Məhkəmə qərarları › İş №e-2-2(113)-7109/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-7109/2024

03.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7109/2024 03.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: nisyə alqı-satqı müqaviləsi, əşyaya aid sənədləri vermək vəzifəsinin icra edilməməsinin nəticələri, sübutetmə vəzifəsi) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 47640,05 manat məbləğində pulun və ödənilmiş 233 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında sürtkü yağlarının alqı-satqısına dair xx.xx.2024-cü il tarixdə 26022-24T nömrəli müqavilə bağlanmışdır. Belə ki, cavabdeh müqavilə əsasında və müqavilənin bir saylı qoşmasında razılaşdırılmış malları iddiaçıdan nisyə almışdır və ona elektron qaimə təqdim edilmişdir. Adıçəkilən müqavilə üzrə cavabdehə ƏDV daxil 47640,05 manat dəyərində mal verilmişdir. Cavabdeh isə bu günə kimi borcunu ödəməmişdir. Borcun ödənilməsi ilə bağlı iddiaçı tərəfindən cavabdehə dəfələrlə istər şifahi, istərsə də yazılı müraciət və xəbərdarlıqlar edilməsinə baxmayaraq, heç bir müsbət nəticə olmamışdır.

3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385, 600.1, 600.4-cü və s. maddələri göstərilmişdir.

4. Cavabdehin nümayəndəsi Nümayəndə2 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə iddiaya etiraz ünvanlayaraq, İddiaçı MMC-nin Cavabdehnə qarşı “malların alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddiasının rədd edilməsini xahiş etmişdir.

5. İddiaya etiraz onunla əsaslandırılmışdır ki, iddia tam hissədə rədd edilir. Hazırkı iş üzrə iddiaçı və cavabdeh arasında iddiaya əlavə edilmiş xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Lakin müvafiq müqavilə üzrə iddiaçı tərəfindən mallar hələ də cavabdehə təqdim edilməmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdə də malların çatdırılmasını təsdiq edən hər hansı sübutun mövcud olmadığı aşkar olunur. Müqavilənin 4-cü maddəsinə uyğun olaraq tərəflər razılığa gəlmişlər ki, mallar və müqavilədə nəzərdə tutulmuş sənədlər cavabdehə çatdırıldıqdan sonra iddiaçı tərəfindən ödəniş olunacaqdır

6. İddiaya etirazda maddi hüquqi əsas kimi Mülki Məcəllənin 441.1 və 441.2-ci maddələrinə istinad edilmişdir.

II. Tərəflərin mövqeləri:

7. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahat verdi və təmin edilməsini xahiş etdi.

8. Məhkəmənin suallarında cavab olaraq iddiaçının nümayəndəsi göstərdi ki, malların keyfiyyəti ilə bağlı sertifikat və digər sənədlər cavabdehin elektron poçtuna göndərilmişdir.

9. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndələri X1 və Nümayəndə2 iddiaya etirazın məzmununa uyğun izahlar verdi və eyni zamanda göstərdilər ki, mallarla birlikdə keyfiyyətlə bağlı sənədlər cavabdehə təqdim edilməmişdir. Həmçinin müqavilədə malların litrlə qiymətləri razılaşdırılmış, lakin mallar kiloqramla təhvil verilmişdir. Mallar maye halında olduğundan kiloqram və ya litr ölçü vahidləri tətbiq edildikdə, fərqli nəticələr ortaya çıxır.

10. Cavabdeh məhkəmənin baxış iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Alqı-satqı müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı

12. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

13. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

14. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixli 26022-24T nömrəli malların alqı-satqısı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı müqavilənin 1 saylı qoşmasında göstərilmiş spesifikasiyaya, miqdara və qiymətə uyğun sürtkü yağlarını “İnkoterms-2020” DDP – Bakı, Azərbaycan şərtilə cavabdehin ünvanına çatdırmağa, cavabdeh isə müqavilə əsasında malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4.1-ci bəndi ilə mallar cavabdehin ünvan 2 ünvanında yerləşən anbarına çatdırıldıqdan sonra dəyərinin (ƏDV daxil 47640,05 manat) 30 bank günü ərzində ödənilməsi şərtləşdirilmişdir. Həmin müqaviləyə 01 nömrəli qoşma ilə “X4 X5 15W40 Cİ 4 Plus” markalı mühərrik yağının 1 litri 6,3 manat, 5283,2 litri isə 33284,16 manat, “X4 Turbo Dizel S SAE 15W-40 APİ CH-4” markalı mühərrik yağının 1 litri 5,8 manat, 1222,2 litri isə 7088,76 manat, ƏDV daxil olmaqla bütün malların dəyəri isə 47640,05 manat olaraq razılaşdırılmışdır. xx.xx.2024-cü il tarixli MT2405 10179648 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 47640,0456 malın təqdim edilməsi üçün cavabdehə göndərilmişdir.

15. İddiaçı xx.xx.2024-cü il tarixli 26022-24T nömrəli malların alqı-satqısı müqaviləsi üzrə malların dəyərinin ödənilməsini tələb edir.

16. Cavabdeh iddiaya etiraz edərək, əvvəlcə malların təqdim edilmədiyi, daha sonra isə malların keyfiyyəti ilə bağlı sənədlərin təqdim edilmədiyi, 01 nömrəli qoşmada malların dəyərinin litrlə razılaşdırıldığı halda kiloqramla təhvil verildiyinə istisnad edərək iddianın rədd edilməsini xahiş edir.

17. Məhkəmə kommersiya mübahisəsinin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

18. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

19. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.

20. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir.

21. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

22. Məhkəmə malların təqdim edilməməsi ilə bağlı və 01 nömrəli qoşmada malların dəyərinin litrlə razılaşdırıldığı halda kiloqramla təhvil verildiyinə dair cavabdehin etirazlarına münasibətdə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

23. xx.xx.2024-cü il tarixli 26022-24T nömrəli malların alqı-satqısı müqaviləsində malların iddiaçı tərəfindən cavabdehin ünvan 2 ünvanında yerləşən Anbar təsərrüfat bölümünə çatdırılması razılaşdırılmışdır.

24. Məhkəməyə təqdim edilən cavabdehin anbar bölməsinin ştampı vurulmuş təhviltəslim aktlarından görünür ki, 07 mart 2024-cü il tarixli 46 nömrəli aktla “X4 X5 15W40” markalı 180 kq maldan 2 ədəd, 08 mart 2024-cü il tarixli 01 nömrəli aktla “X4 X5 15W40” markalı 180 kq maldan 5 ədəd, 02 nömrəli aktla “X4 X5 15W40” markalı 180 kq maldan 6 ədəd, 03 nömrəli aktla “X4 X5 15W40” markalı 180 kq maldan 5 ədəd, 15 mart 2024-cü il tarixli 04 nömrəli aktla “X4 X5 15W40” markalı 180 kq (203,2 litr) maldan 5 ədəd, “X4 Turbo Dizel S 15W-40” markalı 180 kq (203,7 litr) maldan 6 ədəd, 05 nömrəli aktla “X4 X5 15W40” markalı 180 kq (203,2 litr) maldan 3 ədəd cavabdehə təqdim edilmişdir.

25. Göründüyü kimi, malların təqdim edilməsi müvafiq aktlarla təsdiq edilir. Həmçinin 15 mart 2024-cü il tarixli 04 və 05 nömrəli aktlara nəzər saldıqda “X4 X5 15W40” markalı mühərrik yağının 180 kiloqramının 203,2 litr, “X4 Turbo Dizel S 15W-40” markalı mühərrik yağının 180 kiloqramının 203,7 litr ekvivalentində qəbul edildiyi görünür. Belə olan halda, ümumilikdə 26 ədəd 180 kiloqram “X4 X5 15W40” markalı mühərrik yağının, 6 ədəd 180 kiloqram “X4 Turbo Dizel S 15W-40” markalı mühərrik yağının təhvil verildiyi nəzərə alındıqda, ümumilikdə 5283,2 litr (203,2*26) “X4 X5 15W40” markalı mühərrik yağının, 1222,2 litr (203,7*6) “X4 Turbo Dizel S 15W-40” markalı mühərrik yağının təqdim edildiyi aydın olur. Bu isə 01 nömrəli qoşmadan göründüyü kimi, ümumilikdə ƏDV daxil olmaqla 47640,05 manat dəyərində malın verildiyini göstərir.

26. Qeyd edilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, malların təqdim edilməməsi ilə bağlı və 01 nömrəli qoşmada malların dəyərinin litrlə razılaşdırıldığı halda kiloqramla təhvil verildiyinə dair cavabdehin etirazlarının əsası yoxdur.

27. Digər tərəfdən, cavabdeh malların keyfiyyəti ilə bağlı sənədlərin verilmədiyini bildirir.

28. Mülki Məcəllənin 568.2-ci maddəsinə əsasən, əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur.

29. Həmin Məcəllənin 576-cı maddəsinə əsasən, əgər satıcı verməli olduğu əşyaya aid ləvazimatı və ya sənədləri alıcıya vermirsə və ya verməkdən imtina edirsə, alıcı bunların verilməsi üçün ona ağlabatan müddət təyin edə bilər. Satıcı əşyaya aid ləvazimatı və ya sənədləri göstərilmiş müddətdə vermədikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əşyadan imtina edə bilər.

30. Məhkəmə qeyd edir ki, mallarla bağlı lazımi sənədlərin verilmədiyinə istinad edən cavabdeh məhkəməyə həmin sənədlərin verilməsi ilə bağlı iddiaçıya ağlabatan müddət təyin etdiyi və həmin müddət nəticə vermədiyi halda, mallardan imtina etdiyi ilə bağlı hər hansı sübut təqdim etməmiş, əvvəlcə, malların verilmədiyini bildirən cavabdeh, iddiaçı tərəfindən malların təhvil-təslim aktları təqdim edildikdən sonra formal olaraq etirazının əsasını dəyişmiş, lazımi sənədlərin verilmədiyinə istinad etmişdir. Halbuki malların sonuncu partiyasının 15 mart 2024-cü il tarixdə təhvil verildiyi halda, ötən müddət ərzində cavabdeh iddiaçıya bu barədə hər hansı pretenziya təqdim etməmişdir.

31. Digər tərəfdən, məhkəmənin təklifinə əsasən iddiaçı tərəfindən “X4 X5 15W40” və “X4 Turbo Dizel S 15W-40” markalı mühərrik yağları ilə bağlı keyfiyyət sənədləri də məhkəməyə təqdim edilmişdir.

32. Belə olan halda, məhkəmə cavabdehin malların keyfiyyəti ilə bağlı sənədlərin verilmədiyi ilə bağlı etirazlarını da formal mülahizələr hesab edir.

33. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə nisyə alqı-satqı müqaviləsi olub (müqavilənin 4.1-ci bəndinə əsasən, malların təhvil-təslim edilməsindən sonra 30 bank günü ərzində ödənilməsinin şərtləşdirildiyi nəzərə alındığında), iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.

34. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

35. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnu realizə edir.

36. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

37. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

38. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

39. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

40. Beləliklə, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

41. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi təmin olunmalı, xx.xx.2024-cü il tarixli 26022-24T nömrəli malların alqı-satqısı müqaviləsi üzrə ƏDV daxil olmaqla 47640,05 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

b) Məhkəmə xərcləri ilə bağlı

42. İddiaçı eyni zamanda ödənilmiş 233 manat dövlət rüsumunun da tutulmasını tələb edir.

43. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 233 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

44. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

45. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

46. Beləliklə, iddia tələbinin təmin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 233 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

V. Nəticə:

47. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 22 aprel 2024-cü il tarixli malların alqı-satqı müqaviləsi üzrə 47640,05 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 233 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar