Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-711/2024 12.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdehnə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 5.221,89 manat məbləğində borcun və 200 (iki yüz) manat məbləğində mediasiya xidmətinin göstərilməsinə görə haqq olmaqla, cəmi 5.421,89 manat məbləğində pulun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 181004/08-188 nömrəli alqı-satqı müqaviləsinə (bundan sonra “Müqavilə”) əsasən “İddiaçı” tərəfindən ümumi dəyəri 650321,32 (altı yüz əlli min üç yüz iyirmi bir manat, otuz iki qəpik) manat olan müxtəlif çeşiddə malların “Cavabdeh”-ə satışı həyata keçirilmişdir. Cavabdeh isə satılan malların müqabilində “İddiaçı”-ya cəmi 581088,94 (beş yüz səksən bir min səksən səkkiz manat, doxsan dörd qəpik) manat ödəniş etmişdir. “İddiaçı” Müqavilə üzrə üzərinə düşən öhdəlikləri vaxtlı-vaxtında və lazımi qaydada yerinə yetirsə də, “Cavabdeh” tərəfindən öhdəliklər lazımi qaydada icra edilməmiş, satılmış malların dəyəri tam şəkildə ödənilməmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
9. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
10. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.
11. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixli, 181004/08-188 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən satıcı müqaviləyə qoşmalarda göstərilmiş malları alıcıya satmağı, alıcı isə həmin malları qoşmalarda göstərilən qiymətə satıcıdan almağı öhdəsinə götürmüşdür.
12. Müqavilə hər iki hüquqi şəxsin imza və möhürü ilə təsdiq olunmuşdur.
13. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi cavabdehin xx.xx.2022ci il tarixində 7500 manat, xx.xx.2023-cü il tarixində 20.000 manat, xx.xx.2023-cü il tarixində 7500 manat məbləğində daha sonra cavabdehin qalıq 34.432,38 manat borcdan 29.010.49 manat ödəniş etdiyini və hazırda cavabdehin ödənilməmiş 5221,89 manat məbləğində borcunun qaldığını bildirmişdir.
14. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.
15. İş matriallarında olan tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 181004/08-188 nömrəli alqı-satqı müqaviləsinə dair borcun təsdiqinə və ödənilməsinə dair 04 iyul 2022-ci il tarixli sazişə əsasən Cavabdeh xx.xx.2022-ci il tarixinə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 69.232,38 manat borcunun olduğunu qəbul etmişdir.
16. Bundan sonra cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixində 7.500 manat, xx.xx.2023-cü il tarixində 20.000 manat, xx.xx.2023-cü il tarixində 7.500 manat, xx.xx.2023-cü il tarixdə isə 29.010,49 manat məbləğində pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilmişdir.
17. Göründüyü kimi, cavabdeh tərəfindən etiraf edilmiş olan borcdan 5.221,89 (69.232,38-(7500+20.000+7.500+29.010,49)=5.221,89) manat məbləğində borc qalmışdır.
18. Cavabdeh tərəfindən isə, qeyd edilmiş 5.221,89 manat məbləğində pulun ödənilməsinə dair hər hansı bir sənəd əlavə edilməmişdir.
19. Belə olan halda, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, 5.221,89 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
20. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı tərəfindən mediasiya xidmət haqqı olaraq 200 manat məbləğində pul Bakı 9 saylı mediasiya təşkilatına ödənmişdir.
21. Ona görə də, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 manat məbləğində pul cavabdehdən tutularaq iddiçıya verilməlidir.
22. Yekun olaraq məhkəmə hesab edir ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
23. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. 5.221 (beş min iki yüz iyirmi bir) manat, 89 (səksən doqquz) qəpik məbləğində pul Cavabdehndən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Mediasiya xərcinin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul Cavabdehndən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov