeyd olunan 3.3-cü bəndi və ona aid olan bütün bəndlərə uyğun olaraq alıcı aldığı malın dəyərini malı əldə etdiyi tarixdən 30 təqvim günündən gec olmayaraq satıcıya ödəməlidir.
15. xx.xx.2021-ci il tarixli, A********** saylı yük-nəqliyyat qaiməsinə əsasən Cavabdeh 28,80 ton (18 ədəd altlıq), xx.xx.2021-ci il tarixli, A********** saylı yük-nəqliyyat qaiməsinə əsasən 28.80 ton (18 ədəd altlıq) həddində mallar və müvafiq altlıqlar təhvil verilmişdir.
16. xx.xx.2021-ci il tarixli, EBAX seriyalı 869192 saylı elektron qaiməyə əsasən "xxxx" (Azərbaycan) ASC tərəfindən Cavabdeh 3960,16 manat dəyərində sement, xx.xx.2021-ci il tarixli, EBAX seriyalı, 870982 saylı elektron qaiməyə əsasən 4392,09 manat dəyərində sement və xx.xx.2021-ci il tarixli EBBL seriyalı 078177 saylı elektron qaiməyə əsasən isə 1019,52 manat dəyərində altlıqların verildiyi qeyd olunmuşdur.
17. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
18. Belə ki, iş materialları və tərəflərin izahatı ilə müəyyən olunur ki, tərəflər arasında mübahisə alqı-satqı münasibətlərindən irəli gəlmişdir.
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
20. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
21. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.
22. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.
23. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
24. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
25. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
26. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, O000898657 saylı alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən hazırkı müqavilə əsasında satıcı 3-cü maddədə göstərilən və gələcəkdə mal adlandırılacaq sement növünü alıcıya satır, alıcı isə malı alır və dəyərini ödəyir. İş materiallarına və tərəflərin izahatına, ələxsus da cavabdehin əsas borcu və atlıqların ona verilməsini etiraf etməsinə əsasən görünür ki, iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilsə də, cavabdeh tərəfindən ödənişlər tam həyata keçirilməmişdir.
27. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla (müqavilə, e-qaimələr, yük-nəqliyyat qaimələri) və həmçinin cavabdehin 8152,24 manata dair etirafı ilə təsdiqini tapdığı üçün iddia tələbinin 8152,24 manat borca dair, həmçinin cavabdehə verilmiş 1019,52 manat altlıqlara görə 1019,52 manat pul tələbi hissədə təmin olunması üçün əsaslar mövcuddur. (Cavabdeh məhkəmə iclasında bildirsə də ki, altlıqları iddiaçıya qaytaracaq, lakin sonuncu məhkəmə iclasında iddiaçının nümayəndəsi altlıqların hələ də qaytarılmadığını bildirdi).
28. Bundan əlavə, iş materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 8.2-ci bəndinə əsasən hesablanmış 11425,2 manat cərimənin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
29. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
30. Məhkəmə hesab edir ki, cavabdehin ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə və razılaşmada öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.
31. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
32. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə (8152,24 manat) nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 408 manat məbləğində müəyyən edilməlidir.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
34. Materiallardan da göründüyü kimi iddiaçı tərəfindən 152 manat dövlət rüsumu ödənilmişdir.
35. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi üçün təmin olunan iddia məbləğinə mütənasib olaraq iş üzrə ödənilmiş 116 manat dövlət rüsumu xərci cavabdehə aid edilməlidir.
V. Nəticə:
36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə sement məsuluna görə 8152,24 manat borc məbləği, 408 manat dəbbə pulu, geri qaytarılmayan taxta altlıqlara görə 1019,52 manat və dövlət rüsumunun əvəzi olaraq 116 manat tutularaq iddiaçı “Holcim (Azərbaycan) ASC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova